Məhkəmə qərarları › İş №2(107)-650/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-650/2024

08.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-650/2024 08.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi, borc, yaxşılaşdırma, ilkin müqavilə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(037)-825/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı və Cavabdeh arasında Bakı şəhəri 11 saylı Notariat Kontoru tərəfindən reyestrdə 3M-846 nömrə ilə qeydə alınmış 04 noyabr 2016-cı il tarixli “Torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilə” bağlanmışdır. Həmin müqaviləyə əsasən İsmayıllı rayon XDS Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli qərarı ilə cavabdehin xüsusi mülkiyyətinə verilmiş İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən 0,20 hektar torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 18.500 manata iddiaçıya satılması barədə yekun alğı-satqı müqaviləsi bağlanmasına dair tərəflər arasında qarşılıqlı razılaşma olmuş, iddiaçı tərəfindən 18.000 manat ilkin ödəniş olaraq notariusun depozit hesabına qoyulmuşdur. İddiaçı mübahisəli torpaq sahəsinin abadlaşdırılması, o cümlədən oraya su, yol, elektrik xətti çəkilməsi, müxtəlif növ ağacların əkilməsi üçün əlavə olaraq 14000 manat, mübahisəli torpaq sahəsinə dair çıxarış almaq üçün 1500 manat, cavabdehin nəvəsinin müalicəsi, kəndə borclu olduğu şəxslərin borcunu qaytarması, dövlət reyestrindən çıxarış alınması üçün Qəbələyə gedib-gəlməyə görə yol xərci, habelə sənədləşmənin həyata keçirilməsi adı ilə iddiaçıdan müxtəlif vaxtlarda hissə-hissə olmaqla 5.000 manat borc pullar aldığını iddia edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyana görə 39000 manat və dövlət rüsumu olaraq ödənilmiş 207 manat olmaqla, ümumilikdə 39.207 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 11 saylı Notariat kontorunda xx.xx.2016-cı il tarixində onunla Cavabdeh arasında "Torpaq sahəsinin alğısatqısına dair ilkin müqavilə" bağlanmışdır. Həmin müqaviləyə əsasən İsmayıllı rayon XDS Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli qərarı ilə Cavabdeh xüsusi mülkiyyətinə verilmiş İsmayıllı rayonu,Qalacıq kəndində yerləşən 0,20 hektar torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 18.500 manata ona satılması barədə yekun alğı-satqı müqaviləsi bağlanmasına dair aralarında qarşılıqlı razılaşma olmuşdur. Cavabdeh əri Əjdər Şirinov da qeyd edilən torpaq sahəsinin satılmasına notarial qaydada razılıq vermişdir. Müqavilə imzalanan gün torpaq sahəsinə görə 18.500 manat ödəniş etmişdir.Bundan əlavə Cavabdeh əri Əjdər Şirinov nəvəsinin müalicəsi, kəndə borclu olduğu şəxslərin borcunu qaytarması,dövlət reyestrindən çıxarış alınması üçün Qəbələyə gedib-gəlməyə görə yol xərci,habelə sənədləşmənin həyata keçirilməsi adı ilə müxtəlif vaxtlarda hissə-hissə olmaqla, ümumilikdə 5000 manat pulu da ondan almışdır. Bundan başqa,mübahisəli torpaq sahəsinin abadlaşdırılması,o cümlədən oraya su,yol, elektrik xətti çəkilməsi, müxtəlif növ ağacların əkilməsi üçün Cavabdeh əlavə olaraq 14000 manat pul vermişdir.Mübahisəli torpaq sahəsində görülən bütün işləri Cavabdeh ailə üzvləri vasitəsilə həyata keçirmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh əri Əjdər Şirinovla birlikdə Bakı şəhərinə gələrək onunla görüşmüşlər və torpaq sahəsinə dair çıxarışın hazır olduğunu,ancaq çıxarışı almaq üçün əlavə olaraq 1500 manat da lazım olduğunu bildirmişlər. O, tanışları vasitəsilə həqiqətən Cavabdeh adına qeyd olunan çıxarış sənədinin hazır olduğunu əmin olduqdan sonra 1500 manat pulu da Cavabdeh nağd olaraq vermişdir. xx.xx.2023-cü il tarixində Cavabdeh əri Əjdər Şirinov onun mobil telefonuna zəng edərək çıxarışı aldıqlarını bildirdi və mübahisəli torpaq sahəsinin alğısatqısını həyata keçirmək üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhərində görüşmək qərarı almışlar.Lakin Cavabdeh nə danışılan gün,nə də ondan sonra onunla görüşməkdən yayınmışdır.Sonradan ona məlum olmuşdur ki, Cavabdeh mübahisəli torpaq sahəsini başqa şəxsə satmağa hazırlaşır.Göründüyü kimi, mülkiyyətinə verilməli olan mübahisəli torpaq sahəsinə görə Cavabdeh razılaşdırılmış məbləğdən 2 dəfədən artıq xərci çıxmışdır. Lakin Cavabdeh mübahisəli torpaq sahəsinə dair adına çıxarış alandan sonra xx.xx.2016ci il tarixli ''Torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilə” üzrə öhdəliyini yerinə yetirməkdən yayınmışdır.O,mübahisəli torpaq sahəsinin alğı-satqısına görə ilkin olaraq 18.500 manat, sonradan isə Cavabdeh nəvəsinin müalicəsi,kəndə borclu olduğu şəxslərin borcunu qaytarması, dövlət reyestrindən çıxarış alınması üçün Qəbələyə gedib-gəlməyə görə yol xərci, sənədləşmənin həyata keçirilməsi adı ilə müxtəlif vaxtlarda hissə-hissə olmaqla,ümumilikdə 5000 manat, mübahisəli torpaq sahəsinin abadlaşdırılması, o cümlədən oraya su, yol, elektrik çəkilməsi, müxtəlif növ ağacların əkilməsi üçün 14000 manat və torpaq sahəsinə dair çıxarışı almaq üçün əlavə olaraq 1500 manat olmaqla,ümumilikdə 39000 manat vəsait xərcləmişdir. Beləliklə, Cavabdeh mübahisəli torpaq sahəsinin alğı-satqısına dair üzərinə düşən öhdəliyə əməl etməmiş və nəticədə ona ümumilikdə 39.000 manat məbləğində maddi ziyan vurmuşdur və həmin məbləği Cavabdeh tələb etmək qərarına gəlmişdir.Cavabdeh mübahisəli torpaq sahəsinə dair ilkin alğı-satqı müqaviləsinin şərtlərinə əməl etmədiyindən məhkəməyə müraciət etmiş və məhkəməyə müraciət etmək üçün 207 manat dövlət rüsumu ödəmişdir.O,Cavabdeh dəymiş ziyana görə 39000 manat və dövlət rüsumu olaraq ödənilmiş 207 manat olmaqla, ümumilikdə 39.207 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, 2016-cı ildə mübahisəli torpaq sahəsinə dair tərəflər arasında "Torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilə" bağlanmışdır. Həmin müqaviləyə əsasən İsmayıllı rayon XDS Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli qərarı ilə cavabdehin xüsusi mülkiyyətinə verilmiş İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən 0,20 hektar torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 18.500 manata iddiaçıya satılması barədə yekun alğı-satqı müqaviləsi bağlanmasına dair tərəflər arasında qarşılıqlı razılaşma olmuşdur. İddiaçı mübahisəli torpaq sahəsinə görə cavabdehə 18.500 manat məbləğində pul vermişdir. Bundan əlavə iddiaçı cavabdehin nəvəsinin müalicəsi, kəndə borclu olduğu şəxslərin borcunu qaytarması, dövlət reyestrindən çıxarış alınması üçün Qəbələyə gedib-gəlməyə görə yol xərci, habelə sənədləşmənin həyata keçirilməsi adı ilə müxtəlif vaxtlarda hissə-hissə olmaqla, ümumilikdə 5000 manat pulu da cavabdehə vermişdir. Eyni zamanda cavabdeh iddiaçıdan mübahisəli torpaq sahəsinin abadlaşdırılması, o cümlədən oraya su, yol, elektrik xətti çəkilməsi, müxtəlif növ ağacların əkilməsi üçün əlavə olaraq 14000 manat və mübahisəli torpaq sahəsinə dair çıxarış almaq üçün 1500 manat pul almışdır. Cavabdeh mübahisəli torpaq sahəsinə dair adına çıxarış alandan sonra xx.xx.2016-ci il tarixli ''Torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilə” üzrə öhdəliyini yerinə yetirməkdən yayınmışdır. İddiaçı cavabdehdən dəymiş ziyana görə 39000 manat məbləğinin alınıb ona verilməsini tələb edir. Cavabdeh məhkəmə iclaslarına gəlmədiyindən onun iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Tərəflər arasında Bakı şəhəri 11 saylı Notariat Kontorunda reyestrdə 3M-846 nömrə ilə qeydə alınmış 04 noyabr 2016-cı il tarixli “Torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilə” bağlansa da, Cavabdeh qeyd edilən müqavilə üzrə öhdəliklərə əməl etməmişdir.

5. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan həmin torpaq sahəsinin alğı-satqısı məqsədi ilə ilkin müqavilə üzrə aldığı 18500 manat məbləğini iddiaçıya qaytarmalıdır.

6. Məhkəmə iddia tələbinin Cavabdeh nəvəsinin müalicəsi, kəndə borclu olduğu şəxslərin borcunu qaytarması, dövlət reyestrindən çıxarış alınması üçün Qəbələyə gedibgəlməyə görə yol xərci, sənədləşmənin həyata keçirilməsi adı ilə müxtəlif vaxtlarda hissəhissə (1500,500,500,1000,1000, 500 və s) olmaqla,ümumilikdə 5000 manat və torpaq sahəsinə dair çıxarış sənədi almaq üçün əlavə olaraq 1500 manat hissəsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan CD disketdə qeydə alınmış audio səs yazılarına əsasən qeyd edilən məbləğlərin cavabdeh tərəfindən iddiaçıdan alınması etiraf edildiyindən iddia tələbi həmin hissələrdə də əsaslı olduğundan təmin edilməlidir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə verilmiş ümumilikdə 6500 manat pul tərəflər arasında bağlanmış ilkin müqavilə əsasında və həmin müqavilənin tərkib hissəsi olmadığından bu hissədə hazırki iddia tələbinin qanuni əsası borc müqaviləsidir.

7. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, cavabdeh borc olaraq aldığı 6500 manat borcunu ödəməkdən yayınır. Belə olan halda cavabdehdən 6500 manat pul alınıb iddiaçıya verilməlidir.

8. Məhkəmə iddia tələbinin cavabdehdən çəkdiyi xərclərə görə 14000 manat məbləğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏQ-259/2023 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən Cavabdeh xüsusi mülkiyyətində olan İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən 0.197 hektar həyətyanı torpaq sahəsində aparılmış yaxşılaşdırma işlərinin su, yol və elektrik xətlərinin çəkilməsi və müxtəlif növ ağacların əkilməsi üçün çəkilmiş xərclərin dəyərinin xərc yanaşması metodu ilə xx.xx.2023-cü il tarixə real bazar dəyəri 12968,30 manat təşkil edir.

9. Ona görə də cavabdeh ilkin müqavilə üzrə əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsində aparılmış yaxşılaşdırma işlərinin su, yol və elektrik xətlərinin çəkilməsi və müxtəlif növ ağacların əkilməsi üçün çəkilmiş xərclərin dəyərinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq xərc yanaşması metodu əsas götürülməklə,iddia tələbi həmin hissədə qismən təmin olunaraq Cavabdeh məxsus İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən 0.197 hektar həyətyanı torpaq sahəsində aparılmış yaxşılaşdırma işlərinin su, yol və elektrik xətlərinin çəkilməsi və müxtəlif növ ağacların əkilməsi üçün çəkilmiş xərclərin dəyərinin xərc yanaşması metodu ilə xx.xx.2023-cü il tarixə real bazar dəyərinin 12968,30 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh dəymiş ziyana görə 37.968,30 manat (18500+5000+1500+12968,30=37.968,30) manat məbləği alınıb İddiaçı verilməlidir.

10. İsmayıllı Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(037)-825/2023 saylı qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia qismən təmin olunmuş, Cavabdeh dəymiş ziyana görə 37.968,30 manat və 203.90 manat dövlət rüsumu olmaqla, cəmi 38.172,20 (otuz səkkiz min yüz yetmiş iki manat iyirmi qəpik) manat məbləğində pul alınıb İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsinin iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü, 14.1-ci, 16.1-ci, 21.1-ci, 21.2-ci 135.10-cu, 157.7ci, 385.1-ci, 386.1-ci, 389.1- ci, 390.1-ci, 402.1-ci, 402.2-ci, 402.3-cü, 402.4-cü, 402.5-ci, 402.6-cı, 425.1-ci, 442-ci, 443.1-ci, 443.5-ci, 448.1-ci, 599.3-cü, 599.4- cü, 739.1-ci, 739.2ci, 740.1-ci və 740.2-ci maddələrinə istinad etmişdir.

12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Bakı şəhəri 11 saylı Notariat Kontoru tərəfindən reyestrdə 3M-846 nömrə ilə qeydə alınmış 04 noyabr 2016-cı il tarixli “Torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilə” Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli,********** qeydiyyat nömrəli,**********85 reyestr nömrəli Çıxarış "xxxx" MMC-nin 17 avqust 2023-cü il tarixli ƏQ259/2023 nömrəli Daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi

13. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, müqavilədən sonra İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, həmin torpaq sahəsinin alğısatqısına dair Cavabdeh 18500 manat məbləğində pul ödəməmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi kassa mədaxil orderi bankın möhürü ilə təsdiq edilməmiş, saxtadır. Bununla bağlı məhkəmə heç bir araşdırma aparmamış, həmin məbləğin Cavabdeh bankdan götürüb-gütürməməsi və yaxud banka sorğu verərək kassa məxaric orderini məhkəmə tələb etməmiş, bir sözlə təkcə İddiaçı təqdim etdiyi “sənədin ksero surəti” sənədlə kifayətlənərək heç bir araşdırma aparmamış, belə araşdırmanın aparılmaması isə Cavabdeh hüquqlarının pozulması ilə nəticələnmişdir.

15. İş materiallarında ümumilikdə 5000 manat və torpaq sahəsinə dair çıxarış sənədi almaq üçün əlavə olaraq 1500 manat pulun İddiaçı tərəfindən Cavabdeh verilməsini təsdiq edəcək heç bir sübut yoxdur, iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ümimiyyətlə Qeyd edim ki, İddiaçı tərəfindən Cavabdeh borc pul verilməmişdir, bu barədə məhkəmənin gəldiyi nəticə qanunsuzdur.

16. İsmayıllı rayon Qalacıq kəndi ərazisindən ona ayrılmış 0.20 hektar torpaq sahəsi heç vaxt İddiaçı istifadəsində olmamışdır. O, heç vaxt həmin torpaq sahəsində yaxşılaşdırma işləri aparmamış, su, yol və elektrik xətlərinin çəkilməsi və müxtəlif növ ağacların əkilməsi ilə bağlı heç bir iş görməmişdir. Bu barədə, yəni həmin torpaq sahəsində yaxşılaşdırma işlərinin İddiaçı tərəfindən aparılması, onun tərəfindən su, yol və elektrik xətlərinin çəkilməsi və müxtəlif növ ağacların əkilməsini təsdiq edəcək iş materiallarında heç bir sübut yoxdur. İş materiallarında olan mütəxəssis rəyi torpaq sahəsində su, yol və elektrik xətlərinin və müxtəlif növ ağacların dəyərini əks etdirir. Həmin işlərin İddiaçı tərəfindən görülməsi heç bir sübutla öz təsdiqini tapmır. İsmayıllı rayon XDS rəyasət heyətinin 21 ok tyabr 1992-ci il tarixli 28 saylı iclas protokolundan çıxarışa əsasən İsmayıllırayon Qalacıq kəndi ərazisindən ona ayrılmış 0.20 hektar torpaq sahəsi uzun müddətdir ki, bu günədək Cavabdeh faktiki istifadəsindədir. Belə halda başqa şəxsin gəlib orada, torpaq sahəsində iş gördürməsi inandırıcı və ağlabatan deyil.

17. Məhkəməyə təqdim edilmiş CD diskə yazılmış telefon danışıqlarındakı səs Cavabdeh deyil, başqa şəxsə məxsusdur. Məhkəməyə təqdim edilmiş CD diskə yazılmış telefon danışıqlarındakı səsin Cavabdeh məxsus olması barədə iş materiallarında heç bir sübut yoxdur.

18. "xxxx" MMC-nin17 avqust 2023-cü il tarixli ƏQ[1]259/2023 nömrəli Daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi həqiqətə uyğun deyil. heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı-ayrı hüquqi şəxslər, o cümlədən "xxxx" MM təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən ekspert və yaxud mütəxəssis rəyi kimi qələmə verilən sənəd hazırlanmış və məhkəməyə təqdim olunmuşdur. Belə sənədin ekspert və yaxud mütəxəssis rəyi kimi qəbul olunması və ondan məhkəmə icraatı çərçivəsində istifadə olunması qanunaziddir.

19. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(037)- 825/2023 saylı qətnaməsinin qismən (iddia təmin edilən hissədə) ləğv edilməsini və iddia əsassız olduğu üçün təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İddiaçı və onun vəkili Vəkil1 və Cavabdeh və onun vəkili Vəkil1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

22. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında İddiaçı Məhəmməd oğlunun nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(037)- 825/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

23. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında Cavabdeh, onun nümayəndəsi Vəkil2 Novruz oğlu və şahid X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki,fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə,habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 135.10-cü maddəinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan,zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 402-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

27. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(037)- 825/2023 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş ümumilikdə 4800 manata aid hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

29. İddia tələbinin 04 noyabr 2016-cı il tarixli “Torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilə”yə əsasən verilmiş 18.500 manat pula aid hissəsində kollegiya aşağıdakıları qeyd edir. İş materiallarının 10-cu vərəqində olan 4 noyabr 2016-cı il tarixli “xəzinə mədaxil orderi”ndən görünür ki, həmin tarixdə Mahmudov X1 4 noyabr 2016-cı il tarixli XK-731 saylı Məktubuna əsasən 18.000 manat pulu Muğanbank ASC-nin Binəqədi filialına depozitə qoymuşdur. Cavabdeh apellyasiya şikayətinin bu qətnamənin 14-cü bəndində göstərilmiş dəlilləri ilə, o cümlədən məhkəmə iclasında həmin “xəzinə mədaxil orderi” əsasında depozitə qoyulmuş pulun cavabdeh tərəfindən götürülmədiyini iddia etmişdir. Həmin məsələnin aydınlaşdırılması məqsədilə kollegiya tərəfindən Əmanətlərin Sığortalanması Fonduna sorğu verilməklə həmin 18.000 manat pulun depozitdən kim tərəfindən hansı tarixdə götürülməsi ilə bağlı məlumatların, onları təsdiq edən sənədlərlə birlikdə, Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Əmanətlərin Sığortalanması Fondundan daxil olmuş 3 iyul 2024-cü il tarixli məktubda göstərilmişdir ki, 04 noyabr 2016-cı il tarixdə İddiaçı Məmmədnəbi oğlu tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin Binəqədi filialında olan notariusun depozit hesabına qoyulmuş 18.000 AZN məbləğində pul vəsaitinin kim tərəfindən alınması barədə LPO "xxxx" ASC-nin arxivində olan sənədlər 07 fevral 2022-ci il tarixdə 52-1/HR saylı əmrə əsasən məhv olunmuşdur. Kollegiya tərəfindən ünvan ünvanlanmış sorğuya cavab olaraq göndərilmiş sənədlərdən görünür ki, 4 noyabr 2016-cı il tarixli MUĞ No 289970 olan “çekin kötüyü”nə əsasən “18.000” Cavabdeh verilmişdir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin həmin dəlilləri qismən – 500 manata aid hissədə əsaslı, 18.000 manata aid hissədə isə əsassızdır. Ona görə də, 04 noyabr 2016-cı il tarixli “Torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilə”yə əsasən verilmiş pula görə tutulmuş 18.500 manatın 500 manata aid hissəsində iddia rədd edilməlidir. Çünki, həmin 500 manatın iddiaçı tərəfindən cavabdehə verilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir.

30. İddia tələbinin cavabdehə borc olaraq verilmiş pulların geri qaytarılması ilə bağlı hissəsində kollegiya aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi həmin hissədə iddianı 6500 manat məbləğində təmin edərkən iş materiallarında olan CD diskdə qeydə alınmış audio səs yazılarına əsasən qeyd edilən məbləğlərin cavabdeh tərəfindən iddiaçıdan alınmasının etiraf edildiyinə əsaslanmışdır. Həmin səs yazıları kollegiya tərəfindən dinlənilərkən müəyyən edilmişdir ki, iddiaçı cavabdehin əri Şirinov Əjdər (el arasında Şakir) Şirinbəy oğlu ilə mobil telefon danışığında ona ayrı-ayrılıqda 1000 manat və 1200 manat borc pul verdiyini bildirmiş, sonuncu da həmin faktı təsdiq etmiş, “Çəmənlidə olan torpaq sahəsini” iddiaçıya vermək yolu ilə ona olan borcunu bağlayacağını bildirmişdir. Apellyasiya şikayətinin bu qətnamənin 17-ci bəndində göstərilmiş dəlilləri ilə cavabdeh həmin CD diskdə olan səs yazılarında onun səsinin olmadığını bildirmişdir ki, məhkəmə kollegiyasının iclasında cavabdehin əri X3 şahid qismində dindirilərkən həmin borcla bağlı səs yazısında iddiaçı ilə danışan şəxsin özü olduğunu bildirmişdir. Bu halı Cavabdeh da təsdiq etmişdir. Cavabdeh kollegiyanın iclasında onların 1000 manat və 700 Türk lirəsi borc aldığını və həmin borcu iddiaçıdan deyil, onları iddiaçı ilə tanış edən şəxsdən aldıqlarını, torpağın satılması məsələsinə görə həmin borcun iddiaçıya keçdiyini bildirmişdir. Cavabdehin əri X3 isə kollegiyanın iclasında həmin pulları məhz ididaçıdan və uşağını Türkiyəyə müalicəyə aparmaları səbəbilə aldığını göstərmişdir. Kollegiya belə qənaətə gəlir ki, cavabdeh və onun əri tərəfindən iddiaçıdan 2200 manat borc pulun alınması öz təsdiqini tapır. Həmin pullar iddiaçıdan cavabdehin əri vasitəsilə alınsa da, bütün proseslərdə cavabdehin özü və ya onun adından ərinin çıxış etdiyini nəzərə alsaq, alınması məqsədi baxımından həmin borcun hazırki iş üzrə Cavabdeh tərəfindən alındığı göründüyündən hazırki iddia tələbinin borc pula aid hissəsi 2200 manat məbləğində təmin edilməlidir. Cavabdeh onları iddiaçı ilə tanış edən şəxsdən pul alması məsələsinə gəldikdə isə, həmin məsələnin araşdırılması, hazırki iş üzrə iddiaçı ilə əlaqəli olmadığından, hazırki məhkəmə baxışının predmeti deyildir. İddiaçı isə cavabdehə (və ya onun ərinə) daha artıq məbləğdə borc pul verdiyini sübut etməli olduğu halda, bunu etmədiyindən iddianın həmin hissəsi qalan hissədə təmin edilməməlidir.

31. İddia tələbinin torpağa çəkilmiş yaxşılaşdırma xərclərinə aid hissəsində kollegiya aşağıdakıları qeyd edir. İş materiallarında olan CD diskdə qeydə alınmış audio səs yazısında cavabdehin əri iddiaçının mübahisəli torpaq sahəsində çəkdiyi xərclərlə bağlı sadaladığı faktları təsdiq etmiş, torpaq sahəsinə sənəd alınması məhkəmə qərarından asılı olmaqla, prosesin gecikdiyini bildirmiş və iddiaçının gözləməyini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin bu qətnamənin 16-cı bəndində göstərilmiş dəlilləri ilə mübahisəli torpaq sahəsinin heç vaxt iddiaçının sahibliyində olmamasını göstərsə də, o və onun əri X3 məhkəmə kollegiyasının 12 iyun 2024-cü il tarixli iclasında həmin məsələ ilə bağlı CD diskdə olan səs yazısında X2 dedikləri ilə eyni məzmunda izahat vermişlər. Cavabdeh bildirmişdir ki, müqavilə bağlandıqdan sonra iddiaçı mübahisəli toprpaq sahəsinə su çəkdirmiş, 18 ədəd ağac gətirərək əkdirmiş, ağacları əkməyə kömək edən şəxslərin hər birinə 50 manat pulu Dəmir adlı şəxs vasitəsilə göndərmişdir. X3 bildirmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsində ağaclar əkdirmiş və yol çəkdirmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisəli torpaq sahəsinin satılması ilə bağlı iddiaçı ilə bağlanmış ilkin alqı-satqı müqaviləsində torpağın qiyməti 18.500 manat müəyyən edilmişdir ki, bu da torpaq sahəsinin hər sotunun qiymətinin təqribən 900 manat olduğunu göstərir. Cavabdeh kollegiyanın iclasında verdiyi izahatında mübahisəli torpaq sahəsinə mülkiyyət sənədi aldıqdan sonra onu başqa şəxsə torpağın bir sotu 2000 manatdan hesablanmaqla satdığını bildirmişdir. 20 sot torpaq sahəsi hər sotu 2.000 manatdan hesablandıqda 40.000 manat etdiyini nəzərə alsaq, iddiaçı ilə razılaşma ilə torpağın yekun alqı-satqısı arasında torpaq sahəsinin qiyməti ikiqatdan çox artmışdır. Görünür ki, torpaq sahəsində edilmiş yaxşılaşdırmalar torpaq sahəsinin qiymətinin artımına səbəb olmuşdur. Mütəxəssis rəyi ilə bağlı apellyasiya şikayətinin bu qətnamənin 18-ci bəndində göstərilmiş dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, Mülki Prosessual qanunvericilik mütəxəssis və ekspert rəylərini bir-birindən fərqləndirmişdir. Məhkəmə "xxxx" MMC-nin 17 avqust 2023-cü il tarixli ƏQ[1]259/2023 nömrəli rəyini ekspert rəyi kimi deyil, mütəxəssis rəyi kimi dəyərləndirmiş və prosessual qanunvericiliyin tələblərini pozmamışdır. Cavabdeh həmin rəyin həqiqətə uyğun olmadığını göstərsə də, həqiqətə uyğun olmayan hesab etdiyi konkret halları göstərməmiş, rəyin mötəbərliyini şübhə altına alacaq hər hansı dəlil təqdim etməmişdir. O cümlədən, cavabdeh apellyasiya şikayətində torpaq sahəsində yaxşılaşdırmalar edilməsi faktını və onların qiymətini deyil, həmin yaxşılaşdırmaların iddiaçı tərəfindən edilməsi halını mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası yaxşılaşdırmaların dəyərinin müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin edilməsinə zərurət görməmişdir. Ona görə də, iddia tələbinin torpağa çəkilmiş yaxşılaşdırma xərclərinə aid hissəsində kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini həmin hissədə əsassız hesab edir.

32. Həmçinin cavabdeh apellyasiya şikayətinin bu qətnamənin 14-cü bəndində göstərilmiş dəlillərində müqavilədən sonra İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini iddia edir. Kollegiya qeyd edir ki, müqavilədə razılaşdırılmış 18.500 manat puldan 18.000 manatının iddiaçı tərəfindən cavabdehə verilməsi, o cümlədən mübahisəli torpaq sahəsində yaxşılaşdırmalar apararaq 12968,30 manat xərc çəkməsi təsdiq edildiyindən, bu hal onu deməyə əsas verir ki, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmək istiqamətində tədbirlər görmüşdür və apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.

33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın təmin edilmiş ümumilikdə 4800 manata aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(037)-825/2023 saylı qətnaməsi iddianın təmin edilmiş ümumilikdə 4800 manata aid hissəsində ləğv edilməli, iddia tələbi 04 noyabr 2016-cı il tarixli “Torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilə”yə əsasən verilmiş pula görə tutulmuş 18.500 manatın 500 manata aid hissəsində və borc pula görə tutulmuş 6500 manatın 2200 manata aid hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2(037)-825/2023 saylı qətnaməsi iddianın təmin edilmiş ümumilikdə 4800 manata aid hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi 04 noyabr 2016-cı il tarixli “Torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilə”yə əsasən verilmiş pula görə tutulmuş 18.500 manatın 500 manata aid hissəsində və borc pula görə tutulmuş 6500 manatın 2200 manata aid hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar