Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-655/2023 06.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi ilə İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra- Birlik) qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tаrixli qətnaməsindən Birlik tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən Balakən rayonu Püştala kəndində iddiaçıya məxsus yaşayış evinə quraşdırılmış G-4 markalı, ******* nömrəli qaz sayğacı cavabdeh Birliyin əməkdaşları tərəfindən çıxarılaraq G-4 markalı, **********3 nömrəli sayğacla əvəz olunmuşdur. Birlik tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, iddiaçıya məxsus yaşayış evinə quraşdırılmış G-4 markalı, ******* nömrəli qaz sayğacına baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, sayğac istismara yararsızdır. Birliyin xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, G-4 markalı, ******* nömrəli qaz sayğacının nominal qaz sərfi 4m3, iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və 8640 m3 əlavə sərfiyyata görə borcun hesablanaraq ödənilməsi qərara alınmışdır. Qərarın qəbul edilməsi üçün əsas xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt olmuşdur. “Abonentin saldosundan” görünür ki, iddiaçının akt üzrə tələb olunan qaz sərfiyyatına görə borcu 1036,80 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq hesablanıb abonent koduna vurulmuş 1036,80 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində Balakən rayonu Püştətala kəndində fərdi yaşayış evi vardır. xx.xx.2022-ci il tarixində "Azəriqaz" İB-nin Zaqatala X2 İdarəsinin Balakən xidmət sahəsinin əməkdaşları “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edərək istifadəsində olan qaz sayğacını açaraq götürmüşlər. Həmin akta o, imza etməmişdir. Zaqatala RQİİdən sənədləri istədikdə, həmin aktda onun əvəzinə imza çəkildiyini görmüşdür. Lakin daha sonra həmin yoxlama zamanı qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması bildirilmiş, bu barədə akt tərtib olunmuşdur. Cavabdeh İB-nin Zaqatala X2 İdarəsinin Balakən xidmət sahəsi heç bir laborator analiz aparmadan bu qənaətə gəlmişdir. Bildirir ki, qaz sayğacı evdən kənarda yol sahəsində quraşdırıldığından sayğaca hər hansı zərər vurulsa belə, onun və ailə üzvlərinin qaz sayğacını qorumaq kimi bir imkanları olmamışdır. xx.xx.2022ci il tarixdə Zaqatala X2 İdarəsinin rəhbərliyi tərəfindən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzikcızıq izlərinin olması iddia edilərək, qazdan pulsuz istifadə etdikləri səbəbindən 8640 m3 (1036,80 manat) əlavə borcunun olması qərara alınmışdır. Bu barədə xx.xx.2022-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında qərar verilmişdir. Yəni o, heç bir əsas olmadığı halda 1036,80 manat Cavabdehnə borclanmışdır. Halbuki sözügedən qaz sayğacı evdən kənarda yol hissədə yerləşdirilmişdir. Onun qaz sayğacını qorumaq kimi bir imkanı yoxdur. Eyni zamanda o və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Bu faktı ailə üzvləri də təsdiq edəcəklər. Yolda iri tonnajlı maşınlar və insanlar hərəkətdədirlər. Sayğaca hər hansı müdaxilə olunacağı təqdirdə onun və ailə üzvlərinin bunu görmə və müdaxilə etmə imkanları məhdud dərəcədədir. Bütün bu hallar isə son nəticədə Cavabdeh Zaqatala X2 İdarəsinin rəhbərliyi tərəfindən yazılmış əlavə borcun əsassız olduğunu sübut edir. Cavabdeh Birlik iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı adına rəsmiləşdirilmiş **********05060 saylı qaz hesabında xx.xx.2022-ci il tarixə 1103.20 manat borc vardır. Həmin borcun 66,40 manat hissəsi sayğac üzrə, 1036,80 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq istismarda olan G4 markalı ******* nömrəli sayğac qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********3 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2022-ci il tarixli 29/1710-03210-1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin plasmas qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 8640 m3 (və ya 1036.80 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsd olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları” nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. Nəzərə çatdırır ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. “Qazdan istifadə Qaydaları” nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011- ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Balakən Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(019)- 191/2023 nömrəli iş üzrə qəbul etdiyi 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Z.tahirov) iddia tələbinin təmin edilməsi, Cavabdeh Zaqatala X2 İdarəsi tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18 oktyabr 2022-ci il tarixli ******* nömrəli akta əsasən İddiaçı əsassız hesablanmış 1036,80 manat borcun İddiaçı abonent hesabından (**********05060) silinməsi, Cavabdehndən 30,36 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, İddiaçı qaz sayğacına ehtimal olunan müdaxilə etməklə qanunazidd hərəkəti nəticəsində cavabdehə 8640 kub metr qaz itkisi olmaqla 1036,80 manat məbləğində zərər vurulması, bu zərərlə İddiaçı ehtimal olunduğu qanunazidd hərəkəti arasında səbəbli əlaqənin olması və bu zərərin vurulmasında iddiaçının təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, iddia tələbinə etirazın əsaslandırıldığı halları təşkil edəcək həmin hallar sübut olunmamışdır. Belə mötəbər sübutlar Cavabdeh nümayəndəsinin iddiaya yazılı etirazında da göstərilməmiş və həmin etiraza əlavə olunmamışdır. Halbuki qanuna görə iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 4.2, 4.6, 4.7, 4.8, 4.9, 5.2-ci bəndlərinə, Azərbaycan respublikası mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 1091.2, 1091.2, 1092.2, 1094, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 76.1, 76.2, 78.1, 80, 80.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Birlik apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin ilk növbədə diqqət etməli məqam istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Məhkəmənin gəldiyi qənaət həm də ona görə əsassızdır ki, sayğaca müdaxilədə istehlakçının maddi marağı olmuş və istehlakçının həmin müdaxilənin onun tərəfindən yox kənar şəxsin təsiri nəticəsində olması barədə söylədikləri özünü müdafiə və maddi məsuliyyətdən yayınma xarakteri daşıyır. Bu səbəbdən də iddiaçının sayğaca müdaxilə etmədiyi barədə söylədikləri iş materialları ilə öz təsdiqini tapmır. Digər tərəfdən, qaydaların 4.8-ci bəndində göstərilənlər iki cür izah olunur: Birincisi sayğacın texniki cəhətdən nasaz olması, ikincisi sayğaca kənar təsir nəticəsində nasaz vəziyyətə gətirilməsi. Bu iki hal bir birindən tamamilə fərqli anlayışlardır və qaz paylayıcısı yalnız birinci halda sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdeh ola bilər, ikinci halda isə bu cavabdehilik isə ağlabatan deyildir və ya istehlakçının lehinə şərh oluna bilməz. Belə ki, birinci halda sayğacın zavod qurğuşun plombunda və onun flyans birləşməsinə vurulan plombunda, sayğacda hər hansı vizual müşahidə edilən kənar təsir nəticəsində müdaxilə halı yoxdursa, ancaq bununla belə sayğac işləmirsə, normadan artıq xəta ilə işləyirsə, başqa sözlə sayğaca hər hansı fiziki təsir nəticəsində müdaxilə halı olmadan onda nasazlıq mövcuddursa belə bir vəziyyətdə onun işlək vəziyyətdə olmasına görə istehlakçını məsul tutlmaq olmaz. İkinci halda isə sayğacınınasaz vəziyyətə gətirilməsi məhz ona fiziki təsir nəticəsində baş vermişsə (hazırkı işdə olduğu kimi) bu zaman qaz paylayıcısı sayğacın işlək vəziyyətdə olmasına görə cavabdehlik daşıya bilməz. Çünki həmin sayğaclar quraşdırılarkən yoxlanılmış və hər hansı texniki nasazlığı olmadığı üçün quraşdırılmış və aktla istehlakçıya təhvil verilmişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırırıq ki, iddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Maddə 4.2. Qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Maddə 4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8). Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9). Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh Birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun hal kimi qiymətləndirlməsini qeyri-mümkün edir. Belə ki, MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Balakən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 yanvar 2023-cü il tаrixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-655/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-655/2023
06.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver