Məhkəmə qərarları › İş №2(107)-664/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-664/2024

12.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-664/2024 12.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması, həmin torpaq sahəsindən cavabdehlərin çıxarılması, həmin hissəyə sahib olmağa, ondan istifadə etməyə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair iddiası ilə bağlı mülk iş üzrə (Açar sözlər: torpaq sahəsindən payın naturada ayrılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması, həmin torpaq sahəsindən cavabdehlərin çıxarılması, həmin hissəyə sahib olmağa, ondan istifadə etməyə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(019)-59/2024 nömrəli qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. JN 824A Kod 40103018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X12, X4, İddiaçı 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Eyni zamanda, JN 824 Kod 40103018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X12, X4, İddiaçı 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçının X7 09 mart 2008-ci ildə, anası X9 isə 12 noyabr 2022-ci il tarixdə ölmüşdür. İddiaçı mərhum valideynləri X12 və X4 çatacaq hissələrdən hər birindən ona 1/2 hissədə miras verilməsinə dair 2V605, 2V-606, 2V-607, 2V-608 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdır. İddiaçının adına Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən ümumi sahəsi 313 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.1996 ha olan torpaq sahəsinin 4/6 hissəsinə **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən ümumi sahəsi 0.4061 ha olan torpaq sahəsinin 4/6 hissəsinə **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən, ümumi sahəsi 313 kv/m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.1996 ha olan torpaq sahəsindən 4/6 hissə payının və ümumi sahəsi 0.4061 ha olan torpaq sahəsindən 4/6 hissə payının naturada ayrılması, payına verilmiş torpaq sahələrindən və fərdi yaşayış evindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahələrinə və fərdi yaşayış evindən ona düşən hissəsinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı nümayəndəsi - vəkili Nümayəndə1 işin məhkəmədə baxılmağa hazırlanması zamanı məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə verərək İddiaçı ümumi paylı mülkiyyətdə olan Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən, ümumi sahəsi 0.1996 ha olan torpaq sahəsindən 4/6 hissə payının və ümumi sahəsi 0.4061 ha olan torpaq sahəsindən 4/6 hissə payının naturada ayrılması, payına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahələrindən ona düşən hissəsinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir.

4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1i ünvanında yaşayır. X7, anası X9 olmuşdur. Atası, anası və o, eyni təsərrüfatda qeydiyyatda olmuşlar.Buna görə də kənddə torpaq islahatı aparılarkən o, valideynlərinin təsərrüfatında qeydiyyatda olmaqla yaşadığından həyətyanı və pay torpaq sahələrində onlarla eyni təsərrüfatda onun payı da göstərilmişdir. Belə ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə X12, X4, İddiaçı 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 824A Kod 40103018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Eyni zamanda Balakən rayon Aqrar İslahat komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə X12, X4, İddiaçı 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 824 Kod 40103018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. 0.73 ha torpaq sahəsinin 0.47 ha hissəsi həyətyanı torpaq sahəsinə bitişik ərazidən, 0.26 ha hissəsi isə başqa ərazidən verilmişdir. X7 09 mart 2008-ci ildə, anası X9 isə 12 noyabr 2022-ci il tarixdə ölmüşdür. 2005- ci ildə ona və ailə üzvlərinə məxsus 0.20 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 313 kv/m-dən ibarət 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi inşa edilmişdir. Anasının ölümündən sonra mərhum qardaşının arvadı Cavabdeh2 və oğlu Cavabdeh1 onu evdən və torpaq sahəsindən çıxartmışlar. Hazırda məcbur olub başqa yerlərdə qalır. Valideynlərinin ölümündən sonra Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət edərək onlardan qalmış miras payının qəbul edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Balakən Regional “Asan xidmət” mərkəzində notariat ofisinin ƏMDK-nin yanında DƏDRX-nin 18 Saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X12 və X5 verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən, ümumi sahəsi 313 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.1996 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən, ƏMDK-nin yanında DƏDRX-nin 18 Saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2023 tarixdə X12 və X4 verilmiş **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.4061 ha olan torpaq sahəsinin mərhumlara çatacaq hissələrindən hər birindən 1/2 hissədə irs verilməsinə dair 2V-605, 2V-606, 2V-607, 2V- 608 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bundan sonra 22 may 2023-cü il tarixdə ƏMDK-nin yanında DƏDRX-nin 18 Saylı ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 313 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.1996 ha olan torpaq sahəsinin 4/6 hissəsinə öz adına **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. 23 may 2023-cü il tarixdə isə ƏMDK-nin yanında DƏDRX-nin 18 Saylı ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.4061 ha olan torpaq sahəsinin 4/6 hissəsinə öz adına **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır.Cavabdehlərlə aralarında mübahisə olduğuna görə daşınmaz əmlakdan özünə məxsus olan hissələrin naturada ayrılmasını və ona sahib olmağını istəyir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi paylı mülkiyyətdə olan, Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən ümumi sahəsi 313 kv/m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.1996 ha olan torpaq sahəsinin 4/6 hissəsindən və ümumi sahəsi 0.4061 ha olan torpaq sahəsinin 4/6 hissəsindən istifadə etməyə imkan vermirlər. Buna görə də mübahisənin qanuni yolla həll edilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 1ində yaşayır. X7, anası X6r. Balakən rayon Aqrar İslahat komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə X12, X4, İddiaçı 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə aid, JN 824A Kod 40103018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə təqdim olunmuşdur. Eyni zamanda Balakən Rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə X12, X4, İddiaçı 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə aid JN 824 Kod 40103018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim olunmuşdur. 0.73 ha torpaq sahəsinin 0.47 ha hissəsi həyətyanı torpaq sahəsinə bitişik ərazidən, 0.26 ha hissəsi isə başqa ərazidən verilmişdir. 2005-ci ildə iddiaçıya və ailə üzvlərinə məxsus 0.20 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 313 kv/m-dən ibarət 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi inşa edilmişdir. X7 09 mart 2008-ci ildə, anası X9 isə 12 noyabr 2022-ci il tarixdə ölmüşdür. Anasının ölümündən sonra mərhum qardaşının arvadı-Cavabdeh2 və oğlu-Cavabdeh1 iddiaçını evdən və torpaq sahəsindən çıxartmışlar. Valideynlərinin ölümündən sonra İddiaçı valideynlərindən qalmış miras əmlaklardan payının qəbul edilməsi ilə bağlı Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmişdir. Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən, ümumi sahəsi 313 kv/m olan fərdi yaşayış evinin, ümumi sahəsi 0.1996 ha olan həyətyanı torpaq sahəsinin, habelə 0.4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum valideynləri X12 və X4 çatacaq hissələrindən hər birindən ona 1/2 hissədə irs verilməsinə dair 2V605, 2V-606, 2V-607, 2V-608 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İddiaçı bundan sonra 22 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 313 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.1996 ha olan torpaq sahəsinin 4/6 hissəsinə öz adına **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, 23 may 2023-cü il tarixdə isə 0.4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4/6 hissəsinə öz adına **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Cavabdehlərlə aralarında mübahisə olduğuna görə iddiaçı daşınmaz əmlakdan özünə məxsus olan hissələrin naturada ayrılmasını və ona sahib olmaq istədiyindən hazırkı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir.

6. Məhkəmə iclasında həmçinin ekspert rəyinə əsasən müəyyən edildi ki, ümumi paylı mülkiyyətdə olan 0.1996 ha olan həyətyanı torpaq sahəsindən iddiaçının 4/6 hissə payının naturada ayrılması mümkün deyildir, 0.4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən isə onun 4/6 hissə payının naturada ayrılması mümkündür.

7. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, mübahisəli torpaq sahələrinin ümumi paylı mülkiyyətdə olmasını, ümumi paylı mülkiyyətdə olan 0.1996 ha olan həyətyanı torpaq sahəsindən iddiaçının 4/6 hissə payının naturada ayrılmasının mümkün olmamasını, 0.4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən isə iddiaçının 4/6 hissə payının naturada ayrılmasının mümkün olmasını,hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir.

8. Balakən Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(019)-59/2024 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia qismən təmin olunmuş, İddiaçı,X14 və X2 ümumi paylı mülkiyyətində olan,ünvan 4i ünvanında yerləşən 0.4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 4/6 hissə payı naturada (ekspert rəyinə əlavə edilmiş sxemdə qeyd edilən qaydada) ayrılsın.İddiaçı payına verilmiş həmin torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları, iddiaçının həmin torpaq sahəsinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, torpaq –kadastr baza məlumatları və çöl ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsi üçün İddiaçı tərəfindən ödənmiş 95 manatın 47,50 manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməsi, qalan hissəsinin İddiaçı özünə aid edilməsi, 50 manat ekspertiza xərcinin 25 manatının Cavabdeh1 və Cavabdeh2, 25 manatının isə İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X8, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 213, 220 və 239-cu maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Balakən rayon İHB-nın Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 aprel 2023-cü ildə verilmiş 410 nömrəli arayış Balakən Regional “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 11 aprel 2023-cü il tarixdə verilmiş 05-Q-105/69 nömrəli arayış Balakən Regional “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 12 aprel 2023-cü il tarixdə verilmiş 05-Q-105/69 nömrəli arayış JN-824A KOD 40103018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********95-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən verilmiş, reyestr nömrəsi **********33 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023- ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********95-10301 olan, 348 invertar qeydiyyat nömrəli 08 may 2023-cü il tarixli Texniki Pasport 17 may 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********95-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023-ci il tarixli Çıxarış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 12 sentyabr 2023-cü il tarixdə verilmiş 3-21-3-47/2- 3270/2023 nömrəli mütəxəssis rəyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 30 dekabr 2023-cü il tarixdə verilmiş 3- 16-16/2-10/6078 nömrəli ekspert rəyi

11. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 аpellyаsiyа şikаyətləri vermişlər.

Apellyasiya şikayətlərinin dəlilləri

12. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ümumi sahəsi 0.1996 ha olan torpaq sahəsinə bitişik olan 0.4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıya məxsus 4/6 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bu vəziyyətdə məhkəmə iddia tələblərinə uyğun yaşayış evi və onun altının sahəsinin cavabdehlərin sahibliyində və istifadəsində saxlanılmaqla 0,1996 ha torpaq sahəsindən iddiaçının payının ayrılması, göstərilən qaydada bölgü aparılmasının mümkünlüyü barədə ekspertiza keçirə və həmin qaydada bölgü aparılmasını nəzərdən keçirə bilər. Belə olan halda isə 0.1996 ha həyətyanı torpaq sahəsinin naturada bölgüsünü mümkünsüz edən əsasların qanuni və əsaslı olması aydınlaşdırılmaqla mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edəcəkdir.

13. Ona görə də, Balakən Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(019)- 59/2024 nömrəli qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində- ümumi paylı mülkiyyətdə olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.1996 ha olan torpaq sahəsindən 4/6 hissə payının naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahəsindən ona düşən hissəsinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması hissəsində ləğv edilməsini, iddianın həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

14. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus 4/6 hissə payın naturada ayrıldığı Balakən rayonu, Qazma kəndi ünvanında yerləşən 0.4061 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Həmin torpaq sahəsi faktiki olaraq cavabdehlər tərəfindən bütövlükdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün istifadə edilir. İş materiallarında olan DƏDKR Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 12 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyindən də göründüyü kimi, mübahisə predmeti olan 0.4061 ha torpaq sahəsində cavabdehlər tərəfindən 3 qeyri-yaşayış tikilisi, mal damları inşa edilmişdir ki, cavabdehlər orada mal-qara saxlamaqla, digər hissədə isə əkinbiçin işləri aparmaqla öz dolanışıqlarını təmin edirlər və onların əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2023-cü il tarixli ekspert rəyindən göründüyü kimi, mübahisə predmeti olan 0.4061 ha torpaq sahəsi naturada ayrılarkən yalnız ayrılmanın texniki cəhətdən mümkünlüyünə qiymət verilmiş, istər məhkəmə, istərsə də ekspert tərəfindən torpaq sahəsinin bölünən və ya bölünməz olunması məsələsi araşdırılmamış, torpaq sahəsindən təyinatı üzrə istifadənin mümkünlüyünə qiymət verilməyərək birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Resublikası Torpaq Məcəlləsinin sadalanan normalarının tələbləri pozulmuşdur

15. Ona görə də, Balakən Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(019)- 59/2024 nömrəli qətnaməsinin qismən, iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 öz tərəfinin verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 öz tərəfinin verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

20. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri,istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

23. Hər iki tərəf Balakən Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(019)- 59/2024 nömrəli qətnaməsinin özlərinə aid hissədə ləğv edilməsini xahiş etdiyindən və nəticədə qətnamənin tam ləğv edilməsi xahiş edildiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

25. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, reyestr nömrəsi **********95-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023-ci il tarixli Çıxarışa əsasən ünvan 1i ərazisində yerləşən fərdi yaşayış evi ümumi paylı mülkiyyət üzrə İddiaçı, X3 və X10 mülkiyyətindədir. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evində iddiaçının mülkiyyət payı vardır. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarının 2-ci bəndinə əsasən məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Həmin maddələrə əsasən qaydaların ardıcıllığı aşağıdakı şəkildədir:

1. paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər, 2. paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. 3. ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qanunvericilik mülkiyyət hüququndan imtinanı nəzərdə tutmadığından və iddiaçının həmin evdə olan payının da bölünməsini tələb etmə hüququ qorunub saxlanılacağından iddiaçının apellyasiya şikayətində göstərdiyi şəkildə bölgünün aparılması mübahisənin həllinə deyil, gələcəkdə həlli mümkünsüz ola biləcək daha böyük mübahisəyə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin tələbinə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşya olduğundan və vahid mülkiyyət obyekti olduğundan torpaq sahəsinin və üzırində olan fərdi yaşayış evinin mülkiyyətçinin iradəsi ziddinə ayrı-ayrı şəxslərə verilməsi yolverilməzdir. Həmçinin, cavabdehlərin apellyasiya şikayətindən görünür ki, onlar mübahisəli əmlakların bölünməsinə razı olmamaqla, iddianın rədd edilmiş hissəsi ilə razılaşmış, təmin edilmiş hissəsindən apellyasiya şikayəti vermişlər. Bu da onu göstərir ki, cavabdehlər iddiaçının apellyasiya şikayətində göstərdiyi qaydaya - fərdi yaşayış evi və onun altındakı torpaq sahəsi cavabdehlərə verilməklə, həyətyanı torpaq sahəsinin bölünməsi qaydasına razı deyillər. Belə olan halda, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilən ardıcıllıqla digər hüquqlarından istifadə edə bilər.

26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bölündükdə belə, cavabdehlərə düşən hissə kənd təsərrüfatı təyinatı ilə istifadə olunma imkanını itirmir. Cavabdehlər də bunun əksini təsdiq edəcək hər hansı dəlil təqdim etməmişlər. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən tikililərlə bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan mütəxəssis rəyindən həqiqətən də həmin torpaq sahəsində qeyri-yaşayış tikililərinin mövcud olması təsdiq olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinə görə kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 11-ci maddəsinə görə torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Hazırki halda, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən tikililərin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin tələblərinə uyğun olubolmadığının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi, o cümlədən həmin tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması iş materialları ilə təsdiq edilməməklə həmin tikililər özbaşına tikililərdir. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

27. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(019)-59/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(019)-59/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar