Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-679/2023 25.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(025)-800/2023 saylı qərardadından iddiaçı X8 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh X7 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidtməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “çıxarışların ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 çayxana binası haqqında adına verilmiş çıxarışların ləğv olunması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(025)-800/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh X7 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidtməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “çıxarışların ləğv olunması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi, İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X2 hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun İddiaçı geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı X8 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsində cavabdeh Ataari Cavabdeh1 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Çıxarışların ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(025)-800/2023 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Hesab etmişdir ki, məhkəmənin qərardadı əsassızdır və iş Qəbələ Rayon Məhkəməsinə aiddir. Qəbələ Rayon Məhkəməsi 12 aprel 2023-cü il tarixli, 2(025)- 800/2023 saylı qərardadını qəbul edərkən prosessual hüquq normalarının tətbiqində təhrifə yol vermişdir. Bu işin ümumi məhkəmədə baxılması məhkəmə aidiyyətinin pozulmasına gətirib çıxaracaqdır.» Lakin qərardadda hansı səbəblə işə Qəbələ Rayon Məhkəməsində baxılmalı olması əsaslandırılmamışdır. Qərardadla razı olmamışdır, çünki iş Qəbələ Rayon Məhkəməsinə aiddir və icraata qəbul edilməlidir. Qeyd etmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(025)-800/2023 saylı qərardadında işin inzibati məhkəməyə aidiyyatı sübuta yetirilməmişdir. Halbuki çıxarışı mübahisələndirməməyi səbəbi alqı-satqıdır ki, bu məsələyə də rayon məhkəməsində baxılmalıdır. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(025)- 800/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 1 may 2023-cü il tarixli, 2(025)-800/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(025)-800/2023 saylı qərardadı ləğv edilməli və Qəbələ Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(025)-800/2023 saylı qərardadından iddiaçı X5 verdiyi şikayətə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia tələbində cavabdeh X6 çayxana binası haqqında adına verilmiş çıxarışların ləğv olunmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin maddənin tələbindən göründüyü kimi inzibati orqan cavabdeh olduğu halda işə inzibati məhkəmədə baxılmalıdır. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi iş materiallarında olan çıxarışın hansı əsasla verildiyini müəyyən etmədən iddia ərizəsini icraata qəbul etməkdən imtina etməkdə haqlı olmamışdır. Belə ki, həmin çıxarış vərəsəlik hüququ haqqında şəhadətnamə, alqı-satqı müqaviləsi əsasında və ya digər əsasaslarla verilə bilərdi. Bunu araşdırmadan isə birinci instansiya məhkəməsi iddia ərizəsini iş inzibati məhkəməyə aiddir əsası ilə qaytarmaqda haqlı olmamışdır. Ona görə də kollegiya hesab edir ki, qeyd edilən məsələləri araşdırmaqdan ötrü Qəbələ Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(025)-800/2023 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı X8 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(025)-800/2023 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-679/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-679/2023
25.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver