Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-685/2021 14.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 2(037)-745/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 01 dekabr 2020-ci il tarixli 2(037)-745/2020 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Şahdağ Milli Parkından müştərək qaydada 4000 (dörd min) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsinə dair iddia tələbi rədd edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkına (bundan sonra cavabdeh və ya Cavabdeh2, Şahdağ Milli Parkı ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 4000 (dörd min) manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddiaçı 2000-ci ildə cavabdeh Şahdağ Milli Parkı ilə bağladığı müqaviləyə əsasən İsmayıllı rayonu Cülyan kəndinin şimalında, dövlət meşə fonduna aid 0.10 hektar torpaq sahəsini ictimai iaşə obyekti kimi fəaliyyət göstərmək məqsədi ilə icarəyə götürmüşdür. İddiaçı ilk olaraq ərazini təmizləmiş, həmin əraziyə bir ədəd vaqon yerləşdirmiş və ictimai iaşə obyekti kimi fəaliyyətə başlamış, sonradan isə üç ədəd talvar tikmişdir. İddiaçı bir qayda olaraq yay fəslində xidmət göstərmişdir. 2011-ci ildə səhhəti ilə əlaqədar xidmət göstərməyə imkanı olmamışdır. Cavabdeh2 iddiaçıya həmin obyekti icarəyə götürməyi təklif etmişdir. Onlar ilin yay fəsli olmaqla bir il üçün 1000 manat icarə haqqı vermək barədə razılığa gəlmişlər. 2016-cı ildə Cavabdeh2 daha çox gəlir əldə etmək üçün iddiaçıya katej tikməyi təklif etmiş, iddiaçı isə birinci cavabdehin təklifi ilə razılaşmışdır. Cavabdeh2 2016-cı ildən başlayaraq katej tikintisinə pul xərclədiyi üçün üç ilin icarə haqqını iddiaçıya ödəməmişdir. 2019-cu ildə birinci cavabdeh atası xəstə olduğu üçün atasını müalicə etdirdiyini, obyekti tam gücü ilə işlətmədiyini və həmin il üçün 500 manat icarə haqqı verəcəyini bildirmiş və 500 manatı kotejin tikintisinə xərclədiyi pulla əvəzləyərək həmin pulu da verməmişdir. İddiaçı 2019-cu ilin sonunda birinci cavabdehə obyekti özünün işlədəcəyini bildirmiş və haqq-hesab etmək istəmişdir. Bu zaman birinci cavabdeh kotejin tikintisinə 9000 manat pul xərclədiyini bildirmiş, 3500 manat əvəzlənmiş icarə haqqından əlavə olaraq iddiaçıdan 5500 manat pul istəmişdir. İddaçı birinci cavabdehə 5000 manat ödəmək barədə razılığa gəlmiş, ilk olaraq 1500 manat verməyi, qalan 3500 manatı isə hər ay 1000 manat olmaqla verməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 iddiaçıya 5000 manat pulu verməyəcəyi halda koteji verməyəcəyini bildirmişdir. Daha sonra iddiaçı icarə müqaviləsini yeniləmək üçün ikinci cavabdeh Şahdağ Milli Parkına müraciət etmiş, ikinci cavabdeh ilə aralarında 18 iyul 2020-ci il tarixli 28 nömrəli müqavilə bağlamışdır. İddiaçı müqaviləyə və 1 nömrəli əlavədə olan istirahət mərkəzində yerləşən obyektlərin siyahısına əsasən sahəsi 66 kv.m olan 3 ədəd talvardan istifadə üçün 900 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin istirahət mərkəzində yerləşən obyektlərin siyahısında həmin torpaq sahəsində olan bir ədəd vaqon və kotec qeyd olunmamışdır. Birinci cavabdeh Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 04 saylı meşə dolayının 38 nömrəli kvartalından iddiaçının 20 il müddətində istifadəsində olan ərazinin şərq hissəsindən 0.10 hektar torpaq sahəsini icarəyə götürdüyünü bildirmişdir. Kotec, talvar və vaqonun yerləşdiyi həmin torpaq sahəsi 20 ildir ki, iddiaçının istifadəsindədir. Həmin ərazinin şimalı, şərqi və cənubu dağ ətəyi dərələrlə əhatə olunmuş, qərb hissəsi isə çayın sahili ilə tamamlanır. Ora gediş-gəliş yolu iddiaçının vəsaiti hesabına tikilmiş cənubdan olan avtomobil yoludur. Həmin ərazidə iki müxtəlif subyektin ictimai iaşə obyekti işlətməsi qeyri-mümkündür. Şahdağ Milli Parkı bir ədəd kotecin yerləşdiyi ərazinin nəyə görə iddiaçının icarəsinə verilməməsinin səbəbini izah edə bilmir. Cavabdeh2 da Şahdağ Milli Parkı tərəfindən istifadəsinə verilən torpaq sahəsinin hansı hissədən verildiyini bildirmir və iddiaçının razılaşdıqları 5000 manat pulu 3 ay müddətinə hissə-hissə ödəməsinə razı olmur. Cavabdeh2 koteci verməyəcəyi halda 4 illik icarə haqqı olaraq 4000 manat pul alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı birinci və ikinci cavabdehdən müştərək qaydada 4000 manat məbləğin alınaraq iddiaçıya ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, 2011-ci ildə 0.10 hektar torpaq sahəsini iddiaçıdan şifahi razılıq əsasında icarəyə götürmüşdür. Bu zaman həmin torpaq sahəsində yalnız iddiaçıya məxsus vaqon yerləşmişdir. O, iddiaçıya torpaq sahəsindən istifadəyə görə yay aylarında hər ay 250 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. O, 2011-ci ildən 2018-ci ilə kimi razılaşdıqları icarə haqqını iddiaçıya ödəmişdir. Sonuncu ildə isə iddiaçıya 600 manat pul vermişdir. 2016-cı ildən sonra o, həmin ərazidə kotec, bağ üçün çətir, mətbəx tikmişdir. Həmin əraziyə şimaldan və cənubdan iki yol olmuşdur. 2016cı ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə alaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin yaxınlığında əlavə torpaq sahəsini istifadəyə götürərək yararlı vəziyətə gətirmiş, 28 iyun 2020-ci il tarixdə həmin ərazidə yerləşən 0.10 hektar torpaq sahəsindən istifadəyə dair ikinci cavabdehlə müqavilə bağlamışdır. Bundan sonra iddiaçı onun istifadəsində olan ərazinin yolunu yararsız vəziyyətə salmış, həmin ərazidə yerləşən obyektin işləməsinə imkan verməmişdir. İddiaçı ondan 2 il müddətində icarə haqqını tələb edəndə, o, iddiaçıya torpaq sahəsində tikdiyi tikililərin ona qaldığını, ona görə də tikililər üçün çəkdiyi xərci icarə haqqı ilə əvəzlədiyini bildirmişdir. İlk vaxtlar iddiaçının istifadəsində olan torpaq sahəsində ictimai iaşə fəaliyyəti göstərən zaman iddiaçıdan həmin torpaq sahəsinə aid müqavilə olub-olmadığını, aidiyyəti orqanların əraziyə baxış keçirən zaman sənədləri tələb etdiyini bildirsə də, iddiaçı ona torpaq sahəsinə aid heç bir sənəd təqdim etməmişdir. Onun iddiaçıdan icarəyə götürdüyü torpaq sahəsində tikdiyi kotec, bağ üçün çətir, mətbəx də iddiaçıya qalmışdır. İddiaçı sonradan ona məxsus torpaq sahəsindən çıxmasını, obyekti özünün işlətməsini bildirdikdə isə, o, iddiaçıdan çəkdiyi xərclərin əvəzini tələb etmişdir. İddiaçı ona istifadəsində olan torpaq sahəsindən çıxması üçün 5500 manat pul təklif etmiş, o, isə iddiaçının təklifi ilə razılaşmamışdır. O, 0.10 hektar torpaq sahəsini iddiaçıdan əvvəl Şahdağ Milli Parkından istifadəyə götürmüşdür. Həmin torpaq sahəsi iddiaçının istifadəsində olan torpaq sahəsinə daxil deyil. Onun və iddiaçının istifadəsinə verilmiş torpaq sahələri dərənin müxtəlif tərəflərində yerləşir. Qeyd etdiyi əsaslara görə iddiaçının tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Şahdağ Milli Parkının nümayəndəsi X2 izahat verərək göstərmişdir ki, mübahisəli əraziyə dair 2019-cu ilə qədər İddiaçı və Cavabdeh2la X3 və Bərpası Müəssisəsi və Şahdağ Milli Parkının arasında torpaq sahəsindən istifadəyə dair müqavilə bağlanmamışdır. Onlar həmin ərazini qeyri-qanuni olaraq istifadə etmiş, bununla bağlı müxtəlif vaxtlarda cərimə olunmuşlar. İddiaçı Cavabdeh2 istifadəsində olan ərazinin X3 və Bərpası Müəssisəsi tərəfindən onun icarəsinə verilməsini bildirsə də, həmin müqaviləni Şahdağ Milli Parkına təqdim etməmişdir. 2020-ci ilin iyun ayında mübahisəli ərazidən 0.10 hektar torpaq sahəsi Şahdağ Milli Parkı tərəfindən Cavabdeh2 istifadəsinə verilmişdir. Həmin ilin iyul ayında Cavabdeh2 istifadəsinə verilmiş ərazinin yaxınlığından 0.10 hektar torpaq sahəsi isə İddiaçı istifadəsi üçün ayrılmışdır. İş üzrə qanunauyğun qərar çıxarılmasını xahiş edir. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 2(037)-745/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəflər arasında icarə münasibətlərinin olduğunu sübüt etmiş, lakin cavabdeh tərəf son 4 il üçün icarə haqqını ödədiyini sübut edə bilməmişdir. Cavabdeh2 bunu yalnız izahatında göstərsə də, başqa heç bir sübutla təsdiq edilmir, onun dedikləri işin faktiki halları ilə ziddiyyət təşkil edir. Məhkəmə isə nəyə görə iddiaçının işin faktiki hallarına uyğun izahatını deyil, cavabdehin doğru olmadığı aşkar görünən izahatını mötəbər sübut kimi qəbul etdiyini əsaslandırmamışdır. Tərəflər arasında məhkəməyə qədər işin həlli ilə bağlı görüşlər olmuş və bu iddia ərizəsində göstərilmişdir. Məhkəmə bununla bağlı həmin şəxsləri şahid qismində işə cəlb etməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzi məhkəmənin sorğusuna cavab olaraq 12 noyabr 2020-ci il tarixli 738 nömrəli məktubla göstərmişdir ki, İddiaçı ilə keçmiş X3 və Bərpası Müəssisəsi arasında torpaq sahəsinin icarəyə verilməsi barədə heç bir icarə müqaviləsi bağlanmadığı və Müəssisə tərəfindən inzibati cərimə edilmədiyi göstərilmişdir. Həmin məktubla göstərilən ərazinin 25 sentyabr 2009-cu il tarixdə keçmiş X3 və Bərpası Müəssisəsindən təhvil alınıb Şahdağ Milli Parkına təhvil verildiyi göstərilmişdir. Göründüyü kimi, sorğuya cavab məktubunun özü ziddiyyətli olmaqla heç bir sübuta istinad edilməmişdir. Məhkəmə işin düzgün həlli üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlamalıdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 2(037)- 745/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Şahdağ Milli Parkının nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 2(037)-745/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: 29 iyun 2020-ci il tarixli 25 nömrəli xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə edilməsi barədə müqavilənin surətindən görünür ki, təbiət istifadəçilərinə iaşə, ticarət və digər xidmətlərin göstərilməsi üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 04 saylı meşə dolayının 38 nömrəli kvartalından 0.10 hektar sahə müvafiq obyektlərin yerləşdirilməsi üçün 5 il müddətinə X1 istifadəsinə verilmişdir. 29 iyun 2020-ci il tarixli 25 nömrəli müqaviləyə əlavə olan istirahət mərkəzində yerləşən obyektlərin siyahısından görünür ki, 2 ədəd talvar və açıq ərazi X1 istifadəsinə verilmişdir. 18 iyul 2020-ci il tarixli 28 nömrəli xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə edilməsi barədə müqavilənin surətindən görünür ki, təbiət istifadəçilərinə iaşə, ticarət və digər xidmətlərin göstərilməsi üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 04 saylı meşə dolayının 38 nömrəli kvartalından 0.10 hektar sahə müvafiq obyektlərin yerləşdirilməsi üçün 5 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. 18 iyul 2020-ci il tarixli 28 nömrəli müqaviləyə əlavə olan istirahət mərkəzində yerləşən obyektlərin siyahısından görünür ki, sahəsi 66 m2 olan 3 ədəd talvar və açıq ərazi İddiaçı istifadəsinə verilmişdir. X8 Təsərrüfatı Mərkəzinin 12 noyabr 2020-ci il tarixli 738 nömrəli sorğuya cavab məktubundan görünür ki, İsmayıllı rayonu Cülyan kənd sakini İddiaçı ilə keçmiş X3 və Bərpası Müəssisəsi arasında torpaq sahəsinin icarəyə verilməsi barədə heç bir icarə müqaviləsi bağlanılmamış və Müəssisə tərəfindən inzibati cərimə edilməmişdir. Həmin ərazi 25 sentyabr 2009-cu ildə X3 və Bərpası Müəssisəsindən təhvil alınıb Şahdağ Milli Parkına təhvil verillmişdir. Hazırda İddiaçı istifadəsində olan torpaq sahəsi Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin ərazisinə aiddir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli 2(107)- 685/2021 nömrəli qərardadı ilə İddiaçı ilə dövlət meşə fonduna aid (İsmayıllı rayonu Cülyan kəndinin şimalında) ərazidə 2000 - 2019-cu illəri əhatə edən dövrdə, ictimai iaşə obyekti kimi fəaliyyət göstərmək məqsədilə torpaq sahəsinin icarəyə (istifadəyə) verilməsinə dair müqavilə, qərar, arayış və başqa hüquq müəyyənedici sənədlərin olubolmaması barədə məlumat verilməsini, əgər olubdursa həmin sənədlərin təsdiq olunmuş surətlərini, eyni zamanda İddiaçı həmin ərazidə göstərilən illər üzrə torpaq sahəsindən qanunsuz istifadəyə görə nazirliyin əməkdaşları tərəfindən inzibati cərimə edilibedilməməsi barədə məlumatın alınması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu edilmiş, həmin sorğuya cavab alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ekologiya və X5 yanında Bioloji müxtəlifliyin qorunması xidmətinin 03 iyun 2021-ci il tarixli 21/330 nömrəli məktubundan görünür ki, Şahdaq Milli Parkı tərəfindən İddiaçı 2000-2019-cu illəri əhatə edən dövrdə, ictimai iaşə obyekti kimi fəaliyyət göstərmək məqsədi ilə torpaq sahəsinin istifadəyə verilməsinə dair hər hansı hüquq müəyyənedici sənəd aşkarlanmamışdır. Bundan əlavə, İddiaçı xüsusi mühafizə olunan təbiət ərazilərində mühafizə rejiminin qaydalarına əməl etmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 242-ci maddəsinə əsasən cərimə edilmişdir. İnzibati xəta haqqında 11 iyul 2019-cu il tarixli MN seriyalı ******* nömrəli protokoldan və onun əsasında qəbul edilmiş 25 iyul 2019-cu il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, İddiaçı Milli Parkın İsmayıllı bölməsi Talıstan meşəbəyliyi ərazisinə lazımi icarə olmadan qanunsuz daxil olmuş, nəticədə İddiaçı tərəfindən İXM-in 242-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və o, 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “İddiaçı cavabdehlərdən pul tələb etdiyi torpaq sahəsindən 2020-ci ilə qədər istifadə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İddia ərizəsindən görünür ki, iddiaçı 2000-ci ildə Şahdaq Milli Parkı ilə bağladığı müqaviləyə əsasən İsmayıllı rayonu Cülyan kəndinin şimalında, dövlət meşə fonduna aid 0.10 hektar torpaq sahəsini ictimai iaşə obyekti kimi fəaliyyət göstərmək məqsədi ilə icarəyə götürmüş, nəticədə iddiaçı Cavabdeh2 və Şahdaq Milli Parkından müştərək qaydada 4000 manat məbləğin alınaraq iddiaçıya ödənilməsini tələb edir. Lakin iddiaçı iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı sübutu, məsələn cavabdehlərdən pul tələb etdiyi torpaq sahəsindən 2020-ci ilə qədər istifadə etməsini təsdiq edən sübutları, o cümlədən 2000 - 2019-cu illəri əhatə edən dövrdə, ictimai iaşə obyekti kimi fəaliyyət göstərmək məqsədilə torpaq sahəsinin ona icarəsinə (istifadəsinə) verilməsinə dair müqavilə, qərar, arayış və başqa hüquq müəyyənedici sənəd və s. kimi sübutları nə birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə də apellyasiya şikayətinə əlavə etməmişdir. Cavabdehlər isə iddiaçının tələbini qətiyyətlə inkar edirlər. Bundan savayı “Azərbaycan Respublikası Ekologiya və X5 yanında Bioloji müxtəlifliyin qorunması xidmətinin 03 iyun 2021-ci il tarixli 21/330 nömrəli məktubundan və ona əlavə edilmiş inzibati xəta haqqında protokol və qərardan görünür ki, Şahdaq Milli Parkı tərəfindən İddiaçı 2000-2019-cu illəri əhatə edən dövrdə, ictimai iaşə obyekti kimi fəaliyyət göstərmək məqsədi ilə torpaq sahəsinin istifadəyə verilməsinə dair hər hansı bir hüquq müəyyənedici sənəd aşkarlanmamışdır. Bundan əlavə, İddiaçı xüsusi mühafizə olunan təbiət ərazilərində müfafizə rejiminin qaydalarına əməl etmədiyi üçün AR İXM-nin 242-ci maddəsinə əsasən cərimə edilmişdir. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsə də o, iddia tələbinin əsaslı olmasını, o cümlədən cavabdehlər tərəfindən hüquqlarının pozulduğuna dair sübutları nə birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə də apellyasiya şikayətinə əlavə etməmişdir. Əksinə, məhkəmə kollegiyası tərəfindən verilmiş sorğuya alınan cavab ilə 2020-ci ilə qədər iddiaçının nə X3 və Bərpası Müəssisəsi, nə də Şahdağ Milli Parkı ilə icarə müqaviləsini bağlanmadığı, hətta onun Şahdağ Milli Parkının İsmayıllı bölməsi Talıstan meşəbəyliyi ərazisinə lazımi icarə olmadan qanunsuz daxil olduğuna görə İXM-in 242-ci maddəsi ilə cərimə edildiyi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehlərin bildirdikləri ilə iddia tələbi təkzib olunur. İddiaçı isə cavabdehlərin bildirdiyinin əksini sübut edə bilmir. MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. İddiaçı apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda iddiaçının bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 2(037)-745/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 2(037)-745/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-685/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-685/2021
14.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver