Məhkəmə qərarları › İş №2(107)-696/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-696/2020

21.05.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-696/2020 21.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-1945/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, X9 və X10 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) xx xxxxxx 2019-cu il tarixli 2(039)-1945/2019 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1, X9 və X6 (bundan sonra cavabdeh və ya Cavabdeh1, Əhməd Cəfərli və Şahin Cəfərov) qarşı “daşınmaz əmlakların açıq hərracda satılması” tələbinə dair iddiası qismən təmin edilərək, Yevlax şəhəri Nizami prospekti 115 ünvanındakı 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 34,2 kv.m. olan yaşayış evi, Yevlax şəhərində yerləşən, ümumi sahəsi 0,045 ha torpaq sahəsi, Yevlax şəhəri Nizami prospekti 95 ünvanındakı 0,0251 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 162,1 kv.m. olan fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan pulun X7, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında paylara uyğun bölüşdürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşin halları X2 qanuni nümayəndəsi İddiaçı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, ümumi paylı mülkiyyətdəki daşınmaz əmlakların açıq hərracda satılması və həmin əmlakların satılması nəticəsində əldə edilmiş pul məbləğinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş müvafiq çıxarışlar əsasında bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlara əsasən ünvan 3 mənzil 45 ünvanında yerləşən ümumi sahəsi 29,4 kv.m. olan mənzil 7/8 hissədə X3 və 1/8 hissədə X2 adına; Yevlax şəhəri ünvan 5 ünvanındakı 0,045 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 111,1 kv.m. olan yaşayış evi 1/8 hissədə X2 və 7/8 hissədə X3 adına; Yevlax şəhəri Nizami prospekti 115 ünvandakı 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 34,2 kv.m. olan yaşayış evi 1/8 hissədə, torpaq sahəsi 1/24 hissədə X2, torpaq sahəsi 8/24 hissədə Cavabdeh2, torpaq sahəsi 8/24 hissədə X4, yaşayış evi 7/8 hissədə və torpaq sahəsi 7/24 hissə olamaqla Cavabdeh1 adına; Yevlax şəhərində yerləşən, ümumi sahəsi 0,045 ha torpaq sahəsi 7/8 hissədə Cavabdeh1 və 1/8 hissədə X2 adına; Yevlax şəhəri Nizami prospekti 95 ünvanındakı ümumi sahəsi 162,1 kv.m. olan fərdi yaşayış evi 1/8 hissədə, torpaq sahəsi 1/16 hissədə X2, yaşayış evi 7/8 hissədə torpaq sahəsi 7/16 hissədə Cavabdeh1, torpaq sahəsi 8/16 hissədə X5 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. X7 onun doğma qızıdır. Azyaşlı olduğuna görə onun hüquq və vəzifələrini o, həyata keçirir. Qeyd olunan əmlaklar ümumi paylı mülkiyyətdə olmasına baxmayaraq, həmin əmlaklardan faktiki surətdə yalnız cavabdehlər istifadə edir və onların mülkiyyətdən istifadə, sahiblik və sərəncam vermək hüquqları pozulur. Həmin əmlakların naturada bölünməsi və ya dəyərinin ödənilməsi barədə cavabdehlərlə aralarında razılıq əldə edilmədiyindən hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən X2 qanuni nümayəndəsi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək cavabdehlərin və iddiaçı X2 mərhum X3 birinci növbə vərəsələri olduğunu, miras əmlakda onların payının artıq müəyyən olunduğunu, əmlakların naturada bölgüsünün qeyrimümkün olduğu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olduğunu, kompensasiya ödənilməsi ilə bağlı tərəflərin razılığa gələ bilmədiklərini bildirərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında iddiaçının ona və övladlarına məxsus əmlakları açıq hərracda satılmasını tələb etmək hüququnun olmadığını, iddiaçıya hər hansı məbləğdə kompensasiya ödəməyəcəyini bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehlərin vəkili Məmmədov Fərhad Möhübbət oğlu iddia tələbinin əsassız olduğunu və təmin olunmamasını xahiş etmişdir. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-1945/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1, Əhməd Cəfərli və Şahin Cəfərov apellyasiya şikayəti verərək Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-1945/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsi tərəfindən iddia tələbi təmin edilərkən maddi və prosessual hüquq normaları açıq şəkildə pozulmuşdur. Məhkəmə işə mahiyyəti üzrə baxsa da həqiqətə nail olmaq üçün bütün faktiki halları tam və hərtərəfli araşdırmamışdır. İddia tələbindən görünür ki, İddiaçı ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakın açıq hərracda satılmasını, əldə olunmuş pul məbləğinin paylara münasibətdə bölüşdürülməsini istəyir. Məhkəmə tərəfindən qeyd olunan üç əmlakın hərraca çıxarılması, satılması müəyyən edilmişdir. Göründüyü kimi təqdim edilmiş çıxarışlar əsasında tərəfin konkret olaraq payı müəyyən edilmişdir. Həmin payın hansı həddə olması, həmin hissəsinin qiyməti, mübahisələndirilən və hərraca çıxarılan 3 adda daşınmaz əmlakın ilkin olaraq ümumi qiymətləri müəyyənləşdirilməmişdir. Məhkəmə hərraca çıxarılan əmlakın qiymətini müəyyənləşdirmədən, ilkin qiymətə dair müvafiq qiymətləndirmə rəyi almadan, onlara məxsus olan, ümumi payda çoxluq təşkil edən əmlakları qiymətləndirmədən bu əmlakı hərraca çıxarmaqda haqlı deyildir. Digər məsələ əmlakların payçılara münasibətdə bölünəndən sonra, bu əmlakın naturada ayrılması mümkünlüyünün müyyənləşdirilməməsidir. Göründüyü kimi, məhkəmə tərəfindən 3 adda hərraca çıxarılmış əmlakların naturada ayrılması məsələsi müzakirəyə çıxarılmamışdır. Onlar əmlaklarının hərraca çıxarılmasını istəmirlər. Sözü gedən tələbdə üç daşınmaz əmlakın biri torpaq sahəsidir. Torpaq sahəsinin naturada ayrılması hər an mümkündür. Eləcə də cavabdehin payına düşən hissədə fərdi yaşayış evi üçün müəyyən edilmiş payın naturada ayrılması müəyyən edilmədən məhkəmə digər mübahisəli halları neçə dəyərləndirə bilər? Onun əmlakının naturada ayrılması mümkündürsə belə olan halda onun əmlakı necə satıla bilər? İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1, Əhməd Cəfərli və Şahin Cəfərov apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)- 1945/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* №-li çıxarışdan görünür ki, Yevlax şəhərində yerləşən 0,045 ha torpaq sahəsi 7/8 hissədə Cavabdeh1, 1/8 hissədə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* №-li çıxarışdan görünür ki, Mingəçevir şəhəri X18 küçəsi ev 17 mənzil 45 ünvanında yerləşən ümumi sahəsi 29.4 kv.m. ibarət olan yaşayış sahəsi 7/8 hissədə X3, 1/8 hissədə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* №-li çıxarışdan görünür ki, Yevlax şəhəri ünvan 4 ünvanında yerləşən 0,045 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 111.1 kv.m. ibarət olan fərdi yaşayış evi 1/8 hissədə X2, 7/8 hissədə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* №-li çıxarışdan görünür ki, Yevlax şəhəri Nizami prospekti 115 ünvanında yerləşən 0,03 hektar torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 34.2 kv.m. ibarət olan fərdi yaşayış evi 1/8 hissədə və torpaq sahəsi 1/24 hissədə X1, torpaq sahəsi 8/24 hissədə Cavabdeh2, 8/24 hissədə X4, yaşayış evi 7/8 hissədə və torpaq sahəsi 7/24 hissədə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* №-li çıxarışdan görünür ki, Yevlax şəhəri Nizami prospekti 95 ünvanında yerləşən 0,0251 hektar torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 162.1 kv.m. olan fərdi yaşayış evi 7/8 hissədə və torpaq sahəsinin 7/16 hissədə Cavabdeh1, torpaq sahəsi 8/16 hissədə X5, yaşayış evi 1/8 hissədə və torpaq sahəsi 1/16 hissədə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli 2(107)- 6/2016 saylı qətnaməsindən görünür ki, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(039)-133/2014 saylı qətnaməsi və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sözügedən qətnaməsi ilə Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 17 saylı binanın 45 saylı mənzilinin, Yevlax şəhəri ünvan 5 saylı ünvanda yerləşən fərdi yaşayış evinin, ünvan 6) 77 saylı fərdi yaşayış evinin, Yevlax şəhəri Nizami prospekti 95 saylı ünvanda fərdi yaşayış evinin və Yevlax şəhərində yerləşən, ümumi sahəsi 0,045 ha olan torpaq sahəsinin ½ hissəsinin ¼ hissəsinə X2 vərəsəlik hüququnun müəyyən edilməsi və mülkiyyət hüququnun tanınmaqla qeydə alınması qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(039)-165/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, X8 və X6 qarşı ümumi paylı mülkiyyətdəki əmlak paylarının Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara müvafiq surətdə naturada ayrılması tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyasının şifahi sorğusu əsasında alınmış Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)-165/2019 nömrəli məktubundan görünür ki, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(039)-165/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmədiyindən qətnamə xx xxxxxx 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin həqiqi halları ilə müəyyən edilir ki, hazırkı mülki iş üzrə tərəflər X3 birinci növbəli vərəsələridir. Miras əmlakların bir hissəsinə X2, bir hissəsinə isə cavabdehlərin və mərhum X3 payı müəyyən edilmişdir. Kollegiya iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə qarşılıqlı araşdıraraq və cavabdehlərin izahatını dinləyərək belə qənaətə gəlir ki, iddiaçı daşınmaz əmlakların açıq hərracda satılmasını tələb etməkdə haqlıdır. Bu, aşağıdakı mülahizələrdən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair xx xxxxx 2014-cü il tarixli Qərarında da göstərmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. İşdən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi paylı mülkiyyətdəki əmlak paylarının Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara müvafiq surətdə naturada ayrılması tələbi ilə əvvəlcə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(039)-165/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi mübahisəli əmlakların tərəflərin paylarına uyğun naturada bölünməsi mümkün deyil, çünki bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Birinci instansiya məhkəməsi cavabdehlərin iddaçıya onun payı müqabilində kompensasiya ödəmələri barədə razılığa gəlmələri üçün tərəflərə vaxt vermiş, lakin cavabdeh tərəf iddiaçıya hər hansı məbləğdə kompensasiya ödəmək fikirlərinin olmadiğini bildirdiyindən razılıq əldə olunmamişdir. Məhkəmə kollegiyası da cavabdeh tərəfə iddiaçıya kompensasiya ödəməyi təklif edərək bununla bağlı razılığa gəlmələrini təklif etdi. Lakin növbəti məhkəmə iclasında iştirak edən cavabdehlər iddiaçı ilə hər hansı razılığa gəlmədiklərini, ümumiyyətlə iddiaçıya hər hansı məbləğdə kompensasiya ödənilməsini təklif etmədiklərini bildirdilər. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia qismən təmin edilməli, X2 ümumi paylı mülkiyyətindəki Yevlax şəhərində yerləşən 0,045 ha torpaq sahəsi,Yevlax şəhəri Nizami prospekti 115 ünvanında yerləşən 0,03 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 34.2 kv.m.-dən ibarət olan fərdi yaşayış evi və Yevlax şəhəri Nizami prospekti 95 ünvanında yerləşən 0,0251 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 162.1 kv.m-dən ibarət olan fərdi yaşayış evi açıq hərracda satılmalı və satış pulu paylara uyğun bölüşdürülməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bundan başqa kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın Mingəçevir şəhəri X18 küçəsi ev 17 ünvanında yerləşən 45 saylı mənzilin və Yevlax şəhəri ünvan 4 ünvanında yerləşən 0,045 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 111.1 kv.m.-dən ibarət olan fərdi yaşayış evinin açıq hərracda satılması hissəsini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlarla müəyyən olunur ki, Mingəçevir şəhəri X18 küçəsi ev 17 mənzil 45-də yerləşən ümumi sahəsi 29.4 kv.metrdən ibarət olan yaşayış sahəsi 7/8 hissədə X3, 1/8 hissədə X2 adına, Yevlax şəhəri ünvan 4 ünvanında yerləşən 0,045 hektar torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 111.1 kv.metrdən ibarət olan fərdi yaşayış evi 1/8 hissədə X2, 7/8 hissədə X3 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi, X2 qeyd olunan miras əmlaklara payı müəyyən edilsə də, mərhum X3 digər vərəsələrinin payının müəyyən olunması müvafiq çıxarışlarla və ya iş materialları ilə müəyyən olunmur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X13 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-1945/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1, X9 və X10 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-1945/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar