Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-703/2025 16.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), X2 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, apellyasiya şikayəti vermiş iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” publik hüquqi şəxsin Cavabdeh qarşı “özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən istifadəyə verilən aktivlərin qaytarılması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli e-2(075)-1897/2024 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” publik hüquqi şəxsi 26 iyul 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən istifadəyə verilən aktivlərin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 15 iyun 2022-ci il tarixli ÖM/03919 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN:xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 baş inəyin, 400 kq qarışıq yemin və 65 ədəd yonca qarışığı ot bağlamasının natura şəklində iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” publik hüquqi şəxsi arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 15 iyun 2022-ci il tarixli ÖM/03919 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 2764-2156 və 2229 birka nömrəli 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması natura şəklində verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı MMQF əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 10 yanvar 2024-ci il tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 2764-2156 və 2229 birka nömrəli 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması aşkar edilməmişdir. Həmin iddia ərizəsinə dair mülki iş üzrə birinci instansiya məhkəməsində aparılan icraat zamanı qəbul edilmiş Şəki Rayon Məhkəməsinin (hakim Kamran Musayev) 29 dekabr 2024-cü il tarixli e-2(075)-1897/2024 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” publik hüquqi şəxsin Cavabdeh qarşı “özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən istifadəyə verilən aktivlərin qaytarılması” barədə iddia tələbi təmin edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” publik hüquqi şəxsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli e-2(075)-1897/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(075)-1897/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, Şəki Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli e-2(075)-1897/2024 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 16 iyul 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə və Cavabdeh gəlmişlər. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə Şəki Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli e- 2(075)-1897/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli e-2(075)-1897/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədiyini bildirib, apellyasiya şikayətinə etirazında yazılanlara uyğun izahat verərək, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli e-2(075)-1897/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli e-2(075)-1897/2024 nömrəli qətnaməsi ləğv edilməli və hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” publik hüquqi şəxsin Cavabdeh qarşı “özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən istifadəyə verilən aktivlərin qaytarılması” tələbi barədə iddia ərizəsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” publik hüquqi şəxsi Cavabdeh qarşı vermiş olduğu “özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən istifadəyə verilən aktivlərin qaytarılması” barədə iddia tələbi - inzibati orqan olan iddiaçı tərəfindən normativ hüquqi aktlara əsasən ona verilmiş səlahiyyətlərə istinad edilməklə, ümumi hüquq sahəsinə aid olan “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun və bu sahəni nizamlayan digər normativ xarakterli aktlarla tənzimlənən münasibətlər əsasında yaranmış mübahisə ilə bağlıdır. Yəni, “X1” publik hüquqi şəxsi - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən, aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 5-ci bəndində göstərilmişdir ki, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də inzibati orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2017-ci il tarixli 57 nömrəli Qərarı ilə "İnzibati orqanların Təsnifatı"nın V bölməsinə "uyğun olaraq,” sözlərindən sonra "Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər və” sözləri əlavə edilmişdir. Göründüyü kimi, "X1” publik hüquqi şəxsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərməklə, hakimiyyət səlahiyyətlərindən istifadə edib ictimai idarəetmə sahəsində fəaliyyət göstərdiyindən o, da inzibati orqan hesab olunur. Bundan əlavə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "X1” publik hüquqi şəxsi ilə Cavabdeh arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 15 iyun 2022-ci il tarixli ÖM/03919 nömrəli müqavilə də tərəflərin hüquq bərabərliyinə əsaslanan mülki müqavilə deyil, iddiaçı tərəfin cavabdehdən daha üstün vəziyyətdə olduğu inzibati müqavilədir. Mülki hüquqa aid müqavilələrdən fərqli olaraq, inzibati müqavilələr həmişə qanunla müəyyən edilmiş ictimai maraqların təmin edilməsi ilə bağlıdır və inzibati orqanlarının davamlı iştirakı ilə həyata keçirilir. İnzibati müqavilə publik hüquqi müddəalarla müəyyən edilmiş şərtlərlə inzibati orqan ilə fiziki və ya hüquqi şəxs arasında bağlanan ikitərəfli hüquqi aktdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0 və 2.0.1-ci maddələrinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinin tələblərinə görə - şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) (maddə 2.2.1), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) (maddə 2.2.2), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) (maddə 2.2.3), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) (maddə 2.2.4), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) (maddə 2.2.5), Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia) (maddə 2.2.6), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara (maddə 2.2.7) və bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına (maddə 2.2.8) - inzibati məhkəmə icraatı qaydasında baxılır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il № 4 nömrəli qərarının 1-4-cü bəndlərində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri "İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0 və 384.0.5-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddələrinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda, məhkəmə işə mahiyyəti üzrə baxmışsa - şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Həmin Məcəllənin 387.2 və 387.2.9-cu maddələrinə əsasən, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa - şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 2-ci bəndində məhkəmələrə izah edilir ki, ... mülki və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, məhkəmələr həmin işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, Mülki-Prosessual Məcəllənin 153.2.1-ci və ya 261.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə - hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Beləliklə də, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli e-2(075)- 1897/2024 nömrəli qətnaməsi ləğv edilməli və hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” publik hüquqi şəxsin Cavabdeh qarşı “özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən istifadəyə verilən aktivlərin qaytarılması” tələbinə dair hazırkı iddia ərizəsinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq İnzibati Məhkəmədə baxılmalı olduğuna görə iş üzrə icraata xitam verilməli və iddiaçıya aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3), iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında (maddə 402.2.5) - qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 372, 384, 385, 387 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli e-2(075)-1897/2024 nömrəli qətnaməsi ləğv edilsin. Mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X1” publik hüquqi şəxsin Cavabdeh qarşı “özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən istifadəyə verilən aktivlərin qaytarılması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "X1” publik hüquqi şəxsi ilə Cavabdeh arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 15 iyun 2022-ci il tarixli ÖM/03919 nömrəli müqavilə üzrə yaranmış mübahisə ilə əlaqədar məhkəmə aidiyyəti üzrə müvafiq İnzibati Məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-703/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-703/2025
16.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver