Məhkəmə qərarları › İş №2(107)-704/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-704/2020

24.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-704/2020 24.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-530/2019 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-530/2019 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 15600 manat əsas borc, 1500 manat avtomaşının təmiri üçün sərf olunan məbləğ, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 17130 (on yeddi min bir yüz otuz) manat məbləğinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh1 qiyabi qətnamənin ləğv edilməsinə dair ərizə ilə müraciət etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx xxxxxx 2019-cu il tarixə təyin edilmiş məhkəmə iclası, ümumiyyətlə qeyd edilən iş üzrə təyin edilmiş hər hansı məhkəmə iclasları barədə xəbəri olmadığından, həmçinin ona çağırış vərəqəsi göndərilmədiyindən üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)–530/2019 nömrəli qiyabi qətnaməsindən İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən dəvət edildikdən sonra xəbərdar olmuş və xx xxxxxx 2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2 (037)–530/2019 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini və işə təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-530/2019 saylı qərardadı ilə (hakim Rəfayel Şirinov) Cavabdeh1 İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-530/2019 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh Əlili X1 Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-530/2019 saylı qərardadından şikayət vermişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-530/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-530/2019 saylı qərardadı tam, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)- 530/2019 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 249-cu maddəsinə əsasən hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmamışdır. Belə ki, iş materiallarınə əlavə edilmiş Cavabdeh1 tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış teleqaramdan görünür ki, sonuncu, xx xxxxxx 2019-cu il tarixə, saat 14:20-ə təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Sügedən teleqram İsmayıllı Rayon Məhkəməsinə 13:24-da daxil olmasına baxmayaraq məhkəmənin dəftərxanası tərəfindən növbəti gün, yəni xx xxxxxx 2019-cu il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 240.1.2-ci maddisnə əsasən tərəf üzürlü səbəbdən məhkəməyə gəlmədikdə və ya məhkəməyə gəlməməyin səbəblərinin təbii fəlakətlə və ya digər qarşısıalınmaz hadisə ilə əlaqədar olması məhkəmədə aşkar məlum olduqda işə qiyabi icraatda baxılmasına yol verilmir. Bu hallarda işə baxılması təxirə salınır. Göründüyü kimi Cavabdeh1 teleqramda məhkəməyə gəlməməsinin üzürlü səbəbləri barədə, yəni hazırkı iş üzrə tərəflər arasında olan mübahisə barədə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin qəbul etdiyi qərardan şikayət verdiyini bildirmiş və işin təxirə salınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilmiş normalarını əsas tutaraq işə baxılmasını təxirə salmalı olduğu halda bunu etməmiş, işə mahiyyəti üzrə baxaraq qiyabi qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası mülki işin mahiyyətinə toxunmadan, Konstitusiya, mülki prosessual qanunvericilik normalarının tətbiqi və iş üzrə prosessual qaydalara riayət olunması ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri kimi hakimlər tərəfindən işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri) Ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, İnsan hüquqları və əsas azadlıqları haqqında Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ, məhkəmə prosesinin iştirakçısı olan hər kəsin, onu əks tərəf qarşısında əlverişsiz vəziyyətə salmayan şəraitdə, öz işinə aid dəlilləri məhkəmədə irəli sürmək imkanına malik olmasını da ehtiva edir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd edir ki, qiyabi qətnamə çıxaran məhkəmələr həmin qətnamədən şikayətə məhkəmələrdə baxılması üçün bütün qanuni vasitələrdən istifadə etməli, şikayətin müddətinin ötürülməsinin üzrlü olub-olmamasını dəqiqliklə araşdırmalı və yalnız bundan sonra hər hansı nəticəyə gəlməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 250-ci maddəsinə əsasən əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh məhkəmə iclasında iştirak edə bilməməsi barədə birinci instansiya məhkəməsinə teleqram ünvanlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyаsı hesаb edir ki, Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-530/2019 saylı qərardadı tam, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)- 530/2019 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli,qiyabi qətnamənin ləğv edilməsi və prosessual hərəkətlərin davam etdirilməsi üçün hazırkı mülki iş İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-530/2019 saylı qərardadı tam, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-530/2019 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Cavabdeh1 ərizəsinin təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(037)-530/2019 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün hazırkı mülki iş həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar