Məhkəmə qərarları › İş №2(107)-735/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-735/2022

25.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-735/2022 25.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “fındıq ağaclarının çıxarılması və ya onların dəyərinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)-446/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Dardoqqaz kəndi yaxınlığında yerləşən cavabdehə məxsus torpaq sahələrində əkilmiş fındıq ağaclarının çıxarılması və ya onların dəyəri və torpaq sahəsinə çəkilmiş xərclərlə birlikdə cəmi (9000 manat 60 ağacın qiyməti+2040 çəkilmiş xərc) 11040 manat pulun cavabdehdən alınıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)-446/2021 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia təmin olunmuş, Zaqatala rayonu Dardoqqaz kəndi yaxınlığında yerləşən Cavabdeh məxsus torpaq sahələrində İddiaçı tərəfindən əkilmiş fındıq ağaclarının iddiaçının hesabına çıxarılması qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh apellyasiya şikаyəti vermişdir. işin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Zaqatala rayonu Göyəm kəndində yaşayır. Torpaq İslahatı zamanı Göyəm kəndi ərazisi olan Dardoqqaz kəndinin yaxınlığında ona və ailə üzvülərinin mülkiyyətinə Zaqatala rayon Aqrar İslahat komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 saylı qərarı ilə 11290.09 kv.m torpaq sahəsi verildi. Həmin torpaq sahəsində mən fındıq ağacları əkmişdir. Həmin torpaq sahəsinin yaxınlığında kol-kos basan, istifadəsiz torpaq sahəsi var imiş. Bələdiyyə yarandıqdan sonra, 2002-ci ildə Göyəm Bələdiyyə sədri işləmiş Murtuzəli Şabanovdan mənim torpağımın qonşuluğunda olan, kol kos basan torpaq sahəsinin kimə məxsus olmasım soruşdum, o mənə bildirdi ki, bələdiyyə torpağıdır. Həmin torpağı istifadə etmək üçün Bələdiyyə sədrindən icazə almış, onun icazəsi ilə həmin torpağı təmizləyərək orada 60 topa fındıq ağacları əkmişdir. Bələdiyyə sədri həmin torpağın sənədlərini hazırlanması və ona icarəyə verilməsinə köməklik göstərilməsinə söz vermişdir. Lakin Bələdiyyə sədrinin vaxtsız ölümü onların işlərini dayandırmışdır. Hazırki Bələdiyyədə heç bir etirazı olmadığından əkdiyi fındıq ağaclarından istifadə edir. Lakin 2020-ci ilin yay aylarında cavabdeh Mamed Əlicanov ona bildirmişdir ki, həmin torpağı o almış və ona həmin torpaq sahəsinin Göyəm kənd sakini Qurban adlı şəxsin olduğunu demiş və Mamed Glicanova borcunun əvəzinə satmışdır. Belə olan halda o, Mamed Əlicanova təklif etmişdir ki, həmin torpağa əkdiyi ağacların artıq 17 yaşı vardır, hər il hər agac 7-8 kq fındıq məhsulu verir, böyük ağaclar olduğundan çıxarılıb köçürülməsi çətin və xərc aparan işdir, ona görə də həmin ağacların pulunu ona ödəsin və ağaclar ona qalsın. Lakin cavabdeh onun təklifi ilə razılaşmamış və dəyərindən aşağı qiymət təklif etmişdir. Belə olan halda o, əkdiyi ağacları çıxartmaq qərarına gəlmiş, ağacları çıxartmağa başlayan zaman cavabdeh polisin "102" xidmətinə zəng edib şikayət etmiş, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(107)-1503/2021 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin qismən olunmuş, Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)- 446/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı Zaqatala rayonu Dardoqqaz kəndi yaxınlığında yerləşən cavabdeh olan sonuncuya məxsus torpaq sahəsində əkilmiş fındıq ağaclarının çıxarılması və ya onların dəyəri və torpaq sahəsinə çəkilmiş xərclərlə birlikdə cəmi (9000 manat 60 ağacın qiyməti+2040 çəkilmiş xərc) 11040 manat pulun cavabdehdən alınıb verilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Zaqatala rayonu Dardoqqaz kəndi yaxınlığında Zaqatala rayon Aqrar İslahat komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 saylı qərarı ilə İddiaçı verilmiş 11290.09 kv.m torpaq sahəsinin qonşuluğunda yerləşən hal-hazırda Cavabdeh məxsus olan 1,3678 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı tərəfindən əkilmiş 60 top fındıq ağacları İddiaçı hesabına çıxarılmış, iddia qalan hissədə təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(107)-1503/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(102)-1161/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(107)- 1161/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, vicadnlı əldə edəndir. İş materiallarına əlavə edilmiş 05 fevral 2017-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 və ailə üzvləri mülkiyyətlərində olan Zaqatala rayonunun Çökəkoba kəndində yerləşən 1,3678 ha torpaq sahəsini Cavabdeh satmışlar. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, "....Bələdiyyə yarandıqdan sonra, 2002-ci ildə Göyəm Bələdiyyə sədri işləmiş Murtuzəli Şabanovdan onun torpaq sahəsinin qonşuluğunda olan, kol kos basan torpaq sahəsinin kimə məxsus olmasını soruşmuş, o isə bələdiyyə torpağı olmasını bildirmişdir. Həmin torpağı istifadə etmək üçün Bələdiyyə sədrindən icazə almış, onun icazəsi üə həmin torpağı təmizləyərək orada 60 topa fındıq ağacları əkmişdir. Bələdiyyə sədri həmin torpağın sənədlərini hazırlanması və ona icarəyə verilməsinə köməklik göstərilməsinə söz vermişdir. Lakin Bələdiyyə sədrinin vaxtsız ölümü onların işini dayandırmışdır. Hazırki Bələdiyyə də heç bir etirazı olmadığından o, əkdiyi fındıq ağaclarından istifadə edir. Lakin 2020-ci ilin yay aylarında Cavabdeh ona bildirmişdir ki, həmin torpağı o almışdır. Belə olan halda o. cavabdehə təklif etmişdir ki, həmin torpağa əkdiyi ağacların artıq 17 yası vardır, hər ü hər ağac 7-8 kq fmdıq məhsulu verir, böyük ağaclar olduğundan çıxarılıb köçürülməsi çətin və xərc aparan işdir, ona görə də həmin ağacların pulunu ona ödəsin və ağaclar ona qalsın." Onu başa düşə bilmir ki, hazırki iddiada o, nəyə görə cavabdehdir. O, qeyd olunan torpaq sahəsini üzərində olan fındıq kolları ilə birlikdə X2 və ailə üzvlərindən dəyərini ödəməklə almışdır. Əgər ki, İddiaçı kimi isə əsassız varlanmada ittiham etmək istəyirsə, onda o, onu yox, torpaq sahəsini ona satmış X2 və ailə üzvlərini ittiham etməlidir. Çünki, o, vicdanlı əldə edəndir. Bundan başqa, qətnamə qeyri-müəyyəndir. Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)-446/2021 iş nömrəli qətnaməsindən ümumiyyətlə müəyyən etmək mümkün deyildir ki, İddiaçı fındıq kollarını çıxarmaq istədiyi torpaq sahəsi hansı torpaq sahəsidir. Qətnamənin qət etdi hissəsindən də göründüyü kimi, məhkəmə Zaqatala rayonu Dar doqqaz kəndi yaxınlığında yerləşən Cavabdeh məxsus torpaq sahələrində iddiaçı tərəfindən əkilmiş fındıq kollarının iddiaçının hesabına çıxarılması qənaətinə gəlmişdir. Lakin, qətnamədə konkret olaraq hansı ölçüdə və harada yerləşən torpaq sahəsindəki, o cümlədən, neçə ədəd fındıq kolunun çıxarılmalı olması qeyd edilməmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)- 446/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında bildirdi ki, apellyasiya şikayətini əsassız hesab edir. O, həmin fındıq ağaclarının əkilməsində çox əziyyət çəkmişdir. Həmin torpaq sahəsi kol-kos olub. Xahiş edirəm ki, ədalətli qərar qəbul edilsin. O, apellyasiya məhkəməsində əvvəlki tərkibdə işə baxılarkən həmin torpağın əvvəlki sahibini çağırmış. O da bildirmişdir ki, o torpağı başqa adama satıbmış. Hazırkı cavabdeh həmin torpağı aralarında olan mübahisə əsasında əldə edib.Ona görə Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)-446/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə digər proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(102)-1161/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(107)-1161/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə 11290,09 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in RX seriyalı ******* nömrəli Çıxarış və torpaq sahəsinin plan və ölçüsünün surətlərindən görünür ki, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 1,3678 ha kənd təsərrefatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş 05 fevral 2017-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 və ailə üzvləri mülkiyyətlərində olan Zaqatala rayonunun Çökəkoba kəndində yerləşən 1,3678 ha torpaq sahəsini Cavabdeh satmışlar. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, , iş üzrə Cavabdeh mülkiyyətinə Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında verilmiş 1,3678 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvvəllər İddiaçı istifadəsində olmuş, sonuncu tərəfindən həmin torpaq sahəsinə fındıq kolları əkilərək hal-hazıradək xidmət göstərilmişdir. Sonradan islahat zamanı həmin ərazi içərisində iddiaçıya məxsus əmlakın (fındıq kollarının) olmasına baxmayaraq X1 ailə üzvlərinin mülkiyyətinə işlənilmiş, sonuncu isə həmin torpaq sahəsini hazırkı iş üzrə cavabdehə 05 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satmışdır. Sözügedən torpaq sahəsində iddiaçı tərəfindən 60 ədəd fındıq topunun əkilərək hazırkı vəziyyətə gətirilməsini məhkəmə iclasında tərəflər mübahisələndirməmişlər. Yaranmış vəziyyətdə torpaq sahəsi iş üzrə cavabdehin mülkiyyətində, torpaq sahəsində yerləşən 60 topa fındıq kolu isə iddiaçının mülkiyyətindədir. Yəni sözügedən fındıq topalarına münasibətdə iddiaçının əmlak hüquqları mövcuddur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Hüquq normalarının məzmunundan göründüyü kimi mülkiyyətçi olmayan şəxslərin əmlak hüquqları hətta mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, fındıq ağaclarının çıxarılması iddiaçının hesabına olmalıdır. Əks təqdirdə qətnamənin gələcəkdə icrası mümkünsüz olardı. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, Zaqatala rayonu Dardoqqaz kəndi yaxınlığında yerləşən Cavabdeh məxsus torpaq sahələrində İddiaçı tərəfindən əkilmiş fındıq ağacları iddiaçının hesabına çıxarılmalıdır. Apellyasiya məhkəməsi bununla bağlı qeyd edir ki, X2 apelyasiya instansiyası məhkəməsinin 13.10.2021-ci il tarixli iclasında verdiyi izahatında torpaq sahəsini cavabdehə boş torpaq sahəsi kimi satdığını, torpaq sahəsi satılan zaman üzərində heç bir ağac nəzərdə tutulmadığını bildirsə də, məhkəməyə həmin halı təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmiş, apelyasiya instansiyası məhkəməsi isə X1 izahatında qeyd etdiyi halı digər sübutlarla yanaşı yoxlamamış və qiymətləndirməmişdir. Halbuki, MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa işin mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh mülkiyyətinə Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında verilmiş 1,3678 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvvəllər İddiaçı istifadəsində olmuş, sonuncu tərəfindən həmin torpaq sahəsinə fındıq kolları əkilərək halhazıradək xidmət göstərilmişdir. Sonradan islahat zamanı həmin ərazi içərisində iddiaçıya məxsus əmlakın (60 ədəd fındıq kollarının) olmasına baxmayaraq X1 ailə üzvlərinin mülkiyyətinə verilmiş, sonuncu isə həmin torpaq sahəsini hazırkı iş üzrə cavabdehə 05 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satmışdır. Göründüyü kimi islahat zamanı mübahisəli torpaq sahəsi X1 mülkiyyətinə verilərkən tələb edilən fındıq ağacları ilə birlikdə verilmiş və sonuncu həmin torpaq sahəsini Cavabdeh fındıq ağacları ilə birlikdə satmışdır. Belə olan halda qeyd edilən fındıq ağaclarına münasibətdə faydalanan şəxs kimi Cavabdeh deyil X2 çıxış etmişdir. Mülki Prosesual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki Prosesual Məcəllənin 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir. MPM-in 88-ci (Sübutların qiymətləndirilməsi) maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosesual Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən haqlı olmamış, məhkəmənin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Belə olduğu təqdirdə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)-446/2021 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)-446/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “fındıq ağaclarının çıxarılması və ya onların dəyərinin ödənilməsi tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar