Məhkəmə qərarları › İş №2(107)-740/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-740/2022

12.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-740/2022 12.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Göyçay Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(046)-1566/2021 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətin mümükünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 34.500 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov ) 14 noyabr 2021-ci il tarixli, 2(046)- 1566/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 15.000 manat məbləğində pul və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı1 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı1 Göyçay Rayon Məhkəməsinin 14 noyabr 2021-ci il tarixli, 2(046)-1566/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(046)-1566/2021 saylı qərardadı ilə apellyasiya şikayəti əlavə edilmiş səndələrlə birgə, şikayət verilmə müddəti buraxıldığından İddiaçı1 geri qaytarılmışdır. Qərardaddan narazı qalan İddiaçı1 şikayət verərək Göyçay Rayon Məhkəməsinin 18.03.2022-ci il tarixli 2(046)-1566/2021 saylı qərardadının ləğv edilməsini və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(046)-1566/2021 saylı qərardadı ilə İddiaçı1 Göyçay Rayon Məhkəməsinin 18.03.2022- ci il tarixli 2(046)- 1566/2021 saylı qərardadının ləğvi barədə şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya apellyatorun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Apellyasiya şikayətinin qaytarılmasının əsasları hazırki qərardaddan verilən şikayətə münasibətdə də mövcud olduğundan, Azərbaycan Respublikası MPM-in 361 və 363-cü maddələri analogiya qaydasında tətbiq edilməlidir. Məhkəmə kollegiyası təqdim olunmuş şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. İddiaçı tərəfindən verilmiş şikayətdən görünür ki, sonuncu şikayət üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilməlidir. Göyçay Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinetə yüklənərək elektron imza ilə deyil, “skan” edilərək PDF formasında elektron kabinetə yüklənmişdir. Bu isə özü-özlüyündə apellyasiya şikayətinin elektron kabinet vasitəsilə verilməsi kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun qaydada (elektron qaydada) verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Kollegiya belə qənaətə gəlir ki, apellayasiya şikayətinin geri qaytarılması barədə ümumi müddəalar anologiya üzrə qərardadlardan verilmiş şikayətlərə də şamil edilməlidir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Göyçay Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(046)-1566/2021 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Göyçay Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar