Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-756/2022 14.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı avtomobilin geri qaytarılması və pul tələbinə dair (Açar sözlər: avtomobilin geri qaytarılması və pul tələbi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh və 3-cü şəxs qismində cəlb edilmiş X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı avtomobilin geri qaytarılması və pul tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(051)-466/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:
1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2002-ci il buraxılışlı, ** BM *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E320” minik markalı avtomobil İddiaçı adına qeydə alınmışdır.
2. 26 iyul 2013-cü il tarixli 95 nömrəli müqavilənin surətindən görünür ki, X4 və Bərpası Müəssisəsi tərəfindən Qalınçaq meşəbəyliyinin 18-ci kvartalının 21-ci bölməsindən meşə bərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən istirahət-rekreasiya məqsədi ilə 0,30 hektar sahə Cavabdeh verilmişdir.
3. Cavabdeh Meşələrin İnkişafı Xidmətinə ünvanladığı 18 avqust 2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh onunla X4 və Bərpası Müəssisəsi arasında 0,30 hektar sahə üçün istirahət-rekreasiya məqsədi ilə bir il müddətinə bağlanmış 01 may 2017-ci il tarixli 43 qeydiyyat nömrəli istifadə müqaviləsinə xitam verilməsinə kömək edilməsini və həmin ərazinin X1 adına keçməsinə razılıq verdiyini bildirərək bunun rəsmiləşdirilməsində köməklik göstərilməsini xahiş etmişdir.
4. 06 noyabr 2021-ci il tarixli ********* nömrəli və 08 dekabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 130,00 manat dövlət rüsumu ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək “Mercedes Benz E320” minik markalı, ** BM *** seriya nömrəli avtomobilin geri qaytarılması, 2500 manat pul və ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə İsmayıllı rayonu Qurbanəfəndi kəndi ilə üzbəüz kafedə tanış olmuşdur. Həmin kafenin üzərində "satılır" lövhəsini görmüş və kafeni almaq üçün cavabdehlə kafenin satış qiyməti ilə maraqlanmışdır. İlk öncə cavabdeh kafeni 30000 manata satdığını demişdir. O, qardaşı Rəşad Əliyevə zəng edərək bu barədə məlumat vermişdir. Ertəsi gün o, qardaşı ilə birlikdə cavabdehlə həmin kafedə görüşmüşlər. Söhbət zamanı məlum olmuşdur ki, həmin kafenin sənədləri yoxdur. Cavabdeh həmin kafenin sənədlərini düzəldəcəyini söyləmişdir. Onlar qeyd olunan kafeni almaq üçün cavabdehlə 20000 manata razılaşmış və həmin pulun içində olmaq şərti ilə cavabdeh onlara sənədləri tam şəkildə verəcəyini bildirmişdir. Cavabdeh kafeni işlətmək üçün onların ixtiyarlarına vermişdir. Onlar kafedə yeni inşa işləri və təqribən 4000 manat civarında bərpa işləri görmüşlər. Bərpa işlərindən sonra kafeni işlətməyə başlamışlar. Cavabdeh hər dəfə gələrək onlardan sənədləri düzəltmək adı ilə hissə-hissə pul alaraq toplamda 2500 manat pul almışdır. Aralarında danışığa əsasən 20000 manat pulu vermək üçün o, özünə məxsus “Mercedes Benz E320” minik markalı ** BM *** qeydiyyat nişanlı avtomobilini satıb pulu verəcəyini söyləmişdir. Cavabdeh həmin avtomobili 20000 manat pulun əvəzində ondan almışdır. O, özünə məxsus “Mercedes Benz E320” minik markalı ** BM *** qeydiyyat nişanlı avtomobili cavabdehə etibarnamə ilə vermişdir. Bundan sonra uzun müddət keçməsinə baxmayaraq cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək kafenin sənədlərini düzəltməmişdir. Onlara sonradan məlum olmuşdur ki, həmin kafe Meşə İdarəsinin ərazisində yerləşir və həmin ərazi Meşə İdarəsinin balansındadır. Həmin ərazinin cavabdehin icarəsində və ya istifadəsində olmasına dair heç bir sənəd yoxdur. Bundan sonra o, həmin avtomobilin mülkiyyətçisi kimi etibarnaməni ləğv etdirmişdir. Bir neçə gün sonra həmin avtomobil Sumqayıt şəhərində cərimə meydançasına aparmışlar. Polis İdarəsindən ona zəng edilərək həmin yerə gəlməyini bildirmişlər. O, qardaşı ilə Sumqayıt şəhərinə getmiş və avtomobilin cərimə meydançasında olmadığını görmüşlər. O, oradan çıxdıqdan sonra bu barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, dəfələrlə cavabdehdən “Mercedes Benz E320” minik markalı, ** BM *** qeydiyyat nişanlı avtomobilin və 2500 manat pul geri qaytarmasını tələb etsə də sonuncu bundan müxtəlif bəhanələrlə yayınmışdır. Bu səbəbdən də o, məhkəmyə müraciət etməyə məcbur olmuşdur.
7. İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) 04 mart 2022-ci il tarixli, 2(051)- 466/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, “Mercedes Benz E320” minik markalı, ** BM *** qeydiyyat nişanlı avtomobilin İddiaçı geri qaytarılması, Cavabdeh 2500 manat və 130 manat ödənilmiş dövlət rüsumu – cəmi 2630 (iki min altı yüz otuz) manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. İddiaçı "Mercedes Benz E320" minik markalı, ** BM *** qeydiyyat nişanlı avtomobilin geri qaytarılmasını, 2500 manat pul və ödədiyi dövlət rüsumunun cavabdehden alınaraq ona qaytarılmasını tələb edir. Cavabdeh iddia tələbini əsassız hesab edərək rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarına əsaslanaraq qərara gəlir ki, iddiaçı kafenin satın alınması üçün özünə məxsus "Mercedes Benz E320" minik markalı ** BM *** qeydiyyat nişanlı avtomobili və 2500 manat pulu cavabdehə verməsi faktı sübuta yetirilmişdir. Cavabdeh qeyd olunan kafenin razılaşmış dəyərini iddiaçıdan alaraq sənədsiz olaraq satmış və həmin kafeni iddiaçının adına rəsmiləşdirməməmişdir. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, cavabdeh kafenin sənədlərini düzəltmədən razılaşma ilə müəyyən edilmiş kafenin dəyərini almaqla və həmin məbləği iddiaçıya qaytarmamaqla iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 130 manat ödənilmiş dövlət rüsumu məbləği alınaraq iddiaçıya ödənilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
11. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassız hesab edilməli, tətbiq edilməli olan hüquq normaları tətbiq edilməlidir. Məhkəmə qətnaməni kobud maddi və prosessual hüquq pozuntuları ilə qəbul etmişdir. Belə bir qətnamə qüvvədə saxlanıla bilməz.
12. Belə ki, məhkəmə nəzərə almamışdır ki, o, İsmayıllı rayonu, Qurban əfəndi kəndində yerləşən kafesini 2021-ci ilin iyul ayından iddiaçıya təhvil vermiş və təxminən 4 aya iddiaçı həmin obyektdən 10.000 manat gəlir əldə etmişdir. Ona 17000 manat pulu avtomobillə əvəzləyib vermiş və 2500 manatı 3 dəfəyə vermiş, sentyabr ayında axırıncı pulu verəndə bildirmişdir ki, sənədlər tam hazır olanda verəcəkdir. 500 manat onda qalmışdır. Hətta ona obyektin işıq pulu olan 42 manatı da ödətdirmişdir. 28 sentyabr 2021-ci il tarixdən də hal-hazıra kimi sənədlər nazirlikdədir hazır olmasını gözləyir. Beləliklə də o öz vədlərini vicdanla yerinə yetirsə də iddiaçı vicdansızcasına hərəkət edərək onu əsassız olaraq məhkəməyə vermiş və məhkəmədə də onun bu yalanlarına inanmışdır. Lakin İsmayıllı Rayon Məhkəməsi isə qanunu pozaraq iddianı rədd etmək əvəzinə aralarında sanki razılaşmanın olmasına əhəmiyyət verməyərək və tərəflərin vicdansızcasına hərəkət etməsini görməməzlikdən gələrək iddiaçı ilə aralarında razılaşma olmamış kimi əsassız və qanunsuz olaraq pulu və avtomobilin iddiaçıya verilməsi üstəlik də obyektə sahib olmasına iddiaçıya əsassız imtiyazlar və üstünlük yaratmaqla digər tərəfin ağır maddi vəziyyətə düşməsinə şərait yaratmaqla qanunu pozmuşdur. Lakin qeyd etmək istəyir ki, məhkəmə tərəfindən qətnamə qəbul olunarkən, eləcə də, bundan sonra da, onun 2-ci qrup əlil olmağı, ailə və maddi vəziyyəti və sairə məsələləri nəzərə alınmamışdır.
13. Ona görə də, məhkəmə tərəfindən qətnamənin ləğv edilməsi ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinə müraciət edir. İsmayıllı Rayon Məhkəməsi qanunsuz və əsassız və ədalətsiz qətnamə çıxartmışdır. Məhkəmə tətbiq edilməli olan hüquq normasını, eləcə də, ölkədə qanunla təyin edilmiş və bütün Respublika ərazisində qüvvədə olan mülki qanunvericiliyin normalarına əməl etməyərək, əlil ailənin mənafeyini nəzərə almayaraq, qanunu düzgün tətbiq etməmişdir ki, bu da həmin qətnamənin ləğvi üçün əsasdır.
14. Qeyd edilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(037)-142/2022 saylı qətnaməsini ləğv edilərək, İddiaçı “Mersedes-Benz E320” minik markalı, ** BM *** qeydiyyat nişanlı avtomobilin ona geri qaytarılması və ondan 2500 manat və 130 manat ödənilmiş dövlət rüsumunun-cəmi 2630 manatın alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələblərinin rədd edilməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o həqiqətən də özünə məxsus olan kafeni iddiaçıya satmaq niyyətində olmuşdur. Aralarındakı razılığa görə kafeni 20 000 manata qiymətləndirmişlər. İddiaçı tərəf ilk olaraq ona 2500 manat, sonra isə qalan pulun yerinə özünə məxsus olan Mercedes markalı avtomobili vermişdir. Lakin kafenin yerləşdiyi ərazi Meşə fonduna aid olduğundan sənədləri vaxtında hazırlayıb iddiaçıya verə bilməmişdir. İddiaçının mübahisələndirdiyi avtomobili digər şəxslərə satmışdır. Hazırda kimin sahibliyində olmasından məlumatsızdır. O, bu gün də iddiaçının pulunu və avtomobilin dəyərini qaytarmağa razıdır, lakin iddiaçı tərəf də kafenin işlətmiş olduğu aylarının pulunu ona qaytarsın. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh sözünə, vədinə əməl etməmiş, onları aldadaraq həm pulunu, həm də maşınını əlindən almışdır. Hazırda kafedən də cavabdehin özü istifadə edir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (atası) Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh süni şəkildə işi uzatmağa çalışır. Cavabdeh edilmiş etibardan sui-istifadə edərək onların həm pulunu, həm də maşınını mənimsəmişdir. Sonradan onlara məlum olmuşdur ki, kafenin, onun altındakı torpağın cavabdehə heç bir aidiyyəti yoxdur. Əmlak dövlətə məxsusdur. Bütün bunları biləndən sonra cavabdehin adına verilmiş etibarnaməni ləğv etdirmişlər. Hazırda kafe də cavabdehin özündədir. Dəfələrlə danışıq aparılsa da, heç bir nəticəsi olmamış, cavabdeh onların etibarından sui-istifadə etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs qismində cəlb edilmiş X5 izahat verərək bildirmişdir ki, o mübahisəli avtomobili Aqildən yox, tamamilə başqa şəxsdən almışdır. Sonra da həmin avtomobili kənar şəxslərə satmışdır. Onun bu işdə heç bir məsuliyyəti yoxdur. Ona görə də ədalətli qərar qəbul edilməsini xahiş edir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Mə 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(051)-466/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(051)- 466/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiya məhkəməsində icraat:
a) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
26. Belə ki, işin mübаhisəsiz hаlı оndаn ibаrətdir ki, İddiaçılə Cavabdeh İsmayıllı rayonu Qurbanəfəndi kəndində yerləşən kafedə tanış olmuş, tanışlıqdan sonra iddiaçı cavabdehin satmaq istədiyi kafeni almaq niyyətinə gəlmişdir Aralarındakı danışığa görə kafe 20 000 manata qiymətləndirilmişdir. Razılığa görə cavabdeh kafeyə məxus olan bütün sənədləri tam hazır formada iddiaçıya verməlidi. Tərəflər arasında yaranmış razılıqdan sonra cavabdeh sənədlərin düzəldilməsi adı ilə iddiaçıdan 2500 manat məbləğində pul almış, qalan pulun (17500 manatın ) əvəzində də iddiaçıya məxsus olan “Mercedes Benz E320” minik markalı ** BM *** qeydiyyat nişanlı avtomobil sərəncam vermək hüququ da daxil olmaqla etibarnamə əsasında iddiaçıya verilmişdir. Lakin mübahisəli kafeyə məxsus olan sənədlər tam hazır vəziyyətə gətirilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmış, tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə olunmadığından iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
27. Lakin məhkəmə tədqiqi zamanı cavabdeh iddianı qəbul etmədiyini bildirsə də, izahatında iddiaçı ilə tanış olduğunu, sözügedən kafeni iddiaçı tərəfə 20000 manata satmaq barədə razılğa gəldiyini, sənədləri hazırlamaq üçün əvvəl hissə-hissə 2500 manat, sonra isə qalan pulun əvəzinə mübahisəli avtomobilin etibarnamə əsasında ona verildiyini, sənədlərin bu günə qədər tam hazır olmadığını mübahisələndirməmiş, sənədlərin hazırlanmasında ləngimələr olduğunu və hazır olan kimi iddiaçıya təhvil verəcəyini bildirmişdir.
28. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işin hallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır.
29. Baxılan iş üzrə iddiaçı vermiş olduğu pulu tələb etməklə yanaşı, həmçinin mülkiyyətində olan avtomobilin cavabdehin qanunsuz sahibliyindən geri tələb edir. İşə baxılması zamanı cavabdeh 2500 manat məbləğində pulun və mübahisəli avtomobilin iddiaçı tərəfindən ona verildiyini mübahisələndirməmişdir (həmin faktı şifahi etiraf etmişdir). Bu baxımdan pulun və iddiaçıya məxsus avtomobilin cavabdehə verildiyi işin mübahisəsiz halıdır.
30. Apellyasiya məhkəməsi qeyd edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələri)
31. Apellyasiya şikayətində cavabdeh iddiaçı ilə aralarında olan razılaşmanı pozmadığını, qarşı tərəfin fikrini dəyişməsi səbəbindən problemin həllində mübahisə yarandığını göstərir. Məhkəmə kollegiyası şikayətin dəlilini əsassız hesab edir. Çünki tərəflər alqı-satqı müqaviləsi bağlamağa hazırlaşsalar da sonda əmlakın (kafenin) sənədlərində olan çatışmazlıq səbəbindən alqı-satqı prosesi baş tutmamışdır. Ona görə də hazırkı vəziyyətdə cavabdehin iddiaçıya qarşı hər hansı tələbi əsassızdır.
32. Cavabdehin apellyasiya şikayətində, o cümlədən məhkəmə iclasında mübahisələndiridiyi digər hal iddiaçı tərəfin neçə aydır həmin kafedən istifadə edərək qazanc əldə etməsi olmuşdur.
33. Belə ki, cavabdeh 2500 manat məbləğində pulun, həmçinin mübahisəli avtomobilin dəyərinin iddiaçıya qaytarmağa hazır olduğunu bildirməklə yanaşı, iddiaçı tərəfin kafedən əldə etdiyi qazancının ümumi məbləğdən çıxılmasını tələb edir. İddiaçı isə ümumiyyətlə kafedən heç bir gəlir götürmdəyini bəyan edir.
34. Kollegiya qeyd edir ki, cavabdehin etirazının bu hissəini sübut etmək məhz onun üzərinə düşür. Lakin məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq cavabdeh etirazının bu hissəsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, etmiş olsa da belə, kollegiyanın qənaətinə görə onun bu dəlili hazırki mübahisənin predmeti olmamışdır.
35. Beləliklə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçının cavabdehdən satın almaq istədiyi kafenin yerləşdiyi torpaq sahəsi X4 və Bərpası Müəssisəsinin balansındadır və həmin torpaq sahəsinin cavabdehin icarəsində və ya istifadəsində olmasına dair heç bir sənəd yoxdur. İddiaçı həmin kafenin satıldğını bildikdən sonra cavabdehlə aralarında kafenin satış qiymətini 20000 manata razılaşmışlar. Qeyd olunan kafenin sənədləri olmamış və razılaşmaya əsasən cavabdeh həmin kafenin sənədlərini yaxın müddətdə düzəldib iddiaçıya təhvil verməli idi. İddiaçı əvvəlcə cavabdehə 2500 manat pul vermiş, sonra isə iddiaçı özünə məxsus “Mercedes Benz E320” minik markalı ** BM *** qeydiyyat nişanlı avtomobili 20000 manat pulun əvəzində cavabdehə etibarnamə əsasında vermişdir. Uzun müddət keçməsinə baxmayaraq, cavabdeh kafenin sənədlərini düzəltməmişdir. Bundan sonra iddiaçı dəfələrlə cavabdehdən “Mercedes Benz E320” minik markalı, ** BM *** qeydiyyat nişanlı avtomobili və 2500 manat pulu geri qaytarmasını tələb etsə də sonuncu müxtəlif bəhanələr gətirərək bundan yayınmışdır. Cavabdeh həmin avtomobili etibarnamə əsasında başqa şəxsə satmışdır. İddiaçı həmin avtomobilin mülkiyyətçisi kimi etibarnaməni ləğv etdirmişdir.
36. Məhkəmə kollegiyası mübahisəli avtomobillə bağlı özünün mövqeyini mülki qanunvericiliyin əqdlər və əqdlərdə təmsilçilik institutları ilə bağlı yanaşmasına uyğun hesab edir.
37. Belə ki, Mülki Məcəllənin əqdlərdə təmsilçiliyin anlayışını müəyyən edən 359.1-ci maddəsində təsbit edilmişdir ki, əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Beləliklə, etibarnamə ilə təmsil edilən təmsilçiyə onun üçün mülki hüquq və vəzifələr yaradan, dəyişdirən və xitam edən əqdlər bağlamaq səlahiyyəti verir. Bu mənada, etibarnamə üzrə əqdlərdə təmsilçilik institutunun mühüm bir cəhəti həm də ondan ibarətdir ki, belə münasibətlərin yaranması və davam etdirilməsi müstəsna olaraq tərəflərin (təmsil edilənin və təmsilçinin) iradələrindən asılıdır.
38. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 365.1.3 və 356.1.4-cü maddələrində etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi, habelə etibarnamə verilmiş şəxsin imtinası etibarnamənin qüvvəsinə xitam verilməsi əsasları kimi təsbit edilmişdir. Eləcə də, Mülki Məcəllənin 365.2-ci maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə ləğv edilə bilməz.
40. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(051)-466/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov