Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-759/2023 10.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı Firuddin qızı və X4 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X6 və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı Firuddin qızının və onun nümayəndəsi, həmçinin vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı Firuddin qızı və X4 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(063)-103/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı Firuddin qızı və X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11528 manat pulun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirdi və izahatında göstərdi ki, o və digər iddiaçı Vətən Müharibəsi şəhidi X2 valideynləridirlər. X10 20 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonunun düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralanmış və 10 noyabr 2022-ci il tarixdə isə aldığı həmin yaradan şəhid olmuşdur. A.Ələkbərov şəhid olduqdan sonra dövlət onun birinci növbəli vərəsələrinə, yəni onlara, cavabdehə və şəhidin 3 uşağına maddi yardımlar göstərmişdir. Həmin maddi yardımlardan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən kəşfiyyat sığortası olaraq şəhidin ailəsinə 41184 manat da pul ayrılmışdır. O və digər iddiaçı əvvəldən həmin pulun məbləğinin bu qədər olmasını bilməmişlər. Belə ki, cavabdeh ona müraciət edərək bildirmişdir ki, “kəşfiyyat sığortası olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən bizə 11.000 manat pul ayrılmışdır, ayrı-ayrılıqda gedib, vaxt itirməyək, bunun üçün mənə imtina ərizəsi verin ki, pulu mən alım, sizə düşən hissəni də sizə ödəyim”. Bundan sonra, onlar Bakı şəhərində ASAN xidmət mərkəzində imtina ərizəsi vermişlər, həmin ərizəni Bakı şəhərində cavabdehə təqdim etmişlər. Cavabdeh isə həmin puldan 2021-ci ilin avqust ayında qardaşı ilə birlikdə gəlib, ona 2200 manat pul təqdim etmişdir. Onlar də həmin pulun məbləğinin 11000 manat olduğunu fikirləşdiklərindən cavabdehdən əlavə heç nə tələb etməmişlər. Sonradan 05 noyabr 2022-ci il tarixdə o, şəhidə veriləcək ordenlə bağlı Müdafiə Nazirliyinə getmiş, orda ona bildirilmişdir ki, onlara 41184 manat pul da verilmişdir, nəyə görə xəstəliyini müalicə etdirmir. Belə olan halda o, həmin pulun məbləğinin 11000 manat olduğunu bildirmişdir. Lakin ona bir daha bildirilmişdir ki, həmin pulun məbləği 11.000 manat deyil, 41.184 manatdır. Hətta, rəqəmi əlayazması ilə yazıb, ona da təqdim etmişlər. O, bununla bağlı arayış istəyəndə, ona bildirmişlər ki, bununla bağlı arayış vətəndaşlara verilmir, əgər aralarında narazılıq olsa, məhkəmə bununla bağlı Müdafiə Nazirliyinə sorğu verərsə məhkəməyə cavab verilə bilər. Bundan sonra o, cavabdehə müraciət etmişdir ki, heç olmasa ona çatacaq pulu versin ki, gedib müalicə olunsun. Belə ki, o, onkoloji xəstədir, başında şiş vardır və bundan başqa bu ilin aprel ayında əməliyyat da olunmuşdur və əlavə müalicəyə ehtiyacı vardır. Lakin cavabdeh həmin pulu xərclədiyini və pulu verə bilməyəcəyini bildirmişdir. Beləliklə, şəhid oğlunun onlardan, cavabdehdən və 3 uşağından ibarət 6 nəfər birinci növbəli vərəsələri vardır və 41184 manat puldan hər birinə 6864 manat pul düşməlidir. Yəni, ata-anası olaraq həmin puldan onların ikisinə cəmi 13728 manat pul verilməlidir. Cavabdeh isə onlara cəmi 2200 manat pul vermişdir. Hal-hazırda isə qalan 11528 manat pulu onlara vermir. Cavabdehin iddia tələbinə dair etirazında onun barəsində göstərdikləri həqiqətə uyğun deyildir. Cavabdeh pulu verməkdən çəkinmək üçün uydurmalar yazır və qəsdən işi uzadır. O, 13 il Bakı şəhərində işləmiş, bütün qazancını və götürdüyü kreditləri mərhum oğlunun ailəsinə xərcləmişdir. Kommunal haqqlarını, nəvələrinin məktəbə gedib-gəlmək üçün taksi xərclərini, repetitor haqqını, Aydanın və anasının adına olan kreditləri ödəmişdir. Onu və Allahverdinin atasını aldadıb ərizəyə imza etdirərək 41184 manat və 1500 manat 09 qəpik vəsaiti alaraq məbləği onlardan gizlətmiş, həmin pulu aldıqdan sonra atasının həyətində təzə ev, salon, mağaza inşa etdirmiş, qardaşının adına Xırdalanda ev, maşınlar almışlar. Aydanın onları aldadaraq şəhid oğluna görə verilmiş kompensasiyanı mənimsəməsinə qanuni qiymət verilməsini və iddialarının təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Ucar Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(063)-103/2023 saylı qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddiaçılar İddiaçı və X4 Cavabdeh qarşı pul tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçıların şəhid olmuş oğlu gizir X1 və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiyanın verilməsi komissiyası tərəfindən 41184 manat, əşya əmlakı əvəzinə pul kompensasiyasının təmini üzrə komissiya tərəfindən isə 1500 manat 09 qəpik əşya əmlakı əvəzinə pul kompensasiya məbləği hesablanmışdır. İddiaçılar tərəfindən səlahiyyətli orqana yazılmış ərizənin surətindən (imzalarının həqiqiliyi notariat qaydada təsdiq olunmuşdur) görünür ki, X8 və İddiaçı şəhid olmuş oğlanları X3 Müdafiə Nazirliyi tərəfindən təyin olunmuş kompensasiyadan imtina etmişlər, gələcəkdə bununla bağlı iddiaları olmayacaq, kompensasiyanın bütövlükdə gəlini (şəhidin arvadı) Cavabdeh Mövlud qızına təyin olunmasını xahiş etmişlər. Bundan sonra hesablanmış 41184 manat 18 may 2021-ci il, 1500 manat 09 qəpik isə 13 avqust 2021-ci il tarixdə Cavabdeh bank hesabına köçürülmüşdür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Belə ki, iddiaçılar iddia tələbinin əsaslı olduğuna istinad etdikləri hal kimi qeyd edilən imtina ərizəsinin onların iradəsinə zidd yazıldığını bildirsələr də, iş materiallarında Ucar rayon notariat ofisində 01 aprel 2021-ci il tarixli ərizə verilməsi öz əksini tapmış və onlar həmin ərizəni verməklə qeyd olunan kompensasiyadan imtina etmişlər və bununla bağlı iddialarının olmayacağını göstərmişlər. Beləliklə, yuxarıda qeyd olunanlara və tətbiq ediləcək hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən notariat ofisində verilmiş 01 aprel 2021-ci il tarixli ərizə iddiaçıların öz iradəsinə uyğun olaraq yazılmışdır. Məhkəmə araşdırması zamanı ərizənin etibarsızlığı üçün əsas olan hallar müəyyən edilməmiş və bu, iddiaçılar tərəfdən sübut olunmamışdır. Həmçinin, məhkəmə iddiaçıların vərəsəliklə bağlı dəlillərinə dair qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması çərçivəsində görülən əlavə tədbirlərin, xüsusilə birdəfəlik ödəmənin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi vərəsəlik institutunun mahiyyətinə ziddir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Məhkəmə tədqiqi zamanı dindirilmiş şahid Ayşən Ələkbərovanın ifadəsi ilə iddiaçıların cavabdeh tərəfindən aldadılması təsdiq edildiyi halda hakim ərizənin etibarsızlığı üçün əsas olan halların müəyyən edilməməsi və bu halın iddiaçılar tərəfindən sübut olunmaması barədə səhv qənaətə gəlmişdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olubolmadığı müəyyən edilə bilər. Şəhidin birdəfəlik ödəmə olan sığorta pulundan ibarət miras əmlakına iddiaçılara və cavabdehin uşaqlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu səbəbdən də iddiaçıların 01 aprel 2021 -ci il tarixdə notariat ofisində imza təsdiq etdirməklə ərizə verib kompensasiyanın bütövlükdə cavabdehə təyin edilməsini xahiş etmələrinin heç bir hüquqi nəticəsi yoxdur. Qeyd edilənləri nəzərə alaraq, Ucar Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(063)-103/2023 saylı qətnaməsi ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən məhkəmə kollegiyasına etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, Ucar Rayon Məhkəməsinin qəbul etdiyi qətnamədə gəldiyi qərar tam, düzgün, dolğun, ətraflı və geniş izah edilmişdir. Qeyd edilir ki, Müdafiə Nazirliyindən hansı sənəd tələb edilmişsə, bütün sənədlər notarial qaydada alınıb, Nazirliyə təqdim edilmişdir. Əgər notariusun təsdiq etdiyi sənəd sonradan təsdiq edilməmiş sənəd kimi etibarsız sayılacaqsaŞ o zaman notariusun var olmağı mənasızdır. Ucar Rayon Məhkəməsinin 2(063)-103/223 nömrəli, 29 mart 2023-cü il qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Firuddin qızının və onun nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Ucar Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(063)-103/2023 saylı qətnaməsi ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı X7 və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçı X9 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə(vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2022-ci il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Ucar Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(063)-103/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya qeyd edir ki, tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını apellyasiya şikayətinin dəlillərinə münasibətdə tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(063)-103/2023 saylı qətnaməsi iddiaçılar İddiaçı Firuddin qızı və X4 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddia tələbi üzrə birinci instansiya məhkəməsinin hazırki qərarın “Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır” başlıqlı hissəsində əks edilən hüquqi dəyərləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Kollegiya apellyasiya şikayətinin şahid ifadəsi ilə əqdin aldatma yolu ilə bağlandığının sübut olunması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, məhkəmə bir şahid təqdim edilmişdir. Dindirilmiş həmin şahid də iddiaçıların övladı – qızı olduğundan həmin şahidin ifadələri nisbi şübhə ilə qarşılanmalı və işin digər halları ilə təsdiq olunduğu halda sübut kimi qəbul edilməlidir. Hazırki işdə isə işin digər hallarında qeyd edilən ərizənin aldatma nəticəsində imzalanmasını və ya digər iradə ifadəsinin zədələnməsinin hallarının olduğunu göstərəcək heç bir sübut və ya dəlil aşkar edilmir. Kollegiya apellyasiya şikayətinin miras əmlak vərəsəlik qaydasında keçdiyindən ərizənin əhəmiyyətinin olmadığı barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, icbari sığorta münasibətləri üzrə sığorta ödənişinin, eləcə də ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsinin nəzərdə tutulmasında qanunvericinin məqsədi ailə başçısının itirilməsi və ya sığortaolunanın ölümü ilə əlaqədar ailəsinin maddi dəstəkdən məhrum olması səbəbindən yaranan zərərin pensiya və ya sığorta ödənişinin ödənilməsi yolu ilə qismən də olsa aradan qaldırılmasıdır. Odur ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2.1.5-ci maddəsində, həm də Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanında sığorta ödənişinin sığortaolunanın vərəsələrinə ödənilməsi barədə müddəaların olması bu ödənişin məqsədini dəyişmir. Sığorta ödənişi hər bir halda sığortaolunanın ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmişdir. Əks yanaşma, yəni hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları üçün nəzərdə tutulan birdəfəlik ödənişin onların miras əmlakı olaraq dəyərləndirilməsi vərəsəlik institutunun hüquqi təbiətinə və mahiyyətinə zidd olardı. Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir.” Göründüyü kimi, Konstitusiya Məhkəməsinin göstərilən qərarının mənasından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması çərçivəsində edilən birdəfəlik ödəmələr sığortaolunanın vərəsələrinə ödənilməsinə baxmayaraq, miras əmlak olaraq dəyərləndirilə bilməz. Normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Beləliklə məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində qeyd edilən dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçılar İddiaçı Firuddin qızı və X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Ucar Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(063)-103/2023 saylı qətnaməsi iddiaçılar İddiaçı Firuddin qızı və X4 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı Firuddin qızı və X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(063)-103/2023 saylı qətnaməsi iddiaçılar İddiaçı Firuddin qızı və X4 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-759/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-759/2023
10.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver