Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-763/2022 02.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin 2(025)-688/2022 saylı, 26 aprel 2022-ci il tаrixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(025)-688/2022 saylı qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(025)-688/2022 saylı qərardadından İddiaçı şikayət verərək, Qəbələ Rayon Məhkəməsinin 26.04.2022-ci il tarixli 2(025)-688/2022 saylı qərardadının ləğv edilməsi və şikayətin işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı X2 “RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən ona məxsus 0.675 ha torpaq sahəsinin ayrılması və 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması” barədə iddia tələbi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 26.04.2022-ci il tarixli 2(025)-688/2022 saylı qərardadı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardad aşağıda qeyd olunan səbəblərə görə qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir: 1) Məhkəmə hesab etmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPMnin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə məhkəməyə təqdim edilmişdir. Belə ki, iddiaçı iddia tələbində cavabdehlər kimi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 göstərsə də, cavabdehlərin bu işə bağlılığını əsaslandırmamış, cavabdehlərə yönələn tələbin nədən ibarət olmasını konkret olaraq göstərməmişdir. Məhkəmənin bu mövqeyi əsassızdır. Belə ki, bu şəxslər arasında uzun illərdir bu mübahisə davam edir və Qəbələ Rayon Məhkəməsinin kifayət qədər qətnamələri mövcuddur. Bundan əlavə iddia ərizəsində də kifayət qədər əsaslandırma edilmiş və niyə Qəbələ Rayon Məhkəməsinə müraciət edilmənin səbəbləri göstərilmişdir. İddiaçı RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən ona məxsus 0.675 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, həmin iş üzrə hazırkı cavabdehlər üçüncü şəxs qismində məhkəmə icraatında cəlb edilmişlər. “Üçüncü şəxs Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatında iddia olunan 0.675 ha torpaq sahəsinin özünün və digər ailə üzvlərinin faktiki istifadəsində olmasını, iddaçının adına verilmiş çıxarışın saxta olmasını, həmçinin babasının ona verdiyi vəsiyyətnamənin düzgün olmamasını, iddia olunan torpaq sahəsində iddiaçıdan başqa 8 nəfərin miras payının olmasını bildirərək, iddiaçıya 0.675 ha torpaq sahəsinin ayrılmasını düzgün hesab etmədiyini və faktiki istifadəsində olan həmin torpaq sahəsindən yalnız digər vərəsələrin də payı müəyyən edildikdən sonra iddiaçının istifadəsinə imkan yaradacağını bildirmişdir. İnzibati Məhkəmə icraatının əsas pinsiplərindən biri iddiaçıya iddiasının uğurlu olub-olmaması ilə bağlı məhkəmə tərəfindən hüquqi yardımın göstərilməsidir ki, hakim işə baxarkən iddialarının bu şəkildə uğurlu alınmayacağını bildirmiş və cavabdehlərlə aralarında torpaq sahəsinin bölgüsü ilə bağlı razılıq olmadığından və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin naturada yeri dəqiq bilinmədiyindən Qəbələ Rayon Məhkəməsində torpaq sahəsinin naturada yerinin müyyən edilməsi ilə bağlı iddia qaldırması tövsiyə edilmişdir. Bu səbəblə Şəki İnzibati Məhkəməsində qaldırılan iddia tələbi geri götürülmüşdür. İş üzrə qəbul edilən 08.02.2022ci il tarixli 2-1(116)-239/2022 saylı qərardad da hazırkı iş materiallarına əlavə edilmişdir. 2) Eyni zamanda cavabdehlərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqələriin seriya nömrəsi), telefon nömrəsi iddia ərizəsində göstərilməmişdir. Bu yanaşmanı da süründürməçilik hesab edirlər. Belə ki, iddiaçı digər məhkəmə icraatında da olduğu qaydada müvafiq məlumatları-cavabdehlərin soyadı, adı, ata adı və ünvanları hazırkıı iddia ərizəsində göstərmişdir. Həmin məlumatlar əsasında cavabdehlərə göndərilən məhkəmə bildirişləri onlar tərəfindən alınmış və məhkəmə iclaslarında iştirak etmişlər. Hansı ki, Azərbaycan Respublikası MPM-nin149.2.2-ci maddəsində qanunverici belə məlumatların əlavə edilməsini aşağdakı qaydada şərtləşdirir: “... olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqişəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 3) Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.1-ci maddəsinə əsasən də geri qaytarılmalıdır. Belə ki, İddiaçı “payların naturada bölünməsi” ilə bağlı ilk növbədə Daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana müraciət etməlidir. Həmin orqan tərəfindən ona imtina olcağı təqdirdə isə o, məhkəməyə müraciət verə bilər. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin 03 iyun 2021-ci il tarixli, **********37 nömrəli məktubunda göstərilmişdir ki, **********15 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında mülkiyyətlərində olan 0,675 ha həyətyanı torpaq sahəsinə, torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması üçün ərazidə çöl-ölçmə işlərinin aparılması məqsədilə Ərazi İdarəsi tərəfindən əraziyə dəfələrlə mütəxəssis göndərilmiş, lakin torpaq sahəsi üzərində mübahisə olduğundan mütəxəssislər tərəfindən torpaq sahəsində çöl-ölçmə işləri aparılması mümkün olmamışdır. Qəbələ Rayon Məhkəməsinin qərarı ilə 1,20 ha torpaq sahəsindən ona ayrılmış 0,675 ha torpaq sahəsinə bölgü planı olmadığından və eyni zamanda torpaq sahəsi üzərində mübahisə olduğundan 0,675 ha torpaq sahəsinə planı və ölçüsü sənədi işləməsi mümkün olmamışdır. Qeyd olunan torpaq sahəsi üzərində mövcud olan mübahisə aradan qaldırılaraq mütəxəssislərə ərazidə çölölçmə işlərinin aparılmasına şərait yaradıldıqdan sonra və eyni zamanda torpaq sahəsinə dair tərəflərin razılığı əsasında tərtib olunmuş bölgü planı Ərazi İdarəsinə təqdim edildiyi təqdirdə müraciətə qanuna müvafiq qaydada baxılacaqdır. Göründüyü kimi, ƏMDK-nın yanında DƏDRX-in 9 saylı Ərazi İdarəsinin məktubunda ərizəçinin ərizəsindən imtina olunmamış, idarəyə hansı qaydada müraciət etməli olduğu izah edilmişdir. Beləliklə, iddiaçı mülkiyyətində olan 0,675 ha torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasına törədilən maneələrin aradan qaldırılması məqsədilə ilk növbədə məhkəməyə müraciət etməli, daha sonra mütəxəssislər tərəfindən ölçü işləri aparılıb həmin torpaq sahəsinə dair bölgü planı verildikdən sonra məhkəməyə müraciət olunmalıdır. Göründüyü kimi məhkəmə işin hallarına əvvəlcədən hüquqi qiymət verərək artıq məsələyə münasibət bildirmişdir. Hansı ki, ƏMDK-nın yanında DƏDRX-in 9 saylı Ərazi İdarəsinin imtina səbəbi Şəki İnzibati Məhkəməsində araşdırılmış, əsassız olması təsdiq edilmiş, lakin naturada pay müəyyən olunmadığı üçün maneə aradan qaldırılacağı halda belə hansı hissəyə plan ölçü sənnədinin işlənməsinin mümkün olmayacağı qənaətinə gəlinmişdir. Qəbələ Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(025)-688/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(025)-688/2022 saylı qərardadı ləğv edilməli və Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(025)-688/2022 saylı qərardadından İddiaçı verdiyi şikayətə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti qaytararkən qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində cavabdehlər kimi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 göstərsə də, cavabdehlərin bu işə bağlılığını əsaslandırmamış, cavabdehlərə yönələn tələbin nədən ibarət olmasını konkret olaraq göstərməmişdir. Həmçinin qeyd etmişdir ki, İddiaçı “payların naturada bölünməsi” ilə bağlı ilk növbədə Daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana müraciət etməlidir. Həmin orqan tərəfindən ona imtina olcağı təqdirdə isə o, məhkəməyə müraciət verə bilər. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddia ərizəsi torpaq sahəsinin naturada bölgüsünə dair iddia ərizəsidir və iddia ərizəsinin xahiş etdi hissəsində iddiaçının tələbi tam olaraq aydın şəkildə ifadə edilmişdir. Həmçinin geri qaytarmanın digər əsası kimi göstərdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməməsi və imtina məktubu almaması əsasları da qanuni deyil. Belə ki, əmlakın naturada bölünməsi yalnız məhkəmə qərarı əsasında baş verə bilər. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməyə heç bir zərurət yoxdur. Bu yalnız vətəndaş üçün vaxt itkisinə, dövlət orqanları üçün isə əlavə iş yükünə səbəb ola bilər. Ona görə də kollegiya hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(025)-688/2022 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(025)-688/2022 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-763/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-763/2022
02.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver