Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-764/2023 06.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qədirova (Əzimova) Sveta Rüstəməli qızının Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlak tələbi, birgə nikah) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı Qədirova (Əzimova) Sveta Rüstəməli qızının və onun nümayəndəsi, həmçinin vəkili Vəkil2, Cavabdeh nümayəndəsi, həmçinin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Qədirova (Əzimova) Sveta Rüstəməli qızının Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(051)-2016/2022 saylı qətnaməsindən iddiaçı Qədirova (Əzimova) Sveta Rüstəməli qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Qədirova (Əzimova) Sveta Rüstəməli qızı Cavabdeh qarşı əmlak tələbinə iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə olunmuş Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi, 6/1 nömrəli binanın, 10 saylı mənzilinə dair Qədirova (Əzimova) Sveta Rüstəməli qızının 2/3 hissədə, Cavabdeh münasibətdə 1/3 hissədə paylarının müəyyən edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 2002-ci il tarixdə ailə qurmuşdular. Nikahları 6 fevral 2004-cü il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahlarından 24 avqust 2003-cü il tarixli X3, 23 mart 2005-ci il tarixdə X2 və 14 noyabr 2009-cu il tarixdə X1 anadan olmuşdur. Aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur və 10 avqust 2022-ci il tarixdə ”nikahın pozulması haqqında şəhadətnamə” verilmişdir. 16 iyul 2020-ci il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi, 6/1 nömrəli binanın, 10 saylı mənzili Cavabdeh adına qeydiyyata alınmışdır. Göründüyü kimi, sözügedən əmlak onların nikah dövründə əldə edilmişdir. Həmçinin tərəflərin birgə nikahlarından doğulmuş uşaqlardan ikisi – Qədirova Nurcan və Qədirov Məhəmməd iddiaçının himayəsinə verilmişdir. Digər uşaqları Qədirova Nuray isə yetkinlik yaşına çatmasına baxmayaraq faktiki olaraq onun himayəsindədir. Hazırda da Bakı şəhərində əyani təhsil alır və onun da bütün xərci iddiaçının üzərindədir. Odur ki, hesab etmişdir ki, həm ananın, həm də uşaqların mənafeyi nəzərə alınaraq Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi, 6/1 nömrəli binanın, 10 saylı mənzilə dair iddiaçının 2/3 hissədə, Cavabdeh isə 1/3 hissədə pay müəyyən olunmalıdır. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin (E.Cəbrayılzadə) 23 dekabr 2022-ci il tarixli, 2(051)- 2016/2022 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi, 6/1 nömrəli binanın, 10 saylı mənzilinə dair İddiaçı ½ (ikidə bir) hissədə və Cavabdeh ½ (ikidə bir) hissədə paylarının müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı ilə cavabdeh xx.xx.2004-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. xx.xx.2020-ci il tarixdə nikahda olarkən alqı-satqı müqaviləsinə əsasən Mingəçevir Şəhəri, A.Məmmədov küçəsi 6/1 nömrəli binanın 10 saylı mənzilini əldə etmişlər. Tərəflər mübahisəli yaşayış evinin bölünməsində razılığa gələ bilməmiş, ona görə də iddiaçı qeyd edilən tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2000-ci il tarixdə Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 6 nömrəli binanın, 15 saylı mənzili alqısatqı müqaviləsinə əsasən əldə etmişdir. İddiaçı ilə cavabdeh xx.xx.2004-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. xx.xx.2020-ci il tarixdə yuxarıda qeyd olunan mənzili satılmış, tərəflər birgə nikah dövründə qazandıqları vəsait hesabına xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 6/1 nömrəli, binanın 10 saylı mənzilini əldə etmişlər. Mübahisəli mənzil cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, ümumi birgə mülkiyyət olmuşdur. İddiaçı da cavabdehlə bərabər birgə mülkiyyətçi olmasına baxmayaraq, mübahisəli mənzil tam mülkiyyət hüququ ilə cavabdehin adına qeydiyyata alınmışdır. Məhkəmə iclaslarında cavabdeh tərəfindən ilkin olaraq mənzilin dəyərinin 43000 manat olduğu bildirilsə də, sonradan iş materiallarına alqı-satqı müqaviləsinin əsili təqdim edildikdən sonra müqavilədə mənzilin qiyməti 22500 manat qeyd olunduğundan cavabdehin izahatı dəyişmiş, mənzilin qiymətinin 22500 manat məbləğdə olması bildirilmişdir. Lakin mülki işdə olan daşınmaz əmlakın qiymətləndirilməsi barədə olan mütəxəssis rəyindən isə görünmüşdür ki, Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində 4 otaqlı, orta təmirli bina yaşayış evlərinin 2020-ci ilin aprel ayı üçün bazar satış qiyməti 40.000-45.000 manat dəyərində olmuşdur. Hansı ki, mübahisəli mənzil alınan vaxt onun qiyməti müqavilədə 22500 manat qeyd olunmuşdur. Göründüyü kimi, mübahisəli daşınmaz əmlakın dəyəri əhəmiyyətli dərəcədə artdığından mənzilin həmin məbləğdə olması ağlabatan deyildir. Bu hal həm mütəxəssis rəyi, həm də xüsusilə cavabdehin ilkin izahatı və şahid ifadəsi ilə təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi, 6/1 nömrəli binanın, 10 saylı mənzilinə dair İddiaçı ½ (ikidə bir) hissədə və Cavabdeh ½ (ikidə bir) hissədə payları müəyyən edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35, 32.1, 32.2, 36.1 və 36.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 223.2, 223.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə payların müəyyən edilməsi barədə düzgün nəticəyə gəlsə də, həmin payların hissəsini müəyyən edərkən səhvə yol vermişdir. Belə ki, iddia tələbindən görünmüşdür ki, o ona məxsus olan payın 2/3 hissədə müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə isə iddia tələbini bu hissədə təmin etməmişdir. Lakin məhkəmə qətnamənin əsaslandırıcı hissəsində həmin tələbi rədd etməsinin səbəbinə dair bir cümlə belə yazmamışdır. Onların birgə nikahlarından olan uşaqları 23 mart 2005-ci il təvəllüdlü X2 və 14 noyabr 2009-cu il təvəllüdlü X1 həm rəsmi olaraq məhkəmə qərarı ilə, həm də faktiki olaraq onun himayəsindədir. Digər qızı 24 avqust 2003-cü il təvəllüdlü X3 isə yetkinlik yaşına çatmasına baxmayaraq faktiki olaraq o da onun himayəsindədir. İki qızı – Nuray və Nurcan Bakı şəhərində yerləşən universitetlərdə əyani şəkildə ali təhsil aldıqları üçün onların bütün maddi tələbatlarını da o qarşılayır. Onun tələbi hər hansısa bir avtomobil, qeyri-yaşayış sahəsi və ya torpaq sahəsi olmamışdır. Onun tələbi sırf yaşayış sahəsi ilə bağlıdır. Rəsmi olaraq 3 (faktiki olaraq 4) nəfərin payının 1 nəfərin payına nisbətdə artıq olması tamamilə ədələtli və qanunidir. Ona görə də hesab etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, mübahisəli mənzilə dair onun 2/3 hissədə, Cavabdeh isə 1/3 hissədə payı müəyyən olunmalıdır. Qeyd edilənlərə əsasən, qətnaməni əsassız hesab etmişdir. Qeyd olunanlara əsasən, o, Mingəçevir Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tаrixli, 2(051)- 2016/2022 saylı qətnаməsinin qismən, yəni iddia tələbinin rədd olunmuş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Qədirova (Əzimova) Sveta Rüstəməli qızı və onun nümayəndəsi, həmçinin vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tаrixli, 2(051)-2016/2022 saylı qətnаməsinin qismən, yəni iddia tələbinin rədd olunmuş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi, həmçinin vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tаrixli 2(051)-2016/2022 saylı qətnаməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.2–ci maddəsinə əsasən, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3–cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər–arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər–arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər–arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər–arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər–arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər–arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər–arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Mingəçevir Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tаrixli, 2(051)-2016/2022 saylı qətnаməsi qismən, yəni iddia tələbinin rədd olunmuş hissəsində ləğv edilməsini və iddia tələbi tam təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(051)-2016/2022 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsinə aid hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(051)-2016/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2000-ci il tarixdə Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 6 nömrəli binanın, 15 saylı mənzili alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. İddiaçı ilə cavabdeh xx.xx.2004-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. xx.xx.2020-ci il tarixdə yuxarıda qeyd olunan mənzili satılmış, tərəflər birgə nikah dövründə qazandıqları vəsait hesabına xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 6/1 nömrəli binanın 10 saylı mənzilini əldə etmişlər. Şikayətin dəlili ondan ibarətdir ki, məhkəmə payların müəyyən edilməsi barədə düzgün nəticəyə gəlsə də, həmin payların hissəsini müəyyən edərkən səhvə yol vermişdir. Belə ki, iddia tələbindən görünmüşdür ki, o ona məxsus olan payın 2/3 hissədə müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə isə iddia tələbini bu hissədə təmin etməmişdir. Lakin məhkəmə qətnamənin əsaslandırıcı hissəsində həmin tələbi rədd etməsinin səbəbinə dair bir cümlə belə yazmamışdır. Onların birgə nikahlarından olan uşaqları 23 mart 2005-ci il təvəllüdlü X2 və 14 noyabr 2009-cu il təvəllüdlü X1 həm rəsmi olaraq məhkəmə qərarı ilə, həm də faktiki olaraq onun himayəsindədir. Ona görə də hesab etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, mübahisəli mənzilə dair onun 2/3 hissədə, Cavabdeh isə 1/3 hissədə payı müəyyən olunmalıdır. Qeyd edilənlərə əsasən qətnaməni əsassız hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Bu maddədə ər-arvad arasında onların ümumi əmlakı bölünərkən hər birinin bərabər pay alması prinsipi nəzərdə tutulub. Tərəflər əmlakın bölünməsi barədə müqavilə bağlayarkən bu prinsipdən kənara çıxa bilərlər. Paylı mülkiyyət Azərbaycan Respublikası Mülki Məcəllə ilə təyin edilə bilmirsə və mülkiyyətçilərin razılaşması ilə müəyyənləşməyibsə, paylar bərabər sayılır. Payların bölgüsü zamanı ər-arvadın gəlirlərinin miqdarı, işləyib-işləməməsi və fəaliyyət növü nəzərə alınmamalıdır. Lakin ayrı-ayrı hallarda məhkəmə bu ümumi prinsipdən kənara çıxaraq payların bölgüsü zamanı tərəflərdən birinin (ərin və ya arvadın) payını başqasının hesabına azaldıb-çoxalda bilər. Bu, aşağıdakı hallarda ola bilər: 1) yetkinlik yaşına çatmayan uşaqların mənafeyi tələb etdikdə (məsələn, uşağın qaldığı tərəfin (ər və ya arvadın) payının artırılması); 2) ərin və ya arvadın diqqətəlayiq mənafeyi tələb etdikdə (məsələn, onlardan birinin əmək qabiliyyəti olmadıqda və ya səhhətinə görə əmək fəaliyyəti ilə məşğul olmadıqda); 3) ər-arvadın biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda (məsələn, spirtli içkilərdən və narkotik maddələrdən həddən artıq istifadə etdikdə, qumar və başqa azart oyunlarında iştirak etdikdə və s.). Yuxarıda sadalanan üç motivdən hər biri ayrılıqda ər-arvadın ümumi əmlakının qeyribərabər bölünməsi üçün əsas rolunu oynayır. Qanun ər-arvaddan birinin payının qeyri-bərabər bölünməsinə icazə verərkən onun nisbətini göstərmir. Bu hər bir konkret halda tərəflərin razılaşması və ya məhkəmənin qərarı ilə müəyyən olunmalıdır. Bu zaman tərəflərin mənafeyi ilə yanaşı yetkinlik yaşına çatmayan, əlil və ya xəstə olan uşaqların da mənafeyi nəzərə alınmalıdır. Kollegiyanın qənaətinə görə yuxarıda sadalanan hallardan heç biri hazırkı mülki işdə aşkar edilmir. İddia ərizəsindən və apellyasiya şikayətindən görünür ki, iddiaçının iki qızı – Nuray və Nurcan Bakı şəhərində yerləşən universitetlərdə əyani şəkildə ali təhsil alırlar. 14 noyabr 2009-cu il təvəllüdlü X1 həm rəsmi olaraq məhkəmə qərarı ilə, həm də faktiki olaraq onun himayəsindədir. Hazırkı halda kollegiya hesab edir ki, iddiaçın iddia tələbi Ailə Məcəlləsinin 37.2.-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(051)-2016/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisəlndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Qədirova (Əzimova) Sveta Rüstəməli qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(051)-2016/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisəlndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-764/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-764/2023
06.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver