Məhkəmə qərarları › İş №2(107)-773/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-773/2021

16.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-773/2021 16.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iclas katibliyi ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(039)-505/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı özbaşına tikintiyə mülkiyyət hüququnun tanınması və mülkiyyət sənədinin verilməsinin cavabdehə tapşırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonun Salahlı kəndində tam xüsusu mülkiyyət hüququ ilə ona məxsus olan 0,0060 ha torpaq sahəsi üzərində inşa etdirdiyi özbaşına tikintiyə onun mülkiyyət hüququn tanınması və ona müvafiq mülkiyyət sənədinin verilməsinin cavabdeh DƏDRX-in 17 saylı Ərazi İdarəsinə tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin(G.Cavadova) hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Qeyd olunan qərardadla razılaşmayan iddiaçı qərardaddan şikayət verərək, Yevlax Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2021-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(039)-505/2021 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(039)-505/2021 saylı qərardadı qismən ləğv edilərək, ləğv edilmiş hissədə sonrakı prosessual hərəkətlərin edilməsi məqsədilə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 149-cu maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları;. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin ərizənin yuxarıda sadalanan hallarla bağlı icraata qəbul etməkdən imtinası barədə mövqeyi əsassızdır. Mülki Prosessual Məcəllənin 153-cü maddəsinə əsasən; 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.2.3. məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair münsiflər məhkəməsi qətnaməsinin məcburi icra edilməsi üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya iş yenidən baxılmaq üçün qətnamə qəbul etmiş münsiflər məhkəməsinə qaytarıldığı, lakin işin həmin münsiflər məhkəməsində baxılması mümkün olmadığı hallar istisna edilməklə, münsiflər məhkəməsinin qəbul etdiyi, qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Kollegiya qeyd edir ki, hazırki mübahisənin birinci hissəsi əmlak hüquqları ilə bağlı yarandığından və mübahisə predmeti mülki hüquq münasibətinin nəticəsi olduğundan tələbin birinci hissəsi inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014cü il tarixli qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Daşınmaz əmlakın alqı-satqısı və Dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Beləliklə təqdim olunmuş işin faktiki hallarından müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur (iş materialları səh. 4).Hazırki ərizənin birinci hissəsindən də görünür ki, iddiaçı özünə məxsus olan torpaq sahəsində inşa edilmiş tikintiyə mülkiyyət hüququnun tanınmasını tələb edir. Məhkəmə kollegiyası iş materialları əsasında belə qənaətə gəlir ki, “iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina haqqında” birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilməli olsa da, lakin apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmağa haqlı deyildir. Çünki iddianın mümkünlüyü məsələsinin həlli, təkcə iddianın yolverilməzliyi üçün müəyyən olunmuş halların mövcud olub-olmaması ilə bağlı aparılan araşdırma ilə bitmir. İddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apelyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(039)-505/2021 saylı qərardadı qismən “özbaşına tikintiyə mülkiyyət hüququnun tanınmasına dair iddianın yolverilməzliyinə görə imtina edilməsi” hissəsində ləğv olunmalı və mülki iş iddia tələbinin bu hissəsi ilə bağlı sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263- 264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(039)-505/2021 saylı qərardadı qismən-“özbaşına tikintiyə mülkiyyət hüququnun tanınmasına dair iddianın yolverilməzliyinə görə imtina edilməsi” hissəsində ləğv edilsin və mülki iş iddia tələbinin bu hissəsi ilə bağlı sonrakı prosessual hərəkətlərin edilməsi üçün Yevlax Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qalan -”mülkiyyət sənədinin verilməsinin cavabdehə tapşırılması” hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar