Məhkəmə qərarları › İş №2(107)-773/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-773/2022

16.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-773/2022 16.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Quliyev Nuru Nadir oğlu (sədrlik edən), Şükürov İmanverdi Həşimxan oğlu (məruzəçi) və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı, onun vəkili Nümayəndə3, Cavabdeh1 nümayəndəsi və vəkili X26 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi və İsmayıllı rayon Notariat Ofisinə qarşı “Çıxarışın ləğv edilməsi və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim R. Şirinov) 29 noyabr 2019-cu il tarixli, 2(037)- 812/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən 0.023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 11 mart 2019-cu il tarixli ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin ½ hissəsinin İddiaçı tərəfindən qəbul olunması faktının müəyyən edilməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi və İsmayıllı rayon Notariat Ofisinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən 0.023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 11 mart 2019-cu il tarixli ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi və İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin ½ hissəsinin onun tərəfindən qəbul olunmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən аpellyаsiyа şikаyəti verilmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının 01 iyun 2020-ci il tarixli, 2(107)- 632/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edimiş, İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi və İsmayıllı Rayon Notariat Ofisinə qarşı “çıxarışın ləğv edilməsi və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair” iddiasının təmin edilməsi, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən 0.023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 11 mart 2019-cu il tarixli ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, İddiaçı 18 aprel 1972-ci ildə ölmüş atası X3 atası Ağasəlim Cavadovdan və bacısı X1 miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin X12 tərəfindən qəbul edilmiş ½ hissəsinin İddiaçı tərəfindən qəbul olunması faktının müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının 01 iyun 2020-ci il tarixli, 2(107)- 632/2020 nömrəli qətnaməsindən Cavabdeh1 və onun nümayəndəsi (vəkili) X46 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2020-ci il tarixli, 2(102)-5078/2020 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilərək, Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının 01 iyun 2020-ci il tarixli, 2(107)- 632/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-569/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.M.Hüseynov (sədrlik edən və məruzəçi), E.Ş.Hüseynov və V.İ.Məlikov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 saylı qətnaməsi ləğv edilmiş, iddianın rədd olunmasına dair qətnamə qəbul edilmişdir. İddiaçı və onun vəkili Nümayəndə3 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2021-ci il tarixli, 2(102)-5034/2021 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-569/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-172/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərardadı ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və G.Cavadova) iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi və İsmayıllı rayon Notariat Ofisinə qarşı İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən 0.023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 11 mart 2019-cu il tarixli ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-172/2022 saylı, 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və G.Cavadova) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)- 812/2019 nömrəli qətnaməsi iddia tələbinin təmin olunmuş 2-ci hissəsinə münasibətdə, yəni “İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin ½ hissəsinin onun tərəfindən qəbul olunmasının müəyyən edilməsi hissəsində” ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-172/2022 saylı, 01 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2(102)-2342/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-172/2022 saylı, 01 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv olunmalı və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, qətnamə qəbul edilərkən nəticəyə gəlmək üçün məhkəmə maddi hüquq normaları kimi hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2, 1 159.1, 1159.1.3. 1243.1, 1243.2, 1252-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddia ərizəsində iddiaçı onun mərhum atasından miras qalmış İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin ½ hissəsinin qəbul olunması faktının müəyyən olunmasını xahiş etmişdir. İddia ərizəsində iddiaçının mərhum atası X3 xx.xx.1972-ci ildə rəhmətə getməsi qeyd olunmuşdur. Belə olan halda məhkəmə əsassız olaraq hazırda qüvvədə olan Mülki Məcəlləyə istinad etməklə Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələblərini pozmuşdur. İşin faktiki hallar ilə müəyyən olunur ki, iddiaçının mərhum atası X9 xx.xx.1972-ci ildə rəhmətə getmişdir. Bundan 6 ay ərzində iddiaçının İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsini və onun üzərindəki fərdi yaşayış evini faktiki qəbul etməsi ilə bağlı hər hansı mötəbər sübut iş materiallarında mövcud deyil. İddiaçı 2011-2012-ci illərdən sonra İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə gəlib arada orada yaşaması, müəyyən təmir işləri görməsi onun 1972-ci ildən mirası faktiki qəbul etməsi hesab oluna bilməz. İddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ yoxdur. Belə olan halda iddia rədd olunmalı idi. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq Cavabdeh1, Cavabdeh1 nümayəndəsi Nümayəndə2, DƏDRX-in 9 saylı Ərazi İdarəsinin və İsmayıllı rayon Notariat Ofisinin nümayəndələri, iddia predmeti barədə müstəqil tələb irəli sürməyən şəxslər X31, X15, X27, X36, X37, X16, X17, X20, X21, X18 və X22 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X46 bildirdi ki, mübahisəli miras əmlakda iddiaçı və iddiaçının atasının yaşaması ilə bağlı iş materiallarında hər hansı bir sübut yoxdur. İddiaçının atası Bakı şəhərində yaşayıb və qısa müddətdə yay aylarında gəlib gedib. Həmçinin 1972-ci ildə iddiaçının 7 yaşı olub və iddiaçı subyektiv hüquqa malik olmayıb. Digər vərəsələrin isə ümumiyyətlə miras əmlakı ilə bağlı tələbləri yoxdur. Ali Məhkəmə isə digər vərəsələrin cəlb edilməsini istəyir. Əgər onların mirasla bağlı hər hansı tələbləri olsaydı məhkəməyə müraciət edə bilərdilər. İstər iddiaçı tərəf istərsə də cavabdeh tərəf qeyd edir ki, digər vərəsələrin heç birinin həmin evdə yaşamaqla bağlı mövqeləri olmamışdır. Hazırki mübahisə 2 tərəf arasındadır. Digər vərəsələrin bu əmlaka marağı yoxdur. Lakin, əgər iddia qəbul olunarsa digərlərinin də payı müəyyən olunmalıdır. İş materiallarında görünür ki, 3 bacı və 2 qardaş həmin evdə yaşayıblar. Ağasəlim Cavadov vəfat getdikdən sonra övladları olan 3 qızı və 2 oğlu miras əmlakını qəbul ediblər. 2-ci dəfə apellyasiya baxışında olan zaman 7 aprel 2021-ci il tarixli qərarında bu məsələlər ətraflı araşdırılıb və bu barədə qeyd olunmuşdur. İddiaçının atası vəfat edən zaman iddiaçının 7 yaşı olduğundan iddiaçının mirası qəbul edilməsinə dair subyektiv hüququ olmamışdır. 2011-2012-ci illərdə yaşayış sahəsinə gələrək qısa fasilələrlə yaşaması mirasın faktiki qəbulu anlamına gəlmir. İcbarı sığorta ilə müqavilələr, qaz paylayıcı ilə müqavilələr cavabdehlə bağlanmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, 1970-ci ildə anası ilə birlikdə mirası qəbul ediblər. Əgər belə idisə hər hansı müqavilə iddiaçının anasının adına rəsmiləşdirilərdi. Lakin bununla bağlı hər hansı sənəd iş materiallarında mövcud deyildir. Göründüyü kimi həmin əmlaka Cavabdeh1 tərəfindən sahiblik edilərək vergi sənədləri də ödənilmişdir. Təqdim edilən 1969-cu ildə verilən zəmanət talonunda qeyd edilmişdir ki, onlara sökülən evin əvəzində 70 nömrəli binadan ev veriləcək, lakin 1982-ci ildə verilən orderdən görünür ki, ev 51 nömrəli binadan verilmişdir. Yəni bu evlərin eyni olması şübhə doğurur. 1982-ci il tarixli orderdə mülkiyyətçi kimi Humay xanımın adı qeyd edilmişdir. Həmçinin iddiaçının iddia etdiyi kimi binanın 1969-cu il tarixdə sökülüb və həmin ildə də tikilərək şəxslərin ora köçürülməsi məntiqi tərəfdən uyğun gəlmir. Cavabdeh bildirir ki, o, yay tətilində iddiaçı tərəfin həmin evdə istirahət məqsədilə müvəqqəti qalmaqlarına etiraz etməmişdir. Ancaq bu hal iddiaçının miras əmlakı faktiki qəbul etməsini sübut etmir. Miras əmlakı birinci iddiaçının anasının qəbul etməsi, daha sonra iddiaçının anası ilə birlikdə özünün qəbul etməsi iddia ərizəsində qeyd edilməmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, o şəxsən özü qəbul edib. Hesab edir ki, iddiaçı 1972-ci ildə miras əmlakı mirası faktiki qəbul edə bilməzdi. İddiaçı yalnız yay tətilində istirahətə gəlib. Qəbzlərə münasibətdə isə qeyd etmək istəyir ki, mənzildə kirayədə qalan şəxs də kommunal borcları öz adından ödəyə bilər. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə3 bildirdi ki, artıq dördüncü dəfədir ki, bu iş apellyasiya məhkəməsinin icraatına qaytarılır. Birinci dəfə Şəki Apellyasiya Məhkəməsi İsmayıllı Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Sonradan Ali Məhkəmə birinci dəfə Şəki Apellyasiya Məhkəməsinin qərarını ləğv edib geri qaytarandan sonra Şəki Apellyasiya Məhkəməsi Ali Məhkəmənin göstərişlərini nəzərə almayaraq iddia tələbini rədd edib. İş materiallarında görünür ki, bu ev onların ata evi olub. Onlar üç bacı və iki qardaş olublar. Onların ata və anası vəfat etdikdən sonra ailə başçısı kimi X10 olmuşdur. 1948-ci ildə X10 vəfat etdikdən sonra 1960-cı ilə qədər 2 qardaş hazırki iddiaçının X50 və qardaşı hazırki iş üzrə Cavabdeh1 həmin evdə yaşayıblar. Onların bacıları ayrı ayrı vaxtlarda ərə gedib başqa evdə yaşayıblar. xx.xx.1927-ci il tarixdən qüvvədə olmuş Azərbaycan SSR-in Mülki Məcəlləsinin 499-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yerdə vərəsə vərəsəliyin açıldığı gündən etibarən 3 ay müddətə vərəsəlikdən imtina etmək barədə notariusa ərizə verməzsə vərəsəlik qəbul edilmiş sayılır. Yəni indiki qanunvericilikdən fərqli olaraq əvvəlki Mülki Məcəllənin tələblərinə əsasən iddiaçının X50 və qardaşı hazırki iş üzrə Cavabdeh1 miras əmlakının qəbulu ilə bağlı hər hansı hərəkət etməyə borclu deyildilər. Yəni 3 ay ərzində notariat orqanına vərəsəlikdən imtina etməzlərsə vərəsəliyi qəbul etmiş sayılırlar. 1960-cı ildə iddiaçının atası Bakı şəhərinə, əmisi isə Sumqayıt şəhərinə köçüblər və hər ikisi evlənərək orda yaşamışlar. İddiaçının atası və əmisi miras qalmış evi öz aralarında bölmüşlər. İki mərtəbəli dört otaqlı evin alt və üst mərtəbələri olmaqla iki otaq atasının digər iki otaq isə əmisinin istifadəsinə keçmişdir. Cavadov Ağacavad 1972-ci ildə rəhmətə gedib. İddiaçının atası vəfat etdikdən sonra iddiaçı yay aylarında gəlib həmin evdə yaşamış və miras əmlakın ona çatan hissəsini faktiki qəbul edərək idarə etməyə başlamışdır. Həmin evdə əsaslı təmir işləri aparıb və həmin evdə iddiaçıya aid zəruri əşyalar vardır. 2019-cu ildə İddiaçı məlum olur ki, cavabdeh onun məlumatı olmadan evi və həyətyanı torpaq sahəsinin tam mülkiyyətçisi kimi çıxarış almışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində, cavabdeh etiraf edir ki, o miras əmlakından ¾ hissəsindən iddiaçıya pay çatmasına etiraz etmir. Digər bacıdan da qardaşının xeyrinə miras payından imtinaya dair ərizəsini alıblar. 1969-cu ildə ev söküldükdən sonra iddiaçılara müvəqqəti yaşamaq üçün yer verilib və evlə təmin ediblər. İddiaçının atası İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən mübahisəli evdə rəhmətə gedib və həmin evdə dəfn ediblər. Bu dəfnin baş tutması miras əmlakının baş tutması deməkdir. Həmçinin mülki işin 109-cu səhifəsində olan 21 oktyabr 2019-cu il tarixli iclas protokolunda Cavabdeh1 izahatında iddiaçıya qanun üzrə vərəsəlik əsasında miras əmlakından pay çatmasına etiraz etmədiyini, iddiaçıya miras əmlakdan pay çatacağı halda digər vərəsələrədə pay çatmalı olduğunu bildirmişdir. İş materiallarında olan arayışlardan görünür ki, 1950-ci ildən 2013-cü ilə qədər heç kim burada ayrıca təsərrüfat kimi qeydiyyata düşməmişdir. Həmin əmlakda qaz sayğacı cavabdehin adına, işıq sayğacı isə iddiaçının adına olmuşdur. 2009-cu ildən işıq sayğacının ödənişini iddiaçı ödəyib. 2013-cü ilə qədər heç kimin ayrıca təsərrüfatı olmayıb. Cavabdeh dövlət reyestrindən çıxarışı icra nümayəndəsinin və Bələdiyyə sədrinin verdiyi arayış əsasında almışdır. Məhkəmə iclaslarında şahid qismində dəvət edilən icra nümayəndəsi və bələdiyyə sədri izahatlarında qeyd ediblər ki, həqiqətəndə iddiaçı və cavabdeh həmin mübahisəli mülkiyyətdə bir yerdə yaşayıblar. Məhkəmə prosesi zamanı icra nümayəndəsi və bələdiyyə sədrinə sual veriləndə ki, əgər iddiaçı və cavabdeh həmin mübahisəli evdə bir yerdə yaşayıblarsa nə üçün arayışı cavabdehin adına vermisən? İcra nümayəndəsi və bələdiyyə sədri suala cavab olaraq bildirmişdirlər ki, hesab etdik ki, mübahisə yoxdur ona görə arayışı Cavabdeh1 adına vermişlər. Cavabdeh1 çıxarışı həmin arayışa əsasən almışdır. İddiaçı həmin evə 10000 manata qədər xərc çəkib, iddiaçının həmin evdə soyuducusu və məişət əşyaları vardır. Hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı bildirdi ki, mübahisəli ev onun babası Ağasəlim Cavadova məxsus olub. Babası və nənəsi rəhmətə gedəndən sonra həmin ev bibisi X10 idarə etmişdir. X50 1972-ci ildə rəhmətə gedib. Atası rəhmətə gedəndən sonra onlar, yəni yeddi nəfər bacı qardaşlar və anası hər il yay tətilində həmin mübahisəli evdə gedib yaşamışlar. Həmin evi o təmir etmiş və həmin evdə onun zəruri əşyaları vardır. Onlar 5 qardaş və 2 bacı olmuşlar. Onun bacı və qardaşlarının həmin mirasla bağlı maraqları olmayıb. Anası rəhmətə gedəndən sonra evi o idarə etmişdir. Onun bacı və qardaşlarının həmin evə qarşı heç bir iddiaları yoxdur. Ağasəlim Cavadovun 5 uşağı olub. Həmin 5 uşaqdan yalnız Cavabdeh1 sağdır, digər uşaqlar vəfat etmişlər. 1944-cü ildə Ağasəlim Cavadov, 1947-ci ildə Mələksoltan, 1948-ci ildə Qərənfil vəfat etmişdir. İddiaçının nənəsi Mələksoltan rəhmətə gedəndən sonra ailə başçısı kolxozçu həyətinin növbəti üzvü kimi iddiaçının bibisi X11 olmuşdur. X43 adına olanda Qərənfilin bacı və qardaşları həmin evdə yaşayıblar. İddiaçının X50 və Cavabdeh1 1961-ci ildən həmin evdən çıxıblar və daimi yaşayış üçün Sumqayıt şəhərinə gediblər. Cavadov Ağacavad vəfat edənə kimi Sumqayıt şəhəri, Hacı Zeynalabdin rayonu F.Qayıbov küçəsində yaşamışdır. Hüququ məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2(102)-2342/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-172/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2(102)-2342/2022 saylı qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəlləyə əsasən (§35), kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Lakin, apellyasiya instansiya məhkəməsi mübahisənin qanuni həllinin təmin edilməsi üçün kassasiya instansiyası məhkəməsinin qərarında verilmiş göstərişlərə əməl etməmişdir. Belə ki, həmin qərara görə apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının atası da daxil olmaqla mübahisəli əmlaka X2 və ailə üzvlərinin hüquqlarının olması aydınlaşdırılmamış və ailə başçısı kimi qeyd olunan şəxsin öldüyü məqamda qüvvədə olan maddi hüquq normalarına uyğun mirasın qəbul edilməsi, o cümlədən iddiaçının atası tərəfindən mirasın qəbul edilməsi faktı araşdırılmamış, X2, X5 və X6 vərəsələrinin mövcud olub-olmaması, onların miras əmlaka hüquqlarının olması araşdırılmamış, miras əmlakdan payların düzgün müəyyən edilməsi üçün zəruri olduğu halda həmin şəxslərin işə cəlb edilməsi təmin edilməmiş, mirasın əvvəlcə anası Humayin ilə birlikdə, anasının ölümündən sonra isə bilavasitə faktiki qəbul etməsi barədə iddiaçının göstərdikləri yoxlanılmamış, mübahisəli torpaq sahəsinin və evin cavabdehin adına sənədləşdirilməsinə etiraz etməməsinə dair ərizə vermiş X7 əmlaka hüququnun olub-olmaması, payından imtina etməsinin səbəbləri araşdırılmamışdır. Apellyasiya məhkəməsi həmin Qərarda qeyd edilənləri araşdırmadan belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən əmlak hazırda tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına olduğundan və həmin əmlakla bağlı verilmiş Çıxarış qüvvədə olduğundan, hazırki vəziyyətdə iddia tələbinin ikinci hissəsinə münasibət bildirmək mümkün deyil. Buna görə də, Çıxarış ləğv olunmadan, iddia tələbinin bu hissəsi təmin edilə bilməz. Halbuki, iddiaçının müvafiq Çıxarışı inzibati icraat qaydasında mübahisələndirə bilməsi üçün hazırki mübahisə çərçivəsində onun mübahisəli əmlakı miras əmlak qismində qəbul edib-etməməsi müəyyən olunmalı, nəticədə müvafiq Çıxarışı inzibati icraat qaydasında mübahisələndirə bilməsi üçün subyektiv hüququnun olub-olmaması aydınlaşdırılmalıdır. Beləliklə, kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin miras əmlakın qəbuluna dair hissəsini Çıxarışın qüvvədə olmasından asılı etməklə, yanlış nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, iddianın bir hissəsinin, yəni Çıxarışın ləğv edilməsi iddiasının inzibati məhkəmədə baxılmalı olması ilə bağlı qərardad qanuni hesab edilərək dəyişdirilmədən saxlanmışdır. Bununla məhkəmə iddiaçıya həmin məhkəməyə müraciət etməli olduğu yolu göstərmişdir. Lakin, iddiaçının inzibati məhkəməyə verəcəyi tələbinin uğurluluğu üçün onun tələbetmə hüququ olmalıdır. Hazırkı işdə mirasın faktiki olaraq iddiaçı tərəfindən qəbul edilib-edilməməsi məsələsi həll edilmədən onun digər məhkəmədə Çıxarışı mübahisələndirməyə subyektiv hüququ olmayacaq. İnzibati məhkəmə iddiaçının mirası faktiki qəbul edib-etməməsi məsələsini araşdırmayacaq. Ona görə, Apellyasiya Məhkəməsi yeni məhkəmə baxışı zamanı əvvəlki kassasiya məhkəmələrinin göstərişlərinə uyğun olaraq iddiaçının mirası faktiki qəbul edib-etməməsi məsələsi ilə bağlı mübahisəni həll etməlidir. Çünki, iddiaçının mirası qəbul etmədiyi təsdiq olunacağı təqdirdə, digər işi inzibati məhkəmədə mübahisələndirməyə iddiaçının marağı qalmayacaq. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 11 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli Çıxarışın və 407-0016/457 nömrəli Texniki Pasportun surətindən görünür ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.023 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydə alınmışdır. İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş 26 avqust 2019-cu il tarixli 191 nömrəli arxiv arayışından görünür ki, İsmayıllı rayonu 85 nömrəli Arxiv fondunda saxlanan İsmayıllı RİHB-nın Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin 1948-1950-ci illərin təsərrüfatbaşına kitabında 1920-ci il təvəllüdlü X10 ailə başçısı olmaqla ailə tərkibi kimi bacısı - 1926-cı il təvəllüdlü X13, bacısı - 1928-ci il təvəllüdlü X14, qardaşı - 1930-cu il təvəllüdlü X12 və qardaşı - 1932-ci il təvəllüdlü Cavabdeh1 qeyd olunmuşlar. İşdə olan 28 iyul 2022-ci il tarixli arayışdan görünür ki, iddiaçının anası X28 xx.xx.1939-cu ildə anadan olub, xx.xx.1993-cü ildə vəfat etmişdir. İdiaçı İddiaçı xx.xx.1965-ci ildə, bacısı X17 xx.xx.1963-cü ildə, X20 xx.xx.1971-ci ildə, X21 xx.xx.1971-ci ildə, X19 xx.xx.1966-cı ildə doğulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi iddianın təmin olunmuş “İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən yaşayış evi və 0.23 ha həyətyanı torpaq sahəsinə Cavabdeh1 adına verilmiş DƏDRX-in 9 saylı Əİ tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı dövlət reyestrindən Çıxarışın ləğv edilməsi” hissəsində ləğv edilərək, bu hissədə iş üzrə icraata xitam verilmişdir. Bu baxımdan da, işə apellyasiya qaydasında yenidən baxan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməlidir. Çünki, təhlil olunan işdən bəlli olur ki, iddiaçıların tələbləri iki hissədən, yəni Çıxarışın ləğv edilməsi və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsindən ibarətdir. Hazırda öyrənilən işdən aydın olur ki, tələbin birinci hissəsi üzrə Şəki Apellyasiya Məhkəməsinin sözügedən Qərardadı qanuni qüvvəsini aldığından məhkəmə kollegiyası tələbin miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi hissəsinə hüquqi qiymət verməyi zəruri hesab edir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1923-cü ildə qəbul edilmiş və 01 mart 1965-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan SSR-in Mülki Məcəlləsinin 488-ci maddəsinə əsasən Qanun üzrə vərəsələr – uşaqlar (o cümlədən, övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda isə - qardaş-bacıları hesab olunurlar. Həmin Məcəllənin 499-cu maddəsinə əsasən Vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində əlaqədar notariat orqanına ərizə verməzsə, o, vərəsəliyi qəbul etmiş hesab olunur. Həmin Məcəllənin 500-cü maddəsinə əsasən Vərəsəlik açılan yerdə olmayan vərəsələr, vərəsəlik açıldığı gündən etibarən 6 ay ərzində şəxsən və ya nümayəndələri vasitəsilə vərəsəlik əmlakını qəbul edə bilərlər. Vərəsəlik hüququ 488-ci maddənin üçüncü hissəsinə əsasən əmələ gələn şəxslərə, yalnız digər vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, onların vərəsəliyə dəvət edilib-edilməmələrindən asılı olmayaraq, eyni müddətlərdə, irs qalmış əmlakı qəbul etməyə razılıq verdiklərini bildirə bilərlər. 1964-cü ildə qəbul edilmiş və xx.xx.2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan SSR-in Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qаnun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Mülki işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş gerçək vəziyyətindən aydın olur ki, iddiaçının atası Ağacavad Cavadov ailədə beş övlad olmaqla 1900-cu ildə inşa edilmiş İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən atası Ağasəlim Cavadova məxsus evdə yaşamışlar. İddiaçının babası vəfat etdikdən sonra kolxozçu həyətinin növbəti üzvü kimi bibisi Qərənfil Cavadova ailə başçısı olmuşdur. Belə ki, İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş 26 avqust 2019-cu il tarixli 191 nömrəli arxiv arayışından görünür ki, İsmayıllı rayonu 85 nömrəli Arxiv fondunda saxlanan İsmayıllı RİHB-nın Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin 1948-1950-ci illərin təsərrüfatbaşına kitabında 1920-ci il təvəllüdlü X10 ailə başçısı olmaqla ailə tərkibi kimi bacısı - 1926-cı il təvəllüdlü X13, bacısı - 1928-ci il təvəllüdlü X14, qardaşı - 1930-cu il təvəllüdlü X12 və qardaşı - 1932-ci il təvəllüdlü Cavabdeh1 qeyd olunmuşlar. Digər tərəfdən mərhum X10 1948-ci ildə ölmüş və o ailə həyatı qurmadığı üçün onun birinci növbəli vərəsələri olmamışdır. Belə ki, 1948-ci ildə X10 vəfat etdikdən sonra 1960-cı ilə qədər 2 qardaş hazırki iddiaçının X50 və qardaşı hazırki iş üzrə Cavabdeh1 həmin evdə yaşayıblar. Onların bacıları ayrı ayrı vaxtlarda ərə gedib başqa evdə yaşayıblar. xx.xx.1927-ci il tarixdən qüvvədə olmuş Azərbaycan SSR-in Mülki Məcəlləsinin 499-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yerdə vərəsə vərəsəliyin açıldığı gündən etibarən 3 ay müddətə vərəsəlikdən imtina etmək barədə notariusa ərizə verməzsə vərəsəlik qəbul edilmiş sayılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, digər vərəsələr olan bacılar vərəsəlikdən imtina barədə notarusa ərizə verməmişlər, onda bu şəxslər də miras əmlakı qəbul etmiş sayılırlar. Həmçinin, öyrənilən işdən bəlli olur ki, X2 ölümündən sonra ailə tərkibi kimi qalan bacısı - 1926-cı il təvəllüdlü X13, bacısı - 1928-ci il təvəllüdlü X14, qardaşı - 1930-cu il təvəllüdlü X12 və qardaşı - 1932-ci il təvəllüdlü Cavadov X4 rayonunun Basqal qəsəbəsində yerləşən yaşayış evi və 0.23 ha həyətyanı torpaq sahəsinə hər birinə ¼ hissə olmaqla miras əmlakı faktiki qəbul etməklə idarə etmişlər. İşin müəyyən edilmiş bu halını həm iddiaçı tərəf, həm də cavabdeh tərəfindən inkar edilmədiyindən, kollegiya bu qənaətdədir ki, miras əmlakın dörd nəfər tərəfindən qəbul edilməsi faktı işin mübahisələndirilməyən, yəni həm iddiaçı, həm də cavabdeh tərəfin qəbul edilmiş halıdır. İddiaçının atası X12 1972-ci ildə vəfat etdikdən sonra iddiaçı anası və digər bacı və qardaşları ilə birlikdə yay aylarında gəlib həmin evdə yaşamış və miras əmlakın onlara çatan hissəsini (atasından qalan dörddə bir hissəni) faktiki qəbul edərək idarə etmişlər. Həmin evdə təmir işləri aparıb və bu evdə iddiaçıya aid zəruri əşyalar vardır. Həmçinin mülki işin 109-cu səhifəsində olan 21 oktyabr 2019-cu il tarixli iclas protokolunda olan Cavabdeh1 izahatından görünür ki, o iddiaçıya qanun üzrə vərəsəlik əsasında miras əmlakından pay çatmasına etiraz etmədiyini, iddiaçıya miras əmlakdan pay çatacağı halda digər vərəsələrə də pay çatmalı olduğunu bildirmişdir. Bundan əlavə birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş İsmayıllı RİHB-nın Basqal qəsəbə üzrə nümayəndəsi X38, İsmayıllı rayonu Basqal qəsəbəsinin bələdiyyə sədri X29, iddiaçının bacısı X17, qardaşı X20 bildirmişlər ki, həm iddiaçı, həm də cavabdeh hər il yay aylarında miras qalmış evə gələrək, burada yaşamışlar. Həmçinin, həmin məhkəmə iclasında ifadə vermiş 1939-cu ildə İsmayıllı rayonu Basqal qəsəbəsində doğulmuş və həmin qəsəbədə qeydiyyatda olmaqla yaşayan X32 bildirmişdir ki, Cavabdeh1 və qardaşı mərhum X45 qəsəbəsindəki miras evi öz aralarında bölmüşlər. Atası vəfat etdikdən sonra Cavid miras əmlakdan atasına çatan hissəni faktiki qəbul edərək idarə etməyə başlamış və həmin evdə təmir işləri aparmışdır. Eləcə də işdə olan sənədlərdən görünür ki, mübahisəli əmlakda olan qaz sayğacı cavabdehin adına, işıq sayğacı isə iddiaçının adına olmuşdur. 2009-cu ildən başlayaraq işıq sayğacının ödənişi iddiaçı tərəfindən ödənilmişdir. Təhlil olunan işdən bəlli olur ki, iddiaçının X50 1972-ci ildə vəfat etdikdən sonra iddiaçı anası və digər bacı və qardaşları ilə birlikdə yay aylarında gəlib həmin evdə yaşamış və miras əmlakın onlara çatan hissəsini (atasından qalan dörddə bir hissəni) faktiki qəbul edərək idarə etmişlər. Lakin, birinci növbəli vərəsə kimi, iddiaçının bacı və qardaşları iddia predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində dəvət edilmələrinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmiş və miras əmlakla bağlı öz iradə ifadələrini bildirməmişlər. Belə olan halda miras açılan zaman, yəni 1964-cü ildə qəbul edilmiş və xx.xx.2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan SSRin Mülki Məcəlləsinin tələblərinə əsasən iddiaçının miras əmlakdan atası X8 çatan dörddə bir hissə payın səkkizdə bir hissəsinin onun tərəfindən qəbul olunması faktı müəyyən edilməlidir. Bundan əlavə MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu baxımdan da, Məhkəmə Kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən əsaslı olduğundan bu həddə təmin edilməlidir. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə iclasında tədqiq olunan sübutları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmaqla, iddia qismən təmin edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq və MPM-in 372, 384, 387, 392, 393-cü maddələrini rəhbər tutaraq Qətetdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(037)-812/2019 nömrəli qətnaməsi İsmayıllı rayonun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin ½ hissəsinin İddiaçı tərəfindən qəbul olunması faktına dair hissədə ləğv edilsin. Həmin hissədə yeni Qətnamə qəbul edilsin. İsmayıllı rayonun Basqal qəsəbəsində yerləşən, miras qalmış 0.023 hektar həyətyanı torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evinin atası X8 məxsus 1/4 hissəsinin 1/8 hissəsinə İddiaçı tərəfindən mirasın qəbul olunması faktı müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar