Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-78/2021 19.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Quluzadə Rahul teyyuf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-450/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxx 2020-ci il tarixli 2(033)-450/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh maddi zərərin əvəzi olaraq 7950 (yeddi min doqquz yüz əlli) manat məbləğində pul vəsaiti və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 7980 (yeddi min doqquz yüz səksən) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissəsi rədd edilməsi qət edilmişdir. İşin hаllаrı : İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh 7950 manat əsas borc, əldən çıxmış faydaya görə 5000 manat, mənəvi zərərə görə 5000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 17930 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Hökm qanuni qüvvəsini almışdır. Hökmə əsasən Cavabdeh ona görə məhkum edilmişdir ki, cavabdeh onun etibarından sui-istifadə edərək özünü “şamançılıqla məşğul olan”, “əllərində sehr və bədənində şər qüvvələri çıxarmaq gücü olan” şəxs kimi təqdim edərək onu “fala baxmaqla”, dualar yazmaqla”, bədənindən şeytani qüvvələri qovmaqla” və sair bu kimi üsullarla onu müalicə etməyi yalandan vəd verməklə ayrı-ayrı vaxtlarda müxtəlif vədlər verməklə ümumilikdə 7950 manat pulunu ələ keçirmişdir. O, cavabdehdən pulunu qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Cavabdeh cinayət məsuliyyətinə cəlb edilsə də, pulları qaytarmaqdan yenə də imtina etmişdir. Eyni zamanda, cavabdehdən vurduğu mənəvi zərərin əvəzi olaraq 5000 manat pul alınıb ona ödənilməlidir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi psixoloji sarsıntı keçirmiş, bu vəziyyət səhhətinə mənfi təsir göstərmişdir. Bundan başqa cavabdehdən əldən çıxmış faydaya görə 5000 manat alınıb ona verilməlidir. Çünki, cavabdeh ona məxsus olan 7950 manat pulu ondan aldığı vaxtdan məhkəmədə hazırki iddia qaldırılan vaxtadək, həmçinin qətnamənin qəbul edilməsi, qvvəyə minməsi, icra olunması xeyli müddət aparacaqdır. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiasını müdafiə edir və hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, hazırda rəsmi heç bir yerdə işləməsə də ixtisasca massajçıdır. 2008-2009-cu illərdə Azərbaycan Akunktur Assosiyasiya “İnam” Tibb Mərkəzində massajçı ixtisası üzrə kurs keçmişdir. Bu barədə xx xxxxxx 2009-cu il tarixdə həmin mərkəz tərəfindən ona verilmiş diplomu vardır. Əvvəllər Zaqatala şəhər bazarı yaxınlığında yerləşən “Siluet studiyası” adlı gözəllik salonunda fərdi massaj xidməti göstərmişdir. Sonralar işdən çıxsa da, massaj işini davam etdirmişdir. O, Zaqatala rayonunun Muxax kənd sakini İddiaçı ilə 2014-cü ilin may ayında, yəni sonuncu onun işlədiyi salona müştəri kimi gəldikdə tanış olmuşdur. O, əvvəllər Baharın anası Şəmsini, sonra isə Baharın özünü massaj etmişdir. 2014-cü ilin may ayından başlayaraq o, Zaqatala şəhəri Nizami küçəsində yerləşən çaylaq ərazidə Bayramxatın adlı qadının evində kirayə yaşamağa başlamış və həmin evdə fərdi masaj xidmətləri göstərmişdir. Sonralar onurğasında duzlaşma xəstəliyindən əziyyət çəkən Bahar da onunla danışıb həmin evə masaj olunmağa gəlməyə başlamışdır. Təxminən 3 il ərzində Bahar yaşadığı həmin evə xəstəliyi ilə bağlı müalicəvi masaj almağa gəlmişdir. Təqribən hər ildə Bahar onun yanında 4-5 dəfə masajda olmuşdur. Ona etdiyi masajın hər “seansı” iki saatdan artıq çəkməmiş, hər belə “seans” üçün Bahar ona 20 manat zəhmət haqqı vermişdir. Baharın onun yanına tez-tez gəlib-getməsi ilə bağlı aralarında şəxsi münasibət yaranmışdır. Aralarında söhbət olanda Bahar ondan heç nəyi gizlətməmiş, həyatında baş verən bütün hadisələri danışıb ondan məsləhətlər almışdır. Bu zaman bilmişdir ki, Bahar evli deyildir və bu yaşda ailə qurmamışdır. Bahar ona deyirdi ki, qismətinə bir kişi çıxıb, onunla ailə qurmaq istəyir. Bahar həmin kişinin yaşlı olduğunu, qaçqın olduğunu və hətta Bərdə rayonunda yaşadığını, adının Zimistan olduğunu demişdir. Sonuncu Balakəndə tikinti işi ilə məşğul olmuş, Baharın deməsinə görə sevgilisi olan həmin şəxslə ailəsindən gizlicə Balakən rayonuna gedib görüşürdü. Bir gün Bahar ona bildirmişdir ki, həmin sevgilisi onu axtarmır. O hətta sevgilisinin yanında qalması üçün falçıların yanında olduğunu, dualar yazdırdığını və ona “cadu” etdiyini də demişdir. Bir gün ona məlum olmuşdur ki, Bahar ondan Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət etmiş və bu ərizəyə rayon polis şöbəsində baxılır. O, Baharla görüşdükdə sonuncu bacısından pullar alıb istədiyi kişiyə verdiyini, həmin kişinin onu atması səbəbindən bacısından aldığı pulları başqasına verdiyini deyə bilmədiyi üçün guya pulları ona verdiyini demişdir. Bahar müalicə üçün masaj edilməsindən ötrü yanına gəlmişdir. O, 2014-cü ilin may ayından 2016-cı ilin fevral ayına kimi olan dövr ərzində müxtəlif vaxtlarda Bahara yalnız fərdi masaj xidməti göstərmişdir. O, cadu, dua yazmaq, eləcə də falçılıqla məşğul olmur. O, belə məqsədlər üçün Bahardan 7980 manat pul almamış, ona qarşı dələduzluq etməmişdir. Əslində o, Bahara at nalı verməmiş, onu yeddi gün ocaqda saxlamaq sonra axan suya atmasını istəməmiş, bu məqsədlə də Bahardan pul almamışdır. O, həmçinin Bahara boynuna taxması üçün ceyran dərisi də verməmişdir. Onun yəhudi ustad cadugar tanışları yoxdur. Üstəlik yəhudi müəllimləri də yoxdur. O, Rusiya Federasiyasının SanktPeterburq şəhərində və eləcə də Oğuz rayonunda heç vaxt olmamışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh müdafiəçisi Şərifov Samir Cuma oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Cavabdeh Nəsibova X2 Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)- 450/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Аpellyаsiyа şikаyətinin dəlilləri : Cavabdeh аpellyаsiyа şikаyətində qeyd etmişdir ki, İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh 7950 manat əsas borc, əldən çıxmış faydaya görə 5000 manat, mənəvi zərərə görə 5000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 17930 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-450/2020 iş nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh maddi zərərin əvəzi olaraq 7950 (yeddi min doqquz yüz əlli) manat məbləğində pul vəsaiti və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 7980 (yeddi min doqquz yüz səksən) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)- 450/2020 iş nömrəli qətnaməsini aşağıda qeyd olunan səbəblərdən qanunsuz və əsassız hesab edirik. Belə ki, iş materiallarından da göründüyü kimi iddianın təmin edilməsi üçün əsas Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı olmuşdur ki, o, da həmin qərardan Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət vermişdir. Hesab edir ki, işə Ali Məhkəmədə baxılıb yekun qərar qəbul edilməyincə hazırki işə baxıla bilməzdi. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onlarm prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Odur ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-450/2020 iş nömrəli qərarını ləğv edərək iddianın rədd edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edirəm. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə kollegiyasının hazırkı iclasına gəlməmişlər və gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni Cavabdeh münаsibətdə düzgün həll etmişdir. Apellyasiya məhkəməsinin araşdırması zamanı müəyyən edilir ki, Cavabdeh ona görə məhkum edilmişdir ki, cavabdeh onun etibarından sui-istifadə edərək özünü “şamançılıqla məşğul olan”, “əllərində sehr və bədənində şər qüvvələri çıxarmaq gücü olan” şəxs kimi təqdim edərək onu “fala baxmaqla”, dualar yazmaqla”, bədənindən şeytani qüvvələri qovmaqla” və sair bu kimi üsullarla onu müalicə etməyi yalandan vəd verməklə ayrı-ayrı vaxtlarda müxtəlif vədlər verməklə ümumilikdə 7950 manat pulunu ələ keçirmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəsini almışdır. İddiaçı ona dəymiş maddi zərəri tələb edir. Cavabdeh isə iddianı qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünə əsasən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 7980 manat məbləğində ziyan vuraraq dələduzluq etmişdir. Sonuncuya vurulmuş maddi ziyanı ayrıca mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun olması onlara izah olunmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında da tədqiq edilmiş sübutlarla Cavabdeh İddiaçı ziyan vuraraq dələduzluq etməsi, bunun nəticəsində İddiaçı 7980 manat maddi zərərin dəyməsi öz təsdiqini tapdığından İddiaçı ona vurulmuş ziyanın ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Cavabdeh cəzasını daimi yaşayış yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin o, cəzanı icra edən orqanda qeydiyyata alındığı gündən hesablanması qərara alınmışdır. Məhkum Nəsibova X2 Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə məhkum Cavabdeh müdafiəçisi Şərifov Samir Cuma oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra məhkum Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından kassasiya şikayəti vermiş. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə məhkum Cavabdeh müdafiəçisi Şərifov Samir Cuma oğlunun kassasiya şikayəti təmin edilməmişdir. Nəticədə hökm qanuni qüvvəsini almışdır. Ona görə də birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş hökmü mülki mübahisəyə baxarkən məhkəmə üçün hadisəninin olub-olmaması və şəxsin aidiyyəti hissəsində məcburi hesab etmişdir. Birinci instansiya məhkəməsi daha sonra iddia tələbinin əldən çıxmış faydaya dair hissəsi üzrə dəyərləndirmə apararaq düzgün qeyd etmişdir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən əldən çıxmış faydanın məbləği iddia ərizəsində qeyd edilsə də, onun tərəfindən bunu sübut edəcək tutarlı əsas gətirilməmiş, cavabdeh tərəfindən ona ziyan vurulması nəticəsində, onun itirdiyi və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin məbləğini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddia tələbi bu hissədə əsaslı deyil, qeyd olunan əsaslarla iddia tələbi bu hissədə təmin edilə bilməz. Birinci instansiya məhkəməsi daha sonra iddia tələbinin mənəvi zərərə dair hissəsi üzrə dəyərləndirmə apararaq düzgün qeyd etmişdir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi xx xxx 2003-cü il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Bütün bunlar məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır, odur ki, iddiaçı mənəvi, psixoloji sarsıntı keçirməsi əsası ilə ona vurulmuş mənəvi ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlı deyildir. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbinin həmin hissədə təmin etməmişdir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Mübahisə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı ona dəymiş zərər nəticəsində əldən çıxmış faydanı kifayətedici aydınlıqla sübut edə bilməmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kolleiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)- 450/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.1-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-450/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-78/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-78/2021
19.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver