Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-782/2025 24.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “inzibati orqanın və onun rəisinin inzibati məsuliyyətə cəlb edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbuldan imtina, qüvvə) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “inzibati orqanın və onun rəisinin inzibati məsuliyyətə cəlb edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, e-2(075)-1205/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Bələdiyyəsinin 2007-ci il 28 fevral tarixli, 15 nömrəli (bənd 1.23) Qərarı ilə ona satılmış Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən 40 (qırx) kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün 2024-cü ilin dekabr ayının 26-da Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə ünvanladığı ********** qeydiyyat nömrəli ərizəsi üzrə icraat prosesində inzibati icraat haqqında qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla, yəni imtina haqqında qərarı qanunla müəyyən edilmiş müddət ərzində qəbul etməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 594.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiklərinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin və onun rəisi X2 inzibati məsuliyyətə cəlb edilmələri barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, e2(075)-1205/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “inzibati orqanın və onun rəisinin inzibati məsuliyyətə cəlb edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi, iddiaçıya göstərilən tələblə müvafiq yuxarı inzibati orqana müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır Həmin qərardaddan iş üzrə İddiaçı şikаyət vermişdir. Şəki Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, e2(075)-1205/2025 saylı qərardadı ilə Şəki Rаyоn Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(075)-1205/2025 saylı qərаrdаdındаn İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Bundan sonra İddiaçı təkrarən Şəki Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, e-2(075)-1205/2025 saylı qərardadından şikayət vermişdir. Lakin iddiaçı birinci instansiya məhkəməsinin göstərdiyi nöqsanları aradan qaldırmamışdır. Şəki Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, e2(075)-1205/2025 saylı qərardadı ilə Şəki Rаyоn Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(075)-1205/2025 saylı qərаrdаdındаn İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 23 may 2025-ci il tarixli, 2(107)-650/2025 saylı qərardadı ilə, Şəki Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, e-2(075)-1205/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, e2(075)- 1205/2025 saylı qərardadı ilə, Şəki Rаyоn Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(075)- 1205/2025 saylı qərаrdаdındаn İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. 17 iyun 2025-ci il tarixində iddiaçı məhkəməsinin göstərdiyi nöqsanları aradan qaldıraraq yenidən şikayət vermiş və Şəki Rаyоn Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(075)-1205/2025 saylı qərardadı ilə, şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Bələdiyyəsinin 2007-ci il 28 fevral tarixli, 15 nömrəli (bənd 1.23) Qərarı ilə Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən 40 (qırx) kv.metr torpaq sahəsi ona satılmışdır. Torpaq sahəsinin ayrılması, satılması prosesi həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə və o dövr üçün xarakterik olan inzibati praktikaya uyğun şəkildə həyata keçirilmişdir. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün 2024-cü ilin dekabr ayının 26-da Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə rəsmi müraciət etmiş və ərizəsi ********** nömrə ilə qeydiyyata alınmışdır. Bu fakta dair verilmiş təsdiqetmə bildirişində ərizə üzrə icraatın 2025-ci ilin yanvar ayının 21də yekunlaşacağına dair qeyd təsbit edilmişdir. DƏDRX Şəki Ərazi İdarəsi 2025-ci ilin yanvar ayının 30-da ona ərizəsinin icrasından imtina edildiyinə dair 2025-ci il 22 yanvar tarixli 3-21-3-39/2-281/2025 nömrəli bildiriş təqdim etmişdir. İmtinanın əsası kimi bildirişdə göstərilmiş hallarla razı olmadığını, həmin halların imtina üçün hüquqi əsas yaratmadığını, yəni hüquqların dövlət qeydiyyatından imtina üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində göstərilmiş əsaslarla uzlaşmadığını sözügedən inzibati orqanın rəhbərliyinin diqqətinə çatdıraraq imtina haqqında qərarla (inzibati aktla) tanış olmağına və surətini almağına şərait yaratmaqlarını xahiş etmişdir. Dəfələrlə etdiyi cəhdlərə, hətta yazılı müraciətinə baxmayaraq inzibati orqan, onun adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, – sözügedən idarənin rəisi X3 inzibati icraat haqqında qanunvericiliyi pozaraq bu günədək hüquqlarının dövlət qeydiyyatından imtina haqqında qərar verməmiş, imtina edildiyinə dair bildiriş göndərməklə inzibati icraatı yekunlaşdırmışdır. Hesab edir ki, inzibati orqanın, onun rəhbərinin bu əməli hüquqa ziddir, özündə inzibati xəta tərkibinin bütün əlamətlərini ehtiva edir və inzibati məsuliyyətə səbəbiyyət verir qərardaddan, o cümlədən bu şikayətinin 6-cı bəndindən göründüyü kimi, məhkəmənin öz mövqeyini əsaslandırmaq üçün istinad etdiyi dəlilləri, yəni “İnzibati icraat haqqında” Qanun və onun 71.1, 71.2, 80.1-80.1.4- cü maddələri hazırkı işin hallarına uyğun deyil. Belə ki, yuxarıda qeyd etdiyim kimi, sözügedən Qanun və onun məhkəmə tərəfindən istinad edilmiş maddələri inzibati xətalara dair işlər üzrə hər hansı prosedur qaydaları, aidiyyət məsələsinə dair nizamlayıcı prinsipləri özündə ehtiva etmir. Bir sözlə, məhkəmənin öz mövqeyini təsdiq edən dəlil kimi rəhbər tutaraq istinad etdiyi hüquq normaları onun gəldiyi yekun nəticəni əsaslandırmaq üçün yararsızdır Hesab edirəm ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün əhəmiyyəti olan aşağıdakı faktiki halları aydınlaşdırmamışdır: - müraciətimin inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliyin pozulmasına dair olduğunu; - inzibati icraat haqqında qanunvericliyin pozulmasının inzibati xəta olduğunu; - inzibati xətalara dair işlər üzrə hüquqi tənzimləmə prosesinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun təsir dairəsində olmadığını; - müraciətimdə göstərdiyi inzibati xətaya dair işlərə baxmaq səlahiyyətinin qanunla şəhər (rayon) məhkəmələrinə aid edildiyini. Hazırkı tələblə müvafiq yuxarı inzibati orqana müraciət etməli olduğumu əsas gətirərək ərizəsinin icraata qəbulundan imtina edən birinci instansiya məhkəməsi, müəyyən edilmiş hesab etdiyi bu mövqeyini sübut etməmişdir. Bu şikayətimin 7.2-ci bəndində qeyd etdiyi kimi, məhkəmənin öz mövqeyini təsdiq edən dəlil kimi rəhbər tutaraq istinad etdiyi hüquq normalarının hazırkı işlə heç bir əlaqəsi yoxdur və həmin normalar məhkəmənin gəldiyi yekun nəticəni əsaslandırmaq üçün yararsızdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, e-2(075)- 1205/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarının ərizənin icraata qəbulundan imtina barədə MPMnin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun müvafiq bəndlərinə uyğun olaraq, iddia tələbində göstərilmiş səlahiyyət müvafiq yuxarı inzibati orqana aid edilmiş hesab edilməlidir. Əlavə olaraq qeyd etmişdir ki, belə olan halda məhkəmə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etməli və iddiaçıya göstərilən tələblə müvafiq yuxarı inzibati orqana müraciət etmək hüququnun izah edilməsi barədə qərardad qəbul edilməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “İnzibati və mülki münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyatına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 1-4-cü bəndlərində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Həmin Qanunun 80.1-ci maddəsinə əsasən inzibati şikayətə baxdıqdan sonra şikayət instansiyası: 80.1.1. inzibati aktı dəyişdirmədən, inzibati şikayəti isə təmin etmədən saxlayır və ya; 80.1.2. inzibati aktı tamamilə və ya qismən ləğv edir və işdə olan və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni inzibati akt qəbul edir və ya; 80.1.3. inzibati aktı dəyişdirir; 80.1.4. inzibati şikayət bu Qanunun 71.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən verilibsə, həmin şikayət üzrə aparılmış araşdırmanın nəticəsinə dair qərar qəbul edir. Göründüyü kimi publik hakimiyyət daşıyıcıları olan-Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətlər inzibati icraat haqqında qanunla tənzimlənir. İnzibati icraat haqqında qanunvericilikdə isə inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsi qaydası yuxarıda sadalanan normalarda öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, İddiaçı hazırkı iddiası inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin hərəkət və ya hərəkətsizliyindən olduğundan iddia tələbinə inzibati icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin icraata qəbul ediməsindən imtina olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Şikayətin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız sayılmışdır. Beləliklə şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 191, 261, 263-264, 397-398, 402, 404 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, e-2(075)-1205/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-782/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-782/2025
24.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver