Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-786/2020 12.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - X1; İddiaçı - İddiaçı iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1127/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1127/2019 saylı qətnaməsi ilə (hakim Tural Həsənov) İddiaçı Cavabdeh Cuma oğluna qarşı 5000 manat pulun geri qaytarılması tələbinə dair tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ondan mənimsədiyi məbləğin geri qaytarılmasının təmin edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh Cuma oğlu tərəfindən ona dəymiş 5000 manat məbləğin ona geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2007-ci ildə o, ərizə ilə Zaqatala rayon Mamrux kənd bələdiyyəsinə müraciət edərək sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi istəmişdir. xx.xx.2007-ci ildə iclasdan çıxarış və torpağın alqı-satqı Aktı tərtib olunmuşdur. xx.xx.2007-ci idə bələdiyyə sədri Bakıya gələrək 1350 manat ödənilməli olduğunu bildirmiş və pulu götürdükdən sonra ona sənədləri hazırlayacağını bildirmişdir. Lakin uzun müddət yoxa çıxmış və nəhayət 1 ildən sonra gələrək Torpaq Komitəsindən 500 manat istədiklərini bildirmişdir. O, bu məbləği ona verdikdən sonra bu məsələ bununla bitirmi deyə sual vermişdir. Cavabdeh, bununla bütün işlər həll olunur demişdir. O, bir neçə dəfə cavabdehə zəng etdikdən sonra nəhayət o, Bakıya gəlmiş və ondan 1500 manat istəmişdir. O, pul verməkdən imtina edəndə, cavabdeh bu pulu Torpaq Komitəsində ondan istədiklərini və üstündə olmadığını bildirmiş və rayona çatan kimi qaytaracağını bildirmişdir. O, cavabdehə bir neçə dəfə zəng etmiş, o, isə telefonu açmamışdır. Nəhayət həmin kəndə gəlməli olmuşdur. O, cavabdehin evinə bir neçə dəfə gedib-gəldikdən sonra cavabdeh ona sənədləri hazırlaycağını bildirmişdir. Sənədləri götürəndə qəbzdə ödənişin 800 manat olduğunu görmüşdür. Sənədləri aldığına görə bir az rahat olmuşdur. 2007-ci ildən 2017-ci ilə qədər hər il bir dəfə gələrək ondan torpaq vergisi adı ilə 100 manat alıb getmişdir. 2017-ci ildə artıq Mamrux bələdiyyəsi ləğv olunanda və Gözbarax bələdiyyəsi yarananda o, gələrək 2018-ci ilin vergisini ödəmək istəmiş, ona əvvəlki illərin vergisinin ödənilmədiyini demişlər. O, artıq tam bilmişdir ki, bu adam düz adam deyil.Gözbarax bələdiyyəsi ona 10 illik ödənişin 23 manat olduğunu deyəndə artıq hər şey bəlli idi. O, tez bir zamanda sənədləri Dövlət reyestr Xidmətinə verərək sənədləşdirməyi qərara almışdır. Həmin orqana müraciət etmişdir. 15 gündən sonra o, qeydiyyat şöbəsindən sənədini almaq üçün gedəndə ona imtina məktubu təqdim etmişlər. 10-15 dəfə get-gəldən sonra o, Məhərrəmi tapa bilmiş və sxemi istəmiş, cavabdeh ona müxtəlif bəhanələr gətirmişdir. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq da göstərdi ki, hazırda onun cavabdehə ödədiyi 5000 manat pul ona qaytarılmalıdır. Bu məbləğin də cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Ona görə də, iddia qaldırmaq məcburiyyətində olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh Cuma oğlunun nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı Əlibəyov X2 rayonu Mamrux bələdiyyəsinə xx xxxx 2007-ci il tarixdə torpaq sahəsi almaq üçün müraciət etmişdir. Həmin dövrdə bələdiyyənin sədri Cavabdeh Cuma oğlu olmuşdur. İddiaçı torpaq sahəsini almaq üçün xx xxxx 2007-ci il tarixli qəbzlə bələdiyyənin hesabına 800 manat pul ödəmişdir. İddiaçı şəxsən cavabdehə hər hansı məbləğdə pul verməmişdir. Cavabdeh də iddiaçıdan hər hansı məqsədlə pul məbləği almamışdır. İddiaçının da cavabdehə qeyd etdiyi 5000 manatın verməsinə dair sübutu yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun tələbi, aldanmağına səbəb olmuş şəxsin əməlinin araşdırmaqla bu əməlinə hüquqi qiymət verilməsi və haqqında Cinayət Məcəlləsinin 178.2.4.-cu maddəsi ilə cinayət işinin açılması, dəymiş maddi ziyanın qaytarılması olmuşdur. Məhkəmə keçmiş bələdiyyə sədri tərəfindən ona satılmış torpağın sənədlərini əsas kimi götürərək işə mahiyyəti üzrə baxmadan dələduzluq maddəsinə heç bir rəy bildirmir. Halbuki, iddianın əsas predmeti odur və dəymiş ziyanın ödənilməsi məhkəmənin qətnaməsində nəticə olaraq özünü göstərməlidir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1127/2019 saylı qətnaməsinin ləğv edilməsini və buraxılmış pozuntuları araşdıraraq yenidən baxılmasını təmin edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1127/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1127/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmadır. Belə ki, İddiaçı iddia tələbindən də göründüyü kimi, cavabdehdən ödəmiş olduğu pul vəsaitini tələb edir. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsaəsn varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İş materiallarından görünür ki, İddiaçı bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin alqı-satqısı zamanı Zaqatala rayonu Mamrıx bələdiyyəsinin sədri olmuş Cavabdeh Cuma oğluna müxtəlif zaman kəsiyində bir neçə dəfə olmaqla 5000 manat verdiyini və bələdiyyədən almış olduğu torpaq sahəsinin dəyərinin isə 800 manat olduğunu, cavabdehin ondan əlavə aldığı pulu geri qaytarmadığını bildirmiş, cavabdehin nümayəndəsi və vəkili isə birinci instansiya məhkəməsinin iclasında Cavabdeh Cuma oğlunun İddiaçı 5000 manat almadığını, iddiaçının torpaq sahəsini almaq üçün xx xxxx 2007-ci il tarixli qəbzlə bələdiyyənin hesabına 800 manat pul ödədiyini etiraf etmişdir. Belə olan halda, iddiaçının cavabdehə torpağın alınmasına 800 deyil, 5000 manat verdiyini sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə cavabdehə 5000 manat pul verməsini təsdiq edən sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin qeyd olunan hallarına lazımi diqqət yetirmiş və hazırkı mübahisə üzrə gəldiyi nəticəni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun şəkildə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsində göstərilən dəlillər iddia tələbinin təmin olunması üçün əsas vermir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, tədqiq edilmiş sübutlarla İddiaçı iddia etdiyi “torpaq alqı-satqısı zamanı 5000 manat pulun cavabdeh tərəfindən alınaraq ona qaytarılmaması öz təsdiqini tapmadığından İddiaçı 5000 manat pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlı deyildir. Yuxarıda da qeyd edildiyi kimi, İddiaçı həqiqətən cavabdeh tərəfindən ondan hər hansı məbləğdə pul alınmasını sübut edə bilməmiş, həmçinin iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarı). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən isə məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Göründüyü kimi, qаnunverici məhkəmənin üzərinə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırıb, onlаrdаn istifаdə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirаzlаrının əsаsı kimi istinаd etdikləri hаllаrı məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Beləliklə, hazırkı mübahisədə iddiaçının hüquqlarının pozulmuş olduğu müəyyən edilməmişdir. Buna görə, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələblərini əsassız olduğu üçün təmin etməmişdir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apelyasiya qaydasında işə baxılarkən iddiaçı, məhkəmə kollegiyasına heç bir əsaslı sübut növü təqdim etməmiş və apelyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətininin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbinin onun aldanmağına səbəb olmuş şəxsin əməlinin araşdırmaqla onun bu əməlinə hüquqi qiymət verilməməsi və cavabdeh haqqında Cinayət Məcəlləsinin 178.2.4.-cu maddəsi ilə cinayət işinin başlanmaması barədə dəlili ilə əlaqədar qeyd edir ki, əvvala həmin məsələyə mülki icraat qaydasında baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır, ikincisi isə iddiaçı cavabdeh tərəfindən aldadılması barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əəsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1127/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmadır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-1127/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(107)-786/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-786/2020
12.05.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver