Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-791/2025 18.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “dəymiş maddi və mənəvi ziyana görə pul ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə yükü) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “dəymiş maddi və mənəvi ziyana görə pul ödənilməsi” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 2(035)-4/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək vurulmuş maddi ziyana görə 24287 manat, mənəvi ziyana görə 15000 manat,mütəxəssiz rəyinin verilməsinə görə "xxxx" MMC-yə ödədiyi 500 manat,məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün vəkilə ödədiyi 500 manat və dövlət rüsumuna görə ödədiyi 211 manat, cəmi 40498 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi onun icarəsində olan 40 hektar torpaq sahəsinə 300 başdan artıq mal-qaranı gətirərək sahəsində olan saman otunu mal-qaraya otatdıraraq ona ciddi maddi ziyan vurmuşdular. O mal-qaranı icarə torpaq sahəsindən çıxaran zaman cavabdehlər ona qarşı fiziki zorakılıq göstərmişlər. Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehlərin torpaq sahəsinə girişinə qadağa qoyulsada, lakin cavabdehlər qərardada əhəmiyyət verməyərək qərardadın tələblərini pozmuşlar. Cavabdehlərin qanunsuz əməlləri nəticəsində 4-5 min ədəd ot kipindən məhrum olmuş və bunun nəticəsindədə ona maddi ziyan dəymişdir. Əlavə olaraq qeyd edir ki,cavabdehlərin ona qarşı hərəkətləri nəticəsində əsəb gərginliyi və sarsıntı keçirməklə normal yaşayış tərzi pozulmuşdur. Ailə üzvləri ilə birlikdə 3 ildir ki mənəvi gərginlikdə yaşamaq məcburiyyətində qalmışdır. Bütün bu mənəvi sarsıntıların nəticəsində sağlamlığına ciddi ziyan vurulmuş və nəticədə açıq ürək əməliyyatı keçirmişdir. Ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı cavabdehlərə müraciət etməsinə baxmayaraq cavabdehlər bu günə kimi vurduqları ziyanlığın dəyərini ödəməmişlər. Buna əsasən hazır ki,iddia ilə məhkəməyə müraciət edərək iddiasının təmin olunmasını xahiş etmişdir. 3.Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişlər ki, İddiaçı maddi və mənəvi ziyana görə pul tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki,iddiaçının iddia ərizəsində göstərdikləri böhtandır. İddiaçının məqsədi ondan əsaslı şəkildə etdikləri şikayətləri geri götürməyə nail olmaqdır ki, o da cinayət əməllərini davam etdirsin. Belə ki,İddiaçı Zərdab rayonunun Çallı kəndində Bələdiyyəyə məxsus ümumi istifadədə olan örüş sahəsində qanunsuz əkin işləri apardığı üçün müvafiq orqanlara şikayətlər etmişlər. Onların şikayət ərizələri əsasında ərazidə aparılan yoxlama zamanı məlum olmuşdur ki, iddiaçı Zərdab rayonu Çallı Bələdiyyəsinə məxsus örüş torpaqlarında heç bir qanuni sənəd olmadan əkin işləri aparmışdır. Buna dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi Şöbəsinin əməkdaşları,Çallı Bələdiyyəsinin imzası ilə 08 sentyabr 2023-cü il tarixdə və 23 sentyabr 2023-cü il tarixdə Akt tərtib edərək baxılması üçün aidiyyatı üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərmişlər. Bələdiyyəyə məxsus örüş torpaq sahəsində qanunsuz əkin işləri apardığı üçün İddiaçı barəsində CM-nin 188.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. İddiaçı bu cinayət əməlləri barədə müvafiq orqanlara şikayət ərizələri yazıb məlumat verdikləri üçün iddiaçı onlarla qərəzli yanaşır. Bu səbəbdəndir ki,İddiaçı onlara qarşı əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın rədd olunmasın xahiş edirlər.
Birinci instansiya məhkəməsində icraat
4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun ifadə verərək bildirmişdir ki, cavabdehlər xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi onun icarəsində olan 40 hektar torpaq sahəsinə 300 başdan artıq mal-qaranı gətirərək sahəsində olan saman otunu mal-qaraya otatdıraraq ona ciddi maddi ziyan vurmuşlar. O, mal-qaranı icarə torpaq sahəsindən cıxaran zaman cavabdehlər ona qarşı fiziki zorakılıq göstərmişlər. Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehlərin torpaq sahəsinə girişinə qadağa qoyulsada, lakin cavabdehlər qərardada əhəmiyyət verməyərək qərardadın tələblərini pozmuşlar. Cavabdehlərin qanunsuz əməlləri nəticəsində 4-5 min ədəd ot kipindən məhrum olmuş və bunun nəticəsindədə ona maddi ziyan dəymişdir. Əlavə olaraq qeyd edir ki,cavabdehlərin ona qarşı hərəkətləri nəticəsində əsəb gərginliyi və sarsıntı keçirməklə normal yaşayış tərzi pozulmuşdur. Ailə üzvləri ilə birlikdə 3 ildir ki mənəvi gərginlikdə yaşamaq məcburiyyətində qalmışdır. Bütün bu mənəvi sarsıntıların nəticəsində sağlamlığına ziddi ziyan vurulmuş və nəticədə açıq ürək əməliyyatı keçirmişdir. Ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı cavabdehlərə müraciət etməsinə baxmayaraq cavabdehlər bu günə kimi vurduqları ziyanlığın dəyərini ödəməmişlər. Buna əsasən hazır ki, iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddiasının təmin olunmasını xahiş edir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddiaçının izahatına uyğun ifadə verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəməyə ünvandıqları etiraz ərizəsinə uyğun ifadə verərək bildirmişlər ki, İddiaçı maddi və mənəvi ziyana görə pul tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki,iddiaçının iddia ərizəsində göstərdikləri böhtandır. İddiaçının məqsədi ondan əsaslı şəkildə etdikləri şikayətləri geri götürməyə nail olmaqdır ki, o da cinayət əməllərini davam etdirsin. Belə ki,İddiaçı Zərdab rayonunun Çallı kəndində Bələdiyyəyə məxsus ümumi istifadədə olan örüş sahəsində qanunsuz əkin işləri apardığı üçün müvafiq orqanlara şikayətlər etmişlər. Onların şikayət ərizələri əsasında ərazidə aparılan yoxlama zamanı məlum olmuşdur ki, iddiaçı Zərdab rayonu Çallı Bələdiyyəsinə məxsus örüş torpaqlarında heç bir qanuni sənəd olmadan əkin işləri aparmışdır. Buna dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi Şöbəsinin əməkdaşları,Çallı Bələdiyyəsinin imzası ilə 08 sentyabr 2023-cü il tarixdə və 23 sentyabr 2023-cü il tarixdə Akt tərtib edərək baxılması üçün aidiyyatı üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərmişlər. Bələdiyyəyə məxsus örüş torpaq sahəsində qanunsuz əkin işləri apardığı üçün İddiaçı barəsində CM-nin 188.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. İddiaçı bu cinayət əməlləri barədə müvafiq orqanlara şikayət ərizələri yazıb məlumat verdikləri üçün iddiaçı onlara qərəzli yanaşır. Eyni zamanda qeyd etmişlər ki, iddiaçının iddia ərizəsində göstərdiyi torpaq sahəsi faktiki müqavilə əsasında istifadə etdiyi torpaq sahəsi ilə eynilik təşkil etmir. İddiaçının icarəsində olan torpaq sahəsində heç zaman mal-qaralarını otarmamışlar. Mal-qaralarını yalnız kəndin örüş sahələrində otarırlar. İddiaçı məhkəmədə səhv fikir formalaşdırmaq istəyir. Buna əsasən idianın rədd olunmasını xahiş edirlər. 7.Zərdab Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 2(035)-4/2025 nömrəli qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “maddi və mənəvi ziyana görə pul tələbi” nə dair iddiasının rədd olunması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid olunması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən İddiaçı tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. İddiaçının iddiasının əsasını icarə müqaviləsi əsasında istifadəsində olan 50 ha torpaq sahəsi üzərində icarə hüquqlarını həyata keçirə bilməməsi təşkil edir. Məhkəmə iddiaya hissə-hissə qiymət verərək ilk öncə bildirir ki,məhkəmə iş üzrə obyektiv və hüquqi əsaslı qərar qəbul etmək üçün mütəxəssiz rəyi və ekspert rəyi əldə etmişdir. Sözü gedən rəylərdə Zərdab rayonu Çallı bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə icarəsinə verilmiş 50.0 ha torpaq sahəsi ilə bağlı bələdiyyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən tərtib və təsdiq olunmuş kordinatlar əks olunan yerqurluşu planı mövcud olmadığı üçün məhkəmənin xx.xx.2024- cü il tarixli Qərardadında göstərilən suallara cavab vermək mümkünsüz olmuşdur. Eyni zamanda məhkəmə iddiaçının təqdim etdiyi və "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə münasibətdə isə bildirir ki, həmin rəy mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tədbiqi məqsədilə, 2023-cü il 30 dekabr tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Qiymətləndiricilər Palatası yaradılmış və fəaliyyətə başlamışdır. Müvafiq prosedur qaydalarından keçmiş qiymətləndiricilər Azərbaycan Qiymətləndiricilər Palatasının rəsmi saytı olan aqp.az saytında yaradılmış reyestrə əlavə olunur. Hazır ki, işdə sübut kimi təqdim olunmuş və "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi ilə bağlı məhkəmə bildirilir ki, "xxxx" MMC barədə məlumatlar aqp.az saytında yaradılmış reyestrə əlavə olunmamışdır. Eyni zamanda "xxxx" MMC və ya iddiaçı tərəfindən palatanın şəhadətnaməsini və ixtisasını təsdiqləyən sənədlər məhkəməyə təqdim olunmamışdır. Buna əsasən məhkəmə "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyini etibarsız hesab edir. 9.Məhkəmə iddiaçının iddia ərizəsində göstərdiyi hallarla "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi arasında olan ziddiyətləridə müəyyən edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində və məhkəmədə verdiyi izahatında dəymiş maddi ziyanı 4- 5 min ot kipindən məhrum olması ilə əsaslandırsada, lakin qiymətləndirmə rəyi ot kipi əsasında deyil arpa və pambıq məhsulundan əldə olunan gəlir və subsidiyalar əsasında hesablanmışdı. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş ekspert rəyində isə iddiaçının naturada göstərdiyi,faktiki istifadə etdiyini bildirdiyi müvafiq olaraq 31.8 ha torpaq sahəsinin və 19.45 ha torpaq sahələrinin kordinatları götürülmüş və baxış zamanı iddiaçının naturada göstərdiyi kənd təsərrüfatı təyinatlı,örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid 31.8 ha torpaq sahəsinin 4.83 ha hissəsində şumlanma işləri aparıldığı mütəxəssiz tərəfindən müəyyən olunmuşdur. Məhkəmə iddiaçının maddi ziyanla bağlı tələbinə ümumilikdə qiymət verərək bildirmişdir ki, iddia əsassızdır. İddiaçının icarə müqaviləsi əsasında istifadəsində olan torpaq sahəsinin faktiki istifadəsində olan torpaq sahəsi ilə eynilik təşkil edib etməməsi faktı müəyyən olunmadığından, qiymətləndirmə rəyinin etibarsız olması, iddia tələbi ilə qiymətləndirmə rəyi arasında ziddiyətlərin olması, eyni zamanda ekspert rəyində iddiaçının naturada göstərdiyi torpaq sahəsindən yalnız 4.83 ha hissəsinin istifadə olunması (şumlanması) və dəymiş maddi ziyanla bağlı əsaslı digər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddia maddi ziyan hissəsində rədd olunmalıdır.
10. İddiaçının 15000 manat mənəvi ziyana görə pul tələbinə dair iddiasına münasibətdə isə məhkəmə bildirmişdir ki, iddiaçı öz iddiasının əsasına dair həmin zərərin nədə ifadə olunduğu barədə məhkəməyə hər hansı bir mötəbər sübutları təqdim etməmişdir. Halbuki, həmin halları sübut etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən məhz iddiaçının üzərinə düşür. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, cavabdehlərin əməllərində mülki hüquq pozuntuları, deliktlər aşkar edilmədiyindən, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi ilə bağlı səbəbli-əlaqə də aşkar edilməmişdir.
11. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. 12.Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. 13.İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən İddiaçı tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 46-cı maddəsinin 1-ci, 46-cı maddəsinin 2-ci, 60-cı maddəsinin 1-ci hissəsinə, 71-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 23.4, 1096.1, 1097.1, 1115-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002- ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11,2008-ci il qərarının 1-ci maddəsinə, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona və 23 nəfər ailə üzvünü birləşdirən 6 ailəyə məxsus təsərrüfatına ciddi maddi və mənəvi ziyan vurulmuşdur. Onun dövlət qeydiyyatı 7/06 saylı Şəhadətnaməsi olan ailə fermer təsərrüfatı vardır. Bu təsərrüfatı çirkin yollarla ələ keçirməyə çalışan, bu yolda heç nədən çəkinməyən, bəzi “orqanları” öz istifadə alətinə çevirən və “cinayətkar dəstə” təşkil edən qüvvələr vardır. Zərdab Rayon Məhkəməsi mötəbər sübutlara – faktlara, sənədlərə, video çəkilişlərə deyil, yalan, əsası olmayan heç bir fakta söykənməyən yollarla başqalarının “sifarişi” ilə cavabdehləri “müdafiə” etməkdədir. Məhkəməyə təqdim etdiyi iddia ərizəsindəki faktlar təhrif edilir, sənədlərə istinad edilmir. Halbuki, Məhkəməyə 3 çəkiliş video disk təqdim etdiyi halda məhkəmə baxışında nümayiş etdirilməmiş, qətnamədə belə adı çəkilməməkdədir. Halbuki, video çəkilişlərdə cavabdehlərin əməllər aydın görünməkdədir.
17. Qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericilik bütün hallarda prosesin çəkişmə prinsipini təmin etmək vəzifəsini hakimin üzərinə qoymuşdur. Bu ilk növbədə hakimin öz qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandırması ilə şərtləndirilmişdir. Birinci instansiya məhkəməsi təqdim etdiyi mötəbər sübutlara baxmamış və araşdırma da aparmamışdır. Zərdab Rayon Məhkəməsi Şəki İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2- 1(116)-4/2024 saylı qərarını (hakim Vüqar Musayev) və Şəki Apellyasiya Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(107)-45/2025 saylı qərarları ona sərf etmədiyi üçün oxumamışdır. Əgər oxumuş olsaydı icarəsinə verilmiş 25 dekabr 2007-ci il tarixli müqavilənin ləğv olunmuş Rayon Torpaq Şöbəsinə istinad etməzdi. Halbuki ekspertiza hakimin iştirakı ilə həmin torpaq sahəsinin icarəsində olmasını ona əyani göstərdi. Əgər onun icarə hüququ yoxdursa, nə üçün Bələdiyyə ondan icarə haqqı alıb? Bu torpaq sahəsi onun icarəsində deyilsə, nə üçün Zərdab Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qərarı verib? Hakim fakta və sənədlərə əsaslanmayan koordinatlar əks olunan yerquruluşu planı mövcud olmadığını əsas gətirir. Əgər yoxdursa bələdiyyə tərəfindən 08 iyul 2021-ci il tarixli elektron çıxarış onlara təqdim olunub. Əgər yoxdursa birinci instansiya məhkəməsi hansı əsasla 29 dekabr 2024-cü il tarixli qərarını verib? Ən maraqlı hal hakimin "xxxx" MMC şirkəti tərəfindən verilmiş rəyə olan əsassız münasibətidir. Hakim bilərəkdən rəyin verilmə tarixindən söhbət açmır. Səbəb kimi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi məqsədini əsas göstərir. Yəni 2023-cü il 30 dekabr tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Qiymətləndiricilər Palatası yaradılmış və fəaliyyətə başlamışdır. Müvafiq prosedur qaydalarından keçmiş qiymətləndiricilər Azərbaycan Qiymətləndiricilər Palatasının rəsmi saytı olan www.aqp.az saytında yaradılmış reyestrə əlavə olunur. Hazırkı işdə sübut kimi təqdim olunmuş və "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi ilə bağlı məhkəmə bildirir ki, "xxxx" MMC ilə bağlı məlumatlar www.aqp.az saytında yaradılmış reyestrə əlavə olunmamışdır. Palata 27 yanvar 2025-ci il tarixdən fəaliyyətə başlayıb. "xxxx" MMC rəyi 06 mart 2024-cü il tarixli, 14 saylı qərarla verib. Yəni Zərdab Rayon Məhkəməsinin bu barədə dediklərinin heç bir əsası yoxdur. Azərbaycan Qiymətləndiricilər Palatasına üzvlük may 2025-ci il tarixdən başlayıb. Bununla əlaqədar aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Qiymətləndiricilər Palatasına rəsmi müraciət ünvanlamışdır. Həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsas sənəd hesab edilməlidir. Müqavilə Bələdiyyə ilə “Əkinçiliyin inkişaf etdirilməsi” məqsədilə bağlanıb. Həmin torpaq sahəsinin icarəsində olması barədə 7 məhkəmə qərarı və 3 ekspertiza rəyi var. Bu qərarların 2-ni möhtərəm hakim İlqam Həsənquliyev özü verib. İndi nə oldu ki, “şumlamadan” danışır? Birinci instansiya məhkəməsinin hakimi əgər ona təqdim etdiyi videonu izləsəydi, həmin ərazidə işləyən texnikanı görə bilərdi. Ot kipi ilə əlaqədar rəyin verilməməsinə gəlincə əraziyə baxış 5 aydan sonra keçirilmişdir. O vaxt ərazidə ot qalmamışdır. Yalnız təsərrüfat işlərinə törədilən maneələr və əkin gəlirləri sənədlər əsasında müəyyənləşir. Əkinin qiymətləndirilməsi Zərdab Rayon Statistika İdarəsinin 04 mart 2024-cü il tarixli, 3-34-86/2-35/2024 saylı məktubu əsasında qiymətləndirilib.
18. Odur ki, Zərdab Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 2(035)-4/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətinin təmin edilməsi, Zərdab Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 2(035)-4/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 21.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 2(035)-4/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanlmasını xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 2(035)-4/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 2(035)-4/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. 24.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətinə etirazını bildirirək, apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 2(035)-4/2025 nömrəli qətnaməsinin qanuni və əsaslı olduğunu bildirmişdir. Odur ki, mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanlmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
28. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülməlidir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqların müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan mərhum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Apellyator Zərdab Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 2(035)-4/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
34. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də iddiaçı cavabdehin onun əmlakına ziyan vurması səbəbli cavabdehin onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyətinin yarandığı qənaətinə gəlmişdir. 35.Hazırkı iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə həmin normaları tətbiq etmiş, apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşır.
36. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Zərdab rayonu Çallı bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən 50.0 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. İddiaçı cavabdehlər tərəfindən icarəsində olan 40 hektar torpaq sahəsinə 300 başdan artıq mal-qaranı gətirərək sahəsində olan saman otunu mal-qaraya otatdıraraq ona ciddi maddi ziyan vurmalarını, cavabdehlərin qanunsuz əməlləri nəticəsində 4-5 min ədəd ot kipindən məhrum olmasını və bunun nəticəsində ona 24287 manat məbləğində maddi ziyan dəyməsini, əlavə olaraq cavabdehlərin ona qarşı hərəkətləri nəticəsində əsəb gərginliyi və sarsıntı keçirməklə normal yaşayış tərzinin pozulmasını, ailə üzvləri ilə birlikdə 3 ildir ki mənəvi gərginlikdə yaşamaq məcburiyyətində qalmasını, bütün bu mənəvi sarsıntıların nəticəsində sağlamlığına ciddi ziyan vurulmasını, nəticədə açıq ürək əməliyyatı keçirməsini əsas gətirərək, cavabdehlərdən vurulmuş maddi ziyanın əvəzi olaraq 24287 manat, mənəvi ziyana görə 15000 manat, mütəxəssiz rəyinin verilməsinə görə "xxxx" MMC-yə ödədiyi 500 manat, məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün vəkilə ödədiyi 500 manat və dövlət rüsumuna görə ödədiyi 211 manat, cəmi 40498 manat məbləğində pulun alınaraq ona ödənilməsini tələb etmişdir. Lakin cavabdehlər isə iddia tələbinin əsassız olduğunu bildirərək iddianı qəbul etməmişlər.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
38. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin ona və 23 nəfər ailə üzvünü birləşdirən 6 ailəyə məxsus təsərrüfatına ciddi maddi və mənəvi ziyan vurulması, birinci instansiya məhkəməsi tərəfindən mötəbər sübutlara–faktlara, sənədlərə, video çəkilişlərə deyil, yalan, əsası olmayan heç bir fakta söykənməyən yollarla başqalarının “sifarişi” ilə cavabdehləri “müdafiə” etməsi, məhkəməyə 3 çəkiliş video disk təqdim etdiyi halda məhkəmə baxışında nümayiş etdirilməməsi, halbuki, video çəkilişlərdə cavabdehlərin əməllərinin aydın görünməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə birinci instansiya məhkəməsinin 14 mart 2024-cü il tarixli və 10 iyul 2024-cü il tarixli qərardadları ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
39. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/8915 nömrəli ekspert rəyindən görünür ki, Zərdab rayonu Çallı bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə icarəsinə verilmiş 50.0 ha torpaq sahəsi ilə bağlı bələdiyyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən tərtib və təsdiq olunmuş kordinatlar əks olunan yerqurluşu planı mövcud olmadığı üçün məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadında göstərilən suallara cavab vermək mümkünsüz olmuşdur.
40. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsinə dair qərardadların icrası üzrə verilmiş xx.xx.2024-cü il tarixli 10/8915 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 41.Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi vacib hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərin ona maddi ziyan vurmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. 42.İş materiallarına əlavə edilmiş disklərə yüklənmiş videolara baxış keçirilərkən məhz iddiaçının icarəsində olan torpaq sahəsinə cavabdehlər tərəfindən mal-qaranın buraxılması və iddiaçıya ziyan vurmalarını əks etdirən hər hansı mötəbər sübut aşkar olunmamışdır.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinin sübut kimi qəbul edilməməsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsində və məhkəmədə verdiyi izahatında dəymiş maddi ziyanı 4- 5 min ot kipindən məhrum olması ilə əsaslandırsada, lakin qiymətləndirmə rəyi ot kipi əsasında deyil arpa və pambıq məhsulundan əldə olunan gəlir və subsidiyalar əsasında hesablanmışdı. Belə olan halda birinci instansiya məhkəməsinin həmin qiymətləndirmə rəyinin sübut növü kimi qəbul edilməməsi barədə mövqeyi əsaslı olmuşdur.
44. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdehlər tərəfindən ona maddi və mənəvi zərərin vurmasını təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməməsi nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir. Belə ki, iş materiallarından cavabdehlərin iddiaçıya maddi və mənəvi ziyanın vurulmasını təsdiq edə biləcək hər hansı bir sübutun təqdim edilməsi halı müəyyən edilməmişdir.
45. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
47. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
48. Məhkəmə kollegiyası ümumilkdə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kollegiya apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur.Birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
49. Məhkəmə kollegiyаsı hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Zərdab Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 2(035)- 4/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
50. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 2(035)-4/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.