Məhkəmə qərarları › İş №2(107)-808/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-808/2022

28.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-808/2022 28.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çəkilmiş xərcin ödənilməsi tələbinə dair (Açar sözlər: çəkilmiş xərcin ödənilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı, Cavabdeh2 və onun vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çəkilmiş xərcin ödənilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(033)- 136/2022 nömrəli qətnaməsindən İddiaçı və onun vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Zaqatala Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2(033)- 419/2021 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında Zaqatala RİHB-nın Muğanlı kənd ərazi nümayəndəliyində qeyd edilmiş 05 yanvar 2008-ci il tarixli 01 nömrəli nikahın pozulması, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi, tərəflərin uşaqları olan-15 oktyabr 2008-ci il təvəllüdlü X8 və 01 avqust 2011-ci il təvəllüdlü X3 anaları İddiaçı himayəsində saxlanılması, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 20 (iyirmi) manatın özünə aid edilməsi, 15 oktyabr 2008-ci il təvəllüdlü X4 və 01 avqust 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat alimentin tutularaq İddiaçı ödənilməsi, aliment tutulmasının əvvəlinin 06 iyul 2021-ci il tarixdən hesablanması, Cavabdeh1 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.

2. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Muğanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən 28 sentyabr 2021-ci il tarixdə verilmiş 483 nömrəli arayışdan görünür ki, Məmmədova X1 ərdə olduğu dövrdə onların həyətinin kənarına mişar daşı ilə hasar çəkilmiş və evin içərisində təmir işləri aparılmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Muğanlı kəndində yerləşən 0,6215 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 116,70 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında Cavabdeh2, həmin torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh2, X2, Cavabdeh1, X9, X6 və X5 adına xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. Birinci instansiya məhkəməsi tərəfindən yaranmış zərurətlə əlaqədar tərəflərin iştirakı ilə mübahisə predmeti olan Zaqatala rayonu Muğanlı kəndində yerləşən torpaq sahəsinə yerində müayinə keçirilmişdir. Həmçinin baxış zamanı müəyyən edildi ki, Cavabdeh2 paylı mükiyyət hüququ əsasında məxsus olan 0,6215 ha torpaq sahəsində sonuncaya tam mülkiyyət hüququ əsasında məxsus olan-ümumi sahəsi 116,70 kv.m olan fərdi yaşayış evi vardır, həmin evdən baxdıqda sağ tərəfdə iddiaçının gəlin köçdüyü mübahisə predmeti olmayan köhnə tikilmiş fərdi yaşayış evi vardır. Hər iki fərdi yaşayış evi də cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin üzərindədir.

5. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, hər iki tərəf onun qohumudur. İddiaçı ilə cavabdeh evləndikdən sonra iddiaçı, həmin həyətdə yerləşən köhnə tikiliyə gəlin köçmüşdür. Bundan sonra həyətdə usta kimi Cavabdeh1la birgə yeni fərdi yaşayış evi tikmişlər. Kimin hesabına evin tikilməsindən məlumatı yoxdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zaqatala rayonu Muğanlı kəndində yerləşən cavabdehlərin istifadəsində olan fərdi yaşayış evinə, hasara və altıaçığa çəkilmiş xərcin yarısı olan-20500 manat pulun yarısı olan 10250 manat pulun, iddianın qaldırılması üçün ödənilmiş 120,75 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 05 yanvar 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan 15 oktyabr 2008-ci il tarixdə Zəhra, 01 avqust 2011-ci il tarixdə Mirağa adlı övladları doğulmuşdur. Evləndikdən sonra qaynatası iş üzrə Cavabdeh2 məxsus Zaqatala rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinə köçmüş, 1 il ərzində isə həyətdə olan fərdi yaşayış evinin yarımçıq tikilisini Cavabdeh1la birgə ümumi vəsaitləri hesabına təmir edərək yararlı vəziyyətə gətirmiş, həyətyanı torpaq sahəsinin sərhədlərini mişar daşı ilə hasara almış, həmçinin həyətdə altıaçıq inşa etmişlər. Zaqatala Rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh1 ilə aralarında bağlanmış nikah pozulmuş, bundan sonra cavabdehlər onu həmin evdən çıxarmışlar. Fərdi yaşayış evinin təmiri məqsədi ilə evin daxili divarlarında suvaq, üz və astar işləri aparılmış, taxta materialla tavan və döşəmə quraşdırılmış, qapı və pəncərə qoyulmuş, daxildə taxtadan pilləkən quraşdırılmış, işıq və su xətti çəkilmişdir. Həmçinin 70 metr uzunluğunda, 3 metr hündürlüyündə mişar daşı ilə hasar hörülmüş, həyətdə 15 metr uzunluğunda və 7 metr enində altıaçıq inşa edilmişdir. Fərdi yaşayış evinin təmirinə ümumilikdə 15000 manat, hasara 2000 manat, altıaçığa isə 3500 manat pul sərf edilmişdir.

8. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) 03 mart 2022-ci il tarixli, 2(033)-136/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çəkilmiş xərcin ödənilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödənilmiş 125,40 (bir yüz iyirmi beş manat qırx qəpik) manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iddia tələbi ilə bağlı müəyyən edilməli olan hallar aşağıdakılardır: 1) iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub-olmaması, yəni tərəflərin birgə nikah dövründə qanuni əsaslarla əldə edilmiş və ər-arvadın birinin adına dövlət qeydiyyatına alınmış iddia tələbində göstərilən daşınmaz əmlaklarının, həmçinin rəsmi reyestrdə qeydə alınmış daşınar əşyaların (avtomobillərin) olub-olmaması; 2) əgər yuxarıda qeyd edilən hallar mövcuddursa, cavabdehin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması. İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir. Məhkəmə qeyd edilən halların mövcudluğunu ardıcıllıqla yoxlamağı (araşdırmağı) zəruri hesab edir. mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaq vəzifəsi məhkəmənin araşdırmalı olduğu məsələdir. İddia ərizəsindən aydın olur ki, iddiaçı mübahisə predmeti olan əmlakın cavabdehlə birgə nikah dövründə əldə olunmasını iddia edərək çəkilmiş xərclərin bölünməsini tələb etmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı iddia ərizəsinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiyanın, mülki və ailə qanunvericiliyinin, həmçinin beynəlxalq müqavilələrin müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında 05 yanvar 2008-ci il tarixdə rəsmi nikahın bağlanması, birgə nikahdan uşaqlarının olması, nikahlarının pozulması işin mübahisə edilməyən faktiki hallarıdır.

10. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmin edilməsi üçün yetərli saymır və hesab edir ki, iddiaçı iddia ilə bağlı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir.

11. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, tələb yazılı sübutlarla (sənədlərə) işarə edilməsini özündə ehtiva etməlidir. Sübutların qiymətləndirilməsinin məzmununu aşağıdakılar ehtiva edir: onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarına, İddiaçı şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarına, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının 2.4-cu bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 146.2, 152.1, 157.2, 225.1, 225.2 və 225.3-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 34.1 və 38.2 maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 76.2, 77.1, 81, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı və onun vəkili Vəkil1 apellyasiya şikayəti vermişdir.

14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan Zaqatala Rayon Məhkəməsi, Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 157.7, 1090, 1091, 1092, 1096 və 1097-ci maddələrinin tələbləri baxımından mübahisəyə baxmalı və həmin maddələrin tələbləri doğrultusunda qətnamə qəbul etməli idi.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlərlə bağlı qərarlarında da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157.7, 1090, 1096, 1097-ci maddələrinin tələbləri baxımından mübahisəyə baxmış və qərar qəbul etmişdir.

16. Zaqatala elektrik şəbəkəsindən, Zaqatala TKQ-dan, X20 Sahəsindən toplanmış sübutlara məhkəmə hüquqi qiymət verməmişdir.

17. Zaqatala Rayon Məhkəməsi 03 mart 2022-ci il tarixli, 2(033)-136/2022 iş nömrəli qətnaməsində qeyd edir ki, “... iddiaçı cavabdehlə birgə nikah dövründə ər-arvadın birgə vəsaiti hesabına onlardan birini adına mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış hər hansı daşınmaz əmlakın mövcudluğu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.

18. İşdə olan, icra nümayəndəliyi tərəfindən verilmiş arayışda göstərilmiş "müvafiq yaşayış evinin iddiaçının gəlin köçdükdən sonra da bəzi tikinti işlərinin aparılması”, həmin daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya və keçmiş ərinə məxsus olması qənaətinə gəlməyə əsas verə bilməz.” (səh.-5)

19. Halbuki, iddiaçı ümumiyyətlə fərdi yaşayış evinə pay tələb etməmişdir. İddiaçı tələbi fərdi yaşayış evinin və digər tikililərin müəyyən hissəsinin təmirinə çəkilmiş xərcin cavabdehlərdən alınması ilə bağlı olmuşdur.

20. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Zaqatala Rayon Məhəkəməsin 03 mart 2022-ci il tarixli, 2(033)-136/2022 iş nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o Zaurla birgə nikahda olarkən yaşadığı evin təmirinə xeyli məbləğdə xərc çəkmişdir. Zaurdan boşandıqdan sonra uşaqların hər ikisi onun himayəsində qalmışdır. Valideynlərinin yaşadığı ev çox darısqaldır. Cavabdehlər tərəfindən onlara heç bir köməklik olunmur. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

23. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı onun keçmiş gəlinidir. İddiaçının mübahisələndirdiyi evin iddiaçıya və ya oğlu Zaura heç bir aidiyyəti yoxdur. Ev onun xüsusi mülkiyyətindədir. İddiaçı heç bir vaxt həmin evə xərc çəkməyib. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

24. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, sonda şikayətin təmin olunmamasını xahiş etdi.

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

26. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. - 225.2-ci maddəsində təsbit edilmişdir ki, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

28. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; - 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. -34.1-ci maddəsinə görə isə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. -34.2.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olmasından və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. -33.1-ci maddəyə əsasən ər-arvadın ümumi birgə əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. -36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. -37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 38.2-ci maddəsinə əsasən nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ərarvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayətindən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(033)-136/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

31. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(033)-136/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı Cavabdeh1la birgə yaşadığı dövrdə evə çəkilmiş xərcin bölünməsini tələb edir.

34. Məhkəmə hazırki mübahisə ilə bağlı iddia ərizəsinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiyanın, mülki və ailə qanunvericiliyinin, həmçinin beynəlxalq müqavilələrin müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir.

35. İlkin olaraq qeyd edilməlidir ki, dəymiş zərərin məbləğini müəyyən etməzdən və bunlarla bağlı sübutların toplanmasını həyata keçirməzdən əvvəl, tərəflər arasında hansı münasibətlərin olması, bu münasibətlərin nə vaxtdan yaranması, eləcə də mübahisəli evə xərcin kim tərəfindən çəkilməsi müəyyən edilməlidir

36. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatından və iş materiallarından müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 05 yanvar 2008-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki övladı olmuşdur. Aralarında olan nikah 2021-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Nikah pozulduqdan sonra iddiaçı valideynlərinin evinə qayıtmış və sonda hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

37. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

38. İkincisi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı cavabdehdən maddi zərərə və digər tələblərə görə pul tələb edir. Bu tələblərə dair iddiaçının izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmiş və apellyasiya şikayətində də təqdim ediləcəyinin mümkünlüyü barədə hər hansı bir dəlil irəli sürülməmişdir.

39. İddiaçı Cavabdeh1 ilə birgə nikah dövründə Zaqatala rayonu Muğanlı kəndində həyətyanı torpaq sahəsində onlar tərəfindən evin tikilməsini iddia etsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Bununla yanaşı, məhkəmə araşdırması zamanı mübahisə predmeti olan Zaqatala rayonu Muğanlı kəndində yerləşən mübahisələndirilən fərdi yaşayış evinin də cavabdehin, yəni iddiaçının keçmiş qaynatası Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması müəyyən edilmişdir.

40. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmin edilməsi üçün yetərli saymır və hesab edir ki, iddiaçı iddia ilə bağlı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir.

41. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, tələb yazılı sübutlarla (sənədlərə) işarə edilməsini özündə ehtiva etməlidir. Sübutların qiymətləndirilməsinin məzmununu aşağıdakılar ehtiva edir: onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

42. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(033)-136/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı və onun vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(033)-136/2022 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar