Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-827/2025 12.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılması) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-28/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına dair Oğuz Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli 2(054)-28/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən vurduğu maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 15000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat və ödənilmiş 151 manat dövlət rüsumu – cəmi 20451 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2 (054) - 28 / 2025 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(054)-28/2025 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili tərəfindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2 (054)-28/2025 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti əsasında mülki iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(054)-28/2025 nömrəli qətnaməsindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilmiş və şikayətin mümkünlüyü məsələsinə baxılması üçün mülki iş Şəki Apellyasiya Məhkəməsindən tələb edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş apellyasiya baxışından çıxarılmaqla xx.xx.2025-ci il tarixdə Oğuz Rayon Məhkəməsinə qaytarılmışdır. Oğuz Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2(054)-28/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-28/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılması qərara alınmışdır. Cavabdeh qeyd olunan qərardadla razılaşmayaraq şikayət vermiş, Oğuz Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli 2(054)-28/2025 nömrəli qərardadının ləğv edilərək, apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli 2(054)-28/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməli, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-28/2025 nömrəli qərardadı ləğv edilməli, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməli və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının MPM-in 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra Azərbaycan Respublikasının MPM-in 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Bundan əlavə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Mülki Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələri). Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsində göstərilmişdir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Həmin Məcəllənin 227.4-cü maddəsinə əsaəsn “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materiallarından görünür ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-28/2025 nömrəli qətnaməsi xx.xx.2025-ci il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmiş, lakin Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmənin sözügedən qətnaməsinin ona təqdim olunmadığını, “Elektron məhkəmə” sistemində şəxsi kabinetinin mövcud olmadığını və qətnamənin rəsmi qaydada ona təqdim olunmasının təmin edilməsini xahiş etmişdir. Bundan sonra Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-28/2025 nömrəli qətnaməsi xx.xx.2025-ci il tarixdə poçt rabitəsi vasitəsilə göndərilmiş, xx.xx.2025-ci il tarixdə isə Cavabdeh tərəfindən poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Daha sonra isə həmin qətnamədən 19 may 2025-ci il tarixdə Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamədən şikayət vermə müddətinin axımı «qətnamənin surətinin rəsmi qaydada verildiyi» vaxtdan hesablandığına görə və qətnamə rəsmi qaydada Cavabdeh xx.xx.2025-ci il tarixdə təqdim edildiyindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülməmişdir. Belə olan halda apellyasiya şikayəti müəyyən edilmiş vaxtda verildiyindən onun buraxılmış prosessual müddətin bərpası barədə ərizə verməsinə ehtiyac yoxdur və məhkəmənin cavabdehdən bunu tələb etməsi də yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Oğuz Rayon Məhkəməsinin Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət ötürülməklə verilməsi əsasına görə geri qaytarılması barədə xx.xx.2025-ci il tarixli, 2(054)-28/2025 nömrəli qərardadı əsassızdır. “Q.Hüseynovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X4 Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarına istinadla qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir». Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-28/2025 nömrəli qərardadı ləğv edilməli, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməli və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikasının MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Həmçinin kollegiya qeyd edir ki, apellyasiya şikayətinin geri qaytarılması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-28/2025 nömrəli qərardadı ləğv edilsin. Oğuz Rayon Məhkəməsinin 27 yanvar 2025-cü il tarixli, 2(054)-28/2025 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilsin və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-827/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-827/2025
12.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver