Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-831/2022 25.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qeyri yaşayış binasının paylara uyğun naturada bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlakın naturada bölünməsi, əsl olmayan cavabdehə qarşı tələb, apellyasiya mərhələsində əsl olmayan cavabdehin əvəz edilməsinin yolverilməzliyi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin 21 oktyabr 2021-ci il tаrixli, 2(051)-55/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri Heydər Əliyev prospekti, 69B ünvanında yerləşən "xxxx" MMC-nin və İddiaçı paylı mülkiyyətdə olan qeyri-yaşayış binasının paylara uyğun naturada bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri-yaşayış binasının ümumi sahəsi 741.3 kv.m-dir. Qeyri yaşayış binası hazırda ticarət obyekti kimi fəaliyyət göstərir. Qeyd edilən qeyri yaşayış binasının 3/2 hissəsi "xxxx" MMC-nin, 3/1 hissəsinə isə özünün paylı mülkiyyətindədir. 3/1 hissədə paya ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə Seriya RX ******* saylı çıxarış verilmişdir. Buna baxmayaraq o, öz payından istifadə edə bilmir və onun mülkiyyət hüquqları pozulur. Belə ki, hal-hazırda qeyri yaşayış binası bütövlükdə cavabdeh "xxxx" MMC-nin istifadəsindədir və 3/1 hissədə paydan istifadəyə görə ona icarə haqqı belə ödəmir. Paylı mülkiyyətdə olan qeyri yaşayış binasından birlikdə istifadə olunması mümkün deyil. Ona görə də Mingəçevir şəhəri Heydər Əliyev prospekti, 69B ünvanında yerləşən "xxxx" MMC-nin və İddiaçı paylı mülkiyyətdə olan qeyri-yaşayış binasının paylara uyğun naturada bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-55/2021 saylı, 21 oktyabr 2021-ci il tаrixli qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddia tələbinin təmin edilməsi, Mingəçevir şəhəri Heydər Əliyev prospekti, 69B ünvanında yerləşən "xxxx" MMC-nin və İddiaçı paylı mülkiyyətdə olan qeyri-yaşayış binası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 sentyabr 2021-ci il tarixli, 10/2460 saylı rəyində göstərildiyi qaydada naturada bölünməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışın notariat qaydasında surətinə əsasən Mingəçevir şəhəri H.Əliyev prospekti 69B ünvanında yerləşən ümumi sahəsi 741,3 kv.m olan qeyri yaşayış sahəsi mülkiyyət hüququ üzrə 2/3 hissədə "xxxx" MMC-nin və 1/3 hissədə İddiaçı adına xx.xx.2018-ci il tarixdə, **********8 nömrə ilə qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə olunmuş Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Regional Miqrasiya İdarəsinin xx.xx.2020-ci il tarixli 15/106 saylı arayışa əsasən xx.xx.1964-cü il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı İddiaçı xx.xx.2020-ci il tarixənədək ünvan 4 ünvanında qeydiyyata alınmışdır. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 15 sentyabr 2021-ci il tarixli, 10/2460 saylı rəydə göstərilmişdir ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 69 B ünvanında yerləşən qeyri-yaşayış sahəsi binasının faktiki vəziyyətini, planlı yerləşməsini, sənəd üzrə iki giriş-çıxış yolu olduğunu nəzərə almaqla həmin qeyri yaşayış sahəsinin 1/3 və 2/3 paylardan kənara çıxmaqla naturada təcrid şəkilndə iki hissəyə bölündüyü halda həmin obyektin bölünmüş hissələrinin təyinatı üzrə istifadəsi texniki cəhətdən mümkündür. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Mingəçevir şəhəri H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı 1/3 hissə və "xxxx" MMC-ə 2/3 hissə olmaqla bölünmüşdür. Tədqiq olunan qeyri yaşayış sahəsinin təklif olunmuş variantda bölgüsü zamanı tərəflərdən birinə öz 1/3 payından 23,5 kv.m çox tərəflərdən digərinə isə 2/3 payından 23.5 kv.m az sahə düşür. Ekspertin rəyindən və ona əlavə olunmuş sxemdən də aydın görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 69 B ünvanında yerləşən qeyri-yaşayış sahəsi binasının faktiki vəziyyətini, planlı yerləşməsini, sənəd üzrə iki giriş-çıxış yolu olduğunu nəzərə almaqla həmin qeyri yaşayış sahəsinin 1/3 və 2/3 paylardan kənara çıxmaqla naturada təcrid şəkilndə iki hissəyə bölündüyü halda həmin obyektin bölünmüş hissələrinin təyinatı üzrə istifadəsi texniki cəhətdən mümkündür, tam qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 152.5, 213.1, 213.2, 220.1, 220.2, 220.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı 1/3 hissə və "xxxx" MMC-ə 2/3 hissə olmaqla bölünmüşdür. Tədqiq olunan qeyri yaşayış sahəsinin təklif olunmuş variantda bölgüsü zamanı tərəflərdən birinə öz 1/3 payından 23,5 kv.m çox tərəflərdən digərinə isə 2/3 payından 23.5 kv.m az sahə düşür. Ekspertin rəyindən və ona əlavə olunmuş sxemdən də aydın görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 69 B ünvanında yerləşən qeyri-yaşayış sahəsi binasının faktiki vəziyyətini, planlı yerləşməsini, sənəd üzrə iki giriş-çıxış yolu olduğunu nəzərə almaqla həmin qeyri yaşayış sahəsinin 1/3 və 2/3 paylardan kənara çıxmaqla naturada təcrid şəkilndə iki hissəyə bölündüyü halda həmin obyektin bölünmüş hissələrinin təyinatı üzrə istifadəsi texniki cəhətdən mümkündür, tam qanuni və əsaslıdır. Məhkəmə qətnaməsinə görə Ekspertin rəyindəki kənara çıxmalarda 23.5 kv.m. sahə bölündükdən sonra qarşı tərəfin payında qalır. Azərbaycan Respublikası Konstutsiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Onlar belə bölünməni qanun pozuntusu hesab edir. Məhkəmə müəyyən etmişdir ki, binanın faktiki və sənəd üzrə 2 giriş - çıxışı var və ona görədə binanı 1/3 və 2/3 hissəyə bölünməsini mümkün saymışdır. Həqiqət isə odur ki, binanın sənəd üzrədə və hal-hazırda da 1 girişçıxışı var. Bu da texniki pasportda öz əksini tapmışdır. Məhkəmə müəyyən etmişdir ki, obyekt 2 hissəyə bölündükdə həmin obyektin bölündükdən sonra təyinatı üzrə istifadəsi texniki cəhətdən mümkündür. Lakin həqiqət belədir ki, əgər obyekt 2 hissəyə bölünərsə Rəşad-2000 MMC-nin payına düşən hissədə heç bir kommunikasiya yoxdur. Beləki elektrik şiti, su təhcizatı və kanalizasiya xətləri İddiaçı payında qalır. Bunlarında Rəşad- 2000 MMC-nin payına düşən hissəsində yenidən bərpası üçün küllü miqdarda vəsait tələb olunur. Kanalizasiya xəttinin və elekrtik xəttinin yenilənməsi üçün yenicə təmir olunmuş tikilini söküb dağıtmalıdır.Saloğlu şirkəti ilə müqavilədə Rəşad-2000 MMC-nin sahəsi 500 kv.m.az olmamalıdır. Bu o deməkdir ki, sahə bölündükdə müəssisə təyinatı üzrə fəaliyyət göstərə bilməyəcək. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı heç bir icarə haqqı almır. Həqiqət isə odur ki, hər ay icarə haqqı alır və buna sübut olaraq axırıncı 1 ilin qızının kartına ödənilən çekləri məhkəməyə təqdim etmişlər.Onu da bildirmək istəyir ki, xx.xx.2008-ci ildə tikinti aparmaq üçün Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən 700 kv.m.torpaq sahəsi 50 il müddətinə Rəşad-2000 MMC-yə ayrılmışdır. Bu da obyektin bölünməməsi üçün əlavə dəlil hesab edilə bilər. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-55/2021 saylı qətnaməsinin ləğv edilərək Rəşad-2000 MMC-nin mülkiyyət hüququnu qorumağı və İddiaçı 1/3 payının kompensasiyaya yönəldilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-55/2021 saylı qətnaməsinin ləğv edilərək Rəşad-2000 MMC-nin mülkiyyət hüququnu qorumağı və İddiaçı 1/3 payının kompensasiyaya yönəldilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək, Mingəçevir Şəhər Məhkəməsinin 21 oktyabr 2021-ci il tаrixli, 2(051)-55/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Mülki Məcəllənin 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Mülki Məcəllənin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki-Prosessual Məcəllənin 55.4-cü maddəsinə görə əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Həmin Məcəllənin apellyasiya icraatına aid olan qaydalarından görünür ki, apellyasiya icraatı zamanı işə əvvəldən baxılmasına başlanması mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 55/2021 saylı, 21 oktyabr 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq tam təmin etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-55/2021 saylı, 21 oktyabr 2021-ci il tаrixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışın notariat qaydasında surətinə əsasən Mingəçevir şəhəri H.Əliyev prospekti 69B ünvanında yerləşən ümumi sahəsi 741,3 kv.m olan qeyri yaşayış sahəsi mülkiyyət hüququ üzrə 2/3 hissədə "xxxx" MMC-nin və 1/3 hissədə İddiaçı adına xx.xx.2018-ci il tarixdə, **********8 nömrə ilə qeydiyyata alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, hal-hazırda qeyri-yaşayış binası "xxxx" MMC-nin istifadəsindədir. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən səhvə yol vermişdir. Belə ki, iddiaçı iddia ərizəsində Cavabdeh qismində qoymuş, birinci insansiya məhkəməsi də mülki işə həmin cavabdehə münasibətdə baxaraq qətnamə qəbul etmişdir. Lakin kollegiya hesab edir ki, Cavabdeh əsl cavabdeh deyil. İş materiallarından görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən 741.3 kv.m sahəsi olan qeyri yaşayış binası İddiaçı ilə "xxxx" MMC-nin paylı mülkiyyətindədir. Hazırki iddia ərizəsi də Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən 741.3 kv.m sahəsi olan qeyri yaşayış sahəsinin naturada bölgüsü ilə bağlıdır. Yəni hazırki mülki işə birinci instansiya məhkəməsi baxarkən əsl olmayan cavabdehi əsl cavabdehlə ("xxxx" MMC) əvəz etməli idi. Belə ki, əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi apellyasiya icraatı zamanı mümkün deyil. Mülki-Prosessual Məcəllənin 55.4-cü maddəsinə görə əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Həmin Məcəllənin apellyasiya icraatına aid olan qaydalarından görünür ki, apellyasiya icraatı zamanı işə əvvəldən baxılmasına başlanması mümkün deyil. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, cavabdehi əsl cavabdehlə əvəz etməməklə maddi prosessual hüquq normalarını pozmuşdur. Ona görə də, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-55/2021 saylı, 21 oktyabr 2021-ci il tаrixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-55/2021 saylı, 21 oktyabr 2021-ci il tаrixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-831/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-831/2022
25.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver