Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-853/2022 25.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı fiziki şəxsə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyan, mənəvi zərər) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(051)-371/2022 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək Qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməyi və barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar ona vurulmuş mənəvi ziyan kimi 30.000, manat maddi ziyan kimi nəqliyyat xərci 1000 manat, vəkilə ödənilən 1500 manat pulun və 188 manat dövlət rüsumunun, cəmi 32.688 manat pulun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində iddiaçı haqqında xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanılaraq uzun müddət istintaq aparılmışdır. İstintaqın nəticəsi olaraq iddiaçı həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona görə ki, guya o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, Azərbaycan Respublikasında dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin İİİ siyahısına daxil olan alprazolam adlı dərman preparatına aid təsiredici maddəsinin ümumi miqdarı 0,005 qram olan bir ədəd qutuda bir ədəd konvalyutda 10 həb «Xanax(alprazolom) 0,5 mq» psixotrop maddəsini əldə edib əczaçı işlədiyi "xxxx" MMC-yə aid 084603 saylı lisenziya əsasında ünvan 1 ünvanda fəaliyyət göstərən «Mingəçevir-7» adlı aptek məntəqəsində qanunsuz saxlamış, 24 dekabr 2017- ci il tarixdə saat 22 radələrində həmin psixotrop maddəsini aptek məntəqəsində X1. Həmin ittiham ona xx.xx.2018-ci il tarixdə elan olunduqdan sonra onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Bundan sonra iddiaçının haqqında olan həmin cinayət işi aidiyyəti üzrə baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilmişdir. Mingəçevir şəhər Məhkəməsində uzun müddət ərzində işə baxılıb araşdırma aparılmış və tamamilə qanunsuz və əsassız olaraq o, həmin cinayəti törətməkdə təqsirli bilinib 01 il müddətinə əczaçılıq fəaliyyəti ilə məşğul olamaq hüququndan məhrum edilməklə , barəsində Azərbaycan Respublikası CM-nin 62- ci maddəsi tətbiq olunmaqla, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmağı barədə 18 oktyabr 2018-ci il tarixli hökm çıxarılmışdır. Hökmdə üzərinə müəyyən məhdudiyyətlər qoyulması qeyd edilmişdir. Həmin hökmdən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında işə baxılmış, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2019-cu il tarixli 1- 1 (107)-17/2019 nömrəli hökmü ilə apellyasiya şikayətim təmin edilmiş, Mingəçevir şəhər Məhkəməsinin onun haqqında çıxardığı ittiham hökmü ləğv edilərək ona ittiham olunduğu maddə ilə bəraət verilmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır. Cinayət məsuliyyətinə cəlb olunmağı və uzun müddət barəsində cinayət təqibi aparılması ona mənəvi iztirab vermişdir. Barəsində müxtəlif şaiyələr gəzmiş, «narkotik satıcısı» kimi şərəf və ləyaqətini ləkələyən informasiyalar yayılmışdır. Belə informasiyaların yayılması onun işgüzar nüfuzuma da mənfi təsir etmiş, işlədiyi aptek əhalinin şüurunda «narkotik və psixotrop maddə satan aptek» kimi qalmış, bu hesaba alıcıları kəskin azalmışdır. Bundan başqa iddiaçının barəsində gedən cinayət işinin ibtidai istintaqı dövründə çağırış üzrə iş və yaşayış yeri olan Mingəçevir şəhərindən istintaqın aparıldığı Bakı şəhərinə dəfələrlə gedib-gəlmiş, həmçinin işə birinci instansiya məhkəməsində və Şəki Apelyasiya Məhkəməsində baxılarkən dəfələrlə məhkəmələrə gedib gəlmişdir. Bununla əlaqədar yollara 1000 manat civarında xərc çəkməklə maddi ziyan çəkmişdir. Eləcə də müqavilə əsasında müdafiəçiyə hüquqi xidmət üçün 1500 manat pul ödəmişdir. Beləliklə, təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmişəm və cəmiyyət içərisində hörmətdən düşmüşdür. Hər kəs iddiaçıdan nə baş verdiyini soruşmuş, bunun da nəticəsində sarsıntı keçirmişdir. Ona görə də Qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməyi və barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar ona vurulmuş mənəvi ziyan kimi 30.000, manat maddi ziyan kimi nəqliyyat xərci 1000 manat, vəkilə ödənilən 1500 manat pulun və 188 manat dövlət rüsumunun, cəmi 32.688 manat pulun cavabdehdən tutulub iddiası İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(051)-371/2022 saylı qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı Qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməyi və barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar ona vurulmuş mənəvi ziyan kimi 5000 (beş min) manat, nəqliyyat xərci ilə bağlı 500 (beş yüz) manat, vəkilə ödənilən 1500 (min beş yüz) manat və 188,40 (yüz səksən manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx xxxxxx 1980-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İddiaçı Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli 1(107)-17/2019 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə bəraət verilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. İddiaçının uzun müddət bu araşdırma getdiyindən barəsində müxtəlif şayiələr gəzmişdir. Cinayət məsuliyyətinə cəlb olunmağı və uzun müddət barəsində cinayət təqibi aparılması iddiaçıya mənəvi iztirab vermişdir. Barəsində müxtəlif şaiyələr gəzmiş, «narkotik satıcısı» kimi şərəf və ləyaqətimi ləkələyən informasiyalar yayılmışdır. Belə informasiyaların yayılması iddiaçının işgüzar nüfuzuna da mənfi təsir etmiş, işlədiyi aptek əhalinin şüurunda «narkotik və psixotrop maddə satan aptek» kimi qalmış, bu hesaba alıcılarımız kəskin azalmışdır. Bütün bunların nəticəsində iddiaçı sarsıntı keçirmiş və bununla da ona maddi və mənəvi ziyan vurulmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iddia tələbinin qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməyi və barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar ona vurulmuş mənəvi ziyan kimi 30.000 manatın ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddia tələbini həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının əsassız olaraq barəsində cinayət işini açılması, qətimkan tədlbirinin seçilməsi və barəsində birinci instansiya məhkəməsi tərəfindən ittiham hökmü çıxarılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd etmişdir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir, mənəvi zərərin tələb olunan məbləğdə deyil, 5000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Məhkəmə iddlia tələbinin nəqliyyat xərci ilə bağlı hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı nəqliyyat xərci ilə bağlı məhkəməyə sübutlar təqdim etmədiyndən məhkəmə hesab etmişdir ki, İddiaçı barəsində aparılmış istintaq hərəkətləri nəticəsində dəfələrlə Bakı şəhərinə getmiş, birinci instansiya məhkəməsi və Şəki Apellyasiya məhkəməsində məhkəmə proseslərində iştirak etmiş və bunun üçün nəqliyyat vasitələrinin xidmətindən dəfələrlə əvəzi ödənilməklə istifadə etmişdir. Bütün bunları, həmçinin Respublika daxili şəhərlərarası nəqliyyat vasitələrindən istifadə xərclərini real nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbində göstərilən məbləğ mövcud reallığa uyğun olmadığı üçün nəqliyyat xərci ilə bağlı 500 manat tutulması daha məqsədəmüvafiqdir. Bundan əlavə məhkəmə iddia tələbinin vəkilə ödənilən 1500 manat pulun və 188 manat ödənilən dövlət rüsumu onun xeyrinə tutulması hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan «hüquqi yardımın göstərilməsi haqqında» 20 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı ilə Vəkil arasında hüquqi yardım göstərilməsi ilə bağlı İddiaçı 1500 manat məbləində pul ödəmişdir. İş materiallarında olan № ********* Mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciəti ilə bağlı 188,40 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə hesabğ edir ki, iddia tələbi qsmən təmin edilməli cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı Qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməyi və barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar ona vurulmuş mənəvi ziyan kimi 5000 (beş min) manat, nəqliyyat xərci ilə bağlı 500 (beş yüz) manat, vəkilə ödənilən 1500 (min beş yüz) manat və 188,40 (yüz səksən manat qırx qəpik) mana məbləğində ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1101-ci maddələri, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fıziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5, 6, 7, 9-cu maddələri, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2002-ci il tarixli qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarı, “Oyalın Türkiyəyə qarşı işi üzrə 23 mart 2010-cü il, nömrə 4864/05 tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuşdur və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 5000 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Mingəçevir Şəhər Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Yuxarıda qeyd edildiyi kimi məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyətə malik olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübut etmə vəzifəsi adlanan 77.1 -ci maddəsinin tələblərini nəzərə almamışdır. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göründüyü kimi məhkəmə işə mahiyyəti üzrə baxarkən məsələni hərtərəfli araşdırmamış, kifayət qədər əsaslar olmadan iddiaçının xeyrinə qətnamə çıxarmış və əsassız olaraq Maliyyə Nazirliyini iş üzrə cavabdeh qismində tanımışdır. Qeyd edilənləri nəzərə alaraq mülki qanunvericiliyə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2022-ci il tarixli 2(051)-371/2022 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəmə kollegiyasına apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2022-ci il tarixli 2(051)-371/2022 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkanı tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fıziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəlı şəxslərinin təqsirindən asılı, olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı: Həmin qərarın 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülməlidir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericliyin müddəları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfusunun ləkələnməsi, hər hansı başqa hüquqların müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan mərhum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir və qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2022-ci il tarixli 2(051)-371/2022 saylı qətnaməsini mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni təmin edilən hissə üzrə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq yuxarıda qeyd edildiyi qaydada təmin etmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2022-ci il tarixli 2(051)-371/2022 saylı qətnaməsi qismən ləğv edilməli, ləğv edilən hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 1980-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İddiaçı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli 1(107)-17/2019 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə bəraət verilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. İddiaçının uzun müddət bu araşdırma getdiyindən barəsində müxtəlif şayiələr gəzmişdir. Cinayət məsuliyyətinə cəlb olunmağı və uzun müddət barəsində cinayət təqibi aparılması iddiaçıya mənəvi iztirab vermişdir. Barəsində müxtəlif şaiyələr gəzmiş, «narkotik satıcısı» kimi şərəf və ləyaqətimi ləkələyən informasiyalar yayılmışdır. Belə informasiyaların yayılması iddiaçının işgüzar nüfuzuna da mənfi təsir etmiş, işlədiyi aptek əhalinin şüurunda «narkotik və psixotrop maddə satan aptek» kimi qalmış, bu hesaba alıcılarımız kəskin azalmışdır.. Bütün bunların nəticəsində iddiaçı sarsıntı keçirmiş və bununla da ona mənəvi ziyan vurulmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş şikayətin dəlilləri qismən əsaslı olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Mingəçevir Şəhər Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Məhkəmə kollegiyası apellyatorun yuxarıda qeyd edilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. xx.xx.1999-cu ildə dərc edilərək qüvvəyə minmiş “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 4-cü maddəsinə görə, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Qanunun 5-ci maddəsində bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlərin; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanının; 3) ödənilmiş məhkəmə xərclərinin, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimənin; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlərin; 5) vurulmuş fiziki və mənəvi ziyanın ödənilməli olduğu; 7-ci maddəsində şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələrin mənəvi ziyan hesab edildiyi; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənildiyi; 12-ci maddəsində fiziki və mənəvi ziyanın, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilməli olduğu təsbit edilmişdir. Eyni zamanda Qanunun 3-cü maddəsinə əsasən Fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin, ictimai və dövlət mənafelərinin pozulması hallarının vaxtında aşkar edilməsi, qarşısının alınması və aradan qaldırılması məqsədilə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında qanunvericiliyin eyni cür və dürüst icrası dövlət tərəfindən qanunla nəzərdə tutulmuş qaydada təmin edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında əsasnaməyə əsasən, Maliyyə Nazirliyi qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsinin icrasını təmin edir, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət zəmanəti ilə alınan kreditlərin təyinatı üzrə xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təşkil edir; Ona görə də kollegiya hesab edir ki, iddiaçı Maliyyə Nazirliyini cavabdeh qismində göstərməkdə haqlı olduğundan, apellyatorun Mingəçevir Şəhər Məhkəməsi tərəfindən iddia ərizəsinin baxılmamış saxlanılması və iş üzrə icraata xitam verilməsi barədə dəlilləri əsassızdır. Apellyator apellyasiya şikayətinin digər dəlillərində qeyd etmişdir ki, qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Məhkəmə kollegiya apellyasiya şikayətinin bu dəlilləri ilə razılaşmır. Belə ki, apellyator məhkəmə baxışı zamanı qeyd edilənlərlə bağlı heç bir faktın göstərilmədiyini bildirsə də, kollegiya qeyd edir ki, iş materiallarında təqdim edilmiş sənədlər iddiaçının iddia ərizəsində qeyd etdiyi faktları təsdiqləyir. Lakin kollegiya iddiaçını iddia ərizəsi ilə müraciət etməkdə haqlı bilsə də onun iddia ərizəsində tələb etdiyi məbləğləri ağlabat hesab etmir, eyni zamanda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır. Belə ki, kollegiya birinci instansiya məhkəməsinin maddi və mənəvi ziyanla bağlı cavabdehdən tutduğu məbləğləri qismən əsaslı hesab edir. Birinci instansiya məhkəməsi iddia tələbinin qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməyi və barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar ona vurulmuş mənəvi ziyan kimi 5000 manatın ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, mənəvi ziyanla bağlı təmin edilən 5000 manat məbləğ həddindən artıq çox məbləğdir. Belə ki, məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının əsassız olaraq barəsində cinayət işini açılması, qətimkan tədlbirinin seçilməsi və barəsində birtinci instansiya məhkəməsi tərəfindən ittiham hökmü çıxarılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər kimi 5000 manat ödənilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə qismən razılaşaraq qeyd edir ki, kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Məhkəmə kollegiyası hazırki işdə apelyasiya şikayətinin dəlilləri əsasında vurulmuş mənəvi ziyanın məbləği ilə bağlı dəyərləndirmə apararaq aşağıdakıları qeyd edir. Yuxarıda qeyd olunan (Ali Məhkəmənin Plenumunun) qərarda deyilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. Mənəvi təzminatın məbləğinə təsir edən ünsürlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Bu hal həm məhkəmə təcrübəsi, həm də hüquq ədəbiyyatları tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki hər kəsin qane olma səviyyəsi eyni deyildir. Maddi vəziyyəti aşağı olan şəxsə çox gələn bir məbləğ, maddi vəziyyəti yüksək olan başqasına az gələ bilər və bu da qaneedici olmaz. Təsadüfi deyil ki, Avropa Məhkəməsinin təcrübəsində mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır (Məhkəmənin cavabdeh dövlətdə qurbanları iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq ayırd etdiyi mübahisə olunur (Basarba OOD Bolqariyaya qarşı 20 yanvar 2011-ci il tarixli qərar). Məsələn, məhkəmə “əsas mükafatın” əlaqədar ölkədəki yaşayış səviyyəsinə görə azaldıla biləcəyinə qərar verib (Apicella İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli qərar. “Ərizəçinin daha zəngin və ya kasıb bir ölkədə yaşamasından asılı olmayaraq eyni pozuntu üçün oxşar məbləğlər verməyi mənasızdır. Çünki pulun dəyəri fərqli və həqiqətən yerli iqtisadi inkişafdan və alıcılıq qabiliyyətindən asılıdır”). Şərh olunanların məcmusuna əsaslanmaqla kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərəri 5000 manat həcmində müəyyənləşdirərkən (yəni, kifayət qədər böyük məbləğdir) birinci instansiya məhkəməsi haqlı olmamışdır və bununla bağlı apellyasiya şikayətlərinin dəlilləri qismən əsaslıdır. Çünkü həmin məbləğ iddiaçının mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilməz. Eyni zamanda Məhkəmə kollegiyası onu da qeyd edir ki, mənəvi zərərin əvəzinin ödənilməsi cəza xarakteri daşımır. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, iztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ona görə də mənəvi ziyanın məbləği 1800 manat həddində müəyyən edilməsi daha ağlabatandır. Kollegiya birinci instansiya məhkəməsinin iddiaçının maddi ziyan tələbi üzrə gəldiyi nəticəni isə nəqliyyat xərcinə aid hissədə əsassız hesab etsədə, vəkilə ödənilən hüquqi xidmətə görə ödənilən məbləği qismən əsaslı hesab edir: Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin nəqliyyat xərci ilə bağlı hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı nəqliyyat xərci ilə bağlı məhkəməyə sübutlar təqdim etmədiyindən məhkəmə hesab etmişdir ki, İddiaçı barəsində aparılmış istintaq hərəkətləri nəticəsində dəfələrlə Bakı şəhərinə getmiş, birinci instansiya məhkəməsi və Şəki Apellyasiya məhkəməsində məhkəmə prosesseslərində iştirak etmiş və bunun üçün nəqliyyat vasitələrinin xidmətindən dəfələrlə əvəzi ödənilməklə istifadə etmişdir. Bütün bunları, həmçinin Respublika daxili şəhərlər arası nəqliyyat vasitələrinldən istifadə xərclərini real nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbində göstərilən məbləğ mövcud reallıqa uyğun olmadığı üçün nəqliyyat xərci ilə bağlı 500 manat tutulması daha məqsədə müvafiqdir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi iddiaçı nəqliyyat xərcləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lakin qanunvericiliyə əsasən məhkəmə işlərə yalnız ona təqdim edlmiş sənədlər və sübutlar əsasında baxmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Kollegiyanın qənaətinə görə qanuna zidd hərəkətlər nəticəsində iddiaçının sağlamlığına zərər dəyməsi işin mübahisələndirilməyən halı olsa da, maddi zərərin məbləği mütləq şəkildə sübut edilməlidir. İddiaçı isə bununla bağlı məhkəmələrə hər hansı bir sübut növü təqdim etməmişdir. Ona görə də kollegiya hesab edir ki, nəqliyyat xərclərinə aid hissədə tələb təmin edilə bilməz. Daha sonra vəkilə ödənilən pula dair hissədə də kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki birinci instansiya məhkəməsi iddiaçıdan vəkilə ödənilən haqq üçün 1500 manat məbləğində pulun tutulmasını qət etmişdir. Lakin kollegiya bu məbləği ağlabatan məbləğ hesab etmir. Bununla bağlı nəzərə alınmalıdır ki, tərəflər müqavilə bağlamaqda azad olsalar da bu qarşı tərəfin maddi məsuliyyətini artırmağa yönələn hərəkət olmamalıdır. Kollegiya hazırkı işin mahiyyətini və xarakterini, mürəkkəb kazusa malik olmadığını nəzərə alaraq hesab edir ki, qeyd edilən tələb üzrə göstərilən hüquqi müdafiəyə görə 1500 manat məbləğində hüquqi xidmət haqqı ağlabatan məbləğ olmadığından və cavabdehin üzərinə artıq maddi yükün qoyulmasına səbəb olduğundan hazırkı iş üzrə hüquqi xidmət haqqı olaraq cavabdehdən tutulmalı məbləğin 200 manat müəyyən edilməsi ağlabatandır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(051)-371/2022 saylı qətnaməsi iddianın təmin edilmiş, mənəvi ziyana görə 3800 manata aid hissədə, nəqliyyat xərcinə 500 manat, vəkilə ödənilən 1300 manata aid hissədə ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, mənəvi ziyan üzrə 1800 manat, vəkilə ödənilən haqq üzrə 200 manat pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq İddiaçı ödənilməlidir. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(051)-371/2022 saylı qətnaməsi qismən, iddianın təmin edilmiş mənəvi ziyana görə 3800 manata aid hissədə, nəqliyyat xərcinə görə 500 manat, vəkilə ödənilən 1300 manata aid hissədə ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Mənəvi ziyan üzrə 1800 manat, vəkilə ödənilən haqq üzrə 200 manat pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-853/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-853/2022
25.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver