Məhkəmə qərarları › İş №2(107)-863/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-863/2024

10.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-863/2024 10.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şəki Regional «ASAN xidmət» mərkəzinin notariat ofisinə qarşı (açar sözlər: icra qeydinin ləğv edilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - X1 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional «ASAN xidmət» mərkəzinin notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 06 mart 2024-cü il tаrixli, e-2(075)-225/2024 saylı qətnаməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 09 sentyabr 2023-cü il tarixli 8İ-16545 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, İddiaçı tələbkar "xxxx" ASC-nin xeyrinə 6328.79 manat pulun və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumunun tutulması qərara alınmışdır.

2. İş materiallarında olan İcra qeydinin verilməsinə əsas olmuş “Notariat icra qeydi haqqında ərizə”dən görünür ki, icra qeydinin verilməsinə əsas olan öhdəliyi müəyyən edən sənəd 23 sentyabr 2021-ci il tarixli, BPM**********52 nömrəli kredit müqaviləsidir. Ərizədə göstərilir ki, kredit müqaviləsi üzrə borclunun 5697.98 manat əsas borcu, 630.59 manat faiz borcu olmaqla, ümumilikdə 6328.97 manat borcu vardır.

3. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC X4 Filialı tərəfindən Elçin Biabaniyə ünvanlanmış 27 fevral 2024-cü il tarixli, ŞRPF 05/34 nömrəli məktubdan görünür ki, SS815679098AZ saylı məktubun sistem üzərində heç bir qeydiyyatı olmadığından cavablandırılması mümkün olmamışdır.

4. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC X4 Filialının 04 mart 2024-cü il tarixli, ŞRPF 05/37 nömrəli məktubdan görünür ki, SS815679098AZ saylı məktubun sistem üzərində heç bir qeydiyyatı olmadığından cavablandırılması mümkün olmamışdır.

II. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Şəki regional «ASAN xidmət» mərkəzinin notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin 8İ-16545 nömrəli xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv olunması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Şəki filialı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış X5 müqaviləsinə, əsasən illlk 22% və 24% şərti ilə nağd və kart kredit xətti ayrılmışdır. Kredit götürdüyü müddətdən xx.xx.2023-cü il tarixədək banka 4300 manata yaxın və kredit kart üzrə 600 manat yaxın pul ödəmişdir, bu barədə əlimdə qəbzlər vardır. O, kredit götürdükləri zaman, “Şəki Rayon Mərkəzi Xəstəxanası”nda işləmiş, sonradan qanunsuz olaraq işdən azad edilmişdir. Bundan sonra Şəki Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxs tərəfindən onun işdən azad olunmağı barədə verdiyi 10 mart 2023-cü il tarixli, PHŞ-6-71/3-1-6/2023 saylı əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunmağı barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(075)-1154/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı işdən azad edilməsi barədə cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin verdiyi 10 mart 2023-cü il tarixli, PHŞ-6-71/3-6/2023 saylı əmri ləğv edilmiş, İddiaçı, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdə işə bərpa edilməsi qət edilmişdir. Cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs isə qətnamənin qanuni qüvvəsini almaması üçün Şəki Rayon Məhkəməsinin qətnaməsindən əsassız şikayətlər verməkdədir. Şəki Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(075)-1154/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmiş, lakin xx.xx.2023-cü il tarixində Şəki Apellyasiya Məhkəməsi Şəki Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayaraq onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdə işə bərpa edilməsi qət edilmişdir. Göründüyü kimi o borcunu ödəməkdən qərəzli olaraq yayınmır, işsiz olduğu üçün borcu ödəyə bilmir. Bank və notariat kontoru isə onun düşdüyü çətin vəziyyətdən istifadə edərək icra qeydini İcra və Probasiya şöbəsinə göndərmişdir. Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin 8İ-16545 nömrəli xx.xx.2023-cü il tarixli icra qeydi əsasında Abşeron icra şöbəsinin icra məmuru Elşən Ziyəddinovun icraata başlamaq haqqında qərar qəbul edərək ona könüllü icra üçün 10 gün vaxt vermişdir. Nə notariat ofisindən nə də ki, bankdan ona bildiriş gəlməmişdir. Halbu ki, qanununda tələbindən göründüyü kimi tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin ona bildiriş göndərilməmişdir. Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin 8İ16545 nömrəli xx.xx.2023-cü il tarixli icra qeydi barədə ona yalnız Şəki rayon icra və Probasiya şöbəsində məlum olmuşdur. Bundan sonra Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət edərək, ona icra qeydinin təqdim edilməsini xahiş etsə də, ona yalnız həmin qeydən çıxarış verilmişdir. Bank bu günə kimi onun kredit borcunu həddindən artıq şişirtmiş və onun tərəfindən banka nə qədər pul ödənilməsini gizlədir. Banka onun borcu var, lakin bank borcu şişirtmiş, şişirdilmiş faiz və cərimə pulu hesablamışdır. Bankın tələb etdiyi pul olduqca şişirdilmiş məbləğdir. Hesab edir ki, notariat kontorunun icra qeydi qanunsuzdur ona görə də ləğv edilməlidir.

7. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdeh ilə onun arasında kredit sazişi bağlanmış, həmin kredit sazişinə əsasən Bank tərəfindən kredit verilmişdir. İcra qeydi tərtib edilməmişdən əvvəl bank tərəfindən ona tələblə bağlı icra qeydinin aparılacağı barədə bildiriş göndərilməmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 09 sentyabr 2023-cü il tarixli 8İ-16545 reyestr nömrəli icra qeydi barədə Şəki rayon icra və Probasiya şöbəsində məlum olmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Şəki Rayon Məhkəməsinin (hakim Elşən Vəliyev) 06 mart 2024-cü il tаrixli, e- 2(075)-225/2024 saylı qətnaməsi ilə Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş 09 sentyabr 2023-cü il tarixli, 8İ-16545 reyestr nömrəli icra qeydinin ləğv edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC Şəki Rayon Məhkəməsinin 06 mart 2024-cü il tаrixli, e-2(075)-225/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ... işin faktiki hallarından göründüyü kimi, "xxxx" ASC ilə borclu İddiaçı arasında yaranmış borc müqaviləsi kredit müqaviləsinə əsaslanır və borclu müqavilə öhdəliyini yerinə yetirmədiyindən ona rəsmi bildiriş göndərilmiş, həmin bildiriş borclu İddiaçı 15 avqust 2023-cü il tarixdə rəsmi olaraq təqdim edilmiş, borclu həmin vaxtdan 20 gün müddət keçməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmiş, borca dair etiraz etməmişdir. Bu barədə sübutu iddiaçı məhkəməyə təqdim etməmişdir. Şəki regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən ümumilikdə 6353.97 manat borc barədə qanuni olaraq 09 sentyabr 2023-cü il tarixli 8i-16545 nömrəli icra qeydi aparılmışdır. Həmin borc notariat ofisinə təqdim edilmiş kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı və digər sənədlərlə təsdiq olunmuşdur. Göründüyü kimi, Şəki regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən aparılmış icra qeydi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olmuş, birinci instansiya məhkəməsi qeyd olunan normanın tələbini pozmaqla icra qeydini ləğv etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən borcluya bildirişin təqdim olunub-olmaması düzgün araşdırılmamışdır. Qeyd olunanlara əsasən Şəki Rayon Məhkəməsinin 06 mart 2024-cü il tаrixli, e- 2(075)-225/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz göndərilmiş, həmin etirazda apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 06 mart 2024-cü il tаrixli, e-2(075)-225/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini Şəki Rayon Məhkəməsinin 06 mart 2024-cü il tаrixli, e- 2(075)-225/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Şəki Regional «ASAN xidmət» mərkəzinin notariat ofisinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

“Notariat haqqında” Azərbaycan Respublikası Qanunu.

17. Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması. - İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. - Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. - Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur.

“Poçt haqqında” Azərbaycan Respublikasının Qanunu:

18. Maddə 1.0.10. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişi;

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

26. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 06 mart 2024-cü il tаrixli, e-2(075)-225/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

32. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

33. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında kredit sazişi bağlanmış, həmin kredit sazişinə əsasən Bank tərəfindən iddiaçıya kredit verilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun bank qarşısında borcu yaranmışdır. "xxxx" ASC isə iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 09 sentyabr 2023-cü il tarixdə müvafiq icra qeydi verilmişdir.

34. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilməmişdir.

35. Qanunvericiliyin tələbinə görə, cavabdeh "xxxx" ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir.

36. Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən göndərilmiş “Notariat icra qeydi haqqında ərizə”də icra qeydinin verilməsi üçün əsas olan borcluya göndərilmiş bildirişin poçt qəbzinin nömrəsi SS815679098AZ kimi göstərilsə də, birinci instansiya məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X4 Filialı tərəfindən göndərilmiş 27 fevral 2024-cü il tarixli cavab məktubundan görünür ki, SS815679098AZ saylı məktubun sistem üzərində heç bir qeydiyyatı aparılmamışdır.

37. Apellyasiya baxışı zamanı X4 Filialına və X2 Filialına "xxxx" ASC-nin ünvan 2 ünvanında yaşayan İddiaçı göndərilən 15 avqust 2023-cü il tarixli bildirişin İddiaçı nə vaxt təqdim edilməsi barədə, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə İddiaçı 23 sentyabr 2021-ci il tarixli, BPM**********52 nömrəli X5 müqaviləsi üzrə kredit borcunun qalıb-qalmaması, əgər qalıbsa, kredit borcunun nə qədər təşkil etməsi ilə bağlı məlumatların verilməsi barədə sorğular göndərilmişdir.

38. X4 Filialından məhkəməyə daxil olmuş sorğuya 22 iyul 2024-cü il tarixli, ŞRF 05/122 nömrəli cavab məktubunda qeyd edilmişdir ki; - Şəki şəhəri, M.V.Vidadi küçəsi, ev 55 ünvanında yaşayan İddiaçı adına ünvanlanmış SS815679073AZ saylı sifarişli məktub xx.xx.2023-cü il tarixdə şəhər 3 saylı poçt şöbəsinə daxil olmuş, xx.xx.2023-cü il tarixdə ünvançı tərəfindən qəbul edilmişdir (Əsas: 3 saylı PŞ-nin poçtalyonu R. Zeynalovun məlumatı).

39. X2 Filialından məhkəməyə daxil olmuş sorğuya 19 iyul 2024-cü il tarixıi, Za RPF 3-27-109/184/24 nömrəli cavab məktubunda qeyd edilmişdir ki; - X4 Filialına göndərdikləri sorğuya cavab olaraq həmin RPF-dən daxil olan ********** saylı, xx.xx.2024-cü il tarixli cavab teleqramında qeyd olunur ki, İddiaçı adına olan SS815679073AZ saylı sifarişli məktubu xx.xx.2023-cü il tarixdə vətəndaş şəxsən almışdır.

40. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək ərizədə qeyd etmişdir ki, ...05 sentyabr 2024-cü il tarixdə İddiaçı tərəfindən 09 sentyabr 2023-cü il tarixli 8i-16545 nömrəli icra qeydi üzrə ******************** saylı hesaba 26 manat ödəniş edilmiş, qalıq 25.4 manat borc rüsum təyinatı üzrə silinmişdir. Hazırda, borclu İddiaçı 09 sentyabr 2023-cü il tarixli 8i- 16545 nömrəli icra qeydi üzrə ödənilməmiş borcu yoxdur.

41. Bundan başqa ərizədə qeyd edilmişdir ki; - İddiaçı tərəfindən qeyd olunanlar həqiqəti əks etdirmir. Belə ki, İddiaçı ABB ASC-də 7700 manat həcmində nəğd krediti ilə yanaşı, 300 manat həcmində kart krediti mövcuddur. Hər iki kredit üzrə İddiaçı tərəfindən müqavilə öhdəlikləri pozulduğundan tərəfimizdən borc barədə icra qeydinin aparılması üçün notariat ofisinə müraciət edilmiş, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən nəğd kredit üzrə ümumilikdə 6353.97 manat borca dair 09 sentyabr 2023-cü il tarixli, 8i-16545 nömrəli, kart krediti üzrə ümumilikdə 357.78 manat borca dair 09 sentyabr 2023-cü il tarixli, 8i-16546 nömrəli icra qeydləri aparılmışdır (icra qeydləri və borcları əks etdirən maliyyə arayışları əlavə olunur). - Məhkəməyə təqdim etdiyikləri maliyyə arayışlarından göründüyü kimi, İddiaçı nəğd və kart kreditləri üzrə olan borcu 04 sentyabr 2023-cü il tarixə olan borcdur. Nəğd kredit üzrə məhkəməyə təqdim etdiyimiz hesabdan çıxarışdan göründüyü kimi, 04 sentyabr 2023-cü il tarixdən sonra İddiaçı əmək haqqı hesabından 07 iyun 2024-cü il tarixdə 201.09 manat, 11 iyun 2024-cü il tarixdə 3000.53 manat olmaqla, ümumilikdə 3201.62 manat sistem tərəfindən əqd üzrə tutulmalar aparılmış, İddiaçı tərəfindən 12 iyun 2024-cü il tarixdə 3126.95 manat, 05 sentyabr 2024-cü il tarixdə isə 26 manat ödəniş edilmişdir. - Əqd üzrə tutulmalar və İddiaçı tərəfindən edilmiş ödənişlərin cəmi 6354.57 manat təşkil edir ki, həmin vəsaitin 6353.97 manat hissəsi 09 sentyabr 2023-cü il tarixli, 8i-16545 nömrəli icra qeydi üzrə mövcud borca silinmiş, artıq ödənilmiş 0.6 manat vəsait isə müştərinin ******************** nömrəli cari hesabında saxlanılmışdır. İddiaçı artıq ödədiyi 0.6 manat vəsaiti istədiyi zaman Bankın Şəki filialına yaxınlaşmaqla məxaric edə bilər. - Bundan başqa, İddiaçı ******************** nömrəli kart hesabından göründüyü kimi, 04 sentyabr 2023-cü il tarixdən sonra İddiaçı əmək haqqı hesabından 07 iyun 2024-cü il tarixdə 101.08 manat, 11 iyun 2024-cü il tarixdə 0.43 manat, 05 iyul 2024-cü il tarixdə 174.99 manat, 08 iyul 2024-cü tarixdə 1.86 manat, 06 avqust 2024-cü il tarixdə 0.67 manat, 06 sentyabr 2024-cü il tarixdə 0.67 manat olmaqla, ümumilikdə 279.7 manat sistem tərəfindən əqd üzrə tutulmalar aparılmış, 05 sentyabr 2024-cü il tarixdə İddiaçı tərəfindən 79 manat ******************** nömrəli kart hesabına 79 manat mədaxil edilmişdir. - Sistem üzrə tutulmalar və İddiaçı tərəfindən edilmiş ödəniş cəmi 358.7 manat təşkil edir ki, həmin vəsaitdən 09 sentyabr 2023-cü il tarixli, 8i-16546 nömrəli icra qeyd üzrə 357.78 manat borc çıxıldıqda İddiaçı artıq tutulmuş vəsait 0.92 manat təşkil edir. Eyni zamanda, İddiaçı ******************** nömrəli kart hesabından göründüyü kimi, hesabda hazırda mənfi qalıq mövcuddur. Buna səbəb isə, icra qeydi üzrə borcun sistem üzrə olan borcla eyniləşdirilmə aparılmamasıdır. Bu barədə Bankın Şəki filialının əməkdaşları tərəfindən İddiaçı məlumat verilmiş, qısa müddət ərzində eyniləşmə aparılaraq məsələnin həll ediləcəyi bildirilmişdir. - Belə ki, icra qeydi üzrə borcla sistem üzrə olan borc eyniləşdirildikdən sonra, artıq tutulmuş vəsaitin İddiaçı geri qaytarılması mümkün olacaqdır.

42. Yuxarıda da qeyd edildiyi kimi, borcluya bildirişin surəti “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılmalıdır.

43. Birdirişin borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.

44. Qanunun birbaşa və imrerativ göstərişinə baxmayaraq üçüncü şəxs birdirişin borcluya çatdırıldığını təsdiq edən sənədi icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə etməmişdir.

45. Məhkəmə kollegiyasına sorğusuna birinci instansiya məhkəməsinə verilmiş cavablardan fərqli cavablar verilməsinə baxmayaraq üçüncü şəxs tərəfindən borcluya sifarişli məktubun verilməsini təsdiq edən sənəd (xəbərnamə) yoxdur və poçtalyonun bildirişin borcluya çatdırılmasına dair məlumatı mötəbər sübut kimi qəbul edilə və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 6-cı abzasının göstərişlərinə uyğun sayıla bilməz.

46. Yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, icra qeydinin təsdiq edilməsi zamanı qanun pozuntusuna yol verildiyindən, iddia təmin edilməli, Şəki regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş 09 sentyabr 2023-cü il tarixli, 8İ-16545 reyestr nömrəli icra qeydi ləğv edilməlidir.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

48. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

49. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

51. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

52. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

53. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 06 mart 2024-cü il tаrixli, e-2(075)-225/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 06 mart 2024-cü il tаrixli, e-2(075)-225/2024 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar