Məhkəmə qərarları › İş №2(107)-871/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-871/2024

23.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-871/2024 23.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X9 və X3 ibarət tərkibdə, Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə İsmayıllı Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İsmayıllı rayonu Diyallı kəndində yerləşən 40 hektar torpaq sahəsi 30 noyabr 2021ci il tarixli icarə müqaviləsinə əsasən X10 tərəfindən iki il müddətinə, yəni 30 noyabr 2023-ci il tarixinə kimi iddiaçıya icarəyə verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(037)-1037/2022 nömrəli qətnaməsi ilə müəyyən olunur ki, İddiaçı icarəsində olan, İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazisində yerləşən 40 hektar torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsindən İddiaçı istifadəsinə Cavabdeh tərəfindən edilən maneçiliklərin aradan qaldırılması, Cavabdeh İddiaçı və X6 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2023-cü il tarixli, 2(107)-251/2023 nömrəli qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(037)-1037/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissə üzrə Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2(102)-2791/2023 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2023-cü il tarixli, 2(107)-251/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən üç il ərzində xalis maddi ziyan kimi 40.880 manat, cavabdehin istifadə etdiyi torpaq sahəsi üçün ödədiyi icarə haqqı kimi 1800 manat, mənəvi ziyan kimi 10.000 manat, cəmi 52.680 manat və dövlət rüsumu kimi ödədiyi 249 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X1 Nəsrəddin İsa oğlunun varisi X4 ilə 12 noyabr 2021-ci il tarixdə "Torpağın icarə müqaviləsinin alğı-satqı müqaviləsi" bağlayaraq Diyallı Bələdiyyəsi ilə mərhum Nəsrəddin Musayev arasında bağlanmış icarə müqaviləsi üzrə icarə hüquqlarını satın almışdır. Şahin Məlikov müqavilə üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alaraq 40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququnu dövlət qeydiyyatına aldırmışdır. 30 noyabr 2021-ci ildə X7 rayon Notariat Ofisində icarə müqaviləsi bağlayaraq 40 hektar torpaq sahəsini iki il müddətinə, yəni 30 noyabr 2023-ci il tarixinə kimi icarəyə götürmüşdür. Qeyd olunan torpaq sahəsi 2014-cü il tarixdən rəsmi olaraq Şahin Məlikovun icarəsində olmuş, faktiki isə onlar birlikdə həmin torpaq sahəsini əkib becərmişlər. Torpaq sahəsi hal-hazırda onun icarəsindədir, lakin cavabdeh 2020-ci ildə həmin torpaq sahəsinin 20 hektar hissəsini, 2021-ci ildə həmin torpaq sahəsinin yenə də 20 hektar hissəsini, 2022-ci ildə həmin torpaq sahəsinin 21 hektar hissəsini, 2023-ci il tarixdə isə həmin torpaq sahəsinin 20 hektar hissəsini qeyri-qanuni zəbt edərək əkmişdir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 28/2020 nömrəli, 12 may 2020-ci tarixli qətnaməsindən və İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1037/2022 saylı 03 noyabr 2022-ci il tarixli qətnaməsindən göründüyü kimi qeyd olunan torpaq sahəsindən cavabdeh heç vaxt qanuni əsasla istifadə etməmişdir. Qeyd olunan məhkəmə qətnamələri bütün instansiya məhkəmələrində qüvvədə qalmışdır. Cavabdeh torpaq sahəsinin onların qanuni istifadəsində olmasını bilə-bilə oranın bir hissəsini zəbt edərək bu illər ərzində qanunsuz istifadə edərək ona kifayət qədər böyük məbləğdə maddi ziyan vurmuş və həm də elədiyi qanunsuz hərəkətlərlə dövlət qurumlarına böhtan, şantaj dolu yazdığı ərizələrlə ona mənəvi əzab vermişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin İsmayıllı Rayon Statistika İdarəsi tərəfindən verilmiş 12 sentyabr 2023-ci il tarixli, 56/3/2023 nömrəli arayışa əsasən İsmayıllı rayonu üzrə buğdanın hər hektarından orta məhsuldarlıq 2021-ci ildə 35,1, 2022-ci ildə 35,8, 2023-ci ildə 30,5 olmuşdur. Yəni cavabdeh 2021-ci ildə 20 hektar x 35,1 sentner = 70,2 ton buğda, 2022-ci ildə 21 hektar x 35,8 sentner = 76 ton buğda, 2023-ci ildə isə 20 hektar x 30,5 sentner = 61 ton buğda, yəni bu qeyd olunan üç il ərzində cavabdeh qanuni icarəsində olan torpaq sahəsini qeyri-qanuni zəbt edərək əkib-becərmiş və oradan 70,2 ton +76 ton + 61 ton = 207,2 ton buğda məhsul götürərək onlara illər ərzində orta bazar qiyməti ilə buğdanın satış orta bazar qiyməti 0,40 manatla götürülərsə 82.880 manat ziyan vurmuşdur. Yəni cavabdehin qanunsuz hərəkəti nəticəsində onlara 82.880 manat maddi ziyan dəymişdir. Həmin sahə onun tərəfindən əkilsəydi, həmin sahənin əkilməsi üçün şum, toxum və digər aqrotexniki işlərin görülməsi üçün 42.000 manat xərc çəkəcəkdir. Dəymiş ziyan 82.880 manat maddi ziyandan çəkiləcək xərc 42.000 manat çıxanda, xalis dəymiş ziyan 40.880 manat edir. Həmin ziyan cavabdehdən alınaraq ona verilməlidir. Bundan əlavə cavabdeh tərəfindən qanunsuz olaraq əkib- becərilən 20 hektar torpaq sahəsi qanuni əsasla onların icarəsində olduğu üçün hər il həmin 20 hektar torpaq sahəsi üçün ildə 600 manat olmaqla, üç il üçün 1800 manat icarə haqqı ödəmişdir. Bundan əlavə cavabdehin qanunsuz əməllərindən, onlardan müxtəlif dövlət təşkilatlarına yazdığı qanunsuz, böhtan dolu ərizələrlə əlaqədar mənəvi əzab, iztirab çəkmiş və buna görə mənəvi ziyan kimi 10.000 manat cavabdehdən təzminat istəyir. Qeyd olunan torpaq sahəsi üzrə bir neçə dəfə məhkəmə çəkişməsi olmuş və hər dəfə qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə sübut olunmuşdur ki, qeyd olunan torpaq sahəsi Diyallı Bələdiyyəsinin mülkiyyətində olmaqla, əvvəllər X5 icarəsinə, sonra həmin müqavilə əsasında Şahin Məlikova icarəyə verilmişdir. Sonra həmin sahə üzrə tərəflər arasında icarənin alğı-satqı müqaviləsi bağlanmış və Şahin Məlikov daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alaraq 40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququnu dövlət qeydiyyatına aldırmışdır. Torpaq sahəsi onlara icarəyə verilməmişdən əvvəl, 2015-ci ildə Diyallı kəndinin başqa sakinləri qanunsuz olaraq Nəsrəddin İsayevin icarəsində olan həmin torpaq sahəsini zəbt etmişlər və Nəsrəddin İsayev məhkəmədə onlara qarşı "Torpaqdan müvəqqəti istifadə hüququna dair" JN-4200 Kod 40707018 olan şəhadətnamə ilə müvəqqəti istifadədə olan torpaq sahəsinin cavabdehlərdən geri alınması, zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və cavabdehlərin istifadə olan torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia qaldırmışdır. İsmayıllı Rayon Məhkəməsi 13 may 2015-ci il tarixdə işə baxaraq iddianın təmin olunması haqqında qətnamə qəbul etmişdir. Bundan əlavə X12 Rayon Məhkəməsində eyni tələblə iddia qaldırmış və İsmayıllı Rayon Məhkəməsi 12 may 2020-ci il tarixdə işə baxaraq iddianın təmin olunması haqqında qətnamə qəbul etmişdir. Qətnamədən verilmiş apellyasiya şikayətinə 14 sentyabr 2020-ci il tarixdə Şəki Apelyasiya Məhkəməsində baxılmış və İsmayıllı Rayon Məhkəməsinin 12 may 2020-ci il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və həmin qətnamələr ilə sübut olunur ki, mübahisəli torpaq sahəsinin cavabdehə heç bir aidiyyatı yoxdur. Buna baxmayaraq cavabdeh yenə bir nəticə çıxarmamış o, torpaq sahəsini yenə də qanunsuz əkib becərmişdir. O, məcbur olaraq təkrarən cavabdehə qarşı torpaq sahəsindən çıxarılması üçün məhkəmədə iddia qaldırmış və İsmayıllı Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(037)-1037/2022 nömrəli qətnaməsi ilə iddiası təmin edilmiş və yuxarı instansiya məhkəmələrinin qərarı ilə qətnamə qüvvədə saxlanılmışdır. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(037)- 88/2024 nömrəli iş üzrə qəbul etdiyi 29 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim İ.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 2000 manat mənəvi ziyan və 40 manat ödənilmiş dövlət rüsumu, cəmi 2040 manat pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş 249 manat dövlət rüsumunun 209 manatının iddiaçının özünə aid edilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdehlə Şahin Məlikov arasında İsmayıllı rayon Notariat Ofisində 06 noyabr 2020-ci il tarixli "barışıq razılaşması haqqında" müqavilə bağlanmışdır. X13 30 noyabr 2021-ci ildə həmin torpaq sahəsini iddiaçıya iki il müddətinə, yəni 30 noyabr 2023-ci il tarixinə kimi icarəyə vermişdir. Məhz bundan sonra hazırki tələb üzrə tərəflər arasında mübahisə yaranmış, həmin mübahisələrin həlli ilə bağlı məhkəmə çəkişmələri olmuşdur. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(037)-1037/2022 nömrəli qətnaməsinə əsasən İddiaçı icarəsində olan, İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazisində yerləşən 40 hektar torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsindən İddiaçı istifadəsinə Cavabdeh tərəfindən edilən maneçiliklərin aradan qaldırılması, Cavabdeh İddiaçı və X6 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmiş, cavabdehin qətnamədən verdiyi apellyasiya və kassasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(037)1037/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki iddia üzrə cavabdeh sözügedən torpaq sahəsi ilə bağlı (şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda) vicdanız sahib olmamışdır. Belə ki, 2020-ci il tarixdən 2022-ci il tarixədək tərəflər arasında torpaq sahəsinin sahibliyi və istifadəsi barədə mübahisə davam etmiş, nəhayət sözügedən mübahisə Ali Məhkəmənin 2023-cü il tarixdə qəbul etdiyi və qanuni qüvvəsini adığı qərarı ilə sona çatmışdır. Məhz bundan sonra cavabdehin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu müəyyən edilməlidir. Belə olan halda iddiaçının həmin dövrlər ərzində cavabdehin müdaxiləsinin və ya sahibliyinin qanunsuz hesab edilərək torpaqdan istifadə nəticəsində və ya istifadə etməməsi nəticəsində əldə çıxmış faydanın tələb edilməsinin hüquqi əsası mövcud deyildir. Eyni zamanda məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı sözügedən torpaq sahəsini cavabdehin zəbt edərək orada əkin işləri apardığını qeyd etsə də, işin halları ilə qeyd olunan torpaq sahəsində əkin işlərinin aparılması təsdiqlənmir. Bundan başqa iddiaçı sözügedən torpaq sahəsinə 1800 manat icarə haqqı ödədiyini bildirsə də, bu barədə məhkəməyə həmin ödənişin təsdiq edilməsi barədə sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda iddia tələbi 40.880 manat maddi ziyan və 1800 manat icarə haqqı hissəsində təmin olunmamalıdır. Məhkəmə iddiaçı tərəfin sübut növü kimi məhkəməyə təqdim etdiyi 25 fevral 2024-cü il tarixli, 09 saylı qiymətləndirmə rəyinə münasibət bildirərək qeyd edir ki, rəylə sözügedən torpaq sahəsinin alternativ torpaq sahələri ilə müqayisəli təhlili aparılmış və məhsuldarlığın müxtəlif olması müəyyən edilmiş, lakin cavabdeh və ya digər şəxs/şəxslər tərəfindən konkret olaraq həmin torpaq sahəsinin əkilib-becərilməsi və məhz sözügedən torpaq sahəsində hansı həcmdə ziyanın və ya əldən çıxmış gəlirin olması müəyyən edilməmiş, ümumi məhsuldarlıq əsas götürülərək rəy tərtib edilmişdir. Bu hal isə hazırki tələb üzrə maddi ziyanın sübut edilməsi üçün yetərli deyildir. Məhkəmə iddia tələbinin mənəvi zərər ilə bağlı hissəsi ilə əlaqədar qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Diyallı kəndində baş verənlərlə bağlı cavabdeh tərəfindən müxtəlif dövlət orqanlarına həm yazılı, həm də video yazı formasında müraciətlər olunmuşdur. Həmin müraciətlərdə cavabdeh iddiaçı barəsində “terrorçu, quldur” kimi ifadələr səsləndirmişdir. Məhkəmə iclas zalında da cavabdeh iddiaçı barəsində “terrorçu, quldur” kimi ifadələr səsləndirmişdir. Hazırkı iddia tələbinin əsası olan və cavabdeh tərəfindən iddiaçı barəsində işlədilər ifadələr (terrorçu, quldur) cəmiyyət və ictimaiyyət arasında yayılmış, yayılan məlumatların həqiqətə uyğun olması cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə iddia tələbinin qismən təmin olunmasını əsaslı hesab edir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.2, 23.3, 23.4, 23.6, 157.1, 157.2, 157.4, 157.5, 157.6, 157.7, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlillər İddiaçı tələbini təsdiq edəcək heç bir sübutu iddia ərizəsinə əlavə etməmişdir. Onun iddia ərizəsində yazdıqları sübutlara deyil, daha çox ehtimallara əsaslanır. İddiaçı barəsində həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətini ləkələyən məlumatların cavabdeh tərəfindən yayılması barədə iş materiallarında mötəbər sübut yoxdur. Bundan başqa cavabdeh iddiaçı barəsində müxtəlif dövlət orqanlarına ərizələr göndərərək, müvafiq məlumatlar vermişdir. Lakin həmin məlumatları yaymamışdır. Hazırki iddianın araşdırılması zamanı şikayətin və həmin ifadələrin səsləndirilməsinin məqsədinin məhz cavabdehin öz hüquqlarının qorunmasına xidmət etdiyi də nəzərə alınmalıdır. Eyni zamanda xüsusi olaraq nəzərə alınmalıdır ki, bu ifadələr mətbuata deyil, məhz vətəndaşın hüquqlarının qorunmasına yardım etmək səlahiyyətləri olan Prezident Administrasiyasına və digər əlaqəli qurumlara ünvanlanmışdır. Şikayətdə əks olunmuş ifadələrə gəldikdə isə Avropa Məhkəməsi qeyd etmişdir ki, ifadələrin məzmununa qiymət verməmişdən əvvəl onların faktların təsvirini ehtiva etməsini, yoxsa ki şəxsin məsələyə dair subyektiv qiymətləndirməsindən ibarət olmasına diqqət yetirilməlidir. Belə ki, faktların təsviri ifadələrin həqiqiliyinin sübuta yetirilməsini tələb etdiyi halda, qiymətləndirilmə sübutetməni tələb etmir. İddiaçı iddia ərizəsində mənəvi iztirab keçirməsini, mənəvi zərər görməsini qeyd etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, nə də ki, məhkəmə iclasında da belə hal müəyyən edilməmişdir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmə cavabdehin maddi durumunu nəzərə almamışdır. Cavabdehin heç bir qanun pozuntusuna yol verməməyi, vətəndaş kimi müraciət etmək hüququ, cavabdehin heç bir yerdə işləməməsi və onun heç bir qazancının olmamağı nəzərə alınmamış, mənəvi zərərə görə təzminatın məbləği həddindən artıq yüksək məbləğdə hesablanmışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi bildirərək birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddia tələbi qismən təmin edilsə də, iddiaçı apellyasiya şikayəti verməmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə apellyasiya şikayətində qətnamənin təmin edilən hissəsini mübahisələndirdiyindən, Məhkəmə qətnamənin mübahisələndirilən hissəsinin əsaslılığını yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarında Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, İsmayıllı rayonu Diyallı kəndində yerləşən 40 hektar torpaq sahəsi ilə bağlı tərəflər arasında mübahisə yaranmış və müxtəlif məhkəmə çəkişmələri baş vermişdir. Cavabdeh tərəfindən müxtəlif orqanlara həm yazılı, həm də video yazı formasında müraciətlər olunmuşdur. Həmin müraciətlərdə cavabdeh iddiaçı barəsində “terrorçu, quldur” kimi ifadələr səsləndirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının barəsində belə ifadələrin işlədilməsi onun cəmiyyətdə olan nüfuzuna, digər şəxslərlə münasibətlərinə xələl gətirməklə şəxsin şərəfini, ləyaqətini ləkələyən, alçaldan hərəkət kimi qiymətləndirilməlidir. İşin hallarını nəzərə alaraq Məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Çünki cavabdehin yaydığı məlumatlarda iddiaçının şərəf, ləyaqətini ləkələyən ifadələr işlədilmişdir. Həmin ifadələrin iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması və nəticədə onun mənəvi sarsıntı keçirməsi isə şübhəsizdir. Həmin məlumatın yayılması iddiaçıda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirərək mənəvi zərər çəkmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li, 03 noyabr 2008-ci il tarixli qərarının 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan əlavə Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya səsləndirilən “terrorçu, quldur” kimi ifadələr yalnız müvafiq dövlət orqanlarına edilmiş müraciətlərdə qeyd edilmiş, həmin ifadələr ictimaiyyətə və ya digər kütləvi informasiya vasitələrində yayılmamışdır. Məhkəmə bildirir ki, qeyd edilən dəlillər iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, apellyasiya məhkəməsinin iclasında iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdeh iddiaçı barəsində qeyd edilən ifadələri “TikTok” sosial şəbəkəsində paylaşdığı videoda da səsləndirmişdir. Qeyd olunan halları nəzərə alaraq Məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzi olaraq cavabdehdən 2000 manatın tutulması ağlabatan və ədalətli hesab edilməlidir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə İsmayıllı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 aprel 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar