Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-872/2023 20.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mahamaxanov Fəngizin (Magamakhanov Fangizin) cavabdeh Əliyeva Leyla Nizami qızına qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi, sübutetmə yükü) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Muradov Bəxtiyar İbrahim oğlunun və cavabdehin nümayəndəsi və vəkili Qurbanov Nurlan Qurban oğlunun iştirakları ilə, İddiaçı Mahamaxanov Fəngizin (Magamakhanov Fangizin) cavabdeh Əliyeva Leyla Nizami qızına qarşı pul tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(019)-89/2023 nömrəli qətnaməsindən iddiaçı Mahamaxanov Fəngiz tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Cavabdeh Əliyeva Leyla Nizami qızı iddiaçı Mahamaxanov Fəngizin keçmiş arvadıdır. İddiaçı tərəf iddia tələbini onunla əsaslandırır ki, iddiaçı ümumilikdə cavabdehə 154000 (bir yüz əlli dörd min) manat pul vəsaiti göndərmişdir, cavabdeh də həmin pulla iddiaçının istəyinə uyğun əmlaklar almalı, onun qeyd etdiyi şəxslərin adına rəsmiləşdirməli idi. Buna baxmayaraq, cavabdeh həmin əmlakları öz adına rəsmiləşdirmiş, iddiaçı qeyd olunan məbləğdə ziyana məruz qalmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Mahamaxanov Fəngiz (Magamakhanov Fangiz) cavabdeh Əliyeva Leyla Nizami qızına qarşı Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 154000 manat pulun və 444 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Əliyeva Leyla iddiaçının keçmiş arvadıdır, onlar Böyük Britaniya Krallığında yaşayan zaman 2013-cü ildə nikahları pozulsa da, sonradan faktiki ər-arvad münasibətlərində olub. Bu müddət ərzində iddiaçı çalışaraq müəyyən məbləğdə pul yığaraq Azərbaycan Respublikasında əmlak alınması üçün Leyla Əliyevanın və qohumlarının adına yollamış, lakin Leyla Əliyeva ilə faktiki münasibətləri pozulandan sonra o, iddiaçını aldadaraq həmin əmlakları gizli şəkildə öz adına keçirmişdir. Həmin əmlaklar iddiaçının maddi vəsaiti hesabına alındığından, pulları Leyla Əliyevadan istəmiş o, pulları iddiaçıya verməkdən yayınmışdır. Leyla Əliyeva öz adına Abşeron rayonu, Masazır kəndində 0.0150 ha yerləşən yaşayış evi, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası, “Porsche Magnum” markalı 99- ZY-083 dövlət qeydiyyat nişanlı avtomobil əldə edilib. Göstərilən əmlakların alınmasında faktiki nikah dövründə əldə edilmiş, cəmi 154000 züy) əlli dörd min) manat pul iddiaçı tərəfindən ödənilmişdir.
4. Cavabehin nümayəndəsi-vəkili iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin heç bir əsaslı sübuta söykənmədiyini, işə əlavə edilmiş sənədlərdə iddia tələbini sübut edən heç bir mötəbər sübut olmadığından iddia tələbi rədd edilməsini məhkəmədən xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi heç bir əsaslı sübuta söykənmir. İşə əlavə edilmiş sənədlərdə iddia tələbini sübut edən heç bir mötəbər sübut yoxdur. Eyni zamanda tələb əsassız və uydurma olduğu üçün iddiaçı iddia tələbininəsasının nə olduğunu belə müəyyən edə bilmir. Paralel olaraq qaldırılmış iddia tələblərində bir halda iddiasını borc kimi, digər halda isə birgə nikahdan əldə olunan əmlaklardan pay hüququ kimi formalaşdırmışdır. Qeyd edilən əmlaklar müvafiq olaraq, Abşeron rayonu Masazır kəndin ünvanında yerləşən mənzil xx.xx.2019-cu ildə, ünvan 3a yerləşən qeyri-yaşayış binası xx.xx.2020-ci ildə, Porsche Magnum markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildə Əliyeva Leyla Nizami qızı tərəfindən alınmış və onun adına rəsmləşdirilmişdir. Əmlakların alınması tarixlərindən göründüyü kimi iddiaçı Rəngiz Mahamaxanov müvafiq olaraq xx.xx.2019-cu, xx.xx.2020-ci və xx.xx.2022-ci ildən həmin əmlakların Leyla Əliyevanın adına alınmasından məlumatlı olmuşdur. Çünki qeyd edilən əmlakların hər birinin mülkiyyət hüququnu təsdiq edən sənədlər mövcud olmuş, eyni zamanda həmin əmlakların faktiki mövcudluğu ilə bağlı iddiaçının məlumatı olmuşdur. İddiaçının bunlar barədə məlumatının olması işdə olan digər materiallarla (xüsusən polisin qərarında əks olunan izahatların məzmunundan) da öz təsdiqini tapır. Belə olan halda, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən artıq onun istinad etdiyi əsaslarla ona məxsus olan və pozulduğunu iddia etdiyi hüquqları (əsassız varlanmadan irəli gələn) öz hüquqi qüvvəsini itirmişdir.Digər tərəfdən o da bildirilir ki, 1)Təqdim edilən pul köçürmələrini təsdiqləyən sənədlərə (1 saylı qoşmaya) əsasən müəyyən etmək olur, iddiaçı tərəfdən cavabdehin özünə heç bir pul məbləği göndərilməmişdir. Həmçinin həmin 1 saylı qoşmaya əsasən qeyd edilən məbləğlərin 20-dən (iyirmi) çox müxtəlif şəxslərə göndərildiyi və həmin şəxslərin əksəriyyətinin iddiaçının yaxın qohumları (məsələn Nəsrəddin Mahamaxanov, İsa Mahamaxanov, Məhəmməd Magamaxanov, Bəsdi Mahamaxanova, Samira Məmmədova, Anar Mahamaxanov, Şövkət Mahamaxanova və s) olduğu müəyyən edilir. Bundan başqa, göndərilən məbləğlərin iddiada qeyd edilən əmlakların alınmasına istifadə olunması öz təsdiqini tapmır. Belə ki, həmin şəxslərdən biri Şekəliyev Mehman Murtuzəli oğlunun Balakən Rayon Polis Şöbəsində verdiyi izahata əsasən məlum olur ki, pul ona qızının toy mərasimi üçün göndərilmişdir. Digər səbəbdən iddiaçı iddia ərizəsində 154000 manatın Abşeron rayonu Masazır kəndi ünvanında 0.0150 ha yerləşən fərdi yaşayış evinin, ünvan 3a yerləşən qeyri-yaşayış binasının və Porsche Magnum markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin qardaşı oğlu İsa Mahamaxanovun adına alınması üçün göndərdiyi qeyd etsə də, təqdim etdiyi pul köçürmələri barədə 1 saylı Qoşamaya və digər sənədlərə əsasən köçürülən məbləğlərin çox hissəsinin əmlaklar alınandan sonra 2021-ci və 2022-ci illəri əhatə etdiyi müəyyən edilir (2018-2019-cu illərdə cəmi 12894.71 USD məbləğində pul başqa şəxslərin adına göndərilmişdir).Halbuki qeyd edilən əmlaklar xx.xx.2019-cu, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərdə Əliyeva Leyla Nizami qızı tərəfindən alınmış və adına rəsmləşdirilmişdir. Məhkəmə prosesində dindirlən şahidlər tərəfindən verilən ifadələrə əsasən məlum olur ki, şahidlərdən heç biri qeyd edilən əmlakların alınmasında iştirak etməmiş və iddaçının iştirakını görməmişlər. Bundan əlavə, onlar iddiaçı tərəfindən hər hansı məbləğin cavabdehə göndərilməsini görməmiş, yalnız iddiaçıdan eşitdikləri məlumatları məhkəmədə bildirmişlər. Şahidlərin verdikləri ifadələrdən sonra məlum olur ki, şahidlərin prosesdə birbaşa iştirakları olmamış, onlar yalnız kimlərdənsə eşitdikləri məlumatları məhkəmədə təkrar etmişlər.Qeyd olunan iddia formal və əsassız olması səbəbindən rədd edilməlidir.
6. Bundan əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi-vəkili İsmayılov Kənan Şəmsəddin oğlu iddianı müdafiə edib, onunla əsaslandırmışdır ki, cavabdeh Əliyeva Leyla Nizami qızı iddiaçının keçmiş arvadıdır, onlar Böyük Britaniya Krallığında yaşayan zaman 2013-cü ildə nikahları pozulsa da, sonradan faktiki ərarvadmünasibətlərində olub. Bu müddət ərzində iddiaçı çalışaraq müəyyən məbləğdə pul yığaraq Azərbaycan Respublikasında əmlak alınması üçün Leyla Əliyevanın və qohumlarının adına yollamış, lakin Leyla Əliyeva ilə faktiki münasibətləri pozulandan sonra Leyla iddiaçını aldadaraq həmin əmlakları gizli şəkildə öz adına keçirmişdir. Həmin əmlaklar iddiaçının maddi vəsaiti hesabına alındığından, iddiaçı pulları cavabdeh Əliyeva Leyla Nizami qızından istəmiş, cavabdeh də pulları iddiaçıya verməkdən yayınmışdır. Əliyeva Leyla Nizami qızı öz adına Abşeron rayonu, Masazır kəndində 0.0150 ha yerləşən yaşayış evi, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası, “Porsche Magnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə edilib. Göstərilən əmlakların alınmasında faktiki nikah dövründə əldə edilmiş, cəmi 154000 züy) əlli dörd min) manat pul iddiaçı tərəfindən ödənilmişdir
7. Bundan əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsivəkili Qurbanov Nurlan Qurban oğlu iddianı qəbul etməyərək, izahatında iddia tələbinin heç bir əsaslı sübuta söykənmədiyini, işə əlavə edilmiş sənədlərdə iddia tələbini sübut edən heç bir mötəbər sübut olmadığını bildirmiş, eyni zamanda iddiaçının vəkilietibarnamə üzrə nümayəndəsinin iddianın əsasının əsassız varlanmaya istinad etməsi, bu əsasla (əsassız varlanma) məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilən müddət də ötürüldüyü üçün iddiaçının əsaslandığı bu hüquqların qüvvədən düşdüyünü, qeyd edərək, bu səbəblərdən də iddia tələbi rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. İş üzrə iddiaçının nümayəndəsi-vəkili İsmayılov Kənan Şəmsəddin oğlu və cavabdehin nümayəndəsi- vəkili Qurbanov Nurlan Qurban oğlu 18 aprel 2023-cü il tarixə saat 17.00-a təyin olunmuş məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi-vəkili ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiyini bildirib, işə onların iştirakı olmadan baxıb iddianın təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi-vəkili də ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxıb iddianın rədd olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1, 185.4 və 185.5-ci maddələrinə əsasən 18 aprel 2023-cü il tarixə saat 17.00-a təyin edilmiş məhkəmə iclasının iddiaçınını nümayəndəsi-vəkilinin və cavabdehin nümayəndəsivəkilinin iştirakı olmadan keçirilməsini və iş üzrə məhkəmə qətnaməsinin çıxarılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci madldəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mahamaxanov Rasim İsa oğlu ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdeh tanıyır və onların münasibətindən məlumatlıdır. İddiaçı Mahamaxanov Fəngiz (Magamakhanov Fangiz) onun qardaşıdır. 2002-ci ildən 2011-ci ilədək-9 il Böyük Britaniyanın London şəhərində yaşamışdır. Bu müddətdə Leylanın işlədiyini görməmişdir. Həmişə qardaşı Fəngiz işləmiş və evə pulu qardaşı gətirmişdir. O, əvvəl dil bilmədiyi üçün qardaşı Fəngizin yanında, onun şirkətində işləmişdir. İngilis dilini öyrəndikdən sonra başqa yerə getmişdir. Qardaşı Fəngizlə 3 il bir yerdə işləmişlər. Sonradan eyni şəhərdə olmuşlar. Leyla həmin vaxt heç yerdə işləmirdi. Böyük Britaniya Dövləti Leylaya işləmədiyi üçün hər ay 1000 funt sterlinq pul verirdi. 2019cu ildə o, İsveçdə yaşamış və işləmişdir. Qardaşı Fəngiz ondan həmin vaxt 25000 ABŞ dolları borc pul götürmüş və sonradan geri qaytarmışdır. Leylanın başqa gəliri olmadığından Fəngiz ondan borc aldığı 25000 ABŞ dollarını evə xərcləmişdir. Bir müddət əvvəl qardaşı Fəngizdən eşitmişdir ki, Əliyeva Leyla Nizami qızı qardaşının göndərdiyi pullarla öz adına əmlaklar almış, qardaşı ilə münasibətləri pozulduqdan sonra həmin əmlakları qardaşına verməkdən yayınmışdır. 2019-2021-ci illərdə İsveçdə olmuşdur. Əmlakların alınması ilə bağlı əlaqə saxlayan zaman qardaşı Fəngiz ona bildirmişdir ki, öz adına əmlaklar almışdır. Həmin dövrdə qardaşı Fəngizlə arası yaxşı olmuşdur. 2018-2019cu illərdə qardaşı Fəngiz atalarından polisə şikayət etmişdir. Həmin vaxt o, İsveçdə olmuşdur. Qardaşı Fəngizin Leylanın qardaşına, xalasına, öz əmizadəsinə pul göndərdiyini eşitsə də, nə qədər pul göndərdiyini bilmir. 2011-ci ildən sonra Londonda olmamışdır. 2018-2020-ci illərdə pulların göndərilməsində iştirak etməmişdir. Sadəcə qardaşından pulların göndərilməsini eşitmiş və qardaşı Fəngiz ona Vatsappla pulların göndərilməsini göstərmişdir. Vatsapda 5-6 dəfə göstərib ki, 8 min, 5 min və 12 min ABŞ dolları pul göndərilib. Qardaşı həmin pulları mülkiyyət almaq məqsədilə göndərdiyini demişdir. Qardaşı Fəngizin dediyinə görə Fəngiz təxminən onlara 200-300 min manat pul göndərmişdir. Pulların göndərilməsi zamanı o, İsveçdə olmuşdur
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mahamaxanov Nəsrəddin Abdulla oğlu ifadəsində göstərmişdir ki, "Loyal MMC" tikinti şirkətində iş icraçısı işləyir. Mahamaxanov Fəngiz (Magamakhanov Fangiz) Abşeron rayonu Masazır kəndində aldığı evdə təmir işlərinin görülməsini və ustaların gətirilməsini ona tapşırmışdır. Həmin əmlaklar Fəngizin pulu hesabına alınmışdır. Fəngiz ona pul göndərmiş, o da ustalar işlətmişdir. Leyla heç bir yerdə işləməmişdir. Leyla Fəngizlə onun arasını vurmuş, guya ona sataşmasını bildirmişdir. Fəngizlə ara-sıra görüntülü danışanda onun həmişə işləməsini görmüşdür. 2013-cü ildə Fəngizlə Leylanın nikahlarının pozulması barədə məlumatı olmuşdur. Onlar öz aralarında razılaşmışlar. Fəngiz mənzilin təmiri üçün pulları ona göndərmişdir. 2019-2020-ci illərdə Fəngiz dəfələrlə 5-6 min manat pulu təmir üçün ona göndərmişdir. Həmin ildə Fəngizlə Leylanın münasibətləri yaxşı olmuşdur. Həmin vaxt Fəngizlə Leyla Londonda bir yerdə yaşayırdılar. Leyla ona pul göndərməmişdir. Fəngiz pulu ona poçt vasitəsilə göndərmişdir. Təmirlə bağlı Leylanın qardaşı Əhməd də ona pul göndərmişdir. Həmzə də pul vermişdir. Onlarda olan pul Fəngizin pulu olmuşdur. Həmzəyə Vestern Yuniondan pul gəlmiş, Həmzəyə Fəngiz və Leyla pul göndərmişlər. Nə qədər və nə vaxt ona pul göndərilməsini dəqiq bilmir. Fəngiz ev və maşın alanda kimin adına aldığını bilməmişdir. Mənzil alması və yeri barədə Fəngiz ona əvvəlcədən demiş, lakin kimin adına alacağını bildirməmişdir. O, iştirak etdiyi müddətdə 6 min ABŞ dolları mətbəx mebelinə verilmiş, usta Muhumaya verilmişdir. Konkret evin təmirinə nə qədər pul xərclənməsini bilmir. Fəngizin Londonda tikinti firması var.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mahamaxanova Jasmin Fəngiz qızı ifadəsində bildirmişdir ki, o, Fəngizlə Leylanın qızıdır. Onlarda atası Fəngiz işləmiş, anası isə işləməmişdir. Anası Leyla heç bir iş görüb pul qazanmamışdır. Atası hər gün səhər saat 6-dan axşam saat 9-a qədər işləmişdir. 2020-ci ildən Bakı şəhərində yaşayır. Ona qədər atası və anası ilə London şəhərində yaşamışdır. Anası Leyla uşaqlarına görə Böyük Biritaniya Dövlətindən pul alırdı. Buradakı maşın və ev atasının hesabına alınmışdır. Atası maşın üçün pul göndərəndə onun yanında olmuşdur.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əmiqadayev Ramil Abdurazaq oğlu ifadəsində bildirmişdir ki, o, Fəngizin qonşusudur. Fəngizin ev və maşın üçün pul göndərdiyini eşitmişdir. O, Mahamaxanov Fəngizlə (Magamakhanov Fangizlə) görüntülü danışanda bunu Fəngiz özü demişdir. Fəngiz ona 5000 manat göndərib. 2000 manatı Balakəndəki evi təmir etdiyi üçün zəhmət haqqı verib. 3000 manatı isə Nəsrəddinə verməyi demişdi. O da həmin 3000 manatı Nəsrəddinə vermişdir. Əmlakların alınmasında iştirak etməmişdir. Balakəndəki evin tikinti materiallarının pulunu bəzən Leylanın qardaşı Əhməd də vermişdir.
13. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəf iddia tələbini onunla əsaslandırır ki, iddiaçı ümumilikdə cavabdehə 154000 (bir yüz əlli dörd min) manat pul vəsaiti göndərmişdir, cavabdeh də həmin pulu iddiaçının istəyinə uyğun əmlaklar almalı, onun qeyd etdiyi şəxslərin adına rəsmiləşdirməli idi. Buna baxmayaraq, cavabdeh həmin əmlakları öz adına rəsmiləşdirmiş, iddiaçı qeyd olunan məbləğdə ziyana məruz qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı tələb etdiyi 154000 manat vəsaiti cavabdehə göndərdiyini iddia etsə də, bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, iddiaçı cavabdeh Əliyeva Leyla Nizami qızının mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0150 ha yaşayış evini, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasını, “Porsche Magnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili onun verdiyi 154000 (yüz əlli dörd min) manat məbləğ hesabına əldə etməsini iddia etsə də, həmin halları- cavabdeh Əliyeva Leyla Nizami qızının həqiqətən də mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0150 ha yaşayış evini, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasını və “Porsche Magnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili onun verdiyi 154000 (yüz əlli dörd min) manat məbləğ hesabına əldə etməsini sübut edə biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, bununla da iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir.
14. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı qarşısında tələb edilən zərərlə bağlı öhdəliyinin yaranması üçün zərərin vurulması, əsassız varlanma və ya müqavilə münasibətləri mövcud olmalıdır. İddiaçı tərəf bu kimi halların mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda, bunu edə bilməmişdir. Belə olan halda cavabdeh Əliyeva Leyla Nizami qızının iddiaçı Mahamaxanov Fəngizin (Magamakhanov Fangizin) hesabına əmlak əldə etməsi, tələb edilən 154000 manat məbləğində əsassız varlanması sübut olunmur və əsassızdır.
15. İş üzrə dindirilən şahidlər də cavabdeh Əliyeva Leyla Nizami qızının adına olan əmlakları, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0150 ha yaşayış evini, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasını və “Porsche Magnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıya məxsus 154000 manat hesabına almasını təsdiq etməmişlər. İş üzrə şahid qismində dindirilmiş iddiaçı və cavabdehin qızı Mahamaxanova Jasmin Fəngiz qızı iddiaçının cavabdehə nə qədər pul göndərməsini dəqiq bilmədiyini, amma atasının əmlak almaq üçün Azərbaycana pul göndərdiyini bildirmişdir ki, məhkəmə də digər şahid ifadələri ilə yanaşı onun ifadəsini də mötəbər sübut kimi kimi qəbul etmir. Belə ki, həmin şahid iddiaçının qeyd edilən 154000 manat məbləği cavabdehə verməsinin şahidi olmadığını bildirmişdir. Həmçinin şahidin öz ifadəsində bildirdikləri işin halları ilə eynilik təşkil etmir. Belə olan halda şahidin öz ifadəsində göstərdiyi məlumatların həqiqiliyi şübhə doğurur. İş üzrə digər şahidlər Mahamaxanov Rasim İsa oğlu, Mahamaxanov Nəsrəddin Abdulla oğlu və Əmiqadayev Ramil Abdurazaq oğlu da qeyd edilən əmlakların alınmasında iştirak etməmiş, iddaçının cavabdehə məhz 154000 manat pul göndərməsini və həmin pul hesabına Əliyeva Leyla Nizami qızının adına olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0150 ha yaşayış evini, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasını və “Porsche Magnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili almasını qeyd etməmiş, bu halları təsdiq etməmiş, iddiaçının nə qədər pul göndərməsini belə bilmədiklərini bildirmişlər.
16. Göründüyü kimi, göstərilən şahid ifadələri iddia tələbinin əsaslandırıldığı halları, iddiaçının cavabdehə məhz 154000 manat pul göndərməsini və həmin pul hesabına cavabdeh Əliyeva Leyla Nizami qızının mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0150 ha yaşayış evini, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasını və “Porsche Magnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili almasını və cavabdehin iddiaçının hesabına 154000 manat məbləğində əsassız varlanmasını və cavabdehin iddiaçıya 154000 manat maddi ziyan vurmasını sübut etmir və ona görə də, məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul olunmur. Həmçinin iş materiallarında olan 1 saylı Qoşmaya və digər sənədlərə əsasən köçürülən məbləğlərin çox hissəsinin əmlaklar alınandan sonra 2021-ci və 2022-ci illəri əhatə etdiyi müəyyən edilir. Halbuki qeyd edilən əmlaklar xx.xx.2019-cu, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərdə Əliyeva Leyla Nizami qızı tərəfindən alınmış və adına rəsmləşdirilmişdir
17. Məhkəmə həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin baş müstəntiq Elvin Cəfərovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması qərarını da iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması qərar iddaçının cavabdehə məhz 154000 manat pul göndərməsini və həmin pul hesabına Əliyeva Leyla Nizami qızının mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0150 ha yaşayış evini, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasını və “Porsche Magnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili almasını və cavabdehin iddiaçının hesabına 154000 manat məbləğində əsassız varlanmasını və cavabdehin iddiaçıya 154000 manat maddi ziyan vurmasını müəyyən etmir və sübut etmir. Belə olan halda xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərar iddia tələbinin əsaslılığını sübut etmir və bu xüsusda mötəbər sübut kimi qəbul olunmur.
18. Eyni zamanda məhkəmə araşdırması zamanı o da müəyyən olunur ki, iddiaçı həmin dövrdə cavabdehlə ailə münasibətlərinin olmasını iddia etsə də, həmin müddətdə tərəflər arasında bağlanmış nikah pozulmuş, sözügedən əmlaklar əldə edilən zaman tərəflər faktiki olaraq ayrı-ayrılıqda yaşamışlar. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında nikah 2013-cü ildə pozulmuş və onlar həmin vaxtdan ərarvad münasibətlərində olmamış, ər-arvad kimi bir-biri qarşısında hər hansı öhdəliklər daşımamışlar. Ona görə də tərəflər arasında nikah münasibətləri 2013-cü ildə pozulduqdan sonra onların birgə əmlak rejimi halı mövcud olmamışdır. Qanunvericiliyin tələbinə əsasən də yalnız ər-arvadın birgə nikah dövründə qazandıqları əmlak onların ümumi mülkiyyəti sayılır və bu zaman qanunamüvafiq qaydada bölünə bilər.
19. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki halda iddiaçının iddia ərizəsində göstərdiyi tələbin hüquqi əsaslarından biri kimi iddianın predmetinin tərəflərin birgə nikah dövründə qazandıqları əmlak olması müəyyən edilmədiyindən hazırki mübahisənin həlli üçün Ailə Məcəlləsinin 32, 33, 36 və 37-ci maddələrinin və Mülki Məcəllənin 225-ci maddəsinin tələbləri tətbiq edilə bilməz.
20. Balakən Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(019)-89/2023 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddiaçı Mahamaxanov Fəngizin (Magamakhanov Fangizin) Əliyeva Leyla Nizami qızına qarşı 154000 (yüz əlli dörd min) manat pul tələbinə dair iddiasının təmin olunmaması, hazırki iddianın qaldırılması üçün ödənilmiş 444 manat dövlət rüsumunun iddiaçı Mahamaxanov Fəngizə (Magamakhanov Fangizə) aid edilməsi qət edilmişdir.
21. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 1091 və 1092-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
22. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Xəzər Rayon Polis İdarəsinin baş müstəntiq Elvin Cəfərovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması qərarından görünür ki, iddiaçının nümayəndəsinin RPŞ-yə ünvanladığı şikayət ərizəsi araşdırılmış və müraciətdə göstərilən xüsusatların araşdırılması məhkəmənin səlahiyyətinə aid olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.
23. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Balakən Rayon Polis Şöbəsi tərəfindən Universal vəkil bürosunun vəkili Nurlan Qurbanova ünvanlanmış 07 12 2022-ci il tarixli, 109-30128-1222 nömrəli məktubdan görünür ki, iddiaçı Fəngiz Maqamaxanovun qardaşı Rasim Mahamaxanova, anası Padimat Mahamaxanova və atası İsa Mahamaxanova qarşı müraciət əsasında 2018-ci il tarixdə araşdırma aparılmış və materiallar 03 il saxlama müddəti bitdiyindən məhv edilmişdir.
24. İş materiallarında olan 1 saylı qoşmadan görünür ki, iddiaçı 20-dən (iyirmi) çox müxtəlif şəxslərə pul göndərmişdir, həmin şəxslərin əksəriyyəti iddiaçının yaxın qohumlarıdır (məsələn Nəsrəddin Mahamaxanov, İsa Mahamaxanov, Məhəmməd Magamaxanov, Bəsdi Mahamaxanova, Samira Məmmədova Anar Mahamaxanov, Şövkət Mahamaxanova və s).
25. İş materiallarında olan xx.xx.2019-cu tarixli çıxarışa əsasən müəyyən edilir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi Əliyeva Leyla Nizami qızının mülkiyyətindədir.
26. İş materiallarında olan xx.xx.2020-ci tarixli çıxarışa əsasən müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası Əliyeva Leyla Nizami qızının mülkiyyətindədir.
27. İş materiallarında olan xx.xx.2020-ci tarixli, ADN 890327 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən edilir ki, “Porsche Cayenne Magnum” minik markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil Əliyeva Leyla Nizami qızının mülkiyyətindədir.
28. Qətnаmədən nаrаzı qаlаn iddiaçı Mahamaxanov Fəngiz аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
29. İddiaçı Mahamaxanov Fəngiz apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı cavabdehlə faktiki nikah münasibətində olduğu üçün hər hansı bir yazılı müqavilə bağlamağa ehtiyac duymamışdır. Qanunvericiliyin tələblərindən irəli gələrək deyə bilərik ki, əqd yazılı bağlandığı kimi şifahi də bağlana bilər. Və şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Şahidlər iddiaçının lehinə ifadə verməklərinə baxmayaraq məhkəmə bu halı nəzərə almamışdır. Eyni zamanda cavabdeh İngiltərədə 10 il işlədiyini bildirmiş və buna dair sübutlar təqdim etmişdir. Lakin, məhkəməyə bu sübutun saxta olduğunu əslində cavabdehin cəmi 1 il işlədiyini sübut etməyinə baxmayaraq məhkəmə bu halı da nəzərə almamışdır. Hesab edir ki, Məhkəmə Xəzər RPi-nin qərarında o cümlədən həmin material üzrə digər şəxslərin izahatlarını aydınlaşdırmamış, yekunda bu halları aydınlaşdırmadan hüquqi qiymət vermişdir. Bundan başqa cavabdeh tərəfin Leyla Mahamaxanovun 10 ildən artıq işləmədiyinə dair tərəfindən təqdim edilmiş sübutlara da məhkəmə qiymət verməmişdir.
30. Ona görə də, Balakən Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(019)- 89/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Cavabdehin nümayəndəsi və vəkili Qurbanov Nurlan Qurban oğlu apellyasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(019)-89/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Muradov Bəxtiyar İbrahim oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
33. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Qurbanov Nurlan Qurban oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(019)-89/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 225.1-ci maddəsinə əsasən ər-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikası Ailə Məcəlləsi: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardanbirinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ərarvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
36. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
37. Cavabdeh Balakən Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(019)- 89/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iddia tələbinə dair bu qətnamənin 13-19-cu bəndlərində göstərilmiş dəyərləndirməsində haqlı olmuşdur. Kollegiya həmin bəndlərdə göstərilənlərin əlavə şərhinə zərurət görmür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu qətnamənin 29-cu bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə şahid ifadələri və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin baş müstəntiq Elvin Cəfərovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması qərarında göstərilən izahatlar ümumilikdə iddiaçı tərəfindən Azərbaycanda müxtəlif şəxslərə müxtəlif vaxtlarda müxtəlif miqdarda pullar göndərilməsini təsdiq etsə də, pulların hansı miqdarının hazırki iş üzrə cavabdehə aid olması, pulların hansı hissəsinin əmlaklar alınması razılaşdırılmaqla göndərilməsi, həmin pullar qarşılığında hansı əmlakların alınmasının razılaşdırılması və razılaşmanın hansı həcmdə yerinə yetirilib, hansı həcmdə yerinə yetirilmədiyi kimi hallar müəyyən edilmir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya mhəkəməsi nə hazırki iş üzrə şahid ifadələrini, nə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin baş müstəntiq Elvin Cəfərovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması qərarını iddianın əsaslılığını təsdiq edən sübutlar olaraq qəbul etməməkdə haqlı olmuşdur.
40. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. Odur ki, birinci instansiya məhkəməsi işə baxaraq iddianı rədd edərkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPMin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
41. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı Mahamaxanov Fəngiz tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(019)-89/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı Mahamaxanov Fəngiz tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(019)-89/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.