Məhkəmə qərarları › İş №2(107)-876/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-876/2020

04.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-876/2020 04.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-739/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 14000 manat pul və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra Cavabdeh İddiaçı qarşı - 5400 manat borca görə və 30.4 manat dövlət rüsumu əvəzi olaraq pulun alınaraq ona verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-739/2019 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh 11000 (on bir min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşdıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apelyasiya şikаyəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi ilə maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, cavabdeh notariat kontorunda və DƏDRX-nin 9 saylı ərazi idarəsində təsdiq edilmiş əqdləri rüsumları qəbzləri əldə edə bilmədiyini buna görə də məhkəmə tərəfindən əldə edilməsi üçün vəsatət qaldırmışdır. Lakin məhkəmə həmin sübutları əldə etməmişdir. Eyni zamanda məhkəmə iddiaçıya məxsus sübutları iddiaçının xahişi olmadığı halda əldə edərək toplamışdır. Bundan əlavə birinci instansiya məhkəməsi cavabdeh tərəfindən dəvət edilmiş şahidləri də dindirməmişdir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini, iş üzrə çıxarılmış qətnamənin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-739/2019 saylı qətnаməsi Cavabdeh 11000 (on bir min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, Həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia həmin hissədə rədd edilməli, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul İddiaçı aid edilməli, qətnamə qalan hissədə yəni ilk iddianın təmin edilməyən hissəsində və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları təsbit edilir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdeh tikinti-quraşdırma işləri ilə məşğul olaraq podratçı qismində İddiaçı Şamaxı rayonunda fərdi yaşayış evinin tikintisini öhdəsinə götürmüşdür. Tərəflər arasında etibarlı iş münasibəti yarandığından iddiaçı cavabdehə etibarnamə verərək özünə məxsus torpaq sahələrinin sənədləşdirilməsini, eyni zamanda həmin torpaq sahələrinin satılması da daxil olmaqla bütün hüquqları vermişdir. Bundan sonra cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini 14000 manata satmış, həmin məbləğdən 3000 manatını İddiaçı göndərmiş, 4000 manatı torpaq sənədlərinin hazırlanmasına, 7000 manatı isə tikinti işlərindən yaranmış borclara, o cümlədən 2000 manatı ödənilməmiş zəhmət haqqı kimi X1, 2800 manatı X4 üzlük daşın alınmasından ötrü qalıq borca görə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada başlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir Həmin Məcəllənin 778.1-ci və 778.3-cü maddələrinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Qeyd edilən Məcəllənin 779.1-ci maddəsininin tələbinə görə, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. İddiaçı iddia edir ki, Özünə məxsus və İsmayıllı rayonu, Xəlilli kəndində yerləşən 20 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların alınması məqsədi ilə Cavabdeh verdiyi xx.xx.2016-cı il tarixli 7E-2870 nömrəli etibarnamə əsasında həmin torpaq sahəsinə aid çıxarışları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən aldıqdan sonra, etibarnamədə ona məxsus torpaq sahəsinin alqı-satqısınm aparılması hüququnun da qeyd edilməsindən sui-istifadə edərək xx.xx.2017-ci il tarixdə İsmayıllı rayon dövlət notariat kontorunda 23800 manat dəyərində olan 14 ha torpaq sahəsini Cavabdeh gizlin olaraq 14000 manata əcnəbi vətəndaşa satmış, lakin torpağın hələ satılmadığını, ancaq satılması üçün beh aldığını bildirib, bu məqsədlə də əldə etdiyi həmin puldan 3000 manatın, beh adı ilə ona göndərmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli, l(107)-98 201S nömrəli hökmü ilə apelyasiya şikayəti təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin qeyd edilən hökmü ləğv edilərək əməlində cinayət tərkibi olmadığından cavabdehə bəraət verilmişdir. Həmin hökmdən nümayəndəsi və vəkili vasitəsilə kassasiya şikayəti vermişdir. Lakin Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(102)-34/2019 nömrəli qərarı iiə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmü dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçı iddia ərizəsini cavabdehin barəsində qəbul edilmiş məhkəmə qərarlarına istinad etməklə əsaslandırmışdır. Məhkəmə qərarlarından başqa iddiaçı iddia ərizəsini əsaslandırmaq üçün hər hansı bir başqa sübut növü ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 82.4-cü maddəsinə görə cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Qeyd edilən prosessual hüquq normasının mənasından göründüyü kimi, mülki işə baxan məhkəmə üçün cinayət mühakimə icraatı zamanı qəbul edilmiş qərarlara münasibətdə hərəkətin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya qeyd edir ki, pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdeh arasında torpaqların sənədləşdirilməsi və satılması ilə bağlı iddiaçı cavabdehə etibarnamə vermişdir. Cavabdeh həmin etibarnamə ilə iddiaçının adından hərəkətlər etmiş, lakin iddiaçıya hər hansı bir ziyan vurmamışdır. Çünki iddiaçı tərəf məhkəmə qərarlarından başqa iddiasını sübut edəçək hər hansı bir dəlili məhkəmələrə təqdim etməmişdir. Bundan başqa cavabdeh əsassız varalanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Cavabdeh mülki hüquq pozuntusu (delikt) tərətməyib. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə şikayətin dəlilləri ilə qismən razılaşır. Belə ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin edərkən İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə və Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(102)-34/2019 saylı qərarına istinad etmişdir ki, bu yolmerilməzdir. Belə ki, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü və Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(102)-34/2019 saylı qərarı ilə Cavabdeh qarşı olan ittiham, öz təsdiqini tapmamışdır. X5 Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, Cavabdeh torpaq sahəsini 14000 manata satmış, bu puldan 3000 manatını İddiaçı göndərmişdir, qalan 11000 manat pulu isə öz ehtiyaclarına xərcləməsini təsdiqləyən hər hansı sübut yoxdur. Cavabdeh həmin 11000 manat pulun təxminən 4000 manatını torpaq sahələrinin sənədlərinin hazırlanması və çıxarışıların alınması ilə bağlı xərclərə qalan 7000 manatını isə İddiaçı evinin tikintisi ilə əlaqədar yaranmış borcların ödənilməsinə sərf etdiyini bildirmişdir. İddiaçı evinin tikintisi ilə əlaqədar Cavabdeh tərəfindən 2016-cı ilin mart ayında X1 zəhməthaqqı üzrə qalan borc kimi 2000 manat X4 üzlük daş alınmasına görə qalan borc kimi 2800 manat məbləğində pulların ödənilməsi, həmin şəxslərin şahid ifadələrində təsdiqini tapmışdır. Bundan əlavə Apelyasiya Məhkəməsində cinayət işinə baxılarkən kollegiyanın iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, Cavabdeh Şamaxı rayonu Məlhəm kəndində tikilən evlə bağlı tanımışdır. O, həmin evdə 2014-2015-ci illərdə, 1 ildən artıq müddətdə tikinti işləri ilə məşğul olmuşdur. Pərvizlə olan razılığa əsasən evin tikintisində gördüyü işlərin pulunu hissə-hissə almalı idi. O, Cavabdeh pulunu istəyəndə Pərviz ona bildirmişdir ki, evin sahibəsi olan Svetlana xanım səhhəti ilə əlaqədar Türkiyədə müalicə aldığına görə pulun ödənilməsində müəyyən gecikmələr olacaq. Pərviz tikintidə istifadə olunan materialları da çox vaxt tanışları işləyən mağazalardan nisyə götürürdü. Cavabdeh ona işlədiyi müddətdə bir neçə dəfə az-az pul vermiş, lakin daha çox borclu qalmışdır. Cavabdeh ona olan 2000 manat borcunu tam şəkildə 2016-cı ilin mart ayında ödəmişdir. Həmçinin Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, Cavabdeh 2012-ci ildən işi ilə əlaqədar tanıyır. Pərviz 2015-ci ildə ona zəng vuraraq tikdirdiyi evin fasadı üçün aqlay lazım olduğunu bildirmişdir. O da evin layihəsinə əsasən hesablayıb Pərvizə 12000 daş lazım olduğunu bildirmişdir. Tikinti üçün lazım olan 12000 aqlay daşını 3 dəfəyə Pərvizə göndərmişdir. Pərviz ilkin olaraq ona 2000 (iki min) manat pul vermiş, pulun qalan hissəsini isə hissə-hissə ödəyəcəyini bildirmişdir. O, Pərvizdən veriləcək pulun niyə gecikdiyini soruşduqda Pərviz ona bildirmişdir ki, həmin evin sahibi xəstəliyi ilə əlaqədar Türkiyədə müalicə alır, ona görə də pulu vaxtında ödəyə bilmir. Cavabdeh qalan 2800 manat pulu 2016-cı ilin mart ayında ona vermişdir. Bundan əlavə, iş materialları ilə Cavabdeh iddiaçıya 11000 manat borcunun qaldığı müəyyən edilməmişdir. İddiaçı da bununla bağlı məhkəmə kollegiyasına hər hansı bir mötəbər dəlil təqdim etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apelyasiya şikayəti qalan hissədə əsaslı olmamışdır. Belə ki, cavabdeh iddiaçının yaşayış evinin tikintisi zamanı orada mərhum atasının gözətçi işlədiyini, lakin haqqının ödənilmədiyini, öz pulundan atasına olan borcu ödədiyini, hazırda isə həmin məbləği tələb etdiyini qeyd etsə də, həmin halları sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)- 739/2019 saylı qətnаməsi Cavabdeh 11000 (on bir min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia həmin hissədə rədd edilməli, İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməli, qətnamə qalan hissədə yəni ilk iddianın təmin edilməyən hissəsində və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşdıqlı iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-739/2019 saylı qətnaməsi Cavabdeh 11000 (on bir min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia həmin hissədə rədd edilsin. Qətnamə qalan hissədə yəni ilk iddianın təmin edilməyən hissəsində və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar