Məhkəmə qərarları › İş №2(107)-880/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-880/2024

10.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-880/2024 10.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı ümumi paylı əmlakın naturada bölünməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edildi, qüvvə, icraata qəbul) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı ümumi paylı əmlakın naturada bölünməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(033)-20/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair ərizəsinin təmin edilməsi barədə Zaqatala Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(033)-20/2024 saylı qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “ümumi paylı əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”lara əsasən ümumi paylı mülkiyyətdə olan Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,1288 ha yaşayış məntəqələri təyinatlı (həyətyanı) torpaq sahəsindən onlara düşən 18/24 payın (hissənin) naturada ayrılması, o cümlədən, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 naturada ayrılmış həmin hissələrdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(033)-20/2024 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,1288 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən iddiaçılar X2 və İddiaçı2 hər birinin payına düşən 9/24 hissə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 hər birinin payına düşən 2/24 hissədən naturada ayrılması və cavabdehlərin iddiaçılara naturada ayrılmış hissələrdən çıxarılması, iddiaçılar X2 və İddiaçı2 paylarının naturada ayrılması, 31 iyul 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun aparılması, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada 50 (əlli) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, İddiaçı2 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(033)-20/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti 21 may 2024-cü tarixdə Zaqatala Rayon Məhkəməsinə daxil olmuşdur. Eyni zamanda şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdirlər. Zaqatala Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(033)-20/2024 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “ümumi paylı əmlakın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(033)- 20/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti verilməsi müddəti bərpa edilmiş, apellyasiya şikayətinin baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı2 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Zaqatala Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(033)-20/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(033)- 20/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti verməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsində göstərmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “ümumi paylı əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qətnamə qəbul olunmuş və iddiaçıların iddiası təmin edilmişdir. Həmin məhkəmə iclasının aparılmasından məhkəmə iclaslarının vaxtı və yeri barədə onların heç birinin məlumatı olmamışdır. Məhkəmə bildirişləri, məhkəmə çağırışları, o cümlədən məhkəmənin sonuncu qəbul etdiyi qətnaməsi onlara təqdim olunmamışdır. Eyni mübahisə üzrə məhkəmədə 2022-ci ildə mülki iş olmuş və torpağın bölünməsinin mümkün olmamasına dair ekspert rəyi verildikdən sonra iddia baxılmamış saxlanılmışdır. Sonuncu məhkəmə qərarının icra olunması üçün icra məmuru gələrək torpaq sahəsini naturada bölmək istəyərkən onların məlumatı olmuşdur ki, məhkəmə onlara məlumat vermədən mülki işə baxmış məhkəmə qətnaməsi qəbul etmiş və onların şikayət vermək hüququ pozaraq qətnamə onlara təqdim olunmadan icra olunması üçün yönəldilmişdir. Məhkəmənin bu işindən məlumatları olduqdan sonra Cavabdeh3 adına xx.xx.2024-cü il tarixdə Asan imza alaraq elektron məhkəmə sistemində elektron kabinet açmışlar, elektron kabinetə qoyulmuş xəbərnamələrə baxış keçirmişlər. Məhkəmə qətnaməsinin onlara təqdim olunmasına dair xəbərnamələrdəki imzalar onlara məxsus deyildir. Məhkəmə qətnamələri qanunda nəzərdə tutulmuş qaydada onlara təqdim olunmamışdır. Məhkəmə qətnaməsində isə deyilir ki, qətnamə rəsmi təqdim olunduğu gündən 1 ay ərzində şikayət vermək hüquqları vardır. Bundan başqa məhkəmənin diqqətinə çatdırırıq ki, işin elektron kabinetinə qoyulmuş xəbərnamələrdə ümumiyyətlə onların ünvanı qeyd olunmamışdır. Məsələn, Cavabdeh2 ünvanı yerində özünün adı yazılmışdır. Eyni zamanda Şahrizənin ünvanı əvəzinə adı yazılmışdır. Bundan başqa, məhkəmənin diqqətinə çatdırırıq ki, cavabdehərdən Cavabdeh2 01 fevral tarixindən indiyədək ağır xəstəlikdən Bakı şəhərində “Bonadea” xəstəxanasında müalicə olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mülki iş materialından görünür ki, Cavabdeh2 Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(033)-20/2024 saylı qətnaməsini xəbərnamənin şəxsən hissəsinə “İsrafilova” qeyd edib imza etməklə, Cavabdeh1 xəbərnamənin şəxsən hissəsinə “israfilova” qeyd etməklə, Cavabdeh3 isə xəbərnamənin şəxsən hissəsinə “Teyubova” qeyd etməklə qəbul etmişdirlər. Lakin cavabdehlər ərizə ilə müraciət edərək bildirmişdirlər ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə onların heç birinin məlumatı olmamışdır. Məhkəmə bildirişləri, məhkəmə çağırışları, o cümlədən məhkəmənin sonuncu qəbul etdiyi qətnaməsi onlara təqdim olunmamışdır. Bu işdən məlumatları olduqdan sonra Cavabdeh3 adına xx.xx.2024-cü il tarixdə Asan imza alaraq elektron məhkəmə sistemində elektron kabinet açmışlar, elektron kabinetə qoyulmuş xəbərnamələrə baxış keçirmişlər. Məhkəmə qətnaməsinin onlara təqdim olunmasına dair xəbərnamələrdəki imzalar onlara məxsus olmamışdır. Ərizəyə əlavə edilmiş Zaqatala Rayon Mərkəzi X3 X1 tərəfindən verilmiş 358 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 Zaqatala RMX-sı PHŞ-in Poliklinika Şöbəsinin endokrinoloji kabinetində dispanser qeydiyyatdadır. Mütəmadi ambulator müalicədədir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər “BONA DEA” xəstəxanasında müalicə olunmuşdur. Barəsində insulindən asılı olmayan şəkərli diyabet-hipertenziya tiroidektomiyadan sonra daimi trakeostomiyalı tənəfüs diaqnozu qoyulmuşdur. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 və Cavabdeh3 ünvanlanmış qətnamələr təhvil alınarkən soyadları qeyd olunsa da, imzaları qeyd edilmədiyindən həmin qətnamələrin şəxsən təhvil alınmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş xəbərnamələrlə sonuncu xəbərnamələrin müqayisəsi zamanı imzalar və qeydlər arasında fərqliliklər müəyyən edilmişdir. Cavabdeh2 ünvanlanmış Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(033)-20/2024 saylı qətnaməsi isə xəbərnamənin şəxsən hissəsinə “İsrafilova” qeyd edib imza etməklə təhvil alınmasına baxmayaraq, cavabdehlər tərəfindən ərizəyə əlavə edilmiş Zaqatala Rayon Mərkəzi X3 X1 tərəfindən verilmiş 358 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər “BONA DEA” xəstəxanasında müalicə olunmuşdur. Göründüyü kimi, cavabdehlərin qətnaməni rəsmi qaydada qəbul etmələri mübahisə doğurur, Cavabdeh2 isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024- cü il tarixədək müalicədə olmuşdur və bu səbəbdən apellyasiya şikayyətini vaxtında verə bilməmişdir. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Mülki iş materiallarını araşdırıb, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 vəsatətini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, vəsatətin dəlilləri əsaslı hesab edilməklə müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsas kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şiakyət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(033)-20/2024 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(033)-20/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(033)-20/2024 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Zaqatala Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(033)-20/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 verdiyi apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar