Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-897/2022 25.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Mingəçevir Peşə məktəbinin direktoru X3 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyan, mənəvi zərər, sübutetmə yükü ) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(051)-312/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Mingəçevir Peşə məktəbinin direktoru X3 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia əizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1989-cu ilin sentyabr ayında Mingəçevir Peşə məktəbinə işə qəbul olunmuşdur. Həmin gündən xx.xx.2019-cu il tarixə kimi peşə məktəbində işləmişdir. Məktəbə yeni direktor təyin edlmiş İlham İlyasov onu 2019-cu iln sentyabr ayında qanunsuz olaraq onu işdən çıxartmışdır. Qanunsuz olaraq işdən azad olunduğuna görə işə bərpa tələbinə dair iddia əizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsində onun əvvəlki işinə bərpa olunması və məcburi proqula görə əmək haqqının ödənilməsi qət edilmişdir. Ancaq məhkəmə prosesi uzun müddət çəkdiyinə, bir neçə instansiyalardan keçdiyinə, məhkəmə qərarı gec icra olduğuna görə iki il işsiz qalmış, bu müddət ərzində həm maddi, həm də mənəvi cəhətdən pis vəziyyətə düşmüşdür. İşlədiyi üçün “Kapital Bank”dan kredit götürmüşdür. İşdən azad olunduğuna görə ödənişi düzgün yerinə yetirməmiş, gecikmələr olduğu üçün cərimə hesablanmışdır. Hazırda banka 3300 manat borcu yaranmışdır. İşdən qanunsuz çıxarılması ilə bağlı məhkəməyə müraciət edən zaman məhkəmə sənədləri, yol xərci, məktub, teleqram üçün 1000 manat xərcləmişdir. Dolanışıq, çörək pulu, xəstəliyin müalicəsi ilə əlaqədar 2000 manat dəyərində qızıl əşyalarını satmışdır. Beləliklə cavabdehin hərəkətləri nəticəsində ona 6300 manat məbləğində zərər dəymişdir. Bundan əlavə cavabdehin hərəkətləri nəticəsində həm xəstə əri, həm də özü mənəvi sarsıntı keçirmiş, mənəvi sarsıntıdan gözləri zəifləmişdir. Ona 3000 manat mənəvi ziyan dəymişdir. İddianın təmin olunmasını, vurulmuş maddi zərərə görə 6300 manat, mənəvi zərərə görə 3000 manat olmaqla, cəmi 9300 manat pulun və dövlət rüsumu kimi ödəmiş olduğu 113 manat pulun cavabdeh Mingəçevir Peşə məktəbinin direktoru İlham İlyasovdan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(051)-312/2022 saylı qətnaməsi ilə (hakim M.Kərimova) iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Mingəçevir Peşə məktəbinin direktorunun 74 №-li xx.xx.2021-ci il tarixli əmrinə əsasən direktorun 122 saylı xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir Peşə məktəbinə istehsalat təlimi ustası vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi əmr edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Kapital Bank” vasitəsi ilə Mingəçevir Peşə məktəbinin hesabına əmək haqqı ödənişi üçün 15325,63 manat köçürülmüşdür. Ödəniş sənədinə əsasən 2022-ci ilin mart ayında Mingəçevir Peşə məktəbində X1 8496,26 manat əmək haqqı ödənilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İş materialları ilə müəyyən edilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyinə görə işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiaçı məhkəmədə iddia qaldırmış, məhkəmənin qətnaməsi ilə onun iddiasının təmin edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qət edilmiş, cavabdeh müddətsiz əmək müqaviləsi ilə İddiaçı Mingəçevir Peşə məktəbinə istehsalat təlim ustası vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi barədə xx.xx.2021-ci il tarixli əmr vermiş, məcburi iş buraxmaya görə iddiaçıya 8496,26 manat əmək haqqı ödənilmişdir. Beləliklə, iddiaçı cavabdeh tərəfindən ona mənəvi zərər vurulmasını, eləcə də 6300 manat məbləğində maddi zərərin vurulmasını təsdiq edən sübutu təqdim etməmişdir.Məhkəmə hesab etmişdir ki, iddia üzrə sübut təqdim edilmədiyinə, əsassız olduğuna görə iddia tələbi təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1, 78.2, 217.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23-cü maddələri, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarı, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə İnsan Haqları üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı, «Qavazov Bolqarıstana qarşı iş üzrə» İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 06 mart 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə prosesi uzun müddət çəkdiyinə, bir neçə instansiyalardan keçdiyinə, məhkəmə qərarı gec icra olduğuna görə iki il işsiz qalmış, bu müddət ərzində həm maddi, həm də mənəvi cəhətdən pis vəziyyətə düşmüşdür. İşlədiyi üçün “Kapital Bank”dan kredit götürmüşdür. İşdən azad olunduğuna görə ödənişi düzgün yerinə yetirməmiş, gecikmələr olduğu üçün cərimə hesablanmışdır. Hazırda banka 3300 manat borcu yaranmışdır. İşdən qanunsuz çıxarılması ilə bağlı məhkəməyə müraciət edən zaman məhkəmə sənədləri, yol xərci, məktub, teleqram üçün 1000 manat xərcləmişdir. Dolanışıq, çörək pulu, xəstəliyin müalicəsi ilə əlaqədar 2000 manat dəyərində qızıl əşyalarını satmışdır. Beləliklə cavabdehin hərəkətləri nəticəsində ona 6300 manat məbləğində zərər dəymişdir. Bundan əlavə cavabdehin hərəkətləri nəticəsində həm xəstə əri, həm də özü mənəvi sarsıntı keçirmiş, mənəvi sarsıntıdan gözləri zəifləmişdir. Ona 3000 manat mənəvi ziyan dəymişdir. Mingəçevir Şəhər Məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki hallarını düzgün araşdırmamış, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə onun Konstitusiyanın 13, 29 və 60-cı maddələrində, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində təsbit edilmiş hüquqlarını pozmuşdur. Məhkəmənin iddia tələbinin əsaslı olması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-312/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməklə apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəmə kollegiyasına apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur; mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid ( şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam YOXlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini YOXlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir və qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Kollegiya qeyd edir ki, iddiaçının tələbi qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi ona münasibətdə qətnamənin əsaslılığını tam həcmdə YOXlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamənin mübahisələndirilən hissəsi üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(051)-312/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Mingəçevir Peşə məktəbinin direktorunun 74 №-li xx.xx.2021-ci il taixli əmrinə əsasən direktorun 122 saylı xx.xx.2019cu il tarixli əmrin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir Peşə məktəbinə istehsalat təlimi ustası vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi əmr edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Kapital Bank” vasitəsi ilə Mingəçevir Peşə məktəbinin hesabına əmək haqqı ödənişi üçün 15325,63 manat köçürülmüşdür. Ödəniş sənədinə əsasən 2022-ci ilin mart ayında Mingəçevir Peşə məktəbində X1 8496,26 manat əmək haqqı ödənilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş şikayətin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, işdən qanunsuz çıxarılması ilə bağlı məhkəməyə müraciət edən zaman məhkəmə sənədləri, yol xərci, məktub, teleqram üçün 1000 manat xərcləmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya YOXluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddianın məhkəmə xərclərinin tutulmasının rədd edilməsi hissəsinə düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı məhkəmə sənədləri, yol xərci, məktub, teleqram üçün 1000 manat xərcləməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa kollegiya şikayətin digər dəlili olan dolanışıq, çörək pulu, xəstəliyin müalicəsi ilə əlaqədar 2000 manat dəyərində qızıl əşyalarını satmmasına münasibət bildirərək qeyd edir ki, iddiaçı ilk növbədə qeyd edilənləri təsdiq edəcək sübutları iş materiallarına əlavə etməmişdir. Digər tərəfdən əlavə etmiş olsa belə bu iddianın əsaslı olması anlamına gəlmir. Belə ki, yuxarıda adı keçən qətnamə ilə müəyyən edilmişdir ki, ödəniş sənədinə əsasən 2022-ci ilin mart ayında Mingəçevir Peşə məktəbində X1 8496,26 manat əmək haqqı ödənilmişdir. Yəni iddiaçının çəkmiş olduğu maddi zərər məhkəmə qətnaməsinə əsasən iddiaçıya ödənilmişdir. Bundan əlavə şikayətin digər dəlilinə münasibət bildirən kollegiya qeyd edir ki, ərinin mənəvi sarsıntı keçirməsi hazırkı mülki işin predmeti deyildir. Çünki iddiaçının əri hər hansı bir iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. İddiaçının özünə gəldikdə isə kollegiya qeyd edir ki, iddiaçı qeyd etdiyi dəliləri əsaslandıran heç bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXdur. Beləliklə, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması barədə iddiaçının apellyasiya şikayətindəki dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmadığından əsassızdır. Belə ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsinə dair hər hansı bir mötəbər sübutu məhkəmələrə təqdim edə bilməmişdir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla əsaslı və qanuni qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlillərini əsaslanmamış və dediyi faktları təsdiqləyəcək sübut təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(051)-312/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(051)-312/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-897/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-897/2022
25.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver