Məhkəmə qərarları › İş №2(107)-898/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-898/2021

20.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-898/2021 20.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Nəsrulla oğluna və Baş Dövlət Yol Polis İdarəsinin Yevlax RQİ və TBŞ-nə qarşı nəqliyyat vasitəsi sənədinin etibarsız hesab edilməsi tələbinə dair Ağdaş Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(014)-282/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 Nəsrulla oğlu və Baş Dövlət Yol Polis İdarəsinin Yevlax RQİ və TBŞə qarşı nəqliyyat vasitəsi sənədinin etibarsız hesab edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **-BF-*** nömrəli VAZ 2106 markalı avtomobilin texniki pasportunun etibarsız hesab edilməsi, ondan irəli gələn hüquqi nəticələrin ləğv olunması və bu öhdəliyin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Nəsrulla oğlu və Baş Dövlət Yol Polis İdarəsinin Yevlax RQİ və TBŞ-in üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ağdaş Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(014)-282/2021 nömrəli qətnaməsi ilə (hakim F.Nəsibov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Nəsrulla oğlu və Baş Dövlət Yol Polis İdarəsinin Yevlax RQİ və TBŞə qarşı nəqliyyat vasitəsi sənədinin etibarsız hesab edilməsi tələbi haqqında iddiası rədd edilməsi, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin faktiki halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 Nəsrulla oğlu və Baş Dövlət Yol Polis İdarəsinin Yevlax RQİ və TBŞə qarşı nəqliyyat vasitəsi sənədinin etibarsız hesab edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **-BF-*** nömrəli VAZ 2106 markalı avtomobilin texniki pasportunun etibarsız hesab edilməsi,ondan irəli gələn hüquqi nəticələrin ləğv olunması və bu öhdəliyin Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 Nəsrulla oğlu və Baş Dövlət Yol Polis İdarəsinin Yevlax RQİ və TBŞ-in üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, **-BF-*** nömrəli VAZ 2106 markalı avtomobilə dair İddiaçı1 adına texpasport olmasına baxmayaraq qeyri-qanuni olaraq başqasının adına keçmişdir. Avtomobilin Elgizə qaytarılmasına köməklik edilməsini xahiş edirlər. Yevlax DYP sənədləşmə şöbəsi bir sıra qanunsuzluqlar etmişdir. İddiaçı1 adına sistemin işləmədiyi bəhanəsi ilə müvəqqəti texpasport vermiş,daimi texpasport verilməsi üçün həmin şöbəyə müraciət etdikdə onun əlində olan texpasportu alaraq başqasının adına texpasport verildiyini bildirmişlər. Qeyd edir ki,avtomobil İddiaçı1 adına olmasına və üzərində cərimələr olmasına baxmayaraq başqasının adına keçirilməsi qanunsuzdur. Bu işdə əli olanların başında Cavabdeh2 gəlir. Avtomobili onlar pul ilə satın almalarına baxmayaraq Cavabdeh2 avtomobil sahibi Cavabdeh3 yanına gedərək İddiaçı2 xəstə olduğunu,can verdiyini və adına sərəncam vermək barədə etibarnamə verilməli olmasını vəsiyyət etdiyini bildirmişdir. Lakin həmin vaxtı artıq İddiaçı1 öz adına atası İddiaçı2 avtomobillə bağlı etibarnamə almışdır. İddiaçı1 Yevlax merosuna gedəndə ilk dəfə avtomobilin İddiaçı1 olduğunu bildirsələr də, daha sonra gedəndə isə onu qovaraq avtomobilin Cavabdeh2 adına,daha sonra isə Cavabdeh1 adına olduğunu bildirmişlər. Cavabdeh3 avtomobili onlar pul müqabilində satın alanda etibarnamə onlara Cavabdeh4 vasitəsi ilə verilmişdir. Belə ki, Elçin etibarnaməni tanışı Qismətə vermişdir ki,onun əvəzinə sənədləşməni o,aparsın. Elçin və Qismət təsdiq edə bilər ki,onlar avtomobilə görə pul vermişlər. Həmçinin Elçin təsdiq edə bilər ki,Məhəməd İddiaçı2 xəstə olması,can verməsi və Məhəmmədə avtomobillə bağlı vəsiyyət etməsi barədə yalan məlumat vermişdir. Belə ki, Məhəmməd inandırıcı tərzdə dediyi üçün Elçin Məhəmmədə inanmış və avtomobil üzərində sərəncam vermək barədə etibarnamə vermişdir. Tərəflərindən pul verilməsə idi İddiaçı2 etibarnamə verilməzdi. Qeyd edir ki,avtomobil sahibi iki nəfərə etibarnamə verə bilər,lakin əvvəl verdiyi şəxsi bu barədə xəbərdar etməlidir. Onlar isə bu barədə bir il sonra bilmişlər. İki nəfərə etibarnamə vermək saxtakarlığa bənzəyir,belə ki, bir avtomobilə görə iki adamdan pul almaq, qeyd edirlər ki, etibarnamə avtomobili satmaq hüququ verir,pulsuzda o,etibarnaməni heç kəs verməz. Ona görə bilmirlər ki,kim saxtadı,ya da kim düz, odur ki, pullarını və ya avtomobillərini geri istəyirlər. Məhəmməd onların dost münasibətlərindən istifadə edərək atasının aldığı avtomobili öz adına etibarnamə alaraq başqasının adına rəsmiləşdirmişdir. Onlar bu barədə müvafiq orqanlara müraciətlər etsələr də heç bir nəticəsi olmamışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, **-BF-*** nömrəli VAZ 2106 markalı avtomobilə dair İddiaçı1 adına texpasport olmasına baxmayaraq qeyriqanuni olaraq başqasının adına keçmişdir. Avtomobilin Elgizə qaytarılmasına köməklik edilməsini xahiş etmişlər. Yevlax DYP sənədləşmə şöbəsi bir sıra qanunsuzluqlar etmişdir. İddiaçı1 adına sistemin işləmədiyi bəhanəsi ilə müvəqqəti texpasport vermiş, daimi texpasport verilməsi üçün həmin şöbəyə müraciət etdikdə onun əlində olan texpasportu alaraq başqasının adına texpasport verildiyini bildirmişlər. Cavabdeh2 onların dost münasibətindən istifadə edb atasının aldığı maşını öz adına etibarnamə götürüb və başqasının adına rəsmiləşdirmişdir. Hesab edir ki, Ağdaş Rayon Məhkəməsi əsassız qətnamə qəbul etmişdir. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(014)-282/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətnə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(014)- 282/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş Nuriyev X1 Elgiz Yaqut oğluna VAZ2106 MİNİK avtomobilinə dair 23 may 2019-cu il tarixdə nəqliyyat vasitəsini idarə etmək etibarnaməsi vermişdir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. İş materiallarına əlavə edilmiş Cavabdeh3 Cavabdeh2 VAZ 2106 MİNİK avtomobilinə dair 04 may 2018-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək etibarnaməsi vermişdir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. İş materiallarına əlavə edilmiş Nuriyev X1 Yaqut Bəhrəm oğluna VAZ 2106 MİNİK avtomobilinə dair 29 aprel 2018-ci il tarixdə nəqliyyat vasitəsini idarə etmək,üzərində sərəncam vermək etibarnaməsi vermişdir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. İş materiallarına əlavə edilmiş İddiaçı1 adına verilmiş BC kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, sürücülük vəsiqəsi 22 may 2019-cu ildə verilmiş 22 may 2029-cu il tarixədək müddətidir. İş materiallarına əlavə edilmiş İddiaçı2 adına verilmiş B kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, sürücülük vəsiqəsi 05 iyul 2013-cü ildə verilmiş 05 iyul 2023-cü il tarixədək müddətidir. İşdə olan 21 iyun 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 adından VAZ-2106 markalı avtomobil barədə 19 mart 2019-cu il tarixdə sərəncam vermək üzrə etibarnamə alan (həmin etibarnamənin müddəti 19 mart 2020-ci il tarixdədək qüvvədə olan) Cavabdeh2 və Cavabdeh1 arasında VAZ-2106 markalı 07BF416 dövlət nömrə nişanlı avtomobil barəsində alqı satqı müqaviləsi bağlanmış, Cavabdeh1 avtomobil müqabilində Cavabdeh2 4500 manat pul vermişdir. Məhkəmə kollegiyası təqdim olunmuş sübutları əlaqəli şəkildə işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli məqamların araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. «İnsan hüquqlarının Ümumi Bəyannaməsinin» 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 16-cı maddəsinin tələblərinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-in 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. MM-in 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. MM-in 153.3-cü maddəsində əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. MM-in 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 181.4-cü maddəsinin tələbinə görə mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. MM-in 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalət etibarnamə sayılır. MM-in 362.2-ci maddəsinin tələbinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. MM-in 365-ci maddəsinə əsasən, etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. MM-in 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. MM-in 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 564 saylı, 11.04.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”na əsasən, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan 5 bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılan daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki, öyrənilən işdən bəlli olur ki, sözügedən avtomobilin mülkiyyətçisi Cavabdeh3 adlı şəxsdir və sonuncu da birinci instansiya məhkəməsinə göndərdiyi etiraz ərizəsində avtomobilin iddiaçılara satılmasını təkzib etmişdir. Həmçinin tədqiq edilən iş materialları ilə də məlum avtomobilin iddiaçılara satılmasını təsdiq edən hər hansı bir sübuta rast gəlinmir. İddiaçıların əlində yalnız avtomobilin idarə ediləməsinə dair etibarnamə olmuşdur ki, bu etibarnamədə həmin avtomobilin iddiaçılara satılmasını özündə ehtiva etmir. Bundan başqa, mülkiyyətçinin öz mülkiyyətində olan əmlakla bağlı bir-neçə nəfərə etibarnamə verməsi mövcud qanunvericiliyə görə qadağan edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası onu da xatırlatmağı zəruri bilir ki, əgər iddiaçı iddia etdiyi kimi avtomobilin mülkiyyətçisinə mübahisəli avtomobilin alqı-satqısı ilə bağlı hərhansı bir pul məbləği verdiyini isbat edə bilərsə, bununla bağlı, yəni pul tələbi ilə bağlı məhkəməyə müraciət edə bilməsi istisna olunmur. MPM-in 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(014)-282/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar