Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-899/2024 22.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul vəsaitinin tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, tapşırıq müqaviləsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul vəsaitinin tutulması tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 3 may 2024-cü il tarixli, 2(063)-20/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehə qarşı pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 15810 manat pul vəsaitinin və 137,43 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəfindən cavabdehə 2021-ci ilin aprel ayında kriptovalyutanın yaradılmasını həyata keçirən 2 ədəd “mayner aparatı”nın gətirilməsi məqsədilə 9300 USD, ümumilikdə 15810 manat pul ödənilmişdir. Ödənişə dair qəbz əlavə edilmişdir. Ödəniş cavabdehin bank hesabına köçürülmüşdür. Bir müddət sonra cavabdeh tərəfindən qeyd edilən aparatların gətirildiyi bildirilsə də, bu günə qədər ona təqdim edilməmiş, ödənilmiş məbləğ isə geri qaytarılmamışdır. Həmin məsələ ilə əlaqədar Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində araşdırma aparılmış və polis şöbəsinin təhqiqatçısı Şahin Nurəliyev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara, eyni zamanda cavabdehin polisdə verdiyi ifadə və iddiaçı tərəfindən təqdim edilən ödəniş qəbzinə əsasən yuxarıda qeyd edilən faktlar öz təsdiqini tapır və təkrarən məhkəmədə sübut edilməsi tələb olunmur. Cavabdehlə aralarında hər hansı hüquqi əsas olmadan ona məxsus pulları mənimsədiyindən o, əsassız varlanmış sayılmalı və ona məxsus pulu geri qaytarmalıdır. Bundan başqa, 2021-ci ilin aprel ayından hazıradək ölkədə olan rəsmi infilyasiya faizi kimi 20 faiz nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsində icraat Ucar Rayon Məhkəməsinin (hakim H.Xəlilov) 3 may 2024-cü il tarixli, 2(063)- 20/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 8561.39 (səkkiz min beş yüz altmış bir, otuz doqquz) USD məbləğində pul ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, habelə iş üzrə ödənilmiş dövlət rüsumuna görə 137 (bir yüz otuz yeddi) manat 43 (qırx üç) qəpik məbləğində pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Kriptovalyutanın yaradılmasını həyata keçirən 2 ədəd “mayner aparatı”nın gətirilməsi məqsədilə iddiaçının əri X3 istifadəsində olan 523915******6943 nömrəli plastik kartdan 26 aprel 2021-ci il tarixdə 8561,39 USD məbləğində köçürmə əməliyyatı icra edilmişdir. Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, eyni zamanda iddiaçıdan aldığı pul vəsaitini geri qaytarmamış, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsinin iclasında iş materialları ilə müəyyən edilmişdir ki, kriptovalyutanın yaradılmasını həyata keçirən 2 ədəd “mayner aparatı”nın gətirilməsi məqsədilə iddiaçının əri X3 istifadəsində olan 523915******6943 nömrəli plastik kartdan 26 aprel 2021-ci il tarixdə 8561,39 USD məbləğində köçürmə əməliyyatı icra edilmişdir. Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, eyni zamanda iddiaçıdan aldığı pul vəsaitini geri qaytarmamış, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin bununla bağlı etirazında göstərilənləri, habelə iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğin məhz 9300 USD olmasını məhkəmə əsaslı hesab etməmiş. İş materialları ilə iddiaçının iddiasının qismən əsaslı olması müəyyən edilmişdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 137,43 manat məbləğində dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehdən 8561.39 USD məbləğində pul ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, habelə iş üzrə ödənilmiş dövlət rüsumuna görə 137,43 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 1093.1, 385.1, 386.1, 427.3, 442, 443.1, 445.2, 448.1, 448.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində göstərdiyi kimi, onun bank hesabına heç bir məbləğdə pul göndərməmiş və o, hüquqi əsas olmadan onun hesabına əmlak əldə etməmişdir. Belə olan halda isə o, əsassız varlanan şəxs sayıla bilməz. Məhkəmə isə onu əsassız varlanan şəxs hesab etməklə hüquq normasının tələblərini pozmuşdur. İddiaçı tərəfin təqdim etdiyi və vəsatəti əsasında əldə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 14 iyun 2023-cü il tarixli, 20xx/xx/4704 nömrəli məktubdan və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 13 mart 2024cü il tarixli, 2024/111/6961 nömrəli məktubdan da göründüyü kimi, pulun onun bank hesabına keçməsi öz təsdiqini tapmasa da, məhkəmə hesab etmişdir ki, sübut etmə yükü iddia edənin deyil, təkzib edənin üzərinə düşür. (Əks halda iddiaçı iddia tələbini sübut edə bilmədiyindən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməli idi). Bu göstərilənlərlə də məhkəmə prosessual hüquq normasının tələblərini pozmuşdur. İddiaçı ona qarşı pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 15810 manat pul vəsaitinin və 137,43 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə ondan 8561.39 (səkkiz min beş yüz altmış bir, otuz doqquz) USD məbləğində pulun ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulması barədə qərar qəbul etmişdir. Yəni iddiaçı ondan ödənilən günün məzənnəsi nə olursa olsun AZN-lə pul tələb etmiş, məhkəmə isə 8561.39 USD məbləğində pulun ödənilən gün məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutulması barədə qərar qəbul etmişdir. Bununla da məhkəmə iddia tələbindən kənara çıxmış və prosessual hüquq normasının tələblərini pozmuşdur. Şikayət verilən qətnamədən isə göründüyü kimi, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında bildirmişdir ki, qeyd olunan vəsait iddiaçının həyat yoldaşı X3 istifadəsində olan "xxxx" kartından cavabdehin Böyük Britaniyadakı “Revolut” bankda olan kart hesabına 26 aprel 2021-ci ildə köçürülmüşdür. Lakin məhkəmədə X3 deyil, hazırki iddianı vermək üçün subyektiv hüququ olmayan İddiaçı iddiasına baxılmış və təmin edilmişdir. Bununla da məhkəmə prosessual normanın tələblərini pozmuşdur. Çünki, şəxslərin ər-arvad olması onların subyektiv hüquqlarını bir-birinə bağışlaması anlamına gəlmir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehə 2021-ci ilin aprel ayında kriptovalyutanın yaradılmasını həyata keçirən 2 ədəd “mayner aparatı”nın gətirilməsi məqsədilə 9300 USD, ümumilikdə 15810 manat pul ödənilmişdir. Ödənişə dair qəbz əlavə edilir. Ödəniş cavabdehin bank hesabına köçürülmüşdür. İddiaçının nümayəndəsi və vəkili isə məhkəmə iclasında bildirmişdir ki, qeyd olunan vəsait iddiaçının həyat yoldaşı X3 istifadəsində olan "xxxx" kartından cavabdehin Böyük Britaniyadakı “Revolut” bankda olan kart hesabına 26 aprel 2021-ci ildə köçürülmüşdür. Lakin iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin təhqiqatçısı Ş.Nurəliyevin cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 noyabr 2022-ci il tarixli qərarından görünür ki, iddiaçının bildirdiyinə görə o həmin pulu ona Bakı şəhəri, Xətai rayonunda yerləşən “Dəmirçi Tower” biznes binasında vermişdir. Beləliklə, iddiaçının Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə verdiyi ərizə, izahat ilə iddia ərizəsində göstərdikləri və nümayəndəsinin məhkəmədə verdiyi izahatları arasında pulun necə (nağd və ya nağdsız qaydada), kim tərəfindən (özünün şəxsən verməsi, yoxsa ərinin bank kartından köçürülməsi) və harada (“Dəmirçi Tower” biznes binasında, yoxsa bankda) verilməsi (köçürməsi) barədə ziddiyyətlər vardır. Məhkəmə isə bütün bunları araşdırmamış və buna görə də məhkəmənin gəldiyi nəticə üçün işin mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış qalmışdır. Odur ki, Ucar Rayon Məhkəməsinin 3 may 2024-cü il tarixli, 2(063)-20/2024 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Ucar Rayon Məhkəməsinin 3 may 2024-cü il tarixli, 2(063)-20/2024 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 3 may 2024-cü il tarixli, 2(063)-20/2024 saylı qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq üçüncü şəxs X6 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin məcəllənin 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Həmin məcəllənin 778.3-cü maddəsinə əsasən əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Həmin məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Cavabdehin apellyasiya şikayətindən görünür ki, apellyator Ucar Rayon Məhkəməsinin 3 may 2024-cü il tarixli, 2(063)-20/2024 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ucar Rayon Məhkəməsinin 3 may 2024-cü il tarixli, 2(063)-20/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olsa da, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Eyni zamanda iddia tələbindən kənara çıxmışdır. Ona görə də kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin 3 may 2024-cü il tarixli, 2(063)-20/2024 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə ilə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə kriptovalyutanın yaradılmasını həyata keçirən 2 ədəd “mayner aparatı”nın gətirilməsi məqsədilə iddiaçının əri X3 istifadəsində olan 523915******6943 nömrəli plastik kartdan 26 aprel 2021-ci il tarixdə 8561,39 USD məbləğində köçürmə əməliyyatı icra edilmişdir. Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, eyni zamanda iddiaçıdan aldığı pul vəsaitini geri qaytarmamış, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092 və 1093-cü maddələrinə istinad etməklə səhvə yol vermişdir. Məhkəmə tərkibi ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq müqaviləsindən bəhs edən 777, 778, 779-cu maddələri nəzərdən keçirilə bilər; Göründüyü kimi, hazırki iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcələnin tapşırıq müqaviləsinə aid maddələri təşkil etdiyi halda, birinci instansiya məhkəməsi Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normalarını tətbiq etmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, iddiaçı iddia ərizəsində göstərdiyi kimi, onun bank hesabına heç bir məbləğdə pul göndərməmiş və o, hüquqi əsas olmadan onun hesabına əmlak əldə etməmişdir. Belə olan halda isə o, əsassız varlanan şəxs sayıla bilməz. Məhkəmə isə onu əsassız varlanan şəxs hesab etməklə qeyd edilən maddi hüquq normasının tələblərini pozmuşdur. Kollegiya hesab edir ki, şikayətin bu dəlili qismən əsaslı olsa da, lakin iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh hazırkı iş üzrə əsassız varlanmış şəxs deyil, tapşırıq müqaviləsi üzrə tapşırıq alan statusu daşıyan şəxsdir. Yəni şikayətin əsassız varlanan şəxs olmaması barədə dəlili əsaslıdır. Bununla belə kollegiya hesdab edir ki, cavabdeh tapşırıq müqaviləsi üzrə öhdəliyi yerinə yetirməmiş, vəkalət alan şəxs kimi tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, iddiaçı tərəfin təqdim etdiyi və vəsatəti əsasında əldə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 14 iyun 2023-cü il tarixli, 20xx/xx/4704 nömrəli məktubdan və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 13 mart 2024cü il tarixli, 2024/111/6961 nömrəli məktubdan da göründüyü kimi, pulun onun bank hesabına keçməsi öz təsdiqini tapmasa da, məhkəmə hesab etmişdir ki, sübut etmə yükü iddia edənin deyil, təkzib edənin üzərinə düşür. Bu göstərilənlərlə də məhkəmə prosessual hüquq normasının tələblərini pozmuşdur. Kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Belə ki, Cavabdeh məhkəmə kollegiyasının iclasında, eyni zamanda 27 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində verdiyi izahatında İddiaçı pulunun qaytardığını bildirmişdir. Belə ki, Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh izahat verərək bildirmişdir ki, 2021-ci ilin aprel ayında tanışı İddiaçı ondan 3 ədəd DCR mayner serverləri almağa köməklik göstərməsini istəmişdir. Həmin maynerlər ödənişdən sonra göndərilməmişdir. O, şəxsi hesabından İddiaçı həmin maynerlərin dəyərində onun xəbəri olmadan pul köçürmüşdür və ona bildirmişdir ki, pulunu geri qaytarmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Kollegiyanın qənaətinə görə bu norma məhkəmə üçün məcburi qüvvəyə malik olmayan qərar və sənədlərin sübut qismində qiymətləndirilməsini istisna etmir. Azərbaycan Respublikasının MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Kollegiyanın qənaitinə görə cavabdehin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində verdiyi izahatı yazılı sübut kimi qəbul etməsini məqsədə müvafiq hesab etmək olar. Göründüyü kimi, Cavabdeh iddiaçıdan iddia tələbində qeyd etdiyi məbləği aldığını etiraf etmişdir. Ancaq tapşırıq üzrə alınmalı olan 3 ədəd DCR mayner serverləri iddiaçıya ala bilmədiyindən qeyd edilən məbləği iddiaçıya qaytardığını bidirsə də, bu barədə hər hansı bir sübut növü təqdim edə bilməmişdir. Cavabdehin şikayəti o halda əsaslı sayıla bilərdi ki, tapşırıq müqaviləsi üzrə cavabdehin ona verilən tapşırığı yerinə yetirdiyi, yəni iddiaçının ona verilən pulu iddiaçıya verdiyi müəyyən olunsun. Lakin belə hallar müəyyən edilmir. Məhkəmə yalnız cavabdehin izahatına əsaslanaraq həmin halları müəyyən olunmuş saya bilməz. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, iddiaçıdan alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Lakin cavabdeh iddiaçıdan aldığı pulun iddiaçıya qaytarılması barədə heç bir sübut təqdim etməmişdir. Şikayətin üçüncü dəlili ondan ibarətdir ki, iddiaçı ona qarşı pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 15810 manat pul vəsaitinin və 137,43 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə ondan 8561.39 (səkkiz min beş yüz altmış bir, otuz doqquz) USD məbləğində pulun ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulması barədə qərar qəbul etmişdir. Yəni iddiaçı ondan ödənilən günün məzənnəsi nə olursa olsun AZN-lə pul tələb etmiş, məhkəmə isə 8561.39 USD məbləğində pulun ödənilən gün məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutulması barədə qərar qəbul etmişdir. Bununla da məhkəmə iddia tələbindən kənara çıxmış və qeyd edilən prosessual hüquq normasının tələblərini pozmuşdur. Kollegiya hesab edir ki, şikayətin bu dəlili əsaslı olaraq qətnamənin ləğv edilməsi əsaslarından biri olsa da, iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, iddiaçı cavabdehə qarşı pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 15810 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 3 may 2024-cü il tarixli, 2(063)-20/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 8561.39 (səkkiz min beş yüz altmış bir, otuz doqquz) USD məbləğində pul ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbində iddiaçının 15810 manat pul tələb etməsinə baxayaraq məhkəmə tələb edilən məbləği ABŞ dolları ilə təmin etməklə səhvə yol vermişdir. Bununla belə kollegiya hesab edir ki, işin bu halı iddianın tamamilə rədd edilməsi üçün əsas ola bilməz. Şikayətin dördüncü dəlili ondan ibarətdir ki, qeyd olunan vəsait iddiaçının həyat yoldaşı X3 istifadəsində olan "xxxx" kartından cavabdehin Böyük Britaniyadakı “Revolut” bankda olan kart hesabına 26 aprel 2021-ci ildə köçürülmüşdür. Lakin məhkəmədə X3 deyil, hazırki iddianı vermək üçün subyektiv hüququ olmayan İddiaçı iddiasına baxmış və təmin edilmişdir. Bununla da məhkəmə qeyd edilən prosessual normanın tələblərini pozmuşdur. Çünki şəxslərin ər-arvad olması onların subyektiv hüquqlarını bir-birinə bağışlaması anlamına gəlmir. Kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulması, eləcə də bununla bağlı tələb etmək hüqunun olmasını sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, Cavabdeh İddiaçı həyat yoldaşı X4 tanımamış, ondan hər hansı bir tapşırıq almamış, eyni zamanda hər hansı bir işgüzar münasibətdə olmamışdır. Cavabdeh yalnız iddiaçını tanımış, onunla işgüzar münasibətlərdə olmuş və 3 ədəd DCR mayner serverləri almağa dair tapşırıq alaraq iddiaçı qarşısında öhdəlik daşımışdır. Yuxarıda qeyd edilən məbləğin iddiaçının ərinin kartından köçürülməsi iddiaçının belə bir tələblə məhkəməyə müraciət etmək hüququnu məhdulaşdıra bilməz. Göründüyü kimi, iddiaçının cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur. Ona görə də şikayətin bu dəlili də əsassızdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, ödəniş cavabdehin bank hesabına köçürülmüşdür. İddiaçının nümayəndəsi və vəkili isə məhkəmə iclasında bildirmişdir ki, qeyd olunan vəsait iddiaçının həyat yoldaşı X3 istifadəsində olan "xxxx" kartından cavabdehin Böyük Britaniyadakı “Revolut” bankda olan kart hesabına 26 aprel 2021-ci ildə köçürülmüşdür. Lakin cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 noyabr 2022-ci il tarixli qərarından görünür ki, iddiaçının bildirdiyinə görə o həmin pulu ona Bakı şəhəri, Xətai rayonunda yerləşən “Dəmirçi Tower” biznes binasında vermişdir. Beləliklə, iddiaçının Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə verdiyi ərizə, izahat ilə iddia ərizəsində göstərdikləri və nümayəndəsinin məhkəmədə verdiyi izahatları arasında pulun necə (nağd və ya nağdsız qaydada), kim tərəfindən (özünün şəxsən verməsi, yoxsa ərinin bank kartından köçürülməsi) və harada (“Dəmirçi Tower” biznes binasında, yoxsa bankda) verilməsi (köçürməsi) barədə ziddiyyətlər vardır. Məhkəmə isə bütün bunları araşdırmamış və buna görə də məhkəmənin gəldiyi nəticə üçün işin mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış qalmışdır. Kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Kollegiya hesab edir ki, iddiaçının ödənilən məbləğin “Dəmirçi Tower” biznes binasında ödədiyini, vəkilin isə həmin məbləğin "xxxx" ASC-e vasitəsi ilə ödədiyi barədə izahatları iddia tələbinin rədd edilməsinə əsas ola bilməz. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X5 ünvanlanmış 14 iyun 2023-cü il tarixli, 20xx/xx/4704 nömrəli məktubdan görünür ki, T.Qasımlının istifadəsində olan 523915******6943 nömrəli plastik kartdan 24 aprel 2023-cü il tarixdə 6100 GBR (8561,39 USD) məbləğində köçürmə əməliyyatı (əməliyyat üzrə komissiya 42,81 USD) icra edilmişdir. İcra edilmiş əməliyyat üzrə təyinat kart hesabından çıxarışda əks olunur. Məktuba əlavə edilmiş ödəniş kartı üzrə çıxarışda 26 aprel 2021-ci ildə 8561,39 USD məbləğində pulun köçürüldüyü göstərilmişdir. Kollegiyanın qənaətinə görə şikayətin bu dəlili də iddianın tamamilə rədd edilməsi üçün əsas ola bilməz. Sonda kollegiya iddia tələbi ilə bağlı qeyd edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməlidir. Alınacaq məbləğlə bağlı kollegiya hesab edir ki, iddiaçı tələb etdiyi pulu azərbaycan manatı ilə tələb etmişdir. Cavabdehə ödənilən məbləğ isə 8561,39 USD həddində olmuşdur. Valyuta.com saytından əldə edilərək iş materiallarna əlavə edilmiş məlumatdan görünür ki, 1 ABŞ dolları 1.70 qəpik təşkil etdiyindən 8561,39 USD×1.70=14554.36 qəpik təşkil edir. Ona görə də kollegiya hesab edir ki, iddia qismən təmin edilməli, 14554.36 manat Cavabdeh tutularaq İddiaçı verilməlidir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olsa da, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Eyni zamanda iddia tələbindən kənara çıxmışdır. Ona görə də kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin 3 may 2024-cü il tarixli, 2(063)-20/2024 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə ilə iddia tələbi qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 3 may 2024-cü il tarixli, 2(063)-20/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14,554.363 manat və ödənilmiş dövlət rüsumuna görə 137 (bir yüz otuz yeddi) manat 43 (qırx üç) qəpik tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-899/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-899/2024
22.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver