Məhkəmə qərarları › İş №2(107)-9/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-9/2021

10.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-9/2021 10.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə və cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yuxarı Tala bələdiyyəsinə qarşı fındıq ağaclarının onların mülkiyyətlərində olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, daşınmaz əmlakın dövlət reyestri orqanından verilmiş çıxarışların ləğv edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi, cavabdehin adına sənədləşdirilmiş torpaq sahəsinin əvəzinin pulla ödənilməsi və torpaq sahəsinin onların adına sənədləşdirilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(033)-207/2018 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(033)-207/2018 nömrəli qətnaməsi ilə (hakim Arif İsmayılov) iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə və cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yuxarı Tala bələdiyyəsinə qarşı Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən barəsində mübahisə gedən 30 sot torpaq sahəsindəki fındıq ağaclarının iddiaçıların mülkiyyətlərində olması faktının tanınması, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına verilmiş RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi, dəymiş zərərə görə 4800 manatın Cavabdeh1 alınaraq, iddiaçılara verilməsi, iddiaçılar tərəfindən Cavabdeh1 adına sənədləşdirilmiş 30 sot torpağın əvəzinə cavabdehə torpağın pulunu ödənilməsi vəzifəsinin iddiaçıların üzərinə qoyulması və 30 sot torpaq sahəsinin iddiaçıların adına sənədləşdirilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmiş, İddiaçı2 ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilmişdir. İşin halları İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə (bundan sonra-DƏDRX-in 18 saylı Ərazi İdarəsi) və cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yuxarı Tala bələdiyyəsinə (bundan sonra-üçüncü şəxs Yuxarı Tala bələdiyyəsi) qarşı fındıq ağaclarının onların mülkiyyətlərində olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, daşınmaz əmlakın dövlət reyestri orqanından verilmiş çıxarışların ləğv edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi, cavabdehin adına sənədləşdirilmiş torpaq sahəsinin əvəzinin pulla ödənilməsi və torpaq sahəsinin onların adına sənədləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən barəsində mübahisə gedən 30 sot torpaq sahəsindəki fındıq ağaclarının iddiaçıların mülkiyyətlərində olması faktının tanınması, cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına verilmiş RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi, dəymiş zərərə görə 4800 manatın Cavabdeh1 alınaraq, iddiaçılara verilməsi, iddiaçılar tərəfindən Cavabdeh1 adına sənədləşdirilmiş 30 sot torpağın əvəzinə cavabdehə torpağın pulunu ödənilməsi vəzifəsinin iddiaçıların üzərinə qoyulması və 30 sot torpaq sahəsinin iddiaçıların adına sənədləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, 1996-cı il tarixdə Zaqatala rayonu 2 nömrəli Fındıq sovxozunun direktoru Musayev Ramazan və İddiaçı2 arasında icarə müqaviləsi bağlanaraq, komissiya vasitəsi ilə icarədara 0.74 ha fındıq bağı icarəyə verilmişdir. İcarə nüqaviləsinə əsasən, bağda olan 116 ədəd fındıq ağacından bar verən 60 ədəd fındıq ağacı icarədara təhkim edilmiş, bar verməyə başlayan 56 ədəd fındıq ağacının bərpa olunması icarədardan tələb olunmuş və hər ay üçün fındıq ağaclarının məhsuldarlığını nəzərə alaraq, 200 kq təmiz fındıq planı müəyyən edilmişdir. Sonradan fındıq bağında müəyyən işlər görərək yeni fındıq kolları əkib, köhnə fındıq ağaclarını bərpa edərək, bar verən fındıq ağaclarının sayını 120-ə çatdırmışdır. 1999-cu ilin axırlarınadək həmin fındıq bağı İddiaçı2 icarəsində olmuş və hər il müqavilə öhdəliklərini yerinə yetirmişdir. Həmin torpaq sahəsinin üstündəki fındıq bağı Zaqatala rayonu Üçüncü Tala kəndində yerləşir. Zaqatala Rayon İcra Hakimiyyətinin xx xxxxxx 1992-ci il tarixli 16 saylı və xx xxxx 1992-ci il tarixli 1238 saylı sərəncamlarına əsasən Sabir adına kolxozun 7 və 8 saylı briqada üzvləri 2 nömrəli Fındıqçılıq sovxozuna birləşdirilmişdir. 2 nömrəli Fındıqçılıq sovxozu üzrə X11 Komissiyasının sədri C.Soltanova sovxozdan əmlak payı alacaq X8 tərəfındən ünvanlanmış ərizəyə əsasən özünə fındıq bağından düşən torpaq payının üstündəki fındıq bağının dəyərindən artıq olan 1 700 000 (KAM) manat əmlak payını İddiaçı2 satmış və ərizəyə əsasən, müvafıq hesablaşmanın aparılmasını xahiş etmişdir. Bundan başqa, sovxozun üzvü Cəfər Əlixanov eyni məzmunlu ərizə ilə müraciət edərək, özünə fındıq bağından düşən torpaq payının üstündəki fındıq bağının dəyərindən artıq olan əmlak payını İddiaçı2 satmışdır. Onların tərəfindən fındıq ağaclarının pulu əmlak payı kimi ödənilmişdir, həmin fındıq ağacları hal-hazırda da onların mülkiyyətindədr. xx xxxxxxx 1999-cu il tarixdə Zaqatala rayonu 2 nömrəli Fındıqçılıq sovxozunun aqronomu Həbilov, X11 Komissiyasının üzvü Məmmədova, 3 nömrəli briqadanın briqadiri A.Məmmədov, sovxozun üzvü İddiaçı1 iştirakı ilə akt tərtib edilmişdir. Həmin akta əsasən, sovxozda aqrar islahatının həyata keçirilməsi ilə əlaqədar sovxozun üzvü İddiaçı1 əmlak payı heasbına özəlləşən fındıq bağından 0.37 ha sahəsi, 0.32 ədəd fındıq ağacı, hər ağacın dəyəri 22 517 (KAM) manat dəyərində fındıq bağı xüsusi mülkiyyətinə verilmişdir. Həmin dövrdə İddiaçı2 icarəsində olan torpaq sahəsində qalan 30 sot topağı özünün adına sənədləşdirmələri üçün X11 Komissiyasına müraciət etmişdir. X11 Komissiyasından bunun mümkün olmaması bildirilmiş, 30 sot torpaq sahəsinin 2 nömrəli Fındıqçılıq sovxozundan əmlak payı ala biləcək şəxsin adına əmlak payı kimi verə biləcəklərini demişlər. O, 1996-cı ildən icarəsində olan fındıq bağının 30 sot torpağının onun adına sənədləşdirilməsinin mümkünlüyü barədə Cavabdeh1 müraciət etmişdir. Cavabdeh1 ona bildirmişdir ki, Uzunqazmalar kəndində 30 sot torpağı vardır, pasportu evdədir, evdən götürüb nə lazımdırsa eləsin, həmin torpaq sahəsinə özünün ehtiyacı yoxdur. Belə olan halda o, qohumu Cavabdeh1 adına Zaqatala rayonu Uzunqazmalar kəndində 30 sot torpaq sahəsinin olduğunu X11 Komissiyasına bildirmişdir. Həmin topaq sahəsinin əvəzləşdirilməsinin mümkün olduğunu bildirdilər. O, 30 sot torpaq sahəsini və nəqd pul verərək, əmlak payı kimi aldığı 40 ədəd fındıq kolunu Cavabdeh1 adına sənədləşdirmişdir. Bütün sənədləri Cavabdeh1 adından onun öz istəyi ilə özü imzalamışdır. Yuxarıda göstərilən fındıq bağı 1996-cı ildən onların istifadəsindədir. 2017-ci ilin əvvəllərində Cavabdeh1 onlara bildirmişdir ki, onların fındıq bağının altında olan torpaq sahəsini bütünlüklə öz adına sənədləşdirmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsi tərəfindən müvafıq şəhadətnamə almışdır və bundan sonra fındıq ağaclarının məhsulunu özü yığacaqdır. Onlar Cavabdeh1 bunun mümkün olmayacağını, əgər həqiqətən sənədləşdirmisdirsə, tamamilə qanunsuz olduğunu, saxta sənədlərlə bunu etdiyini bildirmişlər. Əgər Cavabdeh1 2011-ci ildə torpağa mülkiyyət hüququna dair şəhadətnamə almışdırsa, niyə bunu onlardan gizlətmişdir. Deməli, Cavabdeh1 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsinin əməkdaşları ilə əlbir olub, X11 Komissiyası tərəfındən onlara verilən sənədlərə məhəl qoymayaraq, saxtakarlıq etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsi tərəfindən Cavabdeh1 adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədlərinin hər üçündə göstərilir ki, həmin sənədlər Cavabdeh1 adına işlənmişdir. Cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfındən tərtib edilmiş çıxarışlarda isə həmin torpaq sahələrinin Cavabdeh1 ilə X2 birgə mülkiyyəti olduğu göstərilir. Cavabdeh1 adına 30 sot torpaq sahəsi Uzunqazmalar kəndində yerləşən torpaq sahəsindən verilmişdir. X4 da Uzunqazmalar kəndindən torpaq sahəsi verilmişdir. Onlar Cavabdeh1 Uzunqazmalar kəndində yerləşən 30 sot torpağını əvəzləşdirmişlər. Cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsi Cavabdeh1 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsi tərəfındən tərtib edilmiş saxta torpaq sahəsinin planı və ölçüsü sənədlərinə hüquqi don geyindirmək üçün saxtakarlıq edərək, Cavabdeh1 ilə X2 birgə mülkiyyəti kimi saxta çıxarışlar tərtib etmişdir. Bu bir daha onu deməyə əsas verir ki, cavadeh Cavabdeh1 adına işlənmiş sənədlər qanunsuz və saxta sənədlərdir. İddiaçı2 dəfələrlə Cavabdeh1la görüşərək ona əldə etdiyi sənədlərin heç bir hüquqi əsasının olmadığını bildirmişdir. Çünki, fındıq ağaclarının pulunu əmlak payı kimi onlar ödəmişlər və həmin ağaclar onların mülkiyyətindədir. 37 sot torpaq sahəsi əmlak payı kimi 1996-cı ildə X11 Komissiyası tərəfındən İddiaçı1 verilmişdir. Cavabdeh1 30 sot torpağını ya Uzunqazmalar kəndində yerləşən sovxozdan, ya da həmin ərazidən ona qaytarmağa razıdırlar. Əgər Cavabdeh1 torpağı istəmirsə, onda bazar qiyməti ilə hesablayıb pulunu ona verməyə də razıdırlar. Cavabdeh1 30 sot torpaq sahəsinin onda qalması şərti ilə, onlara məxsus fındıq ağaclarının və qalan torpaq sahəsinin pulunu bazar qiymətləri ilə Cavabdeh1 tərəfindən ödənilməsi təklif olundu. Cavabdeh1 onlarla heç bir razılaşmaya gəlmədi. Belə olan təqdirdə, xx xxxxxxxx 2017-ci il tarixdə Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişlər ki, Cavabdeh1 qanunsuz olaraq onların mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdir. Zaqatala Rayon Polis Şöbəsi cavab məktubunda bildirmişdir ki, ərizələri mülki xarakterli olduğundan məhkəməyə müraciət edə bilərlər. 2017-ci il noyabr ayında cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsinə mübahisəli torpaq sahəsinin hansı əsaslarla Cavabdeh1 verildiyini təsdiq edən ilkin sənədlərin, çıxarışların və digər məlumatların təqdim olunması üçün sorğu ilə müraciət olunmuşdur. xx xxxxxx 2017-ci il tarixdə cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsi müvafıq sənədlərin təsdiq olunmuş surətlərini onlara göndərmişdir. Həmin sənədlərə əsasən, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cu il tarixli 110 nömrəli qərarı ilə Cavabdeh1 mülkiyyətinə 1939 kv.m., 3640 kv.m., 4329 kv.m. torpaq sahəsi verilmiş və bununla bağlı Cavabdeh1 adına A seriyalı 372776 nömrəli, A seriyalı 372775 nömrəli və A seriyalı 372777 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. Yuxarıda adı çəkilən sənədlər saxta yolla hazırlanmış sənədlərdir. Çünki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cu il tarixli 110 nömrəli qərarının 4-cü bəndində göstərilir ki, ilkin islahatlardakı aktlar yalnız məhkəməyə müraciət edildikdə və məhkəmə qaydasında ləğv edildikdə, etibarsız sayılır. Qanunun tələbinə görə 9908 kv.m. torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilə bilməzdi. Əgər bu mümkün idisə, fındıq bağının altındakı torpaq sahəsinin 37 sotunu deyil, bütünlükdə fındıq bağının altındakı torpaq sahəsini cavabdeh İddiaçı1 adına rəsmiləşdirərdilər. Cavabdeh1 adına olan Uzunqazmalar kəndində yerləşən 30 sot torpaq sahəsini əvəzləşdirməyə ehtiyac olmazdı. Onlar Cavabdeh1 yaxın qohum və ağsaqqal hesab edərək, keçmişdəki münasibətləri nəzərə alaraq, özünün razılığı ilə 30 sot torpaq sahəsini onun adına sənədləşdirmişlər. Yuxarıda qeyd etdikləri kimi, onlar Cavabdeh1 30 sot boş torpaq sahəsini, və yaxud torpaq sahəsinin bazar qiyməti ilə pulunu ödəməyi öhdələrinə götürürlər. Göründüyü kimi, Cavabdeh1 müvafıq rəsmi orqanlarla əlaqəyə girərək, məhkəmənin funksiyasını öz üzərinə götürmüşdür. Çünki onlara məxsus fındıq ağaclarının və torpaq sahəsinin qeri alınmasına dair məhkəmə qətnaməsi çıxarılmamışdır. Onlar qanuni yolla fındıq kollarının və torpaq sahəsinin onlara verilməsinə dair ilkin rəsmi sənədlər almışlar. Bundan sonra, cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfındən xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına 1939 kv.m. və 0.7969 kv.m. torpaq sahəsi uzərindəki hüquqları paylı mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* və RX seriyalı ******* nömrəli çıxarışlarla rəsmiləşdirilmişdir. Cavabdeh1 özü də yaxşı bilirdi ki, ona məxsus Uzunqazmalar kəndində yerləşən 30 sot boş torpaq sahəsinin fındıq bağının altındakı topaqla əvəzləşdirdikləri zaman aparılmış sənədləşdirmələr görünüş üçün bağlanmışdır, yalan və uydurma əqddir. Onlar əvvəllər də ona bildirmişlər ki, nə vaxt lazım olsa, 30 sot topağını istənilən sahədən və ya da torpağın pulunu qaytaracaqlar. İcarəsində olan torpaq sahəsində yerləşən fındıq ağaclarının əmlak payı kimi pulunu ödəmələrinə baxmayaraq, Cavabdeh1 xoşagəlməz hərəkətləri nəticəsində nə qanuna, nə də milli adət-ənənəyə sığmayan çox utandırıcı bir halla üzləşmişlər. Həmin fındıq bağı artıq 25 ildən çoxdur ki, fasiləsiz və etirazsız olaraq onların istifdəsindədir. Onlar 1996-cı ildən bəri fındıq ağaclarının pulunu ödəyərək, əmlak payı kimi əldə etməklə torpaq sahəsinə və orada olan fındıq ağaclarına qulluq edirlər, bununla bağlı tərəflərindən müəyyən məsrəflər çəkilmişdir. 1996-cı il tarixdən hal-hazırkı dövrə qədər Cavabdeh1 adına sənədləşdirdikləri torpaq sahəsinə görə də torpaq vergisini onlar ödəmişlər. Mübahisəli torpaq sahəsində yerləşən fındıq bağı iddiaçının mülkiyyətinə verildiyindən, bu əsasla o, həmin fındıq bağının yerləşdiyi torpaq sahəsinə istifadə hüququnu da əldə etmişdir. Ancaq bütün bunlara baxmayaraq, Cavabdeh1 onların mülkiyyətlərində olan fındıq bağındakı məhsulları yığaraq onlara külli miqdarda maddi zərər vurmuşdur. Bunun nəticəsində iddiaçılar olmaqla onlar maddi və mənəvi zərərə məruz qalmışlar. Sözügedən torpaq sahəsində ümumilikdə 120 ədəd fındıq ağacı vardır. Həmin fındıq ağaclarının hər biri il ərzində orta hesabla 10 kq məhsul verir ki, 1 il ərzində həmin məhsulun ümumi çəkisi 1200 kq təşkil edir. Cavabdeh1 qanunsuz mudaxiləsi nəticəsində onlar 2017-cı ildə 1200 kq məhsuldan məhrum olmuşlar. Respublika ərazisində 2017-ci il üçün fındıq məhsulunun l kq-ın qiyməti 3,50 manatdan 5 manatadək olmuşdur. Orta hesabla həmin məbləğ 4 manat təşkil edir ki, həmin məhsul manata konvertasiya edildikdə, 4800 manat təşkil edir və bu maddi zərərin əsasını təşkil edir. Həmin məbləğ Cavabdeh1 alınaraq, onlara verilməlidir. Cavabdeh1 tərəfındən torpaq sahəsinin qanunsuz özəlləşdirilməsindən onların xəbəri olmamışdır. Üçüncü şəxs Yuxarı Tala bələdiyyəsinin də Cavabdeh1 tərəfındən torpaq sahəsinin qanunsuz özəlləşdirməsindən xəbəri olmamışdır. Əgər xəbəri olsaydı, Cavabdeh1 və İddiaçı1 tərəfındən torpaq vergisinin ödənilməsinə dair bildirişləri onların ünvanlarına göndərməzdi. Cavabdeh1 tərəfındən bu günədək hər hansı bir torpaq vergisi ödənilməmişdir. Mübahisəli torpaq sahəsi ilə bağlı bütün ödənişlər onlar tərəfındən ödənilmişdir. Bu da yuxarıda qeyd olunanları bir daha təsdiq edir ki, həmin torpaq sahəsinin və fındıq kollarının Cavabdeh1 heç bir aidiyyəti olmamışdır. Cavabdeh1 etibardan sui-istifadə edərək, onların torpaqlarını ələ keçirmiş və bir az da irəli gedərək, bu il fındıq ağaclarının məhsulunu da yığmışdır. Qeyd olunan uyğunsuzluğun səbəbinin araşdırılması məqsədi ilə cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsinə və üçüncü şəxs Yuxarı Tala bələdiyyəsinə müraciət edilmişdir. Hər iki inzibati orqan tərəfındən bunun səhv olduğu bildirilmiş və bu halın aradan qaldırılmasının mümkün olduğu nəzərlərinə çatdırılmışdır. İddiaçı1, cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsinin və üçüncü şəxs Yuxarı Tala bələdiyyəsinin nümayəndələrininn birinci instansiya məhkəməsinin baxışı iclasına gəlməmələrinin səbəbləri haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında baxışı iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onu müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil izahatında iddia ərizəsinin dəlilləri ilə razılaşmadığını və onu əsassız olduğunu bildirərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı2 və İddiaçı1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı2 və İddiaçı1 apelyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, həmin qətnamə qeyri-qanuni və əsassızdır. Belə ki, məhkəmə prosesinin gedişində bir sıra prosessual pozuntulara yol verilmiş, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə işin xüsusatlarına qiymət vermədən bir neçə cümləni qətnaməyə köçürməklə işini bitmiş hesab etmişdir. Zaqatala rayon məhkəməsinin hakimi mövcud işə baxarkən məhkəmə prosesinin gedişində faktları təhrif edərək məhkəmə qətnaməsində qeyd etməklə tam qərəzli və qeyri-obyektiv, işdə cavabdehin diktəsi hiss olunan ciddi qanun pozuntuları ilə müşayiət olunan səhv nəticələrə gəlib. Hakim mövcud iş icraatında olduğu zaman ciddi qanun pozuntuları ilə müşayiət olunan prossesual pozuntulara yol verib. Belə ki, hakim heç bir əsas olmadan iddianın baxılmamış saxlanmasına dair qərardad çıxarıb və bunun nəticəsində məhkəmə prosesinin uzadaraq cavabdeh tərəfindən ikinci dəfə fındıq ağaclarının məhsulunu yığmağa yardımçı olub, nəticədə iddiaçılara cavabdeh tərəfindən əlavə 3 000 manat miqdarında ziyan vurulmasına şərait yaradıb. Hakim qanunvericiliyə görə birinci instansiya məhkəməsində mülki işə baxarkən 3 ay ərzində işi yekunlaşdırıb qətnamə çıxarmalı olduğu halda qərəzli şəkildə işi uzadaraq cavabdehə qanunsuz əməllərini davam etdirərək, yuxarıda qeyd etdikləri kimi onların mülkiyyətində olan fındıq ağaclarının məhsulunun yığılmasına kömək edib, bu hakimin həmin işdə maddi marağının olduğunu deməyə əsas verir. Hakim uydurma arqumentlərlə cavabdehə yardımçı olmağa çalışıb ki, bu da onun birtərəfli mövqeyinin təsdiqidir. Birinci; xx xxxxxxx 1999-cu il tarixində kolxoz və sovxozların islahatı haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq “Vələqaxu- 68” sovxozda aqrar islahat həyata keçirilməsi ilə əlaqədar özəlləşən fındıq bağından 0.37 ha torpaq sahəsi 0.32 ədəd fındıq ağacı, hər ağacın dəyəri 22 517 (KAM) manat dəyərində fındıq bağı əmlak payı hesabına sovxozun üzvü İddiaçı1 xüsusi mülkiyyətinə verilmişdir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cu il tarixli, 110 nömrəli qərarının 4-cü bəndində göstərilir ki, ilkin islahatlardakı aktlar yalnız məhkəmə qaydasında ləğv edildikdə, məhkəməyə müraciət edildikdə etibarsız sayılır. İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş 0.37 ha sahəsinin ləğv olunması barədə hər hansı məhkəmə qərarı yoxdur. İddiaçı1 xüsusi mülkiyyətində olan 0.37 ha torpaq sahəsi buxarlanıb havayamı uçdu. Həmin torpağı cavabdeh hansı saxta yollarla sənədləşdirib. Onların günün günorta çağı əmlakını əllərindən alırlar, fındıq ağaclarının məhsulunu yığırlar, məhkəmə isə sadəcə hesab edir ki, iddia əsassızdır. Cavabdeh özünün və ona saxta səndələr hazırlamağa yardımçı olmuş şəxslərin cinayət məsuliyyətinə cəlb olunmalarına ehtiyat edərək gözləmə mövqeyi tutublar ki, məsuliyyətə cəlb olunma müddəti keçsin. Məhkəmə cavabdeh və onunla əlbir olub saxta sənədlər hazırlayanlar barədə xüsusi qərardad çıxarıb prokurorluğa məlumat verməli olduğu halda bunları etməyib. İslahat həyata keçirilməsi ilə əlaqədat sovxozun üzvü İddiaçı1, özəlləşən fındıq bağından 0.37 ha torpaq sahəsinin verilməsi işin mübahisələndirilməyən tərəfidir. Həmin aktlar ləğv olunmayıb, hal-hazırdada qüvvədədir. İkinci; Mübahisəli torpaq sahəsindəki fındıq ağaclarının bir qismi əmlak payı kimi X5, digər hissəsi isə Əlixanov Cəfərin mülkiyyətində olub. Sonradan onlar fındıq ağaclarını İddiaçı2 satmışdır. Tərəflərindən fındıq ağaclarının pulu əmlak payı kimi ödənilib, həmin fındıq ağacların hal-hazırda da onların mülkiyyətlərində olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilib. Fındıq kolu çoxillik əkmə olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən daşınmaz əmlak sayılır. Mülki qanunvericiliyin tələbinə görə (MM-in 243.1 -ci maddəsi) başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Maddənin mənasına görə hətta həmin torpaq sahəsinin müəyyən hissəsi cavabdehin adına olsa da, orada olan fındıq ağaclarının məhsulunu yığmaq üçün həmin torpaq sahəsindən istifadə edə bilərlər. Məhkəmə bu məqamın üstündən ümumuyyətlə sükutla keçib. Bu da hakimin birtərəfli mövqeyinin nəticəsidir. Üçüncü; İddia ərizəsində göstərildiyi kimi, 30 sot torpaq sahəsini cavabdehin adına rəsmiləşdirsələr də, həmin torpaq sahəsini ona verilməsi niyyətləri olmayıb, cavabdeh özü də bunu yaxşı bilirdi. Sadəcə onlara həmin torpaq sahəsini kiminsə adına yazdırmaq lazım idi. Bu görünüş üçün aparımış sənədləşmə idi. Əgər cavabdeh 1999-cu il tarixində kolxoz və sovxozlarda islahat keçirilən vaxt əmlak payı almaq üçün harasa ərizə ilə müraciət etsə və fındıq ağaclarını əmlak kimi pulunu ödəyərək kimdənsə alsa idi, həmin sənədləri məhkəməyə təqdim edərdi. Dördüncü; X4 əmlak payı hesabına torpaq sahəsi verilməsini təsdiq edən sənədlərin təqdim edilməsi üçün Zaqatala rayon Arxiv İdarəsinə rəsmi sorğu ilə müraciət etmişlər. Zaqatala rayon Arxiv İdarəsi tərəfindən onlara ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli 01 saylı məktubda göstərilir ki, X4 Zaqatala Rayon Aqrar islahat Komissiyasının 1998/1999- cu illərin arxiv sənədləri torpaq payı almaq hüququ olan subyektlərin siyahısı göstərilmişdir, (fond nömrə 105, siy nömrə 2, s/v-13). Həmin məktubda göstərilir ki, Cavabdeh1 və X4 “Uzunqazmalar” kəndindən əmlak payı hesabına torpaq sahəsi verilmişdir. Halbuki, cavabdehin saxta yollarla rəsmiləşdirdiyi torpaq sahələri Zaqatala rayonunun 3-cü Tala kəndində yerləşir. Hakim Arif İsmayılov bunları qətnamənin təsviri hissəsində sadalasa da, əsaslandırıcı hissədə tərəflərindən məhkəməyə təqdim olunan adı çəkilən ciddi sənədlərə heç bir münasibət bildirməyib. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanununa görə hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Bütün bunlara baxmayaraq, cavabdehin və yoldaşının “Uzunqazmalar” kəndində 1998-ci ildən 0.78 ha pay torpağı olmasına rəğmən, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cu il tarixli, 110 nömrəli qərarı ilə 1939 kv.m; 3640 kv.m; 4329 kv.m mübahisəli torpaq sahəsi bütünlüklə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala şöbəsi tərəfindən Cavabdeh1 mülkiyyətinə verilmişdir. Mübahisəli torpaq sahəsinin cavabdehin adına işlənməsi tam qanunsuzdur. Cavabdeh saxta yollarla əldə etdiyi sənədləri ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinin 18 saylı Ərazi İdarəsinə təqdim edərək Cavabdeh1 ilə X2 birgə mülkiyyəti kimi mübahisəli torpaq sahəsinə çıxarışlar əldə etmişdir. Zaqatala Rayon Aqrar islahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 110 nömrəli qərarı ilə 1939 kv.m; 3640 kv.m; 4329 kv.m torpaq sahələri və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala şöbəsi tərəfindən cavabdehin adına işlənmiş torpaq sahəsinin planı və ölçüsü sənədləri tək subyekt kimi Cavabdeh1 adına rəsmiləşdirilmişdir. ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinin 18 saylı Ərazi İdarəsi qanunvericiliyə zidd olaraq, Zaqatala rayon Yuxarı Tala icra Nümayəndəliyindən Cavabdeh1 ilə X2 nikahda olmalarına dair verilmiş arayışı əsas gətirərək, yuxarıda adı çəkilən torpaq sahələrini Cavabdeh1 ilə X2 birgə mülkiyyəti hesab edərək, onların hər ikisinin adına çıxarışlar vermişdir. Məhkəmə işin bu xüsusatına qiymət verməli idi ki, ilkin islahat zamanı cavabdehə və yoldaşına “Uzunqazmalar” kəndindən torpaq payı verilibsə, hansı əsasla cavabdehə “Qırğıllıbinə”dən 1 hektar pay torpağı verilib. Beşincisi; 1996-cı il tarixindən hal-hazırkı dövrə qədər mübahisəli torpaq sahəsinə görə də torpaq vergisini onlar ödəmişlər. Cavabdeh1 tərəfindən bu günədək hər hansı bir torpaq vergisi ödənilməyib. Məhkəmə nəzərə almalı idi ki, əgər cavabdeh 2003-cü ildə mübahisəli torpaq sahəsinə dair 1 hektar torpağı öz adına sənədləşdiribsə, nəyə görə 2017-ci ilə qədər bunu onlardan gizlədirdi, nəyə görə bu günə qədər torpaq vergisi ödəməyib. 1996-cı il tarixindən 2017-ci il tarixinədək iddiaçılar həmin torpaq sahəsindən istifadə etməklə topraq sahəsinə və orada olan fındıq ağaclarına qulluq edib və həmin torpaq sahəsinin məhsulunu yığıblar. Məhkəmə yuxarıda qeyd olunan bu əsaslı dəlillərə qiymət verməli idi. Altıncısı; Yuxarıda qeyd edildiyi kimi xx xxxxxxx 1999-cu il tarixli Akta əsasən, kolxoz və sovxozların islahatı haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq “Vələqaxu-68” sovxozda aqrar islahat həyata keçirilməsi ilə əlaqədar özəlləşən fındıq bağından 0.37 ha torpaq sahəsi 0.32 ədəd fındıq ağacı, hər ağacın dəyəri 22 517 (KAM) manat dəyərində fındıq bağı əmlak payı hesabına sovxozun üzvü İddiaçı1 xüsusi mülkiyyətinə verilmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsinə İddiaçı1 vəsatətlə müraciət edib ki, kolxoz və sovxozların islahatı haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq İddiaçı1 pay torpağı kimi verilmiş 0.37 ha torpaq sahəsinin hansı əsaslarla Cavabdeh1 adına keçirilməsini müəyyənləşdirmək üçün müvafiq qurumlara (Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyininə X11 komissiyaları ləğv edildiyi üçün, onların hüquqi varisi Rayon İcra Hakimiyyətinə) Sorğu verilsin. Zaqatala rayon məhkəməsi tərəfindən vəsatət təmin olunub və həmin qurumlara sorğu verilib. Bütün bunlara baxmayaraq hakim sorğunun nəticələri barədə qətnaməsində heç bir qeyd aparmayıb. Halbuki, bu iddialarının əsas tələblərindən birini təşkil edir. Bu da yuxarıda qeyd etdikləri kimi, hakimin birtərəfli mövqeyinin göstəricisidir. İşin bu xüsusatı tərəflərindən məhkəmə iclasında dəfələrlə bəyan edisə də, məhkəmə bu məqamın üstündən sükutla keçərək, münasibət bildirməmişdir. Məhkəmə qətnaməsindən göründüyü kimi hakim bu məsələyə qiymət verməməklə qətnamənin nəticəvi hissəsinə hesablanmış əsas yaratmağa çalışmışdır. Yuxarıda göstərilənlər hər biri ayrı-ayrılıqda iddianın təmin olunması üçün əsas olduğu halda, məhkəmə iddianın təmin olunmaması barədə qanunsuz qətnamə şıxarıb. Zaqatala rayon məhkəməsi məhkəmə prosesinin gedişində tam araşdırılaraq sübuta yetirilən bir çox faktları təhrif edərək məhkəmə qətnaməsində yalnız cavabdehin özünü müdafiə xarakteri daşıyan məntiqsiz və ziddiyyətli mülahizələrinə əsaslanaraq tam qərəzli və qeyri-obyektiv nəticələrə gəlib. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(033)- 207/2018 nömrəli qətnaməsini tamamilə ləğv edib iddia tələbinin təmin edilməsinə dair dair qətnamə çıxarılmasını xahiş edirlər. Tərəflərin İzahatları Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin nümayəndəsi, cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yuxarı Tala bələdiyyəsinin nümayəndəsi, Cavabdeh1 hüquqi varisi X7 və İddiaçı1 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(033)-207/2018 nömrəli qətnaməsi İddiaçı2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə оlan xx.xx.2015-ci il tarixdə Zaqatala RPŞ tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1965-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuşdur və Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1962-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuşdur və Bakı şəhəri, H.Cavid prospekti 577, ev 89 mənzil 1-də qeydiyyatdadır. İşdə оlan Zaqatala rayonu 2 nömrəli Fındıqçılıq sovxozunun direktoru Ramazan Musayevlə icarədar İddiaçı2 arasında 1996-cı il üçün bağlanmış icarə müqaviləsindən görünür ki, icarədara 0,74 ha fındıq bağı təhkim edilmidir. Bağda 116 ədəd ağac, tam bara düşmüş 60 ədəd ağac və bar verməyə başlayan 22/34 ədəd ağacın bərpası tələb olunur. İşdə оlan Zaqatala rayonu 2 nömrəli Fındıqçılıq sovxozunda xx.xx.1996-cı il tarixdə tərtib edilmiş aktdan görünür ki, bağda 116 ədəd ağac olmaqla, bundan bar verən 60 ədədi icarədara təhkim edilmişdir. Digər tərəfdən bar verən bağı icarəyə götürmüş İddiaçı2 üçün bar verən 60 ədəd ağacın hərəsinin məhsuldarlığına görə 200 kq təmiz fındıq planı müəyyən edilir. İşdə оlan sovxozun baş aqronomu Ş.Həbilov, YAİK-in üzvü Məmmədova, 3 nömrəli briqadanın briqadiri A.Məmmədov və İddiaçı1 tərəfindən xx.xx.1999-cu il tarixdə tərtib edilərək imzalanmış aktdan görünür ki, “Vələdaxu - 68” sovxozda aqrar islahatının həyata keçirilməsi ilə əlaqədar özəlləşən fındıq bağından 0,37 ha sahəsi, 032 ədəd fındıq ağacı, hər ağacın dəyəri 22517 manat olmaqla, cəmi 720544 min manat dəyərində fındıq bağı əmlak payı hesabına sovxozun üzvü İddiaçı1 xüsusi mülkiyyətinə verilmişdir. 0,37 ha 32 ədəd fındıq ağacı olan bağ təhvil verildi. İşdə оlan sovxozun aqronomu Ş.Həbilov, YAİK-in üzvü Məmmədova, 3 nömrəli briqadanın briqadiri A.Məmmədov və Cavabdeh1 tərəfindən xx.xx.1999-cu il tarixdə tərtib edilərək imzalanmış aktdan görünür ki, “Vələdaxu - 68” sovxozda aqrar islahatının həyata keçirilməsi ilə əlaqədar özəlləşən fındıq bağından 0,02 ha sahəsi, 4 ədəd fındıq ağacı, hər ağacın dəyəri 22517 manat olmaqla, cəmi 90068 min manat dəyərində fındıq bağı əmlak payı hesabına sovxozun üzvü Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. 0,02 ha 4 ədəd fındıq ağacı olan bağ təhvil verildi. İşdə оlan sovxozun baş aqronomu Həbilov, YAİK-in üzvü Məmmədova, 3 nömrəli briqadanın briqadiri A.Məmmədov və Cavabdeh1 tərəfindən xx.xx.1999-cu il tarixdə tərtib edilərək imzalanmış aktdan görünür ki, 2 nömrəli Fındıqçılıq sovxozu “Vələdaxu” sovxozda aqrar islahatının həyata keçirilməsi ilə əlaqədar özəlləşən fındıq bağından 0,28 ha sahəsi, 040 ədəd fındıq ağacı, hər ağacın dəyəri 22517 manat olmaqla, cəmi 900680 min manat dəyərində fındıq bağı əmlak payı hesabına sovxozun üzvü Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. 0,28 ha 40 ədəd fındıq ağacı olan bağ təhvil verildi. İşdə оlan əmlak alacaq subyekt X8 tərəfindən Zaqatala rayonu 2 nömrəli Fındıqçılıq sovxozu üzrə YAİK-in sədri Soltanova ünvanlanmış ərizədən görünür ki, X8 ona fındıq bağından düşən torpaq payının üstündəki fındıq bağının dəyərindən artıq olan 8.990.000 manat əmlakını açıq sahədən torpaq payı alacaq İddiaçı2 1.700.000 manata verir. İşdə оlan əmlak alacaq subyekt X8 tərəfindən Zaqatala rayonu 2 nömrəli Fındıqçılıq sovxozu üzrə YAİK-in sədri Soltanova ünvanlanmış ərizədən görünür ki, X8 ona fındıq bağından düşən torpaq payının üstündəki fındıq bağının dəyərindən artıq olan 8.990.000 manat əmlakını açıq sahədən torpaq payı alacaq Cavabdeh1 760.000 manata verir. İşdə оlan əmlak alacaq subyekt X8 tərəfindən Zaqatala rayonu 2 nömrəli Fındıqçılıq sovxozu üzrə YAİK-in sədri Soltanova ünvanlanmış ərizədən görünür ki, X8 ona fındıq bağından düşən torpaq payının üstündəki fındıq bağının dəyərindən artıq olan 8.990.000 manat əmlakının açıq sahədən torpaq payı alacaq İddiaçı1 939.000 manata verir. İşdə оlan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsindən Cavabdeh1 adına verilmiş Dövlət torpaq kadastrı kitabında xx.xx.2011-ci il tarixli 175 nömrə ilə uçota alınmış A seriyalı 327775 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixdə 110 nömərli qərarı ilə Cavabdeh1 Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 3640 kv.m. kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ayrılmışdır. İşdə оlan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsindən Cavabdeh1 adına verilmiş Dövlət torpaq kadastrı kitabında xx.xx.2011-ci il tarixli 176 nömrə ilə uçota alınmış A seriyalı 327776 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixdə 110 nömərli qərarı ilə Cavabdeh1 Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 4329 kv.m. kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ayrılmışdır. İşdə оlan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsindən Cavabdeh1 adına verilmiş Dövlət torpaq kadastrı kitabında xx.xx.2011-ci il tarixli 177 nömrə ilə uçota alınmış A seriyalı 327777 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixdə 110 nömərli qərarı ilə Cavabdeh1 Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 1939 kv.m. kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ayrılmışdır. İşdə оlan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfındən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,7969 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (çoxillik əkmələr) daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabınm 8 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə X2 və Cavabdeh1 ümumi birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. İşdə оlan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfındən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,1939 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (çoxillik əkmələr) daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabınm 7 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə X2 və Cavabdeh1 ümumi birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. İşdə olan Zaqatala RİHB-in Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 729 nömrəli arayışdan görünür ki, Cavabdeh1 ailə tərkibi özündən və həyat yoldaşı X1 ibarətdir. Məhkəmə kollegiyasına təqdim edilmiş Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, AZ-İ № 101638 olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 x xxxx 2020-ci ildə sol mədəcik çatmamazlığı xəstəliyi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2020-ci ildə 528 nömrə ilə qeyd edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə və 29-cu maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından mülkiyyət müstəqil məna daşıyır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən оlunmuşdur ki, 1996-cı ildən Zaqatala rayonu 2 nömrəli Fındıqçılıq sovxozunda aqrar islahatlarına başlanılaraq, X11 Komissiyasının müvafiq qərarlarına əsasən, həmin sovxozun üzvlərinə əmlak payı olaraq özəlləşən fındıq bağının, eyni zamanda, həmin fındıq ağaclarının altındakı torpaq sahəsinin onların mülkiyyətlərinə verilməsinə başlanılmışdır. Aqrar islahatlarının aparılması davam etdirilərək, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixdə 110 nömərli qərarı ilə Cavabdeh1 Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 3640 kv.m., 4329 kv.m. və 1939 kv.m. ölçüdə kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahələri ayrılmışdır. Bu barədə Cavabdeh1 adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsindən tərəfindən müvafiq olaraq, Dövlət torpaq kadastrı kitabında xx.xx.2011-ci il tarixdə 175 nömrə ilə uçota alınmış A seriyalı 327775 nömrəli, 176 nömrə ilə uçota alınmış A seriyalı 327776 nömrəli və 177 nömrə ilə uçota alınmış A seriyalı 327777 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. Həmin vaxt Cavabdeh1 ailə tərkibi özündən və arvadı X1 ibarət olmuşdur. Ona görə də cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfındən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,7969 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (çoxillik əkmələr), xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən isə Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,1939 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (çoxillik əkmələr) X2 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olmaqla, dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsinin baxışında iddiaçı Zamanov X3 rayonu 2 nömrəli Fındıqçılıq sovxozunda aqrar islahaları başlayan zaman icarəsində olan torpaq sahəsində qalan 30 sot topağı özünün adına sənədləşdirmələri üçün X11 Komissiyasına müraciət etdiyini, X11 Komissiyasından bunun mümkün olduğunun bildirildiyini, 30 sot torpaq sahəsinin 2 nömrəli Fındıqçılıq sovxozundan əmlak payı ala biləcək şəxsin adına əmlak payı kimi verə biləcəklərini dediklərini, 1996-cı ildən icarəsində olan fındıq bağının 30 sot torpağının onun adına sənədləşdirilməsinin mümkünlüyü barədə Cavabdeh1 müraciət etdiyini, Cavabdeh1 Uzunqazmalar kəndində yerləşən 30 sot torpaq sahəsinə özünün ehtiyacının olmadığını bildirdiyini, ona görə də Cavabdeh1 adına olan Zaqatala rayonu Uzunqazmalar kəndindəki 30 sot torpaq sahəsinin əvəzləşdirilməsinin mümkünlüyünü X11 Komissiyasına bildirdiyini, bundan sonra 30 sot torpaq sahəsini və nəqd pul verərək, əmlak payı kimi aldığı 40 ədəd fındıq kolunu Cavabdeh1 adına sənədləşdirdiyini və bütün sənədləri Cavabdeh1 adından onun öz istəyi ilə özünün imzaladığını göstərsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi və belə hal məhkəmə araşdırılması zamanı da müəyyən edilmədi. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlar veriləndə qanunvericiliyin tələblərinə düzgün əməl edilmişdir və həmin çıxarışların ləğv edilməsinə hüquqi əsas yoxdur. Belə vəziyyətdə həmin çıxarışlardan irəli gələn hüquqi nəticələr də qanunsuz sayıla bilməz. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, DƏDRX-in 18 saylı Ərazi İdarəsinə və üçüncü şəxs Yuxarı Tala bələdiyyəsinə qarşı Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən barəsində mübahisə gedən 30 sot torpaq sahəsindəki fındıq ağaclarının iddiaçıların mülkiyyətlərində olması faktının tanınması, cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına verilmiş RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi, dəymiş zərərə görə 4800 manatın Cavabdeh1 alınaraq, iddiaçılara verilməsi, iddiaçılar tərəfindən Cavabdeh1 adına sənədləşdirilmiş 30 sot torpağın əvəzinə cavabdehə torpağın pulunu ödənilməsi vəzifəsinin iddiaçıların üzərinə qoyulması və 30 sot torpaq sahəsinin iddiaçıların adına sənədləşdirilməsi tələbinə dair iddia ərizəsi qanuni və əsaslı olmadığına görə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı2 tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə kollegiyası İddiaçı2 aid hissədə iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğundur, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi İddiaçı2 aid hissədə iddianın təmin edilməməsini qət edərkən maddi və prosessual hüquq normalarını pozmadan əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə əsas olan hallar müəyyən edilməmişdir. X6 xx xxxxxx 2021-ci il tarixli, 2(107)-9/2021 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(033)-207/2018 nömrəli qətnaməsinin İddiaçı1 aid hissədə ləğv edilməsi və İddiaçı1 münasibətdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi İddiaçı2 aid hissədə iddianın təmin edilməməsini qət edərkən düzgün nəticəyə gəldiyindən və həmin hissədə qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə həmin hissədə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(033)-207/2018 nömrəli qətnaməsi İddiaçı2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(033)-207/2018 nömrəli qətnaməsi İddiaçı2 aid hissədə dəyişdirilmədən sаxlаnılsın. X6 xx xxxxxx 2021-ci il tarixli, 2(107)-9/2021 nömrəli qərardadı ilə İddiaçı1 münasibətdə iş üzrə icraata xitam verilməsi nəzərə alınsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar