Məhkəmə qərarları › İş №2(107)-907/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-907/2025

30.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-907/2025 30.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlakın hərracdan satılması) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X7 və Məcidov Ələddin Tofiq oğlu oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-309/2025 nömrəli qətnaməsindən Cavabdeh1 Əlifdar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında olan paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri Sabir küçəsi 11/51 saylı evin, 2 saylı mənzili ümumi paylı mülkiyyət hüququ üzrə onun və qardaşı X1 adlarına 19 aprel 201l-ci ildən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mənzilin ümumi sahəsi 68.69 kv. metr sahədən ibarətdir. X8 31 noyabr 2016-cı ildə vəfat etmişdir. Cavabdehlərdən Cavabdeh1 Eldar Allahverdiyevin arvadı, Tofiq və Cavabdeh2 isə övladları olmaqla birinci növbə vərəsələridir. Cavabdehlər mirasın qəbulu ilə bağlı hər hansı hərəkət etmirlər. Onlarla hər hansı razılığa gəlmək mümkün deyildir. O isə belə yaşaya bilmir. Mingəçevir şəhər məhkəməsinin 01 aprel 2024-cü il tarixli qətnaməsi ilə paylarının naturada bölünməsi tələbi mümkün olmadığından iddiası təmin olunmamışdır. O isə onlarla birgə yaşaya bilmir. Paylarının ayrılması mümkün deyildir. Dəfələrlə təklif etməyinə baxmayaraq cavabdehlər paylarının bölünməsinə razılıq vermir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirak etməmiş, ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. 4.Cavabdeh1 vəkili Vəkil2 məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə müraciət edərək, işlə tanış olmaq üçün vaxt tələb olunduğunu, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verərək, işin təxirə salınmağını xahiş etmiş, əmlakın hərracdan satılaraq paylara mütənasib surətdə bölüşdürülməsinə etiraz etmədiyini bildirmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı və cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələri ilə bağlı heç bir üzrlü səbəb bildirməmişlər.

7. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-309/2025 nömrəli qətnaməsi ilə (hakim Güləndam Quliyeva), İddia tələbinin təmin edilməsi, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m olan mənzilin tərəflər arasında qapalı hərracda, bu mümkün olmadıqda açıq hərracda satılması, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m olan mənzilin satışından əldə olunan pul vəsaitinin həmin mənzilin mülkiyyətçiləri arasında ½ hissə payla İddiaçı, ½ hissə payla X2 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus payda olması nəzərə alınaraq bölüşdürülməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m olan mənzilin ilkin satış qiyməti 57,500 manat müəyyən edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Mingəçevir şəhəri Sabir küçəsi 11/51 saylı evin, 2 saylı mənzili ümumi paylı mülkiyyət hüququ üzrə İddiaçı və qardaşı X1 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mənzilin ümumi sahəsi 68.69 kv. metr sahədən ibarətdir. X8 vəfat etdikdən sonra cavabdehlərdən Cavabdeh1 Eldar Allahverdiyevin arvadı, Tofiq və Cavabdeh2 isə övladları olmaqla birinci növbə vərəsələridir. İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m olan mənzilin ½ hissə payla İddiaçı, ½ hissə payla X2 adına olması nəzərə alınaraq əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında olan paylarına mütənasib surətdə bölüşdürülməsini xahiş edir. Cavabdehlər iddia tələbi ilə bağlı etiraz bildirməmişlər. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. İddiaçı əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl cavabdehlərlə paylı mülkiyyətlərində olan əmlakın bölünməsi, bu mümkün olmadığından isə sonradan öz payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi yolu ilə həll edilməsinə üçün iddia qaldırmış, lakin iddiası təmin edilməmişdir. Hazırda iddiaçı tərəflərin ümumi mülkiyyətində olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb edir. İş üzrə müvafiq ekspert rəyi alınmış və ümumi paylı mülkiyyətdə olan əmlakın bazar və likvid dəyəri müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Əlifdar qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddiası təmin edilməli, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m olan mənzil tərəflər arasında qapalı hərracda, mümkün olmadıqda açıq hərracda satılmalı, satışdan əldə edilən pul vəsaiti həmin mülkiyyətə ½ hissə payla İddiaçı, ½ hissə payla X3 məxsus olması nəzərə alınaraq X2 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bölüşdürülməli, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m olan mənzilin ilkin satış qiyməti 57,500 manat müəyyən edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

12. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-309\2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi işin faktiki hallarını əks etdirmir, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, prosessual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə müvəkkilin izahatında bildirdiyi diqqətətəlayiq halları nəzərə almamışdır. Cavabdeh1 Əlifdar qızı bildirmişdir ki, əmlak bölgüsü fərdi yaşayış evin bölgüsü ilə kifayətlənmir. Fərdi evin altında və 0,064 ha təşkil edən torpaq sahəsi də nəzərə alınmalıdır. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m olan mənzil, ½ hissə payla İddiaçı, ½ hissə payla X2 adına xx.xx.2023-cü il tarixdə ********** nömrəli ilə qeydiyyata alınmışdır. Lakin 0,64 ha təşkil edən torpaq sahəsinin mülkiyyət növü, üzərində kimlərin hüququ, torpaq sahəsinin kateqoriyası ( məqsədli təyinatı) ********** nömrəli ilə qeydiyyata müəyyən edilmədiyindən tərəflərə münasibətdə qeyri-müəyyənlik yaradır. Bu səbəbdən natamam məlumatlar əsasında əmlak bölgüsünün aparılması qanunsuzdur. Məhkəmənin torpaq sahəsinə dair münasibətin bildirilməməsi qətnamənin ləğv edilməsi üçün əsasdır. Bununla məhkəmə MPM-nin 88-ci, 217-ci maddələrinin tələblərini pozmuşdur.

13. Digər tərəfdən bildirir ki, o, xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistem vasitəsi ilə 2(051)-309/2025 saylı iş üzrə Cavabdeh1 vəkili qismində işdə iştirak etmək üçün vəkil sorğusu göndərmişdir. İşin mürəkkəbliyi ilə əlaqədar işlə tanış olmaq üçün ona vaxt tələb olunub, lakin məhkəmə vəkil sorğusunu nəzərə almamış, cavabdeh tərəfi vəkil ilə təmsil olunmağı təmin etməmiş, müdafiə hüququnu pozaraq 10 iyin 2025-ci il tarixdə onun iştirakı olmadan qətnamə qəbul etmişdir. Bununla da məhkəmə MPM-nin 4 (məhkəmə müdafiəsindən istifadə etmək hüququ prinsipi), 8 (mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi) ,9-cu (ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipi) maddələrin tələblərini pozmuşdur.

14. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)- 309/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, işə mahiyyəti üzrə baxıb yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 nümyəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-309/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1 Əlifdar qızı, Cavabdeh2, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir Şəhər Bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyasının; 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (MM-nin 215.6.-cı maddəsi). 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli Qərardadının 17-19-cu bəndlərinə əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Apellyator Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)- 309/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

28. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Mingəçevir şəhəri, X10 küçəsi, ev 11/51, mənzil 2 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv. metr olan mənzil üzərində İddiaçı və qardaşı X1 ½ hissə payları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. X4 xx.xx.2016-cı ildə vəfat etmişdir. İddiaçı X1 birinci növbə vərəsələri, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 Əlifdar qızı, Cavabdeh3 və Cavabdeh2 qarşı əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair məhkəməyə müraciət etmiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(051)-43/2024 saylı qətnaməsi ilə Mingəçevir şəhəri, X10 küçəsi, ev 11/51, mənzil 2 ünvanında yerləşən mənzildən mülkiyyətçilərin paylarının bölünməsi mümkün olmadığından iddia rədd edilmişdir. Hazırda iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv.m olan mənzilin ½ hissə payla İddiaçı, ½ hissə payla X2 adına olması nəzərə alınaraq əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında olan paylarına mütənasib surətdə bölüşdürülməsini tələb edir.

29. Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə birinci instansiya məhkəməsi qanuni nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri əsassızdır.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən natamam məlumatlar əsasında əmlak bölgüsünün aparılması, əmlak bölgüsünün fərdi yaşayış evinin bölgüsü ilə kifayətlənməsi, fərdi yaşayış evinin altında yerləşən və 0,064 ha təşkil edən torpaq sahəsinin nəzərə alınmaması, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü, üzərində kimlərin hüququ, torpaq sahəsinin kateqoriyası( məqsədli təyinatı) müəyyən edilmədiyindən tərəflərə münasibətdə qeyrimüəyyənliyin yaranması, Bununlada birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 88 və 217-ci maddələrinin tələblərinin pozulmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Mingəçevir şəhəri, X10 küçəsi, ev 11/51, mənzil 2 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv. metr olan mənzil üzərində İddiaçı və qardaşı X1 ½ hissə payları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.

31. Məhkəmə kollegiyasının sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 6 oktyabr 2025-ci il tarixli 3-21-3-35/2-3898/2025 saylı məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən mənzilin yerləşdiyi torpaq sahəsinin bələdiyyə fonduna aid olduğu müəyyən olunmuşdur.

32. Məhkəmə kollegiyası qeyd edir ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Mingəçevir şəhəri, X10 küçəsi, ev 11/51, mənzil 2 ünvanında yerləşən ümumi sahəsi 68.3 kv. metr olan mənzilin yerləşdiyi torpaq sahəsi deyil, sadəcə olaraq torpaq sahəsinin üzərində yerləşən qeyd olunan mənzilin üzərində İddiaçı və X1 ½ hissədə payları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən də fərdi yaşayış evi bölünməmiş, həmin evdən mülkiyyətçilərin payının bölünməsi mümkün olmadığından iddiaçı qeyd olunan mənzilin açıq hərracdan satılaraq satış pulunun mülkiyyətçilər arasında bölünməsini tələb etmiş, birinci instansiya məhkəməsi də qeyd olunan mənzilin Mülki Məcəllənin 220.1 və 221-ci maddələrinin tələblərinə uyğun olaraq tərəflər arasında qapalı hərracda, bu mümkün olmadıqda isə açıq hərracda satılması və mənzilin satışından əldə olunan pul vəsaitinin mülkiyyətçilərin paylarına uyğun bölüşdürülməsini qət etmişdir. 33.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 36.Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mingəçevir Şəhər Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş və bələdiyyə tərəfindən iddia tələbi ilə bağlı məhkəməyə hər hansı vəsatət və etiraz daxil olmamışdır.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iş materialları ilə tanış olmaq üçün şərait yaradılmaması, cavabdehin müdafiə hüquqlarının pozaraq qətnamə qəbul etməsi, bununla da məhkəmənin mülki prosessual qanunvericilin normalarının tələblərinin pozulmasına dair dəlillərini də əsassız hesab edərək qeyd edir ki, iş materiallarından görünür ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra işdə iştirak edən şəxslər təyin olunmuş məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmış, Cavabdeh1 13 may 2025-ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında iştirak etmiş və iclas protokolundan görünür ki, sonuncunun hüquq vəzifələri izah edilmiş, Cavabdeh1 məhkəməyə təqdim ediləsi sübutlarının olmadığını və işin məhkəmə baxışına təyin edilməsinə etirazının olmadığını bildirmişdir.

38. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

39. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır.

40. Həmin Məcəllənin 185.3-cü maddəsinə əsasən əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır.

41. Həmin Məcəllənin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər.

42. Həmin Məcəllənin 188.1-ci maddəsinə əsasən işə baxılmasının təxirə salınmasına məhkəmənin əsaslandırılmış qərardadı ilə, qabaqcadan nəzərdə tutula bilməyən aşağıdakı müstəsna hallarda yol verilir: 188.1.1. işdə iştirak edən şəxslərdən hər hansı biri və ya tərcüməçi gəlmədikdə; 188.1.2. iddianın əsasını və ya predmetini dəyişmək üçün ərizə verildikdə; 188.1.3. qarşılıqlı iddia verildikdə; 188.1.4. əlavə sübutlar təqdim və tələb etmək zərurəti yarandıqda; 188.1.5. işdə iştirak etməyə digər şəxs cəlb edildiyinə görə məhkəmə həmin iclasda işə baxılmasını qeyri-mümkün hesab etdikdə; 188.1.6. bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda.

43. Mülki-Prosessual qanunvericiliyin normalarından göründüyü kimi işdə iştirak edən şəxsin nümayəndəsinin məhkəmə prosesinə gəlməməsi hakimin işə baxmasına maneçilik törətmir.

44. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin məhkəmə işə baxarkən işin faktiki hallarını araşdırmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmaması, prosessual hüquq normaların pozulmasına dair dəlillərini də əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.

45. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisələndirilən hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyil. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-309/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-309/2025 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar