Məhkəmə qərarları › İş №2(107)-911/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-911/2022

02.08.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə köçürmə - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-911/2022 02.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın bölünməsi, payın paylı mülkiyyətdən ayrılması, olmadıqda əmlakın açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin mülkiyyətçilər arasında paylarına müvafiq olaraq bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakın bölünməsi, payın paylı mülkiyyətdən ayrılması, əmlakın açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin mülkiyyətçilər arasında müvafiq olaraq bölünməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın bölünməsi, payın paylı mülkiyyətdən ayrılması, olmadıqda əmlakın açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin mülkiyyətçilər arasında paylarına müvafiq olaraq bölünməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(075)-14/2022 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 22 dekabr 2015-ci il tarixdə verilmiş **********09-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 103 kv/m ölçüdə fərdi yaşayış evi və onun yerləşdiyi 0,0547 ha torpaq sahəsi ¼ paylarla Cavabdeh və X4, 2/4 hissədə isə İddiaçı1 paylı mülkiyyətlərindədir.

2. X1 17 mart 2021-ci il tarixli, 104 saylı rəyindən görünür ki, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********09-10301 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iş üzrə tərəflərin paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən evin və həmin evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçilərinin paylarına uyğun ½ hissədə naturada bölünməsi mümkündür. Bölgü zamanı aşağıdakı variantlar təklif olunur. Birinci variant: Fərdi yaşayış evinin 2/4 paya uyğun 1-ci və 2-ci mərtəbələrdə yerləşən 2-5 saylı otaqları və onun qarşısında yerləşən açıq eyvan və şüşəbənd, həmin tikililərin qarşısında yerləşən 0.0269 ha torpaq sahəsi. İkinci variant: Fərdi yaşayış evinin 2/4 paya uyğun 1-ci və 2-ci mərtəbələrdə yerləşən 1-4 saylı otaqları və onun qarşısında yerləşən açıq eyvan və şüşəbənd, həmin tikililərin qarşısında yerləşən 0.0269 ha torpaq sahəsi. Bölgü variantı AutoCAD proqramı vasitəsi ilə işlənib hazırlanmış plan-sxemdə ətraflı göstərilmişdir. Şəki şəhəri, Bünyad Sərdarov küçəsi 0.0547 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 103 kv/m olan 28 saylı 2 mərtəbəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə hazırkı bazarla müqayisədə hərracda ilkin satış qiyməti 25700 manat təşkil edir. Tədqiqatın dəyəri 300 manat təşkil edir.

3. X1 16 iyul 2021-ci il tarixli, 313 saylı rəyindən görünür ki, müvafiq müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, internet saytı (tap.az, bina.az, yeniəmlak.az) məlumatlarına əsasən Şəki şəhəri, Bünyad Sərdarov küçəsi 0.0547 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 103 kv/m olan, 28 saylı 2 mərtəbədən ibarət fərdi yaşayış evinin bölgüsü zamanı yaranmış .8(54.4-48.6) kv/m sahənin qiyməti təxminən 1447 manat müəyyən edilir. Tədqiq olunan Şəki şəhəri, Bünyad Sərdarov küçəsi 0.0547 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 103 kv/m olan, 28 saylı 2 mərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, plan-sxemdə göstərilən 1 saylı 27.2 kv/m sahəyə giriş qapısı bölgü nəticəsində paya düşən sahədə yerləşən mövcud qapıdan istifadə olunması mümkündür (qapı yoxdursa pəncərə oyuğu qapı oyuğu ilə əvəz oluna bilər). Tədqiq olunan Şəki şəhəri, Bünyad Sərdarov küçəsi 0.0547 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 103 kv/m olan, 28 saylı 2 mərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, plan-sxemdə göstərilən 2 saylı 24,3 kv/m sahəyə giriş yalnız həmin sahənin qarşısında olan 6 saylı 18,3 kv/m olan otaqdan və həmin 18.3 kv/m otağa giriş çıxış mövcud pilləkən vasitəsilədir. Tədqiqatın dəyəri 300 manat təşkil edir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 mart 2022-ci il tarixli, 10/4319 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikililərinin və həyətyanı torpaq sahəsinin planlı yerləşməsini, yəni bir tərəfdən küçə ilə, üç tərəfdən isə qonşu sahələrlə əhatə olunduğunu, yaşayış evinin 2 mərtəbədən ibarət olmaqla tərkibində ümumilikdə 1-ci və 2-ci mərtəbələr üzrə 6 tikili yerləşdiyini, tərəflərin hər birinə düşən sahəyə uyğun ayrı-ayrılıqda yaşayış evi üzrə tikililər olmadığını nəzərə alaraq, həmin evin və evin yerləşdiyi torpaq sahəsinin hər bir mülkiyyətçiyə paylarına uyğun 3 hissəyə bölünməsi texniki cəhətdən mümkün deyildir. Lakin yuxarıda göstərilənləri nəzərə alaraq, tədqiq olunan fərdi fərdi yaşayış evinin 2/4 paya yaxın, eləcə də evin yerləşdiyi həyətyanı torpaq sahəsinin ½ paylara uyğun şəkildə bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün yaşayış evinin 1-ci və 2-ci mərtəbələrində yerləşən 1 və 4 saylı tikililər tərəflərdən birinə, evin 1-ci və 2-ci mərtəbələrində yerləşən 2 və 5 saylı tikililər və eyvan sahələri tərəflərdən digərinə verilə bilər. Həyətyanı torpaq sahəsinin bölünməsi üçün küçə tərəfdəki giriş qapısının qarşısında ümumi istifadə olunması üçün 9, kv/m sahə ayrılmalı və həmin sahədən bölgü sxeminə uyğun həyətyanı sahənn daxilində bölgü sərhəddi çəkilməklə, bölünmüş sahələrə girişçıxış qapıları açılmalıdır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, X2 MMC-nin tərtib etdiyi 104 saylı 17 mart 2021-ci il tarixli və 313 saylı 16 iyul 2021-ci il tarixli mütəxəssis rəylərinə əsasən, Şəki şəhəri, Bünyad Sərdarov küçəsi 0.0547 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 103 kv/m olan, 28 saylı 2 mərtəbəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə hazırkı bazarla müqayisədə hərracda ilkin satış qiyməti 25700 manat, yaşayış evinin bölgüsü zamanı yaranmış 5,8 kv/metr sahənin dəyəri isə təqribən 1447 manat məbləğində müəyyən edilmişdir. Tədqiq olunan yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 27,2 kv/metr sahəyə və 2ci mərtəbədə yerləşən 24 kv/metr sahəyə hansı hissədən giriş qapısının və pilləkən marşının quraşdırılması rəyə əlavə olunmuş bölgü sxemində ətraflı göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh ümumi paylı mülkiyyətində olan 0,0547 hektar torpaq sahəsində yerləşən, ünvan 2 ünvanlı, 4 otaqlı, ümumi və yaşayış sahəsi 103 kvadrat metr olan fərdi yaşayış evinə bütövlükdə qanunsuz sahiblik etməsi, onların həmin ev üzərində olan hüquqlarından onları məhrum etməsi kimi qanunsuz hərəkətlərinə son qoyularaq, onların həmin evə köçürülmələrinə və həmin evin onun mülkiyyətçiləri arasında naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan əmlakın bölünməsi və payının paylı mülkiyyətdən ayrılması, olmadıqda əmlakın açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin mülkiyyətçilər arasında paylarına müvafiq olaraq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh mərhum kiçik qardaşı X3 həyat yoldaşıdır. Əvvəllər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mərhum atası X4 mülkiyyətində olmuşdur. Həmin fərdi yaşayış evi və 0,0547 ha torpaq sahəsinin ¼ hissəsi Cavabdeh, ¼ hissəsi mərhum atası X7, 2/4 hissəsi isə ona məxsusdur. Böyük bacısı həmin əmlakdan özünə məxsus olan hissəni pay olaraq ona bağışlamışdır. Mərhum atası X4 mülkiyyətində olan hissə isə qardaşı X5 pay olaraq keçəcəkdir. Mərhum qardaşı X3 mülkiyyətində olan hissə, qardaşı dünyasını dəyişdikdən sonra həyat yoldaşı Cavabdeh mülkiyyətinə keçmişdir. Hazırda o, həyat yoldaşı İddiaçı2 ilə müvəqqəti olaraq ünvan 3 ünvanında yaşayırlar. Belə ki, Cavabdeh həmin evdə tək yaşayır və onlarla aralarında yaranan ziddiyyətə görə paylı mülkiyyətin ona aid olan hissəsində yaşaya bilmirlər. Yaşamaları üçün başqa yaşayış yeri qalmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

8. Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 10 may 2022-ci il tarixli, 2(075)- 14/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun və ekspertiza tədqiqatının iddiaçılara aid edilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan əmlakın bölünməsi və payının paylı mülkiyyətdən ayrılmasını xahiş etsə də, ekspertiza tədqiqatı zamanı həmin fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin iddiaçının payına düşən 2/4 hissəsinin naturada ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir. Ekspertiza tədqiqatı zamanı fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin ½ hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olması müəyyən edilsə də bunun üçün paylı mülkiyyətdə olan torpaq sahəsinin 9 kv/m hissəsinin ümumi istifadədə saxlanılmalı olması nəzərdə tutulmuşdur. İddiaçı və paylı mülkiyyətçi İddiaçı1 tərəfindən 9 kv/m torpaq sahəsinin ümumi istifadədə saxlanılması ilə bağlı heç bir tələb irəli sürülməmişdir.

10. Həmçinin ekspertiza tədqiqatı zamanı həyətyanı torpaq sahəsindən 9 kv/m hissənin ümumi istifadədə saxlanılmaqla digər torpaq sahəsinin bərabər paylarla ayrılmasının mümkün olması müəyyən edilsə də, fərdi yaşayış evinin 2/4 hissəsinin tən bərabər hissələrlə ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir. Fərdi yaşayış evinin sənəd üzrə sahəsinin 103 kv/m olması müəyyən edildiyi halda, çıxarışda mülkiyyət kimi qeydiyyatda olmayan, bir tərəfə verilməsi təklif edilən, eyni dam altında yerləşən birinci və ikinci mərtəbələrdəki 18,60 və 18,60 kv/m ölçülərdə olmaqla, cəmi 37,20 kv/m ölçüdə eyvan sahələrinin tərəflərdən yalnız birinə verilməsi təklif edilmişdir. Həmin hissə və ekspert tərəfindən verilmiş bölgü variantındakı 5,8 kv/metrlik fərqi də nəzərə aldıqda bu bölgü variantının fərdi yaşayış evinin 2/4 paya yaxın bölgüsü kimi qəbul edilməsi mümkünsüzdür.

11. Beləliklə ekspertiza tədqiqatı zamanı fərdi yaşayış evinin 2/4 hissəsinin naturada ayrılması mümkün olmadığından, paylı mülkiyyətdə olan torpaq sahəsindən 9 kv/m hissəsinin ümumi istifadədə saxlanılması ilə bağlı heç bir tələb irəli sürülmədiyindən İddiaçı1 ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan əmlakın bölünməsi və payının paylı mülkiyyətdən ayrılmasını tələb etməkdə haqlı deyildir.

12. Bundan başqa İddiaçı1 iddia tələbində ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan əmlakın bölünməsi və payının paylı mülkiyyətdən ayrılması, olmadıqda əmlakın açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin mülkiyyətçilər arasında paylarına müvafiq olaraq bölünməsini xahiş etməsinə baxmayaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.6-cı maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarının tələbindən də göründüyü kimi ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

13. Yəni iddiaçı əmlakın naturada bölünməsinin mümkünsüzlüyünü müəyyən etdikdə onun satışından öncə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsini tələb etməlidir. Buna da müsbət cavab almadığı halda iddiaçı əmlakın açıq hərracdan satılmasına dair məhkəmədə tələb irəli sürə bilər.

14. Lakin İddiaçı1 tərəfindən qanunvericiliyin bu tələbinə əməl edilməmiş, paylı mülkiyyətdə olan öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsi ilə bağlı rəsmi təklif verilməmişdir. Qeyd edilənlər nəzərə alınaraq İddiaçı1 ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin mülkiyyətçilər arasında paylarına müvafiq olaraq bölünməsinə dair hissəsi də əsassızdır.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçılardan İddiaçı2 hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından hazırki iddianı vermək səlahiyyətinə də malik deyildir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3 və 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnaməni aşağıdakılara görə tamamilə qanunsuz və əsassız hesab edir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, işin faktiki hallarına hüquqi qiymət verilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən hallarla işin materialları arasında ziddiyyətlər olmuş, sübutlar əlaqəli şəkildə şərh esdilməmiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri izah edilməmiş, ziddiyyətli məqamlara diqqət yetirilməmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qanunsuz və əsassız qətnamə çıxarılmışdır.

18. İşdən göründüyü kimi hazırkı iş üzrə paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə bağlı razılaşma olmamış, bu səbəbdən də məhkəməyə müraciət edilmiş, məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, ekspertiza tərəfindən payın naturada ayrılmasının mümkün olmaması barədə rəy verilmiş, bundan sonra məhkəmə iclasında tərəfindən 2/4 hissə payının dəyəri cavabdehdən istənilmiş, cavabdeh tərəfindən isə 2/4 hissə payının dəyərini verə bilməyəcəyi bildirilmişdir.

19. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Ayrılan mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsi ilə bağlı rəsmi təklifi verməsi isə qanunvericilikdə imperativ şəkildə nəzərdə tutulmamışdır.

20. Qeyd etmək istəyir ki, paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi və payın ayrıla bilməməsi barədə ekspert rəyi məhkəməyə daxil olduqdan sonra, məhkəmə iclasında hakimin qarşısında Cavabdeh 2/4 hissə payının dəyərinin ona ödənilməsini qeyd etmişdir. Həmin vaxt Cavabdeh sonrakı məhkəmə iclasında 2/4 hissə payının dəyərini gətirəcəyini və ödəyəcəyini bildirmişdir.

21. Bu səbəbdən də məhkəmə iclası xx.xx.2022-ci il tarixə təxirə salınmışdır.

22. Lakin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh pul gətirməmiş, payının dəyərini ödəməmiş, imkanı olmadığını bildirmişdir.

23. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar ayrılıqda tətbiq edilmiş, ekspertiza təyin edilmiş, ekspertin rəyi ilə paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi və payın ayrılmasının mümkün olmadığı müəyyən edilmiş, məhkəmə iclasında tərəfindən payının dəyərinin ödənilməsi cavabdehdən tələb edilmiş, cavabdeh tərəfindən buna imkanının olmadığı bildirilmiş, buna baxmayaraq məhkəmə tərəfindən qanunsuz və əsassız olaraq əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməmiş, iş üçün əhəmiyyəti olan bu hal məhkəmə qətnaməsində qeyd edilməmiş, məhkəmə qətnaməsində bu halın qeyd edilməməsinin, qəbul edilməməsinin səbəbləri göstərilməmiş, bununla da həm maddi, həm də prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün qərar qəbul etməmişdir. Belə ki, mübahisəli evdə onun da payı olmasına baxmayaraq həmin evə daxil ola bilmir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 da apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi işi tam araşdırmadan qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, ekspert rəyinə əsasən evin naturada bölünməsi mümkün olmamışdır. Evin də hərraca çıxarılmasına etiraz edir. Çünki ev hərracda ucuz satılacaq. Evə müştəri də tapılmışdır, lakin digər qaynı evin satılmasına razı olmadığından evi sata bilməmişlər. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2.-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MMnin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (MM-nin 215.6.-cı maddəsi). 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarında Məhkəmənin hüququ mövqeyi ondan ibarət olmuşdur ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz .

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(075)-14/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

32. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(075)- 14/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, baxılan iş üzrə birinci instansiya məhkəməsi qanuni nəticəyə gəlmişdir.

35. İddia tələbi ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçılar paylı mülkiyyət hüququ ilə onlara məxsus olan payın naturada bölünməsini, bu mümkün olmadıqda isə açıq hərracda satılaraq əldə olunmuş məbləğin paylara mütənasib surətdə bölünməsini xahiş etmişlər.

36. Göründüyü kimi iddia tələbi iki hissədən- payın naturada bölünmsi, bu mümkün olmadıqda açıq hərracda satılaraq əldə olunmuş məbləğin paylara mütənasib surətdə bölünməsindən ibarətdir.

37. İşin kollegiya tərəfindən müəyyən edilən hallarından müəyyən edilir ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan əmlakın bölünməsi və payının paylı mülkiyyətdən ayrılmasını xahiş etsə də, ekspertiza tədqiqatı zamanı həmin fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin iddiaçının payına düşən 2/4 hissəsinin naturada ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir.

38. Ekspertiza tədqiqatı zamanı fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin ½ hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olması müəyyən edilsə də bunun üçün paylı mülkiyyətdə olan torpaq sahəsinin 9 kv/m hissəsinin ümumi istifadədə saxlanılmalı olması nəzərdə tutulmuşdur. İddiaçı və paylı mülkiyyətçi İddiaçı1 tərəfindən 9 kv/m torpaq sahəsinin ümumi istifadədə saxlanılması ilə bağlı heç bir tələb irəli sürülməmişdir.

39. Həmçinin ekspertiza tədqiqatı zamanı həyətyanı torpaq sahəsindən 9 kv/m hissənin ümumi istifadədə saxlanılmaqla digər torpaq sahəsinin bərabər paylarla ayrılmasının mümkün olması müəyyən edilsə də, fərdi yaşayış evinin 2/4 hissəsinin tən bərabər hissələrlə ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir. Fərdi yaşayış evinin sənəd üzrə sahəsinin 103 kv/m olması müəyyən edildiyi halda, çıxarışda mülkiyyət kimi qeydiyyatda olmayan, bir tərəfə verilməsi təklif edilən, eyni dam altında yerləşən birinci və ikinci mərtəbələrdəki 18,60 və 18,60 kv/m ölçülərdə olmaqla, cəmi 37,20 kv/m ölçüdə eyvan sahələrinin tərəflərdən yalnız birinə verilməsi təklif edilmişdir. Həmin hissə və ekspert tərəfindən verilmiş bölgü variantındakı 5,8 kv/metrlik fərqi də nəzərə aldıqda bu bölgü variantının fərdi yaşayış evinin 2/4 paya yaxın bölgüsü kimi qəbul edilməsi mümkünsüzdür.

40. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya bildirir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, maddi və prosessual hüquq normalarının pozulmasına və birinci instansiya məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir.

41. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şiykayətində olan dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli daşınmaz əmlak payları bəlli olan mülkiyyət hüquq əsasında tərəflərə məxsusdur. Məhkəmə payın naturada bölünməsini təyin edilərək alınmış ekspert rəyinə uyğun olaraq mümkün olmaması nəticəsinə gəlmişdir. İddiaçı tərəf paylı mülkiyyətin hazırda 3 mülkiyyətçisi olması və payların məhz həmin mülkiyyətçilər arasında bölünməsinin mümkün ola biləcəyini qeyd etmişdir. Lakin işin halları ilə mülkiyyətçilərin hər hansının sıradan çıxması və sıradan çıxmış mülkiyyətçinin payının digər hər hansı mülkiyyətçiyə keçməsi və mövcud vəziyyətdə naturada bölgünün mümkün olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, əksinə verilmiş ekspert rəyinə əsasən bunun münmkünsüz olması müəyyən edilmişdir.

42. Apellyasiya kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

43. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

44. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir.

45. Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir

46. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə paylı mülkiyyətdə olan ünvan 4 ünvanda yerləşən yaşayış sahəsinin iddiaçı və cavabdeh başqa digər paylı mülkiyyətçilərinin olmasına baxmayaraq, paylı mülkiyyətdən payın naturada ayrılması tələbi həmin mülkiyyətçilərə qarşı yönəlməmiş, onlar cavabdeh kimi iddiada göstərilməmişdirlər. Bu isə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərinə uyğun deyildir.

48. Bundan əlavə kollegiya qeyd edir ki, bu xarakterli iddialarda ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

49. Hazırki iddia tələbində isə belə ardıcıllığa riayət edilməmiş, iddiaçı (ayrılan mülkiyyətçi) əmlakın naturada bölünməsi mümkün olmadığı halda, öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etməməklə yuxarıda qeyd olunan ardıcıllığa riayət etməmişlər.

50. Ona görə də kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi, lakin əsaslandırılmamış mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(075)-14/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar