Məhkəmə qərarları › İş №2(107)-913/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-913/2021

18.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-913/2021 18.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı “vurulmuş maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(075)-681/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” QSC-dən 140.61 avro borcun öhdəlik icra olunan zaman üçün Azərbaycan Mərkəzi Bankının manata münasibətdə müəyyən etdiyi məzənnəsi üzrə, əldən çıxmış faydaya görə 2000 manat və mənəvi zərərə görə 500000 manatın müştərək qaydada tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 16 mart 2021-ci il tarixli, 2(075)-681/2021 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Şəki Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(075)-681/2021 nömrəli qərardadından narazı qalan İddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu”nun 1 -ci maddəsin görə istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Göründüyü kimi ilk növbədə iddiaçının “İstehlakçı” statusuna malik olub-olmaması məsələsi dəqiqləşdirilməlidir. İddianın mahiyyətindən də göründüyü kimi o, cavabdehin aviabilet almaqla xidmətlərindən istifadə edən şəxsdir və cavabdeh burada xidməti göstərən şəxsdir. Cavabdeh təşkilatın internet səhifəsində Moskva-Bakı istiqamətində olan avia uçuşların reklamları ilə tanış olduqdan sonra qızı X1 üçün həmin istiqmətə 140.61 EURO dəyərində elektron qaydada **********223 saylı avia bilet almışdır. X3 Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində “xxxx” QSC və əcnəbi aviaşirkətlər tərəfindən bütün istiqamətlər üzrə həyata keçirilən uçuşlar 16 mart 2020-ci il tarixdən etibarən müvəqqəti olaraq dayandırılmışdır. Bu səbəbdən də uçuş baş tutmamış və tərəf həmin dəyəri geri qaytarmır. Göründüyü kimi cavabdeh tərəfin istehlakçı kimi ona göstərəcəyi xidmət baş tutmamış və onun hüquqları pozulmuşdur. Digər tərəfdən məhkəmə qeyd edir ki, hazırkı mübahisə istehlakçının hüququnun müdafiəsi ilə bağlı iddialara aid deyildir. Bununla bağlı bildirir ki, məhkəmənin gəldiyi qənaət düzgün olmamışdır. Çünki iddia tələbində tələblərdən biri də mənəvi zərərin ödənilməsi ilə bağlıdır. Nəticə etibarilə məhkəmə hazırkı qənaətə gəlməsi üçün ümumiyyətlə iddianın mahiyyəti istehlakçıların hüquqlarının müdafiəsindən kənar olması lazımdır. Lakin məhkəmə tələb üzrə onu istehlakçı kimi qəbul etsə də tələbin Şəki Rayon Məhkəməsində baxılmasını qəbul etməmişdir. Şəki Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(075)-681/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 36.13-cü maddəsinin tələbinə görə MPM-nin 39-cu maddəsindən müəyyən edlmiş aidiyyət istisna olunmaqla, həmin Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Heç təsadüfi deyildir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36cı maddəsi məhz iddiaçının seçməsinə görə aidiyyət qaydalarını müəyyən etmişdir. Həmin maddədə sadalanan bütün hallarda işin baxılacağı məhkəmənin seçmək hüququ iddiaçıya məxsusdur. Məhkəmə hesab edir ki, bu qaydadan istisnalar yalnız işin müstəsna aidiyyəti olduğu hallarda qeyri- mümkündür. Göründüyü kimi Azərbaycan Respublikası MPM-nin 36-cı maddəsində aidiyyətin iddiaçının seçməsinə görə nəzərdə tutulmuş hallar qeyd edilmişdir. Həmin maddənin tələblərinə əsasən də hazırkı iddia üzrə iddiaçıya işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyasının iclasında müəyyən müəyyən olundu ki, İddiaçı cavabdeh “xxxx” QSCdən 140.61 avro borcun öhdəlik icra olunan zaman üçün Azərbaycan Mərkəzi Bankının manata münasibətdə müəyyən etdiyi məzənnəsi üzrə, əldən çıxmış faydaya görə 2000 manat və mənəvi zərərə görə 500000 manatın müştərək qaydada tutularaq onlara ödənilməsini xahiş etsə də, cavabdeh “xxxx” QSC-nin hüquqi ünvanının Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 126A olduğu müəyyən edilir. Beləliklə də iddiaçı hazırkı tələblə bağlı Şəki Rayon Məhkəməsinə deyil, cavabdeh hüquqi şəxsin hüquqi ünvanının olduğu yer üzrə məhkəməyə müraciət etməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edərkən onun gələcəkdə hansı prosedur hərəkəti həyata keçirəcəyini deyil, yalnız iddia ərizəsini və işdə olan sənədləri diqqətə almış və göstərilənlərə əsasən məhkəmə bununla bağlı qərardad qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikаyət əsassız olduğundan təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(075)-681/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər . Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 263- 264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(075)-681/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar