Məhkəmə qərarları › İş №2(107)-914/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-914/2025

23.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-914/2025 23.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: Maddi ziyanın ödənilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X3 və Məcidov Ələddin Tofiq oğlu oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin tutulması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, e-2(033)-739/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci il tarixdə Zaqatala rayonu Muxax kəndində anadan olmuş və həmin kənddə yaşayan X2 930 manat vurduğu maddi zərərin, 30 manat ödənilən dövlət rüsumunun və 50 manat mütəxəssis rəyi üçün ödənilmiş pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh məxsus iri buynuzlu inək kəndin əsas yolunda nəzarətsiz qaldığına görə xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomobilin qarşısına çıxaraq ona zərər vurmuşdur. Belə ki, həmin vaxtı o yol hərəkət qaydalarına əməl etməklə Muxax kəndinin əsas yolu ilə hərəkət edib. Qəflətən yolun kənarından bir baş inək yola çıxaraq avtomobillə toqquşmuşdur. Malın buynuzlarının avtomobilin ön hissəsinə dəyməsi nəticəsində avtomobilin faraları və digər hissələri əzilərək istifadəyə yararsız hala düşmüşdür. Hadisə nəticəsində inək heç bir xəsarət almamışdır. Avtomobili saxlayaraq yol polisini və malın sahibini hadisə yerinə çağırmışdır. Yol polisi hadisə yerinə gəlmiş və məlum olmuşdur ki, hadisəyə səbəb cavabdehin malqaranı nəzarətsiz buraxmasıdır. Cavabdeh söz vermişdir ki, dəyən ziyanı ödəyəcək, biz razılaşdırmışdırlar ki, öz aralarında həll edəcəklər və cavabdeh ziyanı ödəyəcək. Cavabdehlə aralarında razılaşmalarına dair video çəkiliş də vardır. Lakin cavabdeh razılaşdığı qaydada sözünə əməl etmədi, 500 manat pulu verərək kifayətləndi və dəymiş ziyanın qalanını isə ödəmədi. Cavabdeh ziyanı ödəmədiyi üçün o yenidən Polis Şöbəsinə müraciət etmişdir. Onları Zaqatala rayon Polis Şöbəsinə çağıraraq izahat aldılar. Cavabdeh izahat yazaraq etiraf etdi ki, mal-qaranı nəzarətsiz buraxdığı üçün hadisə baş vermişdir və baş vermiş hadisə nəticəsində də ona ziyan dəymişdir. Cavabdeh öz malqarasını nəzarətsiz buraxdığı onun verdiyi izahatı və video çəkilişdən bir daha təsdiq olunur. Qeyd olunan hadisə nəticəsində ona 1430 manat maddi zərər dəymişdir. 1430 manat ziyanın 500 manatını ödədiyi üçün cavabdehin ona 930 manat borcu qalmışdır. Həmin zərər cavabdeh tərəfindən ödənilməlidir. Dəymiş zərərin qiymətləndirilməsi üçün rəy alınmışdır. Dəymiş ziyanla bağlı Zaqatala rayonunda fəaliyyət göstərən X1 məxsus “Avtoservis 057” sexindən arayış alınmışdır. Həmin arayışdan açıq-aydın olaraq göstərilmişdir ki, avtomobilin hansı hissələri yararsız hala düşmüş, onların dəyəri neçə manat təşkil edir, eyni zamanda avtomobili təmir etmək üçün usta xərcləri neçə manat təşkil edir. Ona görə də o məhkəməyə müraciət etməli olmuşdur.

3. Cavabdeh etiraz ilə müraciət edərək iddiaçı X2 930 manat vurduğu maddi zərərin 30 manat ödənilən dövlət rüsumunun və 50 manat mütəxəssis rəyi üçün ödənilmiş pulun alınması və özünə ödənilməsi barədə iddia ərizəsi əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə özünə məxsus olmayan sənədsiz avtomobili yaşayış məntəqəsi ərazisindən keçən şosse yolunda yüksək surətlə idarə edərkən ona məxsus bir baş iribuynuzlu inəyi vuraraq zədələmiş ona 3000 manatdan çox zərər vurmuşdur. O, iki baş inəyi su içmək üçün su axarına apardığı zaman inək əvvəl örüşə apardığı pay torpaq tərəfə qaçmış, o, digər inəyi aparıb mal damına salıb qaçmış, inəyin dalınca qayıtdıqda görmüşdür ki, inəyi vurulmuş vəziyyətdə yol kənarındadır və onu vurmuş sürücü hadisə yerindən qaçmışdır. Yaşayış məntəqəsində avtomobili yüksək sürətlə idarə edərək, telefonla danışaraq başı qarışmış idarəetməni itirib yol kənarındakı inəyi vurmuşdur. Həmin gündən sonra iddiaçı onlara gələrək inəyi vurduğunu və hadisə yerindən qaçdığını etiraf etmişdir və avtomobilin buferi və sağ qapısının əzik olduğunu bildirərək ondan pul tələb etmişdir. O, iddiaçıya boğaz inəyini vurduğunu və inəyinin bala saldığını və aldığı zədə nitəcisində inəyin özünə gəlmədiyini bildirmiş və etiraz etmişdir. O, birinci Qarabağ müharibəsi iştirakçısıdır və ürəyinin üstündə bu günədək qəlpələr var. O, cəld hərəkət edə və qaça bilmədiyindən inək qarşısından qaçmış və az müddət ərzində iddiaçının qanunsuz hərəkətlərinin qurbanı olmuşdur. Əslində iddiaçı nəqliyyat vasitəsini qanunsuz idarə etmiş inəyi vurmadan idarə etmək imkanı olduğu halda qəsdən ona zərər vurmuşdur. Ağır xəstə yaşlı anasına qulluq edir və vaxtının olmaması və özü də xəstə olduğu üçün get-gedə düşməmək üçün 1 gün sonra 500 manat pul vermişdir. O, hadisə yerinə polisi və onu çağırması barədə dedikləri yalandır. Orada heç bir ölçmə, ekspertiza aparılmamışdır. Avtomobilinə də ciddi ziyan dəyməmişdir. Hadisədən 4 gün keçəndə inək 5 aylıq bala saldığından ona 3000-3500 manat ziyan vurmuşdur. "Avtoservis-057” sexindən aldığı 1430 manat zərər barədə arayışı da həqiqəti əks etdirmir, tanışlıqla yazdırmışdır. Çünki avtobilə baxış keçirəndə görmüşdür ki, sağ qapı və buferdə cüzi əzik vardır, onu da döydürüb düzəltmək mümkündür. Ən çox 300-400 manat xərci olar. Buna baxmayaraq o, zərər vurmadığı halda ona 500 manat pul ödəmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazın məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, sahədə moruq yığanda səs eşidib. Maşının malı vurduğunu görmüşdür. Şoferi görməmişdir. Yol kənarında olan malı vurmuşdur. Muxaxda Şərq vadisi restoranının yaxınlığında baş vermişdir hadisə.

8. Zaqatala Rayon Məhkəməsinin (hakim Z.Məmmədova) 07 iyul 2025-ci il tarixli, e- 2(033)-739/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 930 (doqquz yüz otuz) manat maddi zərərin əvəzi alınaraq İddiaçı xeyrinə ödənilmsəi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu və 50 (əlli) manat mütəxəssis rəyi üçün ödənilmiş vəsait alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh özünə məxsus bir baş iribuynuzlu heyvan olan inəyi xx.xx.2024-cü il tarixdə saat asfalt və sement-beton örtüklü yollarla ötürməklə yol hərəkəti qaydalarını pozmuş və nəticədə Zaqatala rayonu, Muxax kəndi istiqamətində hərəkətdə olan, İddiaçı idarə etdiyi «Mercedes Benz» markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillin qarşısına çıxaraq avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində iddiaçının idarə etdiyi «Mercedes benz» markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə 1430 manat maddi zərər dəymişdir. Hazırda İddiaçı baş vermiş hadisə zamanı onun əmlakı olan “Mercedes benz” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 1430 manat zərərin cavabdeh tərəfindən ödənilməmiş 930 manat hissəsinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək iddiaya etiraz etmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

10. Məhkəmə hesab etmişdir ki, iş materialında olan sübutlar iddia tələbinin təmin olunması üçün əsas verir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni, dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni, dizpozisiya şərtlərinə uyğundur.

11. Prosessual və maddi qanunvericilik aktlarının normalarına istinad edərək məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh zərər vurulmasına gətirib çıxaran mülki hüquq pozuntusu törətdiyi üçün ona qarşı zərərin ödənilməsi tələbinə dair qaldırılan iddia maddi və prosessual normalara uyğun olaraq verilmişdir və məhkəmə tərəfindən baxılaraq mahiyyəti üzrə həll edilməlidir.

12. Bu səbəbdən də məhkəmə mülki qanunvericiliyin tələbləri baxımından mülki məsuliyyətin əmələ gəlməsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirməyi də zəruri hesab etmişdir.

13. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla baş vermiş yol nəqliyyat hadisəsi zamanı məhz cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçıya maddi zərərin dəyməsi öz təsdiqini tapdığından və bu hərəkətlə baş vermiş zərər arasında səbəbli əlaqə mövcud olduğundan iddiaçı ona vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

14. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 930 manat maddi zərərin əvəzi alınaraq İddiaçı xeyrinə ödənilməlidir.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia ilə bağlı dövlət rüsumu olaraq ödənilmiş 40 manat pul vəsaiti və 50 manat mütəxəssis rəyi üçün ödənilmiş vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.3, 1115-ci maddələrinə, «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997ci il tarixli 4 saylı qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 106.1, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala rayon Məhkəməsi Cavabdeh Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur.

19. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı sözügedən avtomobilin mülkiyyətçisi deyil. Həmçinin iddiaçının iddia vermək səlahiyyətidə yoxdur. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərə göz gəzdirsək “Mercedes Benz” minik markalı 34BF426 dövlət qeydiyyat nişanlı minik avtomobilin məhz Zaqatala rayonu, Aşağı Tala kənd sakini, İddiaçı məxsus olması barədə heç bir sənəd mövcud deyil. Belə ki, həmin avtomobilə dəymiş ziyanla bağlı iddianın verilməsi üçün mülkiyyətçi tərəfindən iddiaçıya etibarnamə verilməmişdir.

20. Göründüyü kimi,Zaqatala Rayon Məhkəməsinin iddiaçının ümumiyətlə iddia vermək hüququnun olmadığı halda cavabdeh tərəfindən maddi ziyanın ödənilməsini təmin etmişdir. Halbuki cavabdehə dəymiş maddi ziyana münasibətdə heç bir addım atmamışdır. Zaqatala Rayon Məhkəməsi heç bir qanuni əsas olmadan iş üzrə Cavabdeh mülkiyyətinə münasibətdə heç bir münasibət bildiməməsi barədə qətnamə qəbul etməsi ədalətsiz və əsassızdır.

21. İş üzrə Cavabdeh İddiaçı qarşısında mülki hüquq münasibətlərindən irəli gələn heç bir öhdəliyi yoxdur.

22. Zaqatala Rayon Məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir.

23. Birinci nstansiya məhkəməsi ümumiyətlə baş vermiş hadisə nəticəsində sözügedən minik avtomobilinin hansı detallarının sıradan çıxmasını lazımi qaydada araşdırmamış və müəyyən etməmişdir. Məhkəmə sadəcə olaraq Zaqatala rayonu fəaliyyət göstərən X1 məxsus ”Avtoservis 057”tərəfindən formal və yalnış olaraq tərtib edilmiş aktda (arayışda) qeyd edilən detallar əsasında məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etməmişdir. X1 məxsus”Avtoservis057”isə heç bir əsas olmadan apsurt, şablon bir rəy verərək guya avtomobilin təmir xərcini 1430 (bir min dörd yüz otuz) manat müəyyən etmişdir. Halbuki “Avtoservis57”-in nə məlumatı nə dəki hüququ olmamışdır ki, belə bir qənaətə gəlsin. Çünki sözügedən avtomobil avtoservisə aparılarkən qüsur aktı tərtib edilməli hansı detalların sıradan çıxmasını sübut edən heç bir fakt, məlumat olmalı və həmin vaxtdada(avtomobilavtoservisəaparılarkən) cavabdehin iştirakı təmin edilməli idi. Lakin qeyd edilən hərəkətlərin heç biri həyata keçirilməmişdir. Həmçinin “Avtoservis57”adlı sex qanunsuz olaraq fəaliyyət göstərməkdədir. O, fəaliyyət göstərməsi barədə vergidə qeydiyyatda yoxdur. Çünki hadisə baş verən zaman sürücü sərxoş olduğu və hadisə yerindən qaçıb gizləndiyi üçün X9 Xidmətinin əməkdaşlarını hadisə yerinə çağırmamışdır. Hadisədən bir müddət keçdikdən sonra yol Patrul xidmətinə hadisə barədə məlumat vermişdir. Bundan başqa həmin vaxt hadisə şahidinin dediyinə görə onun heyvanı yolun kənarında olmuş, qarşıdan gələn iddiaçıya məxsus avtomobil yolun kənarında dayanmış onun heyvanını vuraraq, hadisə yerinə aidiyyatı polis əməkdaşlarını çağırmayaraq, inzibati məsuliyyətdən yayınmaq məqsədilə qaçmışdır. Videoçəkilişə və fotoşəkillərə baxdıqdada müəyyən etmək olar ki, heyvan yolun kənarında olmuşdur. Həmçinin sürücü həmin gün onun yanına gələrək heyvanı vurduğu zaman telefonla danışdığını ona bildirmişdir. Hadisə zamanıda yol patrul xidmətinin əməkdaşları tərəfindən heç bir inzibati sənədləşmə aparılmamışdır. Bununlada məlum olur ki, məhkəmə işin araşdırılmasını lazımı qaydada həyata keçirməmiş, mötəbər sübutların olmamasına baxmayaraq qətnamə qəbul etmişdir.

24. Odur ki, Zaqatala Rayon Məhəkəməsin 07 iyul 2025-ci il tarixli, e-2(033)- 739/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, e-2(033)-739/2025 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mükünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1110-cu maddəsinin tələbinə görə, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Apellyator Zaqatala Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, e-2(033)- 739/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

35. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də məhkəmə iddiaçının əmlakına zərər dəyməklə cavabdehin onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyət yarandığı qənaətinə gəlmişdir.

36. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsini tətbiq etmiş, apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşır.

37. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

38. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh özünə məxsus inək xx.xx.2024-cü il tarixdə Zaqatala rayonu, Muxax kəndi istiqamətində hərəkətdə olan, İddiaçı idarə etdiyi «Mercedes Benz» markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillin qarşısına çıxmış və nəticədə avtomobil inəyi vurmuşdur. Hadisə nəticəsində iddiaçının idarə etdiyi «Mercedes benz» markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə 1430 manat maddi ziyan dəymişdir. Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılmış, araşdırma zamanı iddiaçının avtomobilinə dəymiş ziyanın 500 manat hissəsi cavabdeh tərəfindən ödənilmiş, iddiaçı ödənilməmiş 930 manat hissəsinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək iddiaya etiraz etmişdir. 39.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materialında olan sübutlar iddia tələbinin təmin olunması üçün əsas verir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni, dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni, dizpozisiya şərtlərinə uyğundur.Prosessual və maddi qanunvericilik aktlarının normalarına istinad edərək məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh zərər vurulmasına gətirib çıxaran mülki hüquq pozuntusu törətdiyi üçün ona qarşı zərərin ödənilməsi tələbinə dair qaldırılan iddia maddi və prosessual normalara uyğun olaraq verilmişdir və məhkəmə tərəfindən baxılaraq mahiyyəti üzrə həll edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla baş vermiş yol nəqliyyat hadisəsi zamanı məhz cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçıya maddi zərərin dəyməsi öz təsdiqini tapdığından və bu hərəkətlə baş vermiş zərər arasında səbəbli əlaqə mövcud olduğundan iddiaçı ona vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

40. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

41. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, e-2(033)-739/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, e-2(033)-739/2025 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar