Məhkəmə qərarları › İş №2(107)-915/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-915/2024

25.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-915/2024 25.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli 2(063)-307/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı qardaşı olan Cavabdeh 17000 manat məbləğində pul verərək Ucar rayonunda onun üçün ev tikdirməsini xahiş etmişdir. Ev tikilməmiş, daha sonra iddiaçı evin tikilməsi fikrindən yayınaraq verdiyi pulu tələb etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17500 manat məbləğində pulun, digər xərclərə görə çəkilmiş 500 manat məbləğində xərcin və ödənilmiş 141 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun doğma qardaşıdır. Belə ki, səhhətində yaranmış problemdən sonra mülkiyyətində olan evin satışından ona çatmış 25.000 manat məbləğində puldan 22500 manat məbləğində pulu cavabdehə verərək onun üçün doğulduğu kənddə fərdi yaşayış evi tikdirməsini xahiş etmişdir. Bundan sonra, təxminən bir ay müddətində o, cavabdeh və ailə üzvlərilə birlikdə sonuncuların yaşadıqları ata yurdlarında birlikdə yaşamışlar. Bu zaman cavabdehi əlavə borca salmamaq üçün maaş və pensiya kartını ona verərək evin bazarlığını, həmçinin özünün əlavə xərclərini həmin vəsaitdən ödənilməsini bildirmişdir. Qaldığı bir ay müddətində cavabdeh evi üçün bir neçə məişət avadanlığı almış, həyətində əlavə tikililər tikmişdir. Bu zaman o, bütün bunların verdiyi pullardan əldə olunduğuna dair şübhələnməyə başlasa da, bununla bağlı cavabdehə heç bir söz deməmişdir. Lakin, səhhətində yaranan problemlər düzəldikdən sonra məsləhətləşərək fərdi yaşayış evinin tikintisindən imtina etmişdir. Bundan sonra, cavabdehə onda olan pulun qaytarılması üçün müraciət etdikdə sonuncu pulları xərclədiyini bildirərək həmin puldan 5000 manat pulu qaytarsa da, yerdə qalan 17500 manat pulu həyətdə olan mal qaradan sataraq qaytaracağını bildirmişdir. Bununla bağlı o, cavabdehə dəfələrlə telefon vasitəsilə və üz-üzə məsələni həll etməyi xahiş etsə də, cavabdeh buna əhəmiyyət verməyərək pulu qaytarmaqdan imtina edərək verdiyi öhdəliyə əməl etməmişdir. Bu səbəbdən də 14 iyun 2023-cü il tarixdə Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciəti araşdırılan zaman qeyd olunan xüsusatlarla bağlı cavabdehin izahatı alınarkən onun öləcəyini zənn edərək qeyd olunan pul məbləğini öz şəxsi ehtiyacları üçün xərclədiyini etiraf etmiş və həyətində olan mal qaranı sataraq 19 iyun 2023-cü ilədək pulu ödəyəcəyinə dair söz vermişdir. Bütün bu araşdırmalardan sonra Qaradağ RPİ tərəfindən 21 sentyabr 2023-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən də, ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Şahid2, X2 və Şahid1 Seyidabad qızı şahid qismində ifadə vermişlər.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin mübahisələndirilməyən halı 17000 manat məbləğində pulun cavabdeh tərəfindən alınmasıdır. Belə ki, bu hal işdə olan 21 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardakı izahatlarla, eləcə də məhkəmə iclasının audio-video qeydiyyatı zamanı cavabdehin özünün etirafedici izahatı və şahid ifadələri ilə öz təsdiqini tapır.

6. İşin mübahisələndirilən halları isə iddiaçıya münasibətdə yerdə qalan 500 manatı (iddia ərizəsində göstərdiyi 17500 manat puldan), eyni zamanda, çəkilmiş xərclər baxımından əlavə olaraq 500 manat pulu tələb etməsidir. Cavabdehə münasibətdə isə cavabdehin özünün etirafedici izahatı ilə 17000 manat pulun alınması olsa da, sözügedən vəsaitin məhz iddiaçının müalicə xərcləri və sair istiqamətdə xərcləməsi, eyni zamanda, 5000 manatını isə iddiaçı tərəfə qaytarması ilə bağlı olmuşdur.

7. İddiaçı iddia ərizəsində 500 manat pulu (iddia ərizəsində göstərdiyi 17500 manat puldan) və çəkilmiş xərclər baxımından əlavə olaraq 500 manat pulu cavabdehdən tələb etsə də, bu halları təsdiq edə biləcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu hal isə mülki prosessual qanunvericiliyin norma və prinsipləri baxımından məhz iddia tərəfinin üzərinə düşür. Belə olan halda, məhkəmə iddianın göstərilən hissələrinin təmin edilməsini əsassız və qanunsuz olmasını vurğulamaqla istisna edir. Bundan başqa, cavabdehin iddia edilən məbləği iddiaçının ehtiyaclarına xərcləməsi və ya digər məqsədlərlə xərcələməsi hallarına münasibətdə isə, onu qeyd etmək olar ki, bu halın sübut edilməsi isə sübutetmədə dönüş olaraq məhz cavabdehin üzərinə düşmüşdür (iddia edilən məbləğin etiraf edilməsi nəticəsində). Cavabdeh də öz növbəsində, məhkəmə araşdırması zamanı xərclədiyi vəsaitlərin iddia edilən məbləğ hesabına xərclənməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, məhz Cavabdeh İddiaçı 17000 manat məbləğində pulu qaytarmadığından, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Bununla da, iddiaçı Cavabdeh qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Yəni, məhz Cavabdeh iddiaçının qarşısında sonuncudan aldığı pulun qaytarılmaması ilə əlaqədar məsuliyyət daşıyır.

9. Ucar Rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli 2(063)-307/2024 nömrəli qətnaməsi ilə (hakim Xəyal Bədəlov) iddia qismən təmin olunmuş, Cavabdeh İddiaçı xeyrinə 17000 (bir on yeddi min) manat pulun və ödənilmiş 141 (bir yüz qırx bir) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135, 152 və 529-cu maddələrinə istinad etmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 21 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 21 yanvar 2024-cü il tarixli qəbz

12. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qardaşı xəstə olduğuna və ailəsi də ondan imtina etdiyinə görə aylarla onun evində qalmış və onu ölümcül xəstəlikdən o və ailəsi sağaltmışlar. Qardaşı xəstə oldğuna və onlarda qaldığına görə o ona məxsus evdə 9000 manatı evin təmirinə və müəyyən avadanlıqların alınmasına xərcləmişdir. Bu, qardaşının iradəsi və onun təkidi ilə edilmişdir. Qardaşı özü bildirmişdir ki, “mən artıq sizinlə qalıram və evdə mənim üçün şərait yoxdur” ona görə də onun təkidi ilə 9000 manat pul evin təmirinə və müəyyən avadanlıqların alınmasına xərclənmişdir. Sadəcə olaraq qardaşı xəstə olduğu üçün onun təkidi və razılığı ilə pulu o xərcləmişdir. Yerdə qalan 8000 manat pulun isə 3000 manatını Fazilin onun evində qaldığı müddət ərzində Fazilin müalicə xərclərinə xərcləmiş və Fazilin öz razılığı ilə özünün borclarını ödəmişdir. Qalan 5000 manat pulu isə Fazilin ailə üzvlərinə qaytarmışdır.

14. İşə baxan birinci instansiya məhkəməsi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, iddiaçı tərəfindən ona 5000 manat pulun qaytarılmaması və 9000 manat pulun onun təkidi və raızlığı ilə onun istifadəsi üçün evə və avadanlıqların alınmasına xərclənməsi barədə onun tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş mötəbər və biri-birini tamamlayan sübutlar təqdim edilməsinə baxmayaraq həmin sübutları məhkəmə qəbul etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İşə baxan birinci instansiya məhkəməsi ona 17000 manat pulun verilməsi nəticəsinə gəlsə də həmin pulun bir hissəsinin qaytarılması və digər hisəsinin isə iddiaçının özü tərəfindən ona tapşırılaraq xərclənməsini əsassız olaraq qəbul etməməklə sadəcə formal mülahizələr əsasında qətnamə qəbul etmişdir.

15. Ona görə də, Ucar Rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli 2(063)-307/2024 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qismən qəbul etməsi barədə məhkəməyə ərizə təqdim edərək ərizələrinə uyğun qətnamə qəbul edilməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 777-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. Cavabdeh Ucar Rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli 2(063)-307/2024 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən təmin edilmiş 8000 manat pula aid hissədə gəldiyi nəticə ilə razılaşmır.

24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq MPM-in 106-cı maddəsinə əsaslanmaqla hesab etmişdi ki, iddiaçının cavabdehdən tələb etdiyi 17.000 manat pulun cavabdehə verildiyi təsdiq olunur. Cavabdeh isə apellyasiya şikayətində həmin 17.000 manat pulun 9000 manatını evin təmirinə və müəyyən avadanlıqların alınmasına, 3000 manatını Fazilin onun evində qaldığı müddət ərzində Fazilin müalicə xərclərinə xərclədiyini və Fazilin öz razılığı ilə özünün borclarını ödədiyini, 5000 manat pulu isə Fazilin ailə üzvlərinə qaytardığını bildirmişdir. Kollegiya sübutetmə yükünün bölüşdürülməsi baxımından qeyd edir ki, cavabdeh ondan tələb olunan 17.000 manat pulun ona verildiyini etiraf etməklə iddiaçının sübutetmə yükündən azad olmasına səbəb olmuşdur. Cavabdehin özünün iddia etdiklərini sübutetmə vəzifəsi isə cavabdehin üzərinə düşür. Cavabdeh apellyasiya şikayətində həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etdiyini göstərsə də, iş materiallarında həmin halları təsdiq edəcək heç bir sübut və ya dəlilə rast gəlinmir. İş materiallarında yalnız “ambulator kitabçadan çıxarış” vardır ki, həmin sənəddə Məmmədiov Fazilin müayinə və diaqnozu qeyd edilsə də, hansı məbləğdə pulun verilməsi, hansı pul hesabına verilməsi və s. suallar həmin sənədlə öz cavabını tapmır. İddiaçı cavabdehin ona 5000 manat pul qaytardığını etiraf etsə də, onun iddiasına görə tələb etdiyi 17.500 manat pul həmin 5000 çıxıldıqdan sonra qalan puldur. Birinci instansiya məhkəməsinin iclaslarında dinlənilmiş şahidlərin ifadələri də işin mübahisəsiz olan hallarını təsdiqləmişdir. İddiaçı tərəfindən cavabdehə verilmiş pulların hansı istiqamətə xərcləndiyi və həmin xərclərin iddiaçının razılığı ilə olub-olmadığı şahid ifadələri ilə sübut olunmamışdır.

25. Bununla belə, İddiaçı və onun nümayəndəsi Nümayəndə məhkəmə kolelgiyasının sonuncu iclasında məhkəməyə ərizə təqdim edərək göstərmişlər ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi 5000 manat pulun onlara qaytarıldığını qəbul edir, əlavə olaraq qalan puldan 3000 manata aid hissədə iddianı müdafiə etmirlər. 9000 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Kollegiya hesab edir ki, cavabdeh öz göstərdiklərini təsdiq edəcək sübutları təqdim etməsə də, iddiaçı tərəfin 5000 manat pulun qaytarıldığını qəbul etdiyini bildirməsi etiraf olaraq qəbul edilməklə cavabdehin göstərdikləri həmin hissədə sübut olunmuş hesab edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir. 3000 manat pula dair hissədə isə iddiaçı iddiasını müdafiə etmədiyindən iddia tələbi həmin hissədə də rədd edilməlidir. Qalan 9000 manat pulu isə iddiaçı tələb etdiyindən və cavabdeh şikayətində göstərdiklərini sübut edə bilmədiyindən iddianın həmin hissədə təmin edilməsi haqlı olmuşdur.

26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hazırki halda iddianın təmin edilmiş 8000 manat pula aid hissəsində mаhiyyəti üzrə düzgün olmadığından, həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğundan, məhkəmənin həmin hissə ilə bağlı qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar həmin hissədə sübut edilmədiyinə görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ucar Rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli 2(063)-307/2024 nömrəli qətnaməsi qismən – iddianın təmin edilmiş 8000 manata aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi 8000 manata aid hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan 9000 manata aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli 2(063)-307/2024 nömrəli qətnaməsi qismən – iddianın təmin edilmiş 8000 manata aid hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi 8000 manata aid hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan 9000 manata aid hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar