Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-920/2022 02.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X2 (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və qiymətləndirilən daşınar əmlakın həqiqi likvid dəyərin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qiymətləndirmə rəyinin ləğv edilməsi və qiymətləndirilən daşınar əmlakın həqiqi likvid dəyərin müəyyən edilməsi -iş məhkəmə qaydasında baxılmalı deyilsə - Xitam) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı "xxxx" X2 (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və qiymətləndirilən daşınar əmlakın həqiqi likvid dəyərin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, e-2(025)-377/2022 nömrəli qətnaməsindən İddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. xx.xx.2021-ci il tarixli, 150/21 nömrəli "xxxx" MMC tərəfindən verilmiş rəyin surətindən görünür ki, Qəbələ rayon İcra və probasiya şöbəsinin 7509/6 saylı, xx.xx.2021ci il tarixli sifariş məktubu əsasında Cavabdeh1 məxsus Hyundai Elantra markalı **-SH-*** nömrəli avtomobil ilə bağlı əmlakın qiymətləndirməsi aparılmış, Cavabdeh1 məxsus Hyundai Elantra markalı 99- SH-953 nömrəli avtomobilin real bazar dəyəri 16.000 (on altı min) manat təşkil edir.
2. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(025)- 693/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 02 oktyabr 2019-cu il tarixli, 5981 SAK nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 14715 (on dörd min yeddi yüz on beş) ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutma kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus “Hundai Elantra” markalı (Tip: sedan, buraxılış ili – 2013, BanKMHDH41E6EU877857) **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, avtomobil açıq hərracdan satılsın, satışdan əldə ediləcək məbləğ cavabdehlərin banka olan borcunun ödənilməsinə sərf edilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcunun ümumi qaydada Cavabdeh1 tutulması qət edilmişdir.
3. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1985-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" X3 (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və qiymətləndirilən daşınar əmlakın həqiqi likvid dəyərin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 məxsus Hyundai Elantra markalı **-SH-*** nömrəli avtomaşının bazar dəyərinin 16 000 manat müəyyən edilməsinə dair 31 avqust 2021-ci il tarixli, 150/21 nömrəli ekspert rəyinin ləğv edilməsi, qiymətləndirilən daşınar əmlakın həqiqi likvid dəyərinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli, e-2(025)-693/2021 saylı qətnaməsinə əsasən Cavabdeh1 14715 ABŞ dolları məbləğində kredit borcun və ödənilmiş 30 manat rüsum tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, tutmanın “HUNDAİ ELANTRA” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə ediləcək məbləğin cavabdehlərin banka olan borcunun ödənilməsinə sərf edilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsaitin yuxarıda göstərilən pul tələblərinin təmin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması qət edilmişdir. Qəbələ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(025)-693/2021 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün Qəbələ rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən Qəbələ rayon Məhkəməsinin 2(025)-693/21 saylı, 18 may 2021-ci il tarixli icra vərəqəsi əsasında icraat başlanılmışdır. Qəbələ rayon İcra və probasiya şöbəsinin qərarı və məktubu ilə ipoteka predmetinin qiymətləndirilməsi Cavabdeh2 MMC-yə həvalə edilmişdir. Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 məxsus HYUNDAİ ELANTRA markalı, **-SH-*** nömrəli avtomobilin bazar qiyməti 16 000 manat məbləğinə müəyyənləşdirilmişdir. Hesab edirlər ki, qeyd edilən qiymətləndirmə rəyində göstərilən qiymət həqiqəti əks etdirmir və həddən artıq artırılmışdır. Ekspert əslində əmlakın bazar dəyəri ilə yanaşı avtomobilin likvid qiymətini də müəyyən etməli idi. xx.xx.2021-ci il tarixli, 150/21 nömrəli ekspert rəyində isə Cavabdeh1 məxsus Hyundai Elantra markalı **-SH-*** nömrəli avtomobilin likvid qiyməti göstərilməmişdir. Həmçinin onu da bildirmək istəyir ki, LPO Bankın ipotekasında olan avtomaşın 2013-cü il buraxılışlıdır, həmin maşının arxa və ön buferində cızıqlar, əzik var, təkərləri yazarsız vəziyyətdədir. Həmin avtomaşının qiymətinin həddindən artıq yüksək qiymətləndirilməsi üçün hər hansı bir əsasın olmadığı halda, onun dəyərinin Cavabdeh2 MMC tərəfindən yuxarı göstərilməsi rəydə əsaslandırılmamışdır. Hesab edirlər ki, qiymətləndirmə düzgün həyata keçirilməmişdir və subyektiv xarakter daşıyır, reallığı əks etdirmədiyi üçün işin tam həlli üçün əsas ola bilməz. Çünki, 2 il ərzində qeyd olunan nəqliyyat vasitəsinin dəyəri əlbəttə ki, aşağı düşmüşdür və sözü gedən daşınar əmlakın bazar dəyəri əlbəttə ki, ipoteka müqaviləsində və 31 avqust 2021-ci il tarixli ekspert rəyində göstərilən qiymətdən də aşağı olmalıdır.
6. Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) 10 may 2022-ci il tarixli, e-2(025)- 377/2022 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" X2 (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və qiymətləndirilən daşınar əmlakın həqiqi likvid dəyərin müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin təqdim etdiyi sübutlardan da göründüyü kimi, Cavabdeh1 məxsus “Hyundai Elantra” markalı **-SH-*** nömrəli avtomobil Qəbələ rayon İcra və probasiya şöbəsinin 7509/6 nömrəli, xx.xx.2021-ci il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən 16000 manata dəyərləndirilmişdir. Məhkəmə qeyd edir ki, adıçəkilən daşınmaz əmlak müvafiq İcra Şöbəsinin sifariş məktubu əsasında cavabdeh "xxxx" MMC-i tərəfindən qiymətləndirilərkən, bu zaman həmin daşınmaz əmlakın təyinatı, onun vəziyyəti tam olaraq nəzərə alınmış, onların dəyəri qiymətləndirmənin keçirildiyi tarixdə təşəkkül tapmış bazar qiymətlərinə uyğun müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin avtomobilin qiymətləndirilməsi barədə hesabat realdır. İddiaçının iddia ərizəsində həmin daşınmaz əmlakın qiymətinin daha az olmasını sübut edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, məhkəmə iclasında qeyd edilən Cavabdeh1 məxsus Hyundai Elantra markalı **-SH-*** nömrəli avtomobilin həmin dövrdə bazar dəyərinin az olması sübuta yetirilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı üçüncü şəxs Qəbələ rayon İcra və probasiya şöbəsinin nümayəndəsi Nümayəndə2 izahatından müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirdiyi "xxxx" MMC-nin 31 avqust 2021-ci il tarixli, 150/21 nömrəli ekspert rəyi öz təsdiqini tapmamışdır və mübahisələndirilən rəy Qəbələ rayon İcra və probasiya şöbəsinə daxil olmamışdır. Bu səbəbdən məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" X3 "xxxx" MMC-nin 31 avqust 2021-ci il tarixli, 150/21 nömrəli ekspert rəyinin hal-hazırda qüvvədə olmasına dair məhkəməyə sübut təqdim etməmişdir.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 7 və 8-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 107, 119.1 və 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
9. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı deyilik. Hesab edirik ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Nəticədə əsassız qətnamə qəbul edilərək mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir.
11. Göründüyü kimi birinci instansiya məhkəməsi Sərraf-M" MMC-nin 31 avqust 2021-ci il tarixli, 150/21 nömrəli ekspert rəyini sbut növü kimi qəbul edərək qeyd etmişdir ki, adıçəkilən daşınmaz əmlak müvafiq İcra Şöbəsinin sifariş məktubu əsasında cavabdeh "xxxx" MMC tərəfindən qiymətləndirilərkən, bu zaman həmin daşınmaz əmlakın təyinatı, onun vəziyyəti tam olaraq nəzərə alınmış, onların dəyəri qiymətləndirmənin keçirildiyi tarixdə təşəkkül tapmış bazar qiymətlərinə uyğun müəyyən edilmişdir. Həmin avtomobilin qiymətləndirilməsi barədə hesabat realdır. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 №-li Qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. 20 iyul 2020-ci il tarixli Qərardadda həmçinin qeyd olunur ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Qeyd olunan səbəbdən ipoteka predmetinin hərracda likvid dəyəri müəyyən olunmaqla satılması zəruridir. Göründüyü kimi "İpoteka haqqında" Qanunun 1.0.9-cu maddəsinə əsaslanan Ali Məhkəmə həmin normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışının aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi qənaətinə gələrkən borcalan, ipoteka qoyan və ipoteka saxlayanın qanuni maraqlarını da nəzərə almışdır. Belə ki, Ali Məhkəmə hesab edir ki, qanunverici tərəfindən əmlakın ilkin satış qiyməti kimi likvid qiymətin müəyyən edilməsi borcun vaxtında qaytarılmasına xidmət edir. Çünki əmlakın real bazar qiyməti ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılması ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısını alır. Lakin birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 №-li Qərardadında qeyd edilən halları nəzərə almamış iddia tələbi üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Bundan əlavə onu da qeyd edir ki, ipoteka predmeti olan əmlak daşınmaz əmlak yox, daşınar əmlakdır. Birinci instansiya məhkəməsi isə qətnamədə ipoteka predmeti olan əmlaka daşınar əmlak yox daşınmaz əmlak kimi yanaşmışdır. Bu da onu deməyə əsas verir ki, məhkəmə sübutlara səthi yanaşmış və tərəflər arasında yaranmış mübahisəyə düzgün hüquqi qiymət verməmişdir.
12. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, e-2(025)-377/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
15. Tərəflər rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 050 ******* və 050 274 30 30 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.
16. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)
17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir 261.0.1. maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1. maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. 387.2.1-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa ləğv edilməlidir
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, e-2(025)-377/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, e- 2(025)-377/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, e-2(025)-377/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.
22. Belə ki, iddia tələbinin ifadə tərzindən və mahiyyətindən göründüyü kimi hazırki iş üzrə iddia tələbinin predmetini ekspert rəyinin ləğvi və əmlakın likvid dəyərinin müəyyən edilməsi təşkil edir. Deməli, hazırkı işdə iddiaçının mübahisələndirdiyi məsələ icra məmurunun qərarı ilə əldə olunmuş rəyin əsassız sayılması barədədir.
23. Məhkəmə kollegiyasının mövqeyi belədir ki, həmin iddiaya ümumiyyətlə məhkəmədə baxıla bilməz.
24. Apellyasiya instansiyası bildirir ki, iddia tələbinə mahiyyəti üzrə baxmazdan əvvəl birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalı idi.
25. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir.
26. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
27. Hazırki işdə işə baxmış birinci instansiya məhkəməsi iddia tələbini yolverilməzliyə görə qəbul etməkdən imtina etməyərək iddia tələbinə ümumi məhkəmədə baxılmalı olmadığı halda mahiyyəti üzrə baxaraq, prosessual pozuntuya yol vermişdir.
28. Belə ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(025)- 693/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 02 oktyabr 2019-cu il tarixli, 5981 SAK nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 14715 (on dörd min yeddi yüz on beş) ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutma kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus “Hundai Elantra” markalı (Tip: sedan, buraxılış ili – 2013, BanKMHDH41E6EU877857) **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə ediləcək məbləğ cavabdehlərin banka olan borcunun ödənilməsinə sərf edilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcunun ümumi qaydada Cavabdeh1 tutulması qət edilmişdir.
29. Həmin qətnamə ilə ipoteka predmeti olan əmlakın likvid dəyəri (ilkin satış) müəyyən edilməmiş, əmlakın qiymətləndirilməsi icra mərhələsində icra məmuru tərəfindən həyata keçirilmişdir.
30. “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur.
31. Qanunun 51.1-ci maddəsinin birinci cümləsində təsbit olunmuşdur ki, borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirildiyi qeyd edilir.
32. Eyni zamanda, istinad edilən qanunda qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin müəyyən olunmasından bəhs edilir.
33. “İcra haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
34. “İcra haqqında” Qanunun 51-ci maddəsinə əsasən əmlakın üzərinə həbsin qoyulmasından sonra icra məmuru əmlakın qiymətləndirilməsini həyata keçirərək, həmin Qanunun 53-cü maddəsinə əsasən tələbkara təklif etməlidir.
35. Yuxarıda qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, borclunun mübahisəli əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövrü əhatə etdiyindən, hazırki mübahisəyə iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir.
36. Belə ki, yuxarıda qeyd edildiyi kimi “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir.
37. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur.
38. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. 39.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, e-2(025)- 377/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-266, 398, 399-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı "xxxx" X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tаrixli 2(025)-33/2017 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı LPO "xxxx" X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və qiymətləndirilən daşınar əmlakın həqiqi likvid dəyərin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına (elektron kabinet və vəkil vasitəsilə) kassasiya şikayəti verə bilərlər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov