Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-936/2021 05.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, cavabdeh X5 iştirakı ilə İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X7 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(037)-53/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti X7 qarşı iddia ərizəsi ilə müraciət edərək “Toyota Camry” markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu cəmi 5030,40 manat məbləğinin cavabdehdən tutularaq "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(037)-53/2021 nömrəli (hakim R.Şirinov) qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 5000 manat sığorta ödənişi, 30,40 manat ödənilmiş rüsum məbləği – cəmi 5030 (beş min otuz) manat 40 (qırx) qəpik tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X9 apellyasiya şikayəti verərək, apellyasiya şikayətimin təmin olunması, İsmayıllı Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı Sığorta Şirkəti ASC tələbini onunla əsaslandırmışdır ki, 05 oktyabr 2018-ci il tarixdə cavabdeh idarə etdiyi “Opel Vectra” markalı ** MT *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərək manevr qaydasını pozaraq “Toyota Camry” markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş qəzadan sonra cavabdehin hadisə yerindən yayınması sonradan məlum olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdehin təqsirli olması Bakı şəhəri X16 İdarəsinin 05 oktyabr 2018-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesablanması İlkin Defekt aktına uyğun olaraq “Toyota Camry” markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilə 5000 manat ziyan dəymişdir. 26 oktyabr 2018-ci il tarixli, 057306 saylı sığorta aktına və ödəniş tapşırığına əsasən iddiaçı 5000 manat sığorta ödənişi həyata keçirmişdir. Ona görə də iddiaçı “Toyota Camry” markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu - cəmi 5030,40 manat məbləğinin cavabdehdən tutularaq "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh X9 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin əsaslandırıcı hissəsində göstərilmişdir ki, 05.10.2018-ci il tarixdə idarə etdiyi “Opel Vestra” markalı 99MT 672 dövlət qeydiyyat nişanlı atomobillə hərəkət edərkən manevr qaydasını pozaraq “Toyota Camry” markalı ** UV *** devlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Onun avtomobili idarə etməyi heç bir sübut ilə təsdiq edilməmişdir. “Opel Vestra” markalı 99MT 672 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi sübut olunsa belə onun manevr qaydasını pozmağı da ümumiyyətlə təsdiq edilməmişdir. Bakı şəhəri, DYP-nin 05.10.2018-ci il tarixli İTVH qərarına istinad olunsa belə, belə bir qərardan onun məlumatı olmamışdır. Məhkəmənin qətnaməsnin surətini alandan sonra belə bir qərardan məlumatı olmuşdur. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən ziyan aktı şişirdilmiş, reallığı əks etdirmir. Bu zərərin nədən ibarət olması, ümumiyyətlə qeyd olunan toqquşma nəticəsində hansı detalların əzilməsi, avtomobilin əzilmiş detallarının qiymətlərin hansı mənbədən götürüldüyü məlum deyildir. Həddindən artıq şişirdilmiş artıq qiymətlər göstərilərək ondan artıq pul almaq qoparmaq istəyirlər. Bu yolverilməzdir. Bu səbəbdən məhkəmə texniki-əmtəəşünaslıq ekspertizası təyin edilməli, qeyd olunan toqquşmada hansı detalların zədələnməsi və bu detalların bərpa olunmasına çəkilən xərclər real bazar dəyərində müəyyən olunmalıdır. Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak etmiş cavabdeh X9 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğ həqiqəti əks etdirmir. Bundan əlavə o baş vermiş hadisədə günahkar deyildir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəfin nümayəndəsi səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(037)-53/2021 nömrəli qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün tam hüquqlu məhkəmə kimi qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 28 mart 2018-ci il tarixli AD 165672 nömrəli nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Opel Vectra” minik markalı ** MT *** dövlət qeydiyyat nişanlı avtomobil X6 məxsusdur. 20 sentyabr 2018-ci il tarixli Bakı şəhəri 14 saylı Notariat Kontorunun reyestrdə 7E13780 nömrə ilə qeydə alınmış nəqliyyat vasitələrinən istifadə edilməsi haqqında etibarnamənin surətindən müəyyən edilir ki, “Opel Vectra” minik markalı ** MT *** dövlət nömrə nişanlı avtomobil X1 nümayəndəsi X8 tərəfindən 2 (iki) ay müddətinə Cavabdeh etibar edilmişdir. 05 oktyabr 2018-ci il tarixli Bakı şəhəri X16 İdarəsinin İnzibati tənbeh vermə haqqında qərarının surətindən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında inzibati cərimə edilmişdir. 23 oktyabr 2018-ci il tarixli İlkin Defekt aktından müəyyən edilir ki, “Toyota Camry” markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilə şərti olaraq yekun məbləğ 5112 manat miqdarında ziyan dəydiyi müəyyən olunmuşdur. 26 oktyabr 2018-ci il tarixli, 057306 nömrəli sığorta aktından müəyyən edilir ki, iddiaçı tərəfindən sığortalanmış “Opel Vectra” minik markalı ** MT *** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Camry” markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, nəticədə zərərlə bağlı maddi ziyanın ümumi məbləği 5112 manat müəyyən edilmişdir. 29 oktyabr 2018-ci il tarixli, 11969 nömrəli ödəniş tapşırığının təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı tərəfindən 26 oktyabr 2018-ci il tarixli, 057306 nömrəli sığorta aktına əsasən 5000 manat sığorta ödənişi məbləği X2 hesabına ödənilmişdir. 08 noyabr 2018-ci il tarixli P4161/18 nömrəli pretenziyadan müəyyən edilir ki, iddiaçının ödədiyi 5000 manat sığorta məbləği subroqasiya qaydasında cavabdehdən tələb edilmişdir. 1 6 oktyabr 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. Apellyasiya icraatı zamanı təyin edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 30 iyul 2021-ci il tarixli 9/3825 nömrəli rəydən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin 23.10.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Toyota Camry” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4935,0 manat müəyyən edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə tam razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Həmin Məcəllənin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası qanunun 25.1-ci maddəsinə görə sığortaçının mülki məsuliyyətin icbarı sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sğortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır; Sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərkətlərinin nəticəsi olduqda (maddə 25.1.1.) İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istfadə etməyə, idarə etməyə, işlətməyə və diğər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. (maddə 25.1.3.) Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsaslı olmasa da dəyişdirilməsi üçün əsasdır. Əvvala ona görə ki, apellyasiya şikayətinin dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. İkincisi, cavabdeh apellyasiya şikayətində dəymiş ziyanın məbləğini “şişirdiyildiyi” bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, etirazını yalnız formal mülahizə ilə əsaslandırmağa çalışmışdır. Kollegiya cavabdehin bu dəlili ilə əlaqədar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və verilmiş rəy üzrə dəymiş ziyanın məbləği 4935 manat müəyyən edilmişdir. Üçüncüsü, cavabdeh baş vermiş hadisə ilə bağlı günahsız olmasını israr etsə də, bununla bağlı da mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarında olan 05.10.2018-ci il tarixli İXP ******* nömrəli X10 protokoldan cavabdehin İXM-nin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilindiyi müəyyən olunur. Cavabdeh özü də apellyasiya şikayətində bunu etiraf edərək 100 manat məbləğində cərimə olunduğunu bildirmişdir. Dördüncüsü, cavabdeh apellyasiya şikayətində məhkəmə iclasının yeri və vaxtından məlumatsız olduğunu bildirmişdir. Lakin iş materiallarında olan (səh. 43, 45, 49) “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildirişlərdən görünür ki, sonuncu 050 659 57 79 mobil telefon nömrəsinə bir neçə dəfə “Elektron SMS” göndərilməklə xəbərdar olunmuşdur. Kollegiya qeyd etməyi zəruri bilir ki, Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) . Kollegiya cavabdehin bu dəlilinə də tənqidi yanaşır. Beşincici, apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, cavabdehin iddiaçıya sığorta ödənişini ödəməkdən imtina etməsi sığorta hüququnun ümumi prinsiplərinə ziddir. Çünki, bu imtina sığorta institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrı-ayrı şəxslər tərəfindən sığorta institutlarına və sığorta təşkilatlarına olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox sığorta təşiklatları zərər çəkə bilər. Çünki, iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd cavabdehin hüququnu həyata keçirməsi və aralarında yaranmış mülki hüquq münasibətlərini nəzərə almaq istəməməsi yalnız və yalnız hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(037)-53/2021 nömrəli qətnaməsi ekspert rəyi əsas götürülməklə dəyişdirilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2021-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, qeyd оlunаn məhkəmə xərci cavabdehə аid edilməli və məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesаbına ödənilməlidir Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(037)-53/2021 nömrəli qətnaməsi- “ cavabdeh X3 iddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması müəyyən edilmiş 5000 manat sığorta ödənişinin” məbləğinə münasibətdə dəyişdirilsin. Cavabdeh X3 iddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC -nin xeyrinə tutulmalı olan sığorta məbləği 4935 (dörd min doqquz yüz otuz beş) manat müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh X3 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə “30,40 manat ödənilmiş rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-936/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-936/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver