Məhkəmə qərarları › İş №2(107)-939/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-939/2021

04.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-939/2021 04.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1, müstəqil tələb irəli sürməyən İİİ şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Cavabdeh2 və Şəki Şəhər Bələdiyyəsinə qarşı “qanunsuz qoyulmuş köşkün sökülməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(075)-282/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа baxaraq Müəyyən etdi: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən Şəki şəhəri, M.Ə.Rəsulzadə propekti 180 nömrəli binaya bitişik qoyulmuş iki ədəd dəmir-metal konstruksiyadan inşa edilmiş köşkün cavabehin öz hesabına sökülüb götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(075)-282/2021 nömrəli (hаkim C.İmanov) qətnaməsi ilə İddiaçı Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən Şəki şəhəri, M.Ə.Rəsulzadə propekti 180 nömrəli binaya bitişik qoyulmuş iki ədəd dəmir-metal konstruksiyadan inşa edilmiş köşkün cavabehin öz hesabına sökülüb götürülməsi tələbinə dair iddia ərizəsinin təmin edilməmisi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikаyəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(075)-282/2021 saylı qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə yanlışdır. Belə ki, o, həmin köşklərin onun mülkiyyətində olan torpaq sahəsində inşa edildiyini qeyd etməmişdir. O, qeyd etmişdir ki, həmin qanunsuz köşklər onun mülkiyyətində olan mənzilin yerləşdiyi binanın gediş gəliş yolunda yerləşir və həmin köşklərə görə bina sakini olaraq binaya gedib gələ bilmirlər. Həmçinin həmin köşklərin onun mülkiyyətində olan mənzilin pəncərəsinin altında mövcud olması nəticəsində çoxlu səs-küy olur və orada mövcud antisanitar vəziyyət nəticəsində yaranan ifunət və qoxu onu mülkiyyətində olan mənzildə yaşamağına imkan vermir. Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 nömrəli binaya bitişik qoyulmuş iki ədəd dəmir-metal konstruksiyadan inşa edilmiş köşk qanunsuz olaraq həmin əraziyə qoyulmuşdur. Belə ki, cavabdehin həmin köşkləri ora qoyması üçün müvafiq icazəsi yoxdur. Bunu cavabdeh özü də məhkəmə iclasında etiraf etmişdir. Hesab edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi işin hallarına uyğun olmadığından, əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi işi lazımi qaydada araşırmayaraq düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, qeyd olunan köşk sənədsiz olsa da, uzun müddət cavabdeh tərəfindən istifadə olunmuşdur. Hazırda cavabdehin ölməsinə baxmayaraq, yenə də həmin köşkün oradan götürülməsini tələb edir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Cavabdeh1, müstəqil tələb irəli sürməyən İİİ şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Cavabdeh2 və Şəki Şəhər Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(075)-282/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallırında olan AZ-İİ 181416 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 04 aprel 2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7. maddəsinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 58-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Lakin iş materiallarının əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, iddiaçının mübahisələndirdiyi dəmir köşk sənədsiz olmaqla, heç də cavabdehin mülkiyyətində deyil və həmin köşk sonradan vərəsəlik qaydasında cavabdehin vərəsələrinə keçməmişdir. Belə olan halda cavabdehin, ondan sonra isə sonuncunun vərəsələrinin həmin köşklə bağlı hansı hüquqa malik olmasını müəyyən etmək mümkün deyil. Qeyd edilənlərə əsasən kollegiya bildirir ki, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsələyə münasibət bildirilərək göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən edir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(075)- 282/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh1, müstəqil tələb irəli sürməyən İİİ şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Cavabdeh2 və Şəki Şəhər Bələdiyyəsinə qarşı “qanunsuz qoyulmuş köşkün sökülməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263- 264, 384.0.4., 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(075)-282/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh1, müstəqil tələb irəli sürməyən İİİ şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Cavabdeh2 və Şəki Şəhər Bələdiyyəsinə qarşı “qanunsuz qoyulmuş köşkün sökülməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar