Məhkəmə qərarları › İş №2(107)-943/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-943/2024

15.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-943/2024 15.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli, 2(024)-155/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9433 (doqquz min dörd yüz otuz üç) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 114.33 manat və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqının alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun bacısı, Cavabdeh2 isə bacısının əridir. 2019-cu ildən bacısı və əri Qax rayonunda yaşayırlar. 2021-ci ildə bacısı Fərqanə və əri Famil işləmədikləri üçün maddi imkanları yaxşı olmamışdır. Ona görə də onlar ondan mütəmadi borc istəmişlər. O da bacısının xətrinə onlara daima borc vermişdir. İddia ərizəsinə əlavə edilmiş qəbzlərdən göründüyü kimi, xx.xx.2021-ci il tarixdə 510 manat, xx.xx.2021-ci il tarixdə 520 manat, 29 mart 2021-ci il tarixdə 351 manat, xx.xx.2021-ci il tarixdə 302 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 160 manat, xx.xx.2021-ci il tarixdə 490 manat, xx.xx.2021-ci il tarixdə 500 manat və 1000 manat olmaqla cəmi 4433 manat borc pul vermişdir. Həmçinin ünvan 1 ünvanında yerləşən evi satdıqdan sonra evin pulundan 5000 manat cavabdehlərə borc pul vermişdir. O, dəfələrlə həmin 9433 manat pulu cavabdehlərdən tələb etsə də, müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmışlar. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9433 (doqquz min dörd yüz otuz üç) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 114.33 manat və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqının alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 8 may 2024-cü il tarixli, 2(024)- 155/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 4433 (dörd min dörd yüz otuz üç) manat pulunun, 64.33 (altmış dörd manat 33 qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, dövlət rüsumun qalan hissəsinin İddiaçı aid edilməsi, iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Tərəflər arasında borc münasibətləri yaranmış və İddiaçı tərəfindən Cavabdeh2 adına xx.xx.2021-ci il tarixdə 510 manat, xx.xx.2021-ci il tarixdə 520 manat, 29 mart 2021ci il tarixdə 351 manat, xx.xx.2021-ci il tarixdə 302 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 160 manat, xx.xx.2021-ci il tarixdə 490 manat, xx.xx.2021-ci il tarixdə 500 manat və 1000 manat olmaqla cəmi 4433 manat pul göndərilmişdir. Hazırda iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9433 (doqquz min dörd yüz otuz üç) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 114.33 manat və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqının alınaraq ona ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi iddia tələbinin 510 manat, 520 manat, 351 manat, 302 manat, 100 manat, 500 manat, 160 manat, 490 manat, 500 manat və 1000 manat olmaqla cəmi 4433 manata dair hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh2 adına göndərilmiş ödəniş qəbzləri ilə sübuta yetirilmişdir. Cavabdeh2 onun adına göndərilmiş pul məbləğlərinin ona aidiyyatının olmamasını, başqa şəxslərə verilməsi üçün İddiaçı tərəfindən həmin pulların ona göndərildiyini göstərsə də, göstərdikləri ilə bağlı məhkəməyə hər hansı bir əsaslı və mötəbər sübut növü təqdim etməmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qəbzləri əsaslı və mötəbər sübut kimi qiymətləndirmiş və hesab etmişdir ki, tələbin həmin hissəsi Cavabdeh2 münasibətdə sübuta yetirilmişdir. Çünki Cavabdeh1 məhkəmə iclasında iddiaçıdan borc pul aldığını təkzib edərək iddia tələbini qəbul etməmişdir. İddiaçı qeyd olunan pul məbləğlərinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 verdiyini, əslində həmin borc məbləğini bacısı Fərqanəyə görə hər iki cavabdehə verdiyini göstərsə də, Cavabdeh1 ondan borc alması barədə məhkəməyə əsaslı və mötəbər sübut təqdim etməmiş, bu hal məhkəmə tərəfindən müəyyən olunmamışdır. İddia tələbinin İddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən evi satdıqdan sonra evin pulundan 5000 manat cavabdehlərə borc pul verməsi və həmin məbləğin tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən iddiaçı İddiaçı cavabdehlərə 5000 manat borc verməsi ilə bağlı məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. Cavabdehlərdən Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında, Cavabdeh1 isə məhkəmə iclaslarında izahatlarında İddiaçı ünvan 1 ünvanında yerləşən evi satdıqdan sonra evin pulundan 5000 manat cavabdehlərə borc pul verməsi barədə göstərdiklərini qəbul etməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tələbinin Cavabdeh2 qarşı 4433 (dörd min dörd yüz otuz üç) manata aid hissəsində haqlıdır. Bundan başqa iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 114.33 manat dövlət rüsumu ödəmişdir. Həmin məbləğin iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 64.33 manat xidmət haqqı cavabdehlərdən birgə qaydada alınıb iddiaçıya ödənilməlidir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 4433 (dörd min dörd yüz otuz üç) manat pul, 64.33 (altmış dörd manat 33 qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 442, 443.1, 445.1, 445.2.1, 448-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 217.4, 218.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli, e-2(024)-155/2024 saylı qətnaməsini iddia tələbinin rədd edilən hissəsində qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab etmişdir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsində baxılarkən tərəfindən iddia tələbinin rədd edilən hisəsini sübut edəcək şahidlər məhkəməyə dəvət edilmiş, lakin işə baxan birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclasında iştirak etməməsini bəhanə gətirərək tərəfindən məhkəməyə dəvət edilmiş şahidləri dindirməmişdir. Onun məhkəmə iclasına şahidlər dəvət etməyi və onların dindirilməsini tələb etməyi və yuxarıda qeyd etdiyi səbəbdən işə baxan birinci instansiya məhkəməsinin həmin şahidləri dindirməkdən imtina etməsi məhkəmə iclasınının fasiləsiz davam edən audio yazısında əks olunmuşdur. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi qanunsuz və əsassız olaraq tərəfindən təqdim edilmiş şahidləri dindirməmiş, bu azmış kimi qətnamədə qeyd etmişdir ki, guya o, sübut təqdim edə bilməmişdir. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qeyd edilənləri nəzərə alaraq, Qax Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli, e-2(024)-155/2024 saylı qətnaməsi iddia tələbinin rədd edilən hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli, e-2(024)-155/2024 saylı qətnaməsi iddia tələbinin rədd edilən hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabbdeh Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli, 2(024)-155/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə vəxidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Qax Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli, e-2(024)-155/2024 saylı qətnaməsi iddia tələbinin rədd edilən hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qax Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli, 2(024)-155/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli, 2(024)-155/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri yaranmış və İddiaçı tərəfindən Cavabdeh2 adına xx.xx.2021-ci il tarixdə 510 manat, xx.xx.2021-ci il tarixdə 520 manat, 29 mart 2021-ci il tarixdə 351 manat, xx.xx.2021-ci il tarixdə 302 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 160 manat, xx.xx.2021-ci il tarixdə 490 manat, xx.xx.2021-ci il tarixdə 500 manat və 1000 manat olmaqla cəmi 4433 manat pul göndərilmişdir. Hazırda iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9433 (doqquz min dörd yüz otuz üç) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 114.33 manat və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqının alınaraq ona ödənilməsini xahiş etmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, Qax Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli, e-2(024)-155/2024 saylı qətnaməsini iddia tələbinin rədd edilən hissəsində qeyriobyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab etmişdir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən tərəfindən iddia tələbinin rədd edilən hisəsini sübut edəcək şahidlər məhkəməyə dəvət edilmiş, lakin işə baxan birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclasında iştirak etməməsini bəhanə gətirərək tərəfindən məhkəməyə dəvət edilmiş şahidləri dindirməmişdir. Onun məhkəmə iclasına şahidlər dəvət etməyi və onların dindirilməsini tələb etməyi və yuxarıda qeyd etdiyi səbəbdən işə baxan birinci instansiya məhkəməsinin həmin şahidləri dindirməkdən imtina etməsi məhkəmə iclasınının fasiləsiz davam edən audio yazısında əks olunmuşdur. Kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. İddiaçı şikayətində iddianın təmin edilməyən 5000 manata aid hissəsini mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, qeyd edilən iddianın təsdiq edilməsi üçün həmin məbləğin cavabdehə verilməsini təsdiq etmək üçün tərəflər arasında yazılı müqavilə mövcud olmalı idi. İddiaçı tərəf isə belə bir yazılı müqavilə təqdim edə bilməmişdir. Kollegiyanın qənaətinə görə yazılı müqavilə ilə təsdiq edilməli olan hal, şahid ifadəsi ilə təsdiq edilə bilməz. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də təmin edilə bilməz. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən İddiaçı cavabdehlərə 5000 manat borc verməsi ilə bağlı məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qax Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli, 2(024)-155/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli, 2(024)-155/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar