Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-959/2022 16.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 10 may 2022- ci il tarixli, 2(033)-74/2022 nömrəli qətnaməsindən İddiaçı vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :
1. Oğuz rayon X2 12 noyabr 1993-cü il tarixli 17 nömrəli protokolundan çıxarışdan və 30 may 1994-cü il tarixli 220 saylı aktdan görünür ki, “28 May” kolxozunun 23 avqust 1993-cü il tarixli 3 nömrəli ümumi yığıncaq qərarı, Oğuz rayon İcra Hakimiyyəti Başçısının 4 oktyabr 1993-cü il tarixli 83 nömrəli vəsatətinə əsasən Cavabdeh 0,06 ha həyətyanı torpaq sahəsi daimi istifadəyə verilmişdir.
2. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunda qeyd olunmuşdur ki, “sizin Oğuz rayonunda işlədiyiniz zaman, Oğuz rayon X2 12 noyabr 1993cü il tarixli 17 saylı qərarı ilə istifadənizə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini siz 1997-ci ildə iş yerinizi dəyişən zaman X7 adlı şəxsə satmışınız. Qeyd edilən dövrdə torpaq alqı-satqısı mümkün olmadığı üçün aranızda notariat qaydada müqavilə imzalanmamışdır. Siz həmin vaxt torpaq sahəsinin sənədlərinin əsllərini X4 vermişsiniz. Öz növbəsində X5 2000-ci ildə həmin torpaq sahəsini mənə satmış və sənədlərin əsllərini mənə vermişdir. Bundan başqa mən həmin torpağın planı və ölçüsü sənədini də sifariş verərək hazırlatmışam. 2000-ci ildən həmin həyətyanı torpaq sahəsinin kənarlarını bağlayaraq istifadə edirəm. Həyətyanı torpaq sahəsində ağaclar əkmişəm və qulluq edərək böyütmüşəm. Həyətyanı torpaq sahəsində yaxşılaşdırma işlərinə xeyli vəsait xərcləmişəm. Odur ki, sizdən xahiş edirəm 20 gün müddətində torpaq sahəsinin sənədləşmə işlərini yekunlaşdıraraq mənimlə alğı-satqı müqaviləsini bağlayasınız”.
3. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, tərəfləri tanıyır. Cavabdeh Oğuz rayonunda uzun müddət polis əməkdaşı kimi işləmişdir. O, isə həmin vaxt çayxana işlədirdi. Fərhad Abdullayev onun yanına gələrək özünə məxsus Oğuz rayonunda yerləşən torpaq sahəsini satmaq istədiyini bildirmiş və ona həmin torpaq sahəsini abadlaşdıraraq satış vəziyyətinə çatdırmaq və müəyyən sənədləşdirmə işləri aparmaq üçün zəhmət haqqı kimi 100 ABŞ dolları pul vermişdir. Daha sonra Fərhad torpağa dair sənədlər üçün 100 ABŞ dolları xərcinin çıxdığını bildirdikdə o, sənədlər üçün Fərhada 100 ABŞ dolları vermişdir və sonuncu torpağın sənətlərini ona vermişdir. Həmin vaxt torpağın qiyməti aşağı olduğu üçün torpaq sahəsi Fərhadı maraqlandırmırdı, bu səbəbdən o, son 20 il ərzində bir dəfədə olsa torpağına gəlməmişdir. Torpağın qiyməti qalxdığı üçün Fərhad torpağı satdığını danmağa başlamış və torpağı satmadığını iddia edir. Halbu ki, Fərhad torpağı ona satmasaydı torpağın sənətlərinin əsillərini ona verməzdi. O, da torpağa müştəri tapdığı üçün iddiaçıya sataraq torpağa dair Fərhada verdiyi 100 ABŞ dollarını geri almışdır. 23 ildir bu vəziyyət davam edir. Onun adına sənədlər olmadığı üçün və aralarında etibar olduğundan iddiaçı onunla alqı-atqı müqaviləsi bağlamamışdır
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35.000 (otuz beş min) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Oğuz rayonunda işlədiyi vaxtlarda Oğuz Rayon X2 12 noyabr 1993-cü il tarixli 17 saylı qərarı ilə istifadəsinə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini cavabdeh 1997-ci ildə iş yerini dəyişən zaman X5 adlı şəxsə satmışdır. Qeyd edilən dövrdə torpaq alğı-satqısı mümkün olmadığı üçün aralarında notariat qaydada müqavilə imzalanmamışdır. Cavabdeh həmin vaxt torpaq sahəsinin sənədlərinin əsllərini X4 vermişdir. Öz növbəsində X5 2000-ci ildə həmin torpaq sahəsini ona satmış və sənədlərin əsllərini ona vermişdir. Bundan başqa o, həmin torpağın planı və ölçüsü sənədini də sifariş verərək hazırlatmışdır. 2000-ci ildən həmin həyətyanı torpaq sahəsinin kənarlarını bağlayaraq istifadə edir. Həyətyanı torpaq sahəsində ağaclar əkmiş və qulluq edərək böyütmüşdür. Həyətyanı torpaq sahəsində yaxşılaşdırma işlərinə xeyli vəsait xərcləmişdir. Bir müddət əvvəl X5 ilə birlikdə cavabdehə müraciət edərək torpağın mülkiyyət sənədlərini hazırladaraq ona satması üçün etibarnamə verməsini xahiş etmişdir. Lakin cavabdeh buna etirazını bildirmişdir. Bundan sonra o, cavabdehə xəbərdarlıq məktubu göndərərək 20 gün müddətində torpaq sahəsinin sənədləşmə işlərini yekunlaşdıraraq onunla alğı-satqı müqaviləsi bağlamasını xahiş etmişdir. Əks təqdirdə o, iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavabdeh onun xəbərdarlıq məktubuna cavab verməmiş, lakin əvvəllər bir yerdə işlədiyi iş yoldaşı ilə “məhkəmədə görüşərik” mesajını göndərmişdir. Cavabdeh onunla razılaşmır və torpaq sahəsini ona satmaq istəmir. O, həmin torpaq sahəsinin alınmasında, əkilib-becərilməsinə, torpaq sahəsinin münbitləşdirilməsinə ötən 21 il ərzində xeyli zəhmət və xərc çəkmişdir. Hazırda Oğuz şəhərində bir sot torpaq sahəsinin qiyməti 4.000-5.000 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
6. Zaqatala Rayon Məhkəməsinin (hakim V.Məmmədov) 10 may 2022- ci il tarixli, 2(033)-74/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələbini cavabdehin 1997-ci ildə mübahisələndirilən torpaq sahəsini X4, sonuncunun isə öz növbəsində 2000ci ildə isə həmin torpaq sahəsini ona satdığını, həmin vaxtdan bu torpaq sahəsindən istifadə etməsi və xərclər çəkərək qulluq etməsi, lakin həmin dövrdə çıxarış sənədi olmadığına görə cavabdehlə aralarında notarial qaydada alğı-satqı müqaviləsinin bağlanmaması ilə əsaslandırmışdır. Məhkəmə, iddiaçının bu dəlillərini tələbin təmin edilməsinə əsas saymır.
8. İlk öncə, həmin dövrdə çıxarış sənədi olmadığına görə, torpaq sahəsinin sənədinin Oğuz rayon X2 12 noyabr 1993-cü il tarixli qərarı olduğunu düşünməsi üzrə qeyd edilməlidir ki, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı tarixindən əmələ gəlir və qeydə alınmış hüquq qərar ilə deyil, onun məzmununun əks olunduğu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış müqavilələr də etibarsız sayılır. İddiaçının qanunu bilməməsi və ya onu yanlış başa düşməsi isə qanunun tətbiq edilməməsinə əsas verə bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, cavabdeh daimi istifadəsinə verilmiş torpaq sahəsinin iddiaçıya satılması üçün hər hansı danışıq aparmamış, hər hansı qiymət təklifi etməmiş, iddiaçıya həmin torpaq sahəsində hər hansı işlərin görülməsinə (tikinti işlərinin aparılmasına, ərazinin dizayn edilməsi və münbitləşdirilməsinə, bitkilər və ağaclar əkməsinə və s.) razılıq verməmiş, iddiaçı ilə hər hansı şəkildə torpağın sonuncunun adına özgəninkiləşdirilməsi üçün təmas qurmamışdır. Torpaqla sahəsi ilə bağlı bütün münasibətlər iddiaçı ilə şahid X5 arasında olmuşdur və iddiaçının tələb etmək hüququ cavabdehə münasibətdə əsaslı deyil. Cavabdeh torpaq sahəsi ilə bağlı iddiaçıdan pul vəsaiti almamış, X5 da cavabdehə həmin torpaq sahəsinə görə pul vəsaiti ödəməmişdir. Bundan başqa, cavabdeh daimi istifadəsində olan torpaq sahəsinin satılması üçün şahidə hər hansı səlahiyyət (etibarnamə) verməmişdir, X1 cavabdehin adından iddiaçı ilə hər hansı müqavilə bağlamaq üçün səlahiyyəti olmamışdır. X5 ilə iddiaçı arasında həmin torpaq sahəsi ilə bağlı istənilən əqd əhəmiyyətsiz əqd olmaqla, bağlandığı andan etibarsızdır, hər hansı hüquqi nəticələr yaratmır.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsi 9.3, 139.1, 146, 146.2 və 146.3-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu 4.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 9.1, 9.3, 14.2, 76.1, 77.1, 78.1, 80, 81 107, 119.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
10. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan iddiaçı tərəf apellyasiya şikаyəti verilmişdir.
11. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9.3-cü, 139.1-ci, 146.2-ci və 146.3-cü maddələri məhkəmə tərəfindən düzgün tətbiq və izah edilməmişdir. Belə ki, məhkəmə birtərəfli yanaşaraq həmin hüquq normalarını yalnız cavabdehin mənafeyinə uyğunlaşdırmağa çalışmışdır. Ona görə də iddianın təmin olunmaması barədə hazırda şikayət etdiyi qətnaməni qanunsuz və əsassız hesab edir və ləğv olunmasını məhkəmədən xahiş edir.
12. Məhkəmə qətnamədə şahid X1 ifadəsini təhrif olunmuş formada qeyd etmiş, cavabdehin mülahizəsini şahidin ifadəsi kimi göstərmiş, onun iddiasının pul tələbindən ibarət olması, torpağın mülkiyyət sənədinin əslinin onda olmasına baxmayaraq həmin torpağın cavabdehə məxsus olduğunu etiraf etdiyi, torpağın 21 il onun faktiki sahibliyində və istifadəsində olması, torpağın pulunu tam ödədiyi, torpağı naturada təhvil aldığı, 21 il müddətində cavabdehin torpağı satdığına görə bir dəfə də olsa həmin torpaqla maraqlanmadığı və alqı satqı zamanı müqavilənin notariat qaydada təsdiq olunmasının qeyri-mümkün olması barədə təqdim etdiyi dəlilləri nəzərə almamışdır.
13. Əsas məqamlardan biri də məhkəmənin qətnamədə cavabdehin mülahizələrini əsaslı sübut kimi qəbul etməsidir. Belə ki, cavabdeh mübahisələndirilən torpağı guya Yaqut Alcanova “göy-göyərti” yetişdirmək üçün kənarları açıq şəkildə təhvil vermiş, hətta ona həmin torpaq sahəsini abadlaşdıraraq satış vəziyyətinə çatdırmaq və müəyyən sənədləşdirmə işləri aparmaq üçün “zəhmət haqqı” kimi 100 ABŞ dolları pul vermişdir. Məhkəmə cavabdehin ağlabatan olmayan, absurd və gülməli mülahizələrini sübut kimi qiymətləndirmiş, şahidin və onun pul ödədiyi barədə dəlillərə isə hüquqi qiymət verməmişdir. Eyni zamanda cavabdehin şahidə pul verməsi sübuta yetirilməmişdir. Cavabdehin sənədləşmə işlərinə 100 ABŞ dolları xərcinin çıxdığı barədə qətnamədə qeyd edilənlər də həqiqətə uyğun deyil və şahid məhkəmədə belə bir ifadə verməmişdir.
14. Qeyd edilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(033)-74/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o mübahisəli torpaq sahəsini 2000-ci il tarixdə 150 ABŞ dollar ödəmək şərtilə Yaqut Alcanovdan almışdır. Həmin vaxtdan da torpaq sahəsinə qulluq edir. Lakin torpağın ilkin sənədləri cavabdehin adına olduğundan, sənədləşmə işini apara bilmir. Bu barədə cavabdehlə dəfələrlə danışıq aparsa da, sonda heç bir nəticəsi olmamışdır. Cavabdeh ondan əlavə 10000 manat pul tələb edir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
17. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlməmiş, iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı bu illər ərzində mübahisəli torpağa xeyli məbləğdə xərc çəkmişdir. Hesab edir ki, apellyasiya şikayəti tam əsaslıdır, ona görə də apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
18. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, şikayətin heç bir hüquqi əsası yoxdur. Əvvala ona görə ki, o iddiaçını tanımır və iddiaçıya torpaq satmamışdır. İkincisi, o Yaqut Alcanova da torpağı satmamışdır. Sadəcə sonuncuya həmin torpağa baxmaq, istəsə orada özü üçün əkin-biçin işi aparmaq üçün vermişdir. İddianı qəbul etmir, ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətindən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(033)-74/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 10 may 2022- ci il tarixli, 2(033)-74/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur .
24. İddia tələbinin mahiyyətindən və ifadə tərzindən müəyyən edilir ki, tələb mübahisəli torpaq sahsəinin əldə edilməsinə və həmin torpağa çəkilmiş ümumi xərcin qaytarılması barədədir.
25. İddiaçı tələbinin faktik əsası kimi ona istinad edir ki, Cavabdeh Oğuz rayonunda işlədiyi vaxtlarda Oğuz Rayon XDS-in 12 noyabr 1993-cü il tarixli 17 saylı qərarı ilə istifadəsinə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Cavabdeh iş yerinin dəyişməsi zərurəti ilə qarşılaşdığından həmin torpaq sahəsini Yaqut Alcanov adlı şəxsə satmış, sonuncu da həmin torpağın dəyərini alaraq ona satmışdır. Bundan sonra o həmin torpaq sahəsi onun sahiblik və istifadəsində olmuşdur. Torpağın ilkin sənədləşməsi kimi cavabdehin adına plancizgi sənədi hazırlatmışdır. O, sözügedən torpağın öz adına sənədləşdirilməsi üçün cavabdehdən etibarnamə verilməsini xahiş etsə də, sonuncu etibarnamə verməmiş, ondan əlavə pul tələb etmişdir. Qarşılıqlı razılığa gələ bilmədiklərindən məcbiriyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir.
26. Cavabdeh isə iddiaya və apellyasiya şikayətinə etiraz edərək, həqiqətən də Oğuz rayonunda işlədiyi vaxtlarda Oğuz Rayon XDS-in 12 noyabr 1993-cü il tarixli qərarı ilə ona 0.06 ha torpaq sahəsinin verildiyini inkar etməmiş, lakin sözügedən torpaq sahəsini Yaqut Alcanov adlı şəxsə, bundan sonra isə iddiaçıya satmadığını, sonuncuların heç birindən pul almadığını bildirmişdir. Cavabdeh etirazında həmçinin Yaqut Alcanova mübahisəli torpaq sahəsinə baxmağı, müştəri olduqda ona xəbər etməyi həvalə etdiyini, bununla bağlı yaqut Alcanova 100 ABŞ dolları verdiyini bildirmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
28. Belə ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.
29. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
30. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.
32. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.
33. İşin apellyasiya icraatı zamanı müəyyən edilən hallarından görünür ki, mübahisəli torpaq sahəsi Oğuz Rayon XDS-in 12 noyabr 1993-cü il tarixli 17 saylı qərarı ilə cavabdehin istifadəsinə verilmişdir. Sözügedən torpaq sahəsinin ilkin sənədləşməsi də cavabdehin adınadır. Lakin kollegiyanın araşdırması zamanı həmin torpaq sahəsinin cavabdeh tərəfindən Yaqut Alcanova, ondan sonra isə İddiaçı satılması, cavabdehin sonunculardan hansısa məbləğdə pul alması sübut olunmur.
34. Bundan əlavə iddia tələbi ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı cavabdehə hər hansı məbləğdə pul verilməsini və ya aralarında hər hansı sövdələşmə olmasını bildirmir, əksinə bütün danışıqların Yaqut Alcanovla aparıldığını və pulu da məhz Y.Alcanova verməsini qeyd edir.
35. Belə olan halda kollegiya bildirir ki, Cavabdeh mübahisəsi gedən torpaq sahəsinə gözlənilən mülkiyyət hüququnun daşıyıcısı olsa da, hazırki iddia üzrə cavabdehlik daşımayan şəxsdir.
36. Mübahisənin bu halında kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı, yaxud haqsız olmasını, o cümlədən pulun iddiaçı tərəfindən kimə və hansı məqsədlə verilməsini araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız mübahisəli torpaq sahəsi ilə bağlı əldən çıxmış və həmin pulun qaytarılması tələbidir.
37. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini, eyni zamanda cavabdehin iddiaya olan etirazını yoxlamışdır. Bu mənada, kollegiya hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğvi üçün qanuni əsas ola bilməz.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(033)-74/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov