Məhkəmə qərarları › İş №2(107)-96/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-96/2024

09.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-96/2024 09.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cаvаdovа Günаy İsmаyıl qızı və X3 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payın naturada bölünməsi tələbinə dair” mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tаrixli, 2(025)-37/2023 saylı qətnаməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan, **********57 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlər reyestrindən Çıxarış”ın surətindən görünür ki, İddiaçı mülkiyyətinə Qəbələ rayonu Zarağan kəndində yaşayış massivi torpaqlarından 1/3 pay olmaqla 0,45 hektar torpaq sahəsi verilmişdir.

2. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022ci il tarixdə İddiaçı adına tərtib etdiyi A № 776157 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, plan və ölçü ilə Qəbələ rayonu Zarağan kəndində onun mülkiyyətinə verilmiş 0,45 hektar torpaq sahəsinin koordinatları, qonşu sərhədləri qeyd edilməklə 1:5000 miqyasda sahənin planı göstərilmişdir.

3. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsinin 01 oktyabr 2019-cu il tarixdə verdiyi AZ-İİ 029893 saylı “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 11 iyul 2008-ci il tarixdə “ürək çatmamazlığı”ndan vəfat etmişdir.

4. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 29 avqust 2022-ci il tarixdə iddiaçıya ünvanladığı məktubdan görünür ki, İddiaçı 0,45 ha torpaq sahəsi üzrə paya ayrıca mülkiyyət sənədinin verilməsi barədə müraciətinə cavab olaraq payın ayrılması üsulu və şərtləri haqqında payçılar razılığa gələ bilmədikləri halda payın naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bildiyi onun nəzərinə çatdırılmışdır.

5. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 21 dekabr 2022-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinə təqdim etdiyi mütəxəssis rəyində gösrətilmişdir ki, Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ ərazi İdarəsinin müttəsəssisləri Qəbələ rayonu Zarağan kəndində yerləşən İddiaçı, mərhumə X1 və Cavabdeh paylı mülkiyyətinə verilmiş 0,45 ha torpaq sahəsinə iddiaçı və cavabdehin iştirakı ilə 15 noyabr 2022-ci il tarixdə baxış keçirilmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparılmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırılma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlər reyestrindən Şıxarış”a əsasən ümumi birgə mülkiyyətdə olan 0,45 hektar torpaq sahəsinin İddiaçı, X1 və Cavabdeh çıxarışda göstərilmiş paylara uyğun payların naturada ayrılması mümkündür.

6. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2023-cü il tarixli, 10/922 saylı rəyindən görünür ki, rəyə görə torpaq sahəsinin yalnız bir tərəfdən yol ilə əhatə olunduğunu, həmin torpaq sahəsinin hüdudları daxilində tikililərin mövcud olduğu və bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış yollarının açılmasının mümkünsüzlüyünü nəzərə alaraq mübahisə predmeti olan torpaq sahəsinin nüturada paylar üzrə üç hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur.

II. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsi tərəfindən (reyestr nömrəsi – **********57, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi - xx.xx.2022 olan) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən onun, Cavabdeh, mərhum X1 mülkiyyətinə verilmiş Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,45 ha torpaq sahəsindən 1/3 hissədə payının naturada ayrılaraq (torpaq sahəsinə girişçıxış yolu, o cümlədən torpaq sahəsi üzərində yerləşən tikilinin cavabdehə verilməsi, həmçinin ona torpaq sahəsinin tikili olmayan tərəfindən torpağın digər kənarından verilməsi nəzərə alınmaqla) ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun, Cavabdeh, eyni zamanda mərhum anası X1 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Zarağan kəndində 0.45 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi verilmişdir. Mərhum anası X2 11 iyul 2008-ci ildə vəfat etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsi tərəfindən verilmiş reyestr nömrəsi - **********57; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - xx.xx.2022 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışlar. Həmin çıxarışa əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 0.45 ha torpaq sahəsindən hər birinin 1/3 hissədə payları müəyyən olunmuşdur. Həmçinin həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə A№776157 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Torpaq sahəsi üzərində tikili vardır. Naturada bölgü apanlarkən həmin tikilinin cavabdehə verilməsini istəyir. Həmçinin ona düşən payın torpaq sahəsinin tikilinin yerləşdiyi hissənin əks istiqamətində, torpaq sahəsinin digər başlanğıc tərəfindən verilməsini istəyir. O, digər mülkiyyətçi, yəni Cavabdeh ilə payının naturada bölünməsi ilə bağlı ümumi razılığa gəlməməyi üzündən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ümumi paylı mülkiyyətdən payının naturada ayrılmasını istəyir. Bu barədə, yəni torpaq sahəsindən payının naturada ayrılması ilə bağlı cavabdehlə razılığa gələ bilməmişdir. Məsələni mübahisəsiz məhkəmədən kənar həll edilməsi üçün təşəbbüs göstərmişdir. Lakin cavabdeh buna razı olmamışdır. Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsinə müraciət etsə də, imtina cavabı almışdır. Belə olub məhkəməyə müraciət etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onların ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin naturada bölünməsinə etiraz edir. Torpaq sahəsini onlar birlikdə istifadə edirlər, rəsmi olaraq bölünməsinə ehtiyac yoxdur. Torpaq sahəsi bölünərsə, giriş-çıxış yolu, o cümlədən torpaq sahəsi üzərində yerləşən tikilinin ona verilməsi, həmçinin iddiaçıya torpaq sahəsinin tikili olmayan tərəfindən torpağın digər kənarından verilməsi nəzərə alınmalıdır. Buna görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) 27 iyul 2023-cü il tаrixli, 2(025)-37/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

12. Məhkəmə işdə olan sübutları və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 12 iyun 2023-cü il tarixli, 10/922 saylı rəyini nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, həmin rəyə görə torpaq sahəsinin yalnız bir tərəfdən yol ilə əhatə olunduğunu, həmin torpaq sahəsinin hüdudları daxilində tikililərin mövcud olduğu və bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış yollarının açılmasının mümkünsüzlüyünü nəzərə alaraq mübahisə predmeti olan torpaq sahəsinin nüturada paylar üzrə üç hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 156.1, 157.2, 157.4, 213.2, 213.3, 213.4, 213.5, 220.1, 220.2, 220.3, 220.4, 220.5 və 220.6-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. İddiaçı Qəbələ Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tаrixli, 2(025)-37/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

15. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar olmuş, əlavə olaraq göstərilmişdir ki, ...Qəbələ Rayon Məhkəməsinin sözügedən qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin mütəxəssis rəyində gösrətilmişdir ki, Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ ərazi İdarəsinin mütəxəssisləri Qəbələ rayonu Zarağan kəndində yerləşən iddiaçının, mərhum X1 və Cavabdeh paylı mülkiyyətinə verilmiş 0,45 ha torpaq sahəsinə tərəflərin iştirakı ilə 15 noyabr 2022-ci il tarixdə baxış keçirilmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparılmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırılma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən ümumi birgə mülkiyyətdə olan 0,45 hektar torpaq sahəsinin İddiaçı, X1 və Cavabdeh çıxarışda göstərilmiş paylara uyğun payların naturada ayrılması mümkündür. Lakin mülki iş üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2023-cü il tarixli, 10/922 saylı rəyinə görə torpaq sahəsinin yalnız bir tərəfdən yol ilə əhatə olunduğunu, həmin torpaq sahəsinin hüdudları daxilində tikililərin mövcud olduğu və bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə ayrıayrılıqda giriş-çıxış yollarının açılmasının mümkünsüzlüyünü nəzərə alaraq mübahisə predmeti olan torpaq sahəsinin nüturada paylar üzrə üç hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Göründüyü kimi, mütəxəssis rəyi ilə ekspert rəyi arasında ziddiyyət mövcuddur. Əlbətdə də ki o, ekspert rəyi razı deyildir, torpaq sahəsinə gediş-gəliş üçün kifayət edəcək qədər uzunluqda yol movcuddur və hesab edir ki, rəy qeyri-obyektiv tərtib edilmiş, araşdırılma aparılmamışdır. Həmçinin, ekspert tərəfindən torpaq sahəsinə hər hansı məhkəmə baxışı təyin olunmamış, yalnız sənədlərə istinad olunmaqla rəy ilə verilmişdir. Eyni zamanda mülki iş məhkəmə tərəfindən birtərəfli aparılmış, ekspert tərəfindən yerində baxış və ekspertiza keçirilməmiş, mülki iş hərtərəfli, tam və obyektiv araşdırılmamış, nəticədə paylı torpaq sahəsindən ona (iddiaçıya) düşəcək hissə naturada bölünüb verilməməklə mülkiyyət hüquqlarım kobud şəkildə pozulmuşdur. Qəbələ Rayon Məhkəməsi mülki işə baxarkən mülki işi hərtərəfli tam araşdırmamış, yalnız obyektiv olmayan ekspert rəyinə əsaslanmaqla qərar qəbul etmişdir. Göstərilənlərə əsasən, Qəbələ Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tаrixli, 2(025)- 37/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə aəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

17. Məhkəmə kollegiyasının 27 iyun 2024-cü il tarixli protokol qərardadı ilə X7, X9, X8, X4, X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşlar.

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

19. İşə baxılmanın vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh təkrarən və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X9, X8, X4, X5 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

IV. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

22. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

26. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

27. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

28. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

29. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

30. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

31. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

36. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

37. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

39. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

44. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

V. Apellyasiya məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tаrixli, 2(025)-37/2023 saylı qətnaməsi ləğv edilməlidir.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

47. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

48. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin xx.xx.2022ci il qeydiyyat tarixli, **********57 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlər reyestrindən Şıxarış”la İddiaçıu mülkiyyətinə Qəbələ rayonu Zarağan kəndində yaşayış massivi torpaqlarından 1/3 pay olmaqla 0,45 hektar torpaq sahəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022ci il tarixdə İddiaçı adına A № 776157 saylı “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Plan və ölçü ilə Qəbələ rayonu Zarağan kəndində onun mülkiyyətinə verilmiş 0,45 hektar torpaq sahəsinin koordinatları, qonşu sərhədləri qeyd edilməklə 1:5000 miqyasda sahənin planı göstərilmişdir. Mülki iş üzrə tərəflər arasında torpaq paylarına görə razılıq olmadığı üçün İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə 0,45 ha torpaq sahəsi üzrə paya ayrıca mülkiyyət sənədinin verilməsi barədə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi 29 avqust 2022-ci il tarixdə iddiaçıya ünvanladığı məktubda payın ayrılması üsulu və şərtləri haqqında payçılar razılığa gələ bilmədikləri halda payın naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bildiyini iddiaçının nəzərinə çatdırmışdır. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

49. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbində mülkiyyətçilər olaraq onun, eləcə də Cavabdeh, mərhum X1 mülkiyyətinə verilmiş Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,45 ha torpaq sahəsindən torpaq sahəsinə giriş-çıxış yolu, o cümlədən torpaq sahəsi üzərində yerləşən tikilinin cavabdehə verilməsi, həmçinin ona torpaq sahəsinin tikili olmayan tərəfindən torpağın digər kənarından verilməsi nəzərə alınmaqla 1/3 hissədə payının naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 12 iyun 2023-cü il tarixli, 10/922 saylı rəyində isə torpaq sahəsinin yalnız bir tərəfindən yolun olması, həmin torpaq sahəsinin hüdudları daxilində tikililərin mövcud olması və bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-şıxış yollarının açılmasının mümkünsüzlüyü xüsusi ilə vurğulamaqla tərəflər arasında mübahisələndirilən torpaq sahəsinin üç hissəyə bölünməsinin mümkün olmadığını göstərmişdir. Beləliklə, qeyd olunan xüsusatlara qanunvericiliyin tələbləri baxımından məcmu halında qiymət verən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.

50. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticəni qanuni və əsaslı saymayaraq qeyd edir ki, iddiaçı iddia ərizəsində ümumi paylı mülkiyyətdə 0,45 ha torpaq sahəsindən özünün payına düşən 1/3 hissəsinin payının naturada ayrılaraq həmin torpaq sahəsinə giriş-çıxış yolu, o cümlədən torpaq sahəsi üzərində yerləşən tikilinin cavabdehə verilməsi, həmçinin ona torpaq sahəsinin tikili olmayan tərəfindən torpağın digər kənarından verilməsi nəzərə alınmaqla ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yəni iddia ərizəsində ümumi paylı mülkiyyətin digər mülkiyyətçilərinin paylarının ayrılması tələb yoxdur.

51. Lakin birinci instansiya məhkəməsi hazırkı iş üzrə məhkəmə texniki-tikinti ekspertizası təyin edərkən cavablandırılması üçün ekspert qarşısında “paylı mülkiyyətdə olan 0,45 ha torpaq sahəsinin İddiaçı, X1 və Cavabdeh çıxarışda göstərilmiş paylara uyğun paylarının naturada ayrılması mümkündürmü, əgər mümkündürsə hansı qaydada ayrıla bilər?” barədə sual qoymaqda haqlı olmamışdır.

52. Bu baxımdan 12 iyun 2023-cü il tarixli, 10/922 saylı ekspert rəyində həmin torpaq sahəsinin hüdudları daxilində tikililərin mövcud olduğu və bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış yollarının açılmasının mümkünsüzlüyü torpaq sahəsinin naturada paylar üzrə üç hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmaması barədə göstərilənlər əsassız olduğundan mötəbər sübut kimi qiymətləndirilə bilməz.

53. Nəzərə alınmalıdır ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 88, 103.1 və 205.1-ci maddələri).

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda ekspertiza təyin edə bilər.

55. Göründüyü kimi, mülki prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, formalaşmış məhkəmə təcrübəsi nəticəsində belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin edilə bilər.

56. Həmin Məcəllənin 102.2-ci maddəsində göstərilir ki, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

57. İddiaçının vermiş olduğu apellyasiya şikayətinin əsas dəlillərindən də biri iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlıdır.

58. Apellyasiya baxışının əvvəlki iclasında İddiaçı təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir.

59. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2(107)-1142/2023 saylı qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilmişdir.

60. Təkrar ekspertizanın keçirilməsinə dair qərardadda işin faktiki hallarına uyğun olaraq aydınlaşdırılıb cavablandırılması üçün aşağıdakı sual qoymuşdur:

61. Qəbələ rayonu Zarağan kəndində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, ümümi paylı mülkiyyətdə olan 0,45 ha torpaq sahəsindən İddiaçı 1/3 hissədə payının naturada (torpaq sahəsinə giriş-çıxış yolu, həmçinin torpaq sahəsinin tikili olmayan tərəfindən torpağın digər kənarından ayrılması nəzərə alınmaqla) ayrılması mümkündürmü?

62. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2024-cü il tarixli, 3-16-16/2-10/8177 saylı məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəyində qeyd olunur ki; - Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,45 ha torpaq sahəsindən İddiaçı 1/3 hissədə payının naturada (torpaq sahəsinə giriş-çıxış yolu, həmçinin torpaq sahəsinin tikili olmayan tərəfindən ayrılması nəzərə alınmaqla) ayrılmasının metodik vəsaitin tələblərinə əsasən texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bölgünün hansı qayda(lar)da aparılması rəyə əlavə olunmuş, “AutoCad” programı vasitəsilə hazırlanmış sxem(lər)də ətraflı göstərilmişdir.

63. Göründüyü kimi iş üzrə alınmış təkrar ekspert rəyinə görə, iddiaçının paylı mülkiyyətdə olan 0,45 ha torpaq sahəsindən onun payına düşən 1/3 hissə olmaqla 0,15 ha torpaq sahəsinin ayrılması iki variantda (qaydada) mümkündür ki, həmin variantlar (qaydalar) rəyə əlavə olunmuş 1 və 2 saylı sxemlərdə göstərilmişdir.

64. 01 may 2024-cü il tarixli, 3-16-16/2-10/8177 saylı ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, tikinti-texniki ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilib. Rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal mövcud deyil və həmin rəyi təkzib edən sübutlar təqdim edilməmişdir.

65. Kollegiya 01 may 2024-cü il tarixli, 3-16-16/2-10/8177 saylı ekspert rəyini daha mötəbər sayaraq qeyd edir ki, həmin ekspert rəyi işin hallarına uyğun olmaqla mübahisənin düzgün həllinə yönəlmişdir.

66. O, da müəyyən edilmişdir ki, torpaq sahəsinin paylı mülkiyyətçilərindən biri olan X2 iş üzrə tərəflərin doğma anası olmaqla 11 iyul 2008-ci il tarixdə vəfat etmişdir. Belə olan halda Zenfira Hacıyevanın ümumi paylı mülkiyyətdəki 1/3 hissə (0,15 ha) torpaq sahəsi miras qalmışdır. Müəyyən edilmişdir ki, Zenfira Hacıyevanın iş üzrə tərəflərdən başqa onun digər övladları X7, X9, X8, X4, X5 vərəsədirlər. Həmin şəxslər hazırkı mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşlar.

67. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iş üzrə iddiaçı anasından miras qalan həmin torpaq sahəsini (özünə düşən payı) qəbul etməmişdir. İddiaçının bəyanına görə iş üzrə cavabdeh və üçüncü şəxslər də miras torpaq sahəsini qəbul etməmişlər.

68. Cavabdeh və işə cəlb olunmuş üçüncü şəxslər məhkəmə iclasına gəlmədiklərindən bu barədə onların mövqeyini öyrənmək mümkün olmamışdır.

69. Ona görə də məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçının payı ayrılarkən vərəsələrin analarının paylı mülkiyyətdəki miras torpaq sahəsini gələcəkdə qəbul etmə ehtimalı işin diqqətəlayiq halı kimi nəzərə alınmalıdır.

70. Bu baxımdan kollegiya hesab edir ki, iddia təmin olunarkən iddiaçının payının cavabdeh və üçüncü şəxslərin mənafeyi nəzərə alınmaqla, 01 may 2024-cü il tarixli, 3-16- 16/2-10/8177 saylı ekspert rəyinə əlavə olunmuş 1 saylı sxemdə göstərilən qaydada ayrılması daha məqsədəmüvafiqdir.

71. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır.

72. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

73. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

74. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

75. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tаrixli, 2(025)- 37/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir.

76. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 100 (bir yüz) manatı cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tаrixli, 2(025)-37/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi - **********57; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi - xx.xx.2022) əsasən İddiaçı, Cavabdeh və mərhum X1 mülkiyyətinə verilmiş Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,45 ha torpaq sahəsindən İddiaçı 1/3 hissədə payı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2024-cü il tarixli, 3-16-16/2-10/8177 saylı məhkəmə tikintitexniki ekspertizasının ekspert rəyinə əlavə edilmiş 1 saylı sxemə əsasən naturada ayrılaraq verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 100 (bir yüz) manatı cavabdehə aid edilsin. Cavabdeh 100 manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar