Məhkəmə qərarları › İş №2(107)-963/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-963/2023

11.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-963/2023 11.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 qızına və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, e-2(033)-297/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8420 (səkkiz min dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olan 104 (yüz dörd) manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə 2021-ci il tarixdə özünün təşəbbüsü ilə sosial şəbəkə vasitəsilə (facebook) tanış olmuşdur. Bir müddət sonra dostluq münasibətləri yaranmışdır. Cavabdeh2 onu birlikdə yaşadığı 3 qızı və anası ilə tanış etmişdir. Beləliklə ailəvi yaxın dostluq münasibəti yaranmışdır. Cavabdeh2 boşanmışdır və sabiq ərinin uşaqlarına baxmadığı üçün maddi vəziyyətinin pis olduğunu bildirərək ondan dəfələrlə borc pul istəmişdir. Cavabdehlər şəxsi isifadələri üçün ondan kiçik məbləğlər olmaqla müxtəlif tarixlərdə pul vəsaiti istəmişdir. Həmin vəsaitləri cavabdehlərin kart hesablarına (Cavabdeh2-**********353984, Cavabdeh1- **********512530) nağdsız olaraq kartdan karta köçürmə etməklə göndərmişdir. Cavabdehlərin kart hesabına göndərmiş olduğu məbləğləri tarixlərini ardıcıl olaraq göstərməklə aşağıdakıları qeyd edir. xx.xx.2021-ci il tarixdə -100 manat (saat-14:21), xx.xx.2021-ci il tarixdə-100 manat (saat-11:24), xx.xx.2021-ci il tarixdə-100 manat (saat- 19:46), xx.xx.2021-ci il tarixdə-100 manat (saat-09:30), xx.xx.2021-ci il tarixdə-100 manat (saat-13:53), xx.xx.2021-ci il tarixdə-100 manat (saat-21:30), xx.xx.2021-ci il tarixdə-120 manat (saat-12:20), xx.xx.2022-ci il tarixdə-50 manat (saat-20:18), xx.xx.2022-ci il tarixdə-50 manat (saat-15:13), xx.xx.2022-ci il tarixdə-140 manat (saat-13:34), xx.xx.2022-ci il tarixdə-50 manat (saat-18:26), xx.xx.2022-ci il tarixdə-150 manat (saat- 20:29), xx.xx.2022-ci il tarixdə-140 manat (saat-12:20), xx.xx.2022-ci il tarixdə-50 manat (saat-15:48), xx.xx.2022-ci il tarixdə-150 manat (saat-18:59), xx.xx.2022-ci il tarixdə-1000 manat (saat-23:26), xx.xx.2022-ci il tarixdə-50 manat (saat-15:34), xx.xx.2022-ci il tarixdə-120 manat (saat-15:54), xx.xx.2022-ci il tarixdə-140 manat (saat-14:17), xx.xx.2022-ci il tarixdə-100 manat (saat-19:14), xx.xx.2022-ci il tarixdə-250 manat (saat- 11:17), xx.xx.2022-ci il tarixdə-100 manat (saat-14:42), xx.xx.2022-ci il tarixdə-100 manat (saat-20:51), xx.xx.2022-ci il tarixdə-70 manat (saat 10:18), xx.xx.2022-ci il tarixdə-500 manat (saat 16:53), xx.xx.2022-ci il tarixdə-100 manat (saat 21:59). Cavabdehlərə yuxarıda qeyd etdiyi, cəmi 4030 (dörd min otuz) manatı kart vasitəsilə göndərmişdir. Kart vasitəsilə cavabdehlərə göndərdiyi aşağıda qeyd etdiyi lakin, qəbzlərini təqdim edə bilməyəcəyi 890 manat vəsaiti ödənildiyini təsdiq edən hesabdan çıxarışı "xxxx" ASCdən tələb edilməsini məhkəmədən xahiş edir. xx.xx.2021-ci il tarixdə-100 manat, xx.xx.2021-ci il tarixdə-150 manat, xx.xx.2021-ci il tarixdə-100 manat, xx.xx.2021-ci il tarixdə-150 manat, xx.xx.2021-ci il tarixdə-140 manat, xx.xx.2021-ci il tarixdə-100 manat, xx.xx.2021-ci il tarixdə-50 manat, xx.xx.2022-ci il tarixdə-100 manat. Cavabdeh2 qızı Cavabdeh1 işə almağını xahiş etmişdir. Maddi vəziyyətləri pis olduğundan yardım etmək məqsədilə xx.xx.2022-ci il tarixdə Cavabdeh1 ilə əmək müqaviləsi bağlamışdır. Bağlamış olduqları əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilmişdir. Cavabdeh1 “eManat” vasitəsilə xx.xx.2022-ci il tarixdə (22:22) təhsil xərci üçün 1000 (bir min) manat pul vəsaiti göndərmişdir. Cavabdeh2 özü əldən xx.xx.2022-ci il tarixdə 500 manat vermişdir. Dostuq münasibəti olan X2 vasitəsilə Cavabdeh2 verməsi üçün xx.xx.2021-ci il tarixdə 2000 (iki min) manat məbləğində pul göndərmişdir. Sahib Əhmədov həmin faktı təsdiq etmək üçün məhkəmədə şahid qismində iştirak edə bilər. Həmin cavabdehlərin ona olan borcu 8420 manat təşkil edir. Cavabdeh2 özü və qızı Cavabdeh1 üçün almış olduğu pul vəsaitlərini 2022-ci ilin sonunadək evini sataraq qaytarmağa söz vermişdir. Həmin tarixlərdə Cavabdeh2 ilə telefon əlaqəsi saxlayaraq vermiş olduğu məbləği tam şəkildə qaytarmasını tələb etsə də, cavabdeh ona olan borcunu qaytarmayacağını və ondan polisə şikayət edəcəyini bildirdi. Bundan sonra cavabdehlər telefon zənglərinə cavab verməmişdir. Bu məsələ ilə bağlı xx.xx.2022-ci il tarixdə polisə müraciət etsə də, polis tərəfindən xx.xx.2022-ci il tarixli məktubla müraciətinin mülki xarakterli olduğu bildirilmiş və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Polisə müraciət etdiyi zaman ona, Cavabdeh2 haqqında eyni məzmunlu şikayətlərin olduğunu və bu yolla bir neçə nəfərdən pul aldığını, sonra ödəməkdən yayındığını bildirdilər. Cavabdeh bu yolla keçimini təmin edirmiş. Cavabdehlər onun onlara olan etibarından, inamından sui-istifadə etmişlər. Aldıqları borcları qaytaracaqlarını ona təminat vermişlər. O da onların səmimiyyətinə inanıb dostluq münasibətinə güvənərək borc vermişdir. Cavabdehlərin ona olan borcunu qaytarmaması səbəbindən ağır maddi vəziyyətə düşmüşdür.

3. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etirazla müraciət edərək iş üzrə İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı hüquqlarını müdafiə etdiyi Cavabdeh2 və onun qızı Cavabdeh1 qarşı Zaqatala rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8420 (səkkiz min dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olan 104 (yüz dörd) manatın alınıb ona verilməsinə dair qətnamə qəbul etməsini xahiş etmişdir. O iddiasını onunla əsaslandırmışdır ki, guya Cavabdeh2 boşanmışdır və sabiq ərinin uşaqlarına baxmadığı üçün maddi vəziyyətinin pis olduğunu bildirərək məndən dəfələrlə borc pul istəmişdir. Cavabdehlər şəxsi istifadələri üçün məndən kiçik məbləğlər olmaqla müxtəlif tarixlərdə pul vəsait istəmişdir. Həmin vəsaitləri cavabdehlərin kart hesablarına (Cavabdeh2- **********353984, Cavabdeh1-**********512530) nağdsız olaraq kartdan karta köçürmə etməklə göndərmişdir. Eyni zamanda iddia ərizəsinə müxtəlif qəbzlər əlavə etməklə güya cavabdehlərə pul göndərdiyini sübut etməyə çalışmışdır. Düzdür cavabdehlərə məxsus kartlara müxtəlif vaxtlarda 4420 manat pul vurmuşdur. Bu da Cavabdeh1 məxsus əmək haqqı olubdur. İddiaçının özü də iddia ərizəsində Cavabdeh1 onun işçisi olmasını etiraf edir. Cavabdeh1 bir müddət əmək müqaviləsi rəsmiləşdirilmədən işləmişdir deyə onun əmək haqqını gah Cavabdeh2, gah da Cavabdeh1 kartına köçürmüşdür. Cavabdeh2 ilə qızının aylıq əmək haqqı 500 manata razılaşdırılmışdır. Eyni zamanda iddiaçının iddia ərizəsinə əlavə etdiyi qəbzlərin 760 manatı ümumiyyətlə cavabdehlərə məxsus olmayan kartlara ödənilmişdir. Bu da iddiaçının verdiyi iddia ərizəsinin şər və böhtanlar üzərində qurulduğunu sübut edir. Hüquqlarını müdafiə etdiyi Cavabdeh2 iddia ərizəsi yazılarkən verdiyi ifadəni Məhkəmənin diqqətinə çatdırır. - «Mən həyat yoldaşımdan boşanmışam. İddiaçının bizimlə əvvəllər ailəvi dostluq etdiyini təsdiq edirəm. O sahibkarlıq fəaliyyəti göstərir. Xahiş etmişəm ki, qızım Cavabdeh1 işə qəbul etsin yanında. O da onu işə qəbul etmişdir. Lakin bir müddət sonra o mənim ailəmdən boşanmağımı əsas gətirərək mənimlə münasibət (qeyri rəsmi) qurmağı təklif etmişdir. Mən də buna qəti etiraz etdiyim üçün o bu iddianı verərək məni ələ almağa çalışır. Hazırda iddiaçının bu hərəkətlərindən dolayı qızım Cavabdeh1 stress keçirtmiş və hazırda psixoloji sarsıntılar içində ciddi müalicələr alır. (sənədlər əlavə olunur) İddiaçının barəsində Vergilər Nazirliyinə etdiyim şikayətlə bağlı o əmək müqaviləsiz işçi işə cəlb etdiyi üçün ona cərimə də tətbiq edilib. Eyni zamanda iddiaçının bu hərəkətlərini mən hədə-qorxu ilə tələbetmə kimi qəbul edərək aidiyyəti üzrə hüquq mühafizə orqanlarına da müraciət edəcəyəm. Evli bir insanın mənimlə qeyri rəsmi münasibətə girmək istəməsi, mənim buna razılıq verməməyim nəticəsində verdiyi əmək haqqını borc kimi təqdim edərək məni özündən asılı salmaq istəməsi hədə-qorxu ilə tələb etmə hesab edilməlidir». Ona görə də hesab edirik ki, iddiaçının iddia tələbi tamamilə əsasızdır. Və iddia tələbi təmin edilməməlidir.

Birinci instansiya məhkəməsində icraat

5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə təqdim etdiyi ərizələrini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

7. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizələrinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçının iddia tələbinin tamamilə əsassız olmasını təsdiq edən bir fakt da borc müqavisinin ümumiyyətlə olmamasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçının tələbinə baxdıqda ümumilikdə pul tələbi 8000 manatdan çoxdur. Belə olan halda bunun yazılı qaydada rəsmiləşdirilməsi mütləq vacib idi. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, iddiaçı iddia edir ki, aralarında borc müqaviləsi şifahi qaydada bağlanmışdır. Ancaq həm məbləğ baxımından, həm də Mülki Məcəllənin 386-cı maddəsi baxımından işə hüquqi qiymət verilərsə iddiaçının iddiasının tam əsassız olması öz təsdiqini tapır, iddiaçı bank çeklərini təqdim edərək qeyd edir ki, cavabdehlər mənə pul borcludur. Sonuncu ödənişin 2022-ci ilin sentyabr ayının 22-də ödədiyini iddia edir. Lakin həmin pulun hansı tarixdə cavabdehlər tərəfindən qaytarılacağı ilə bağlı bir öhdəliyin olduğunu yazmır. Əgər hər hansı bir şəxs borc alırsa onun ödəniş tarixində vaxtında ödəməlidir və vaxtını borc aldığı şəxsə bildirməlidir, iddianın məzmununda belə bir halın iddiaçı tərəfindən qeyd edilməməsi və hər ay müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul ödənişlərinin edilməsi əmək münasibətlərindən irəli gələn öhdəliklərin icrası olduğunu tam təstiq edir. Bundan başqa iddiaçı qeyd edir ki, Cavabdeh1 2022-ci ilin aprel ayından onun işçisi olubdur, iddiaçının işçisi olması düzdür, həmin ödədiyi vəsaitlər də əmək haqqından ibarət olmuşdur. Əgər iddiaçı Cavabdeh1 əlavə olaraq hər hansı əmək haqqı ödəmişdirsə onu da təsdiq edən sənədləri məhkəməyə təqdim etsin. Yuxarıda qeyd edilən halların da nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Zaqatala Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, e-2(033)-297/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilməsi, 104 (bir yüz dörd) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir.

9. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh2 dostluq münasibətləri olmuşdur. Sahibkar olan İddiaçı ilə Cavabdeh2 qızı olan digər Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixə əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən işəgötürən İddiaçı Cavabdeh1 Plastik sexinə operator vəzifəsinə aylıq 300 manat əmək haqqı ödənməsi şərti ilə işə götürmüşdür. Onların arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 ilə aralarında olan münasibətə güvənərək cavabdehlərə borc verdiyinə əsaslanaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8420 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 iddia tələbini qəbul etmir və iddia ərizəsinə etirazla müraciət edərək iddiaçı ilə qızı olan Cavabdeh1 arasında əmək müqaviləsindən irəli gələn işəgötürən və işçi münasibətlərinin olduğunu və əmək funksiyalarının yerinə yetirilməsinə görə iddiaçı tərəfindən cavabdeh olan qızına müxtəlif vaxtlarda cəmi 4420 manat əmək haqqının ödənməsini və həmin ödəmələri həm özünə həm də qızına məxsus kart hesabına köçürməklə həyata keçirdiyini, eyni zamanda borc müqaviləsinin yazılı qaydada bağlanılmadığını qeyd edərək iddia tələbinin rədd edilməsini xahiş edir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə qeyd edir ki, iddia ərizəsinə iddiaçı tərəfindən ümumilikdə 4880 manat vəsaitin ödəmə terminalı və xüsusi tətbiqlər vasitəsi ilə müxtəlif bank hesablarına köçürülməsinə dair qəbz və çıxarışlar təqdim edilmişdir. Qeyd edilən 4880 manat vəsaitin 4420 manat hissəsi cavabdehlərə məxsus kart hesablarına ödənməsini cavabdeh tərəf etiraf edir və həmin məbləğin Cavabdeh1 əmək haqqı kimi ödəndiyini qeyd edir. Lakin qəbzlər və çıxarışlar üzrə 4880 manat ödəmələrin məhz iddiaçı tərəfindən həyata keçirildiyinə dair və ödəmələrin təyinatı ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Eləcə də iddiaçı tərəfindən cavabdehlərə verdiyini iddia etdiyi 3540 manat vəsaitin cavabdehlərə verilməsinə dair ümumiyyətlə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

11. İddia ərizəsində İddiaçı cavabdehlərə 8420 manatın borc olaraq verdiyini və iddia tələbini mülki qanunvericiliyin borc müqaviləsi ilə bağlı normaları ilə əsaslandırmış və cavabdehlərlə aralarında olan münasibəti borc müqaviləsindən irəli gələn öhdəlik kimi qiymətləndirmişdir. Məhkəmə iclası zamanı da iddiaçı və nümayəndəsi cavabdehlərə verdiyi pul məbləğinin borc olaraq verildiyini bildirmişlər. Eyni zamanda məhkəməyə “Whatsup” sosial şəbəkəsi vasitəsilə qeydə alınmış yazıları təqdim etmişlər.

12. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunvericilikdə borc müqaviləsinin həm şifahi həm də yazılı formada bağlanması nəzərdə tutulmuş və ümumiyyətlə müqavilənin bağlanması üçün iki və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsinin zəruriliyini qeyd edilmişdir. İş materiallarından görünür ki, İddiaçı borc müqaviləsinin bağlanması ilə bağlı cavabdehlərlə aralarında razılaşdırılmış iradə ifadəsinin olmasına dair də sübut təqdim edə bilməmişdir.

13. Eyni zamanda “Whatsap” sosial şəbəkəsi vasitəsilə qeydə alınmış yazılara nəzər yetirildikdə görünür ki, hansı nömrələr arasında yazışmaların aparılmasını müəyyən etmək mümkün deyil, həmin yazışmalardan görünür ki, sms göndərən şəxs qəbzin şəklini digər şəxsə göndərərək “70 manat göndərdim kartına” yazmışdır. Digər şəxs isə “necəsən, evimi satanda sənə olan borclarımı qaytaracam” yazmışdır. Daha sonra sms göndərən şəxs yazmışdır ki, “inşallah hər şey yaxşı olar, ikinci dəfədir deyirsən, olar verərsən”. Göründüyü kimi, yazışmalardan görünür ki, ümumiyyətlə həmin yazışmaları apardığı şəxslərin şəxsiyyətləri, telefon nömrələri məlum deyil, həmçinin həmin yazışmaların iddiaçı tərəfindən yazıldığını zənn etsək belə görünür ki, iddiaçı həmin pul məbləğini cavabdehə borc kimi verməsinə dair hər hansı qeyd yazmamış, hətta göstərmişdir ki, “Olar verərsən”. Buradan da görünür ki, iddiaçı həmin pul vəsaitini cavabdehə borc olaraq verməmişdir.

14. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsində göstərilən dəlillər iddia tələbinin təmin olunması üçün əsas vermir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

15. Məhkəmə tərəfindən ümumilikdə iddia tələbinin hüquqi əsası müəyyən edilərkən aydın olur ki, iddiaçı və cavabdeh arasında öhdəliyin zərər vurulması, əsassız varlanma, Mülki Məcəllə ilə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsini göstərən eləcə də tərəflər arasında hər hansı müqavilənin mövcud olduğunu göstərən sübut məhkəməyə təqdim olunmamışdır.

16. Tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin dispozitiv şərtləri ilə uzlaşmır. İddiaçı 8420 manatdan məhrum olduğunu qeyd etsə də, iddiaçı tərəfindən cavabdehin onun hesabına hər hansı əmlak əldə etməsini göstərən sübut təqdim etmədiyinə görə onun bu tələbi əsassız varlanmadan da irəli gələ bilməzdi. Bundan başqa, qanunvericilikdə mülki hüquq pozuntusu (delikt) üçün dispozitiv şərtləri də müəyyən edilmişdir. Zərər vurmadan əmələ gələn öhdəliyin yaranması üçün həmin şərtlərin hamısının, həm də eyni vaxtda olması tələb olunur. Hazırkı halda mülki iş materiallarına cavabdehin əməlində qanunda nəzərdə tutulmuş həmin dispozitiv şərtlərin mövcud olmasını göstərən sübut da əlavə edilməmişdir. Bütövlükdə qeyd olunanlar cavabdeh tərəfin əsassız varlanması kimi və ya iddiaçı tərəfə hər hansı maddi zərər dəyməsi kimi qiymətləndirilə bilməz.

17. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 104 (bir yüz dörd) manat məbləğində dövlət rüsumu da iddia rədd edildiyindən onun özünə aid edilməlidir.

18. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi tələbinə dair iddia ərizəsi rədd edilməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16,18, 21.1, 21.2, 324.1, 324.2, 324.3, 324.4, 329.1, 385.1, 386.1, 439.4, 560.1, 739.1. 739.2, 740, 1091.1, 1091.2, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4, 218.3-cü maddələrinə, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

20. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

21. Apellyasiya şikayətini dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, qətnamədə qeyd edilir ki, iddia ərizəsinə iddiaçı tərəfindənümumilikdə 4880 manat vəsaitin ödəmə terminalı və xüsusi tətbiqlər vasitəsi ilə müxtəlif bank hesablarına köçürülməsinə dair qəbz və çıxarışlar təqdim edilmişdir. Qeyd edilən 4880 manat vəsaitin 4420 manat hissəsi cavabdehlərə məxsus kart hesablarına ödənməsini cavabdeh tərəf etiraf edir və həmin məbləğin Cavabdeh1 əmək haqqı kimi ödəndiyini qeyd edir. Lakin qəbzlər və çıxarışlar üzrə 4880 manat ödəmələrin məhz iddiaçı tərəfindən həyata keçirildiyinə dair və ödəmələrin təyinatı ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Eləcə də iddiaçı tərəfindən cavabdehlərə verdiyini iddia etdiyi 3540 manat vəsaitin cavabdehlərə verilməsinə dair ümumiyyətlə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

22. Bildirmək istəyir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə rəsmi olaraq vergi orqanında kiçik sahibkar kimi qeydiyyatdan keçmişdir. ünvan 1 ünvanında müqavilə bağlamaqla 5 il müddətinə icarəyə obyekt götürmüşdür. Həmin obyektdə 34 gün müddətində təmir işləri getmişdir faktiki olaraq xx.xx.2022-ci il tarixdə fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı gündən Cavabdeh1 köməkçi opertor vəzifəsinə işə götürmüşdür. Cavabdehlə iddiaçı arasında həmin tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək haqqı iki tərəfin razılığı ilə 300 manat miqdarında müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh1 “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətini itirilməsi hallarından” icbari qaydadada "xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmışdır.

23. Bundan əlavə Cavabdeh1 işlə bağlı təcrübəsi olmadığından iddiaçı öz vəsaiti hesabına 3 aylıq kursa göndərmişdir. Cavabdeh2 Ramil Əlizadəyə heç bir məlumat vermədən və razılığı olmadan qızı Cavabdeh1 işdən çıxarmışdır. Əmək müqaviləsinin şərtləri cavabdehlər tərəfindən pozulmuşdur. Bu səbəbdən əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən xitam verilmişdir. İddiaçı Ramil Əlizadə məhkəmədə iddia qaldırmamışdan əvvəl cavabdehlər tərəfindən qanunsuz işçi işlədilməsi ilə bağlı heç bir şikayət olunmamışdır. İddia ərizəsi məhkəməyə verdikdən sonra cavabdehlər böhtan xarakterili şikayət etməklə öhdəliklərindən boyun qaçırmağa çalışırdırlar. Məhkəməyə bu barədə bütün sübutları təqdim etmələrinə baxmayaraq, məhkəmə təqdim etdikləri sübutlara heç bir əhəmiyyət verməmişdir. Bundan başqa əlavə sübutların toplanması ilə əlaqədar verdikləri şifahi vəsatətlərini təmin etməmiş, bununlada məhkəmə AR MPM-nin 78-cimaddəsinin tələbini pozmuşdur.

24. İddia ərizəsində İddiaçı cavabdehlərə 8420 manatın borc olaraq verdiyini və iddia tələbini mülki qanunvericiliyin borc müqaviləsi ilə bağlı normaları ilə əsaslandırmış və cavabdehlərlə aralarında olan münasibəti borc müqaviləsindən irəli gələn öhdəlik kimi qiymətləndirmişdir. Məhkəmə iclası zamanı da iddiaçı və nümayəndəsi cavabdehlərə verdiyi pul məbləğinin borc olaraq verildiyini bildirmişlər. Eyni zamanda məhkəməyə "Whatsap” sosial şəbəkəsi vasitəsilə qeydə alınmış yazıları təqdim etmişlər. Cavabdehin "Whatsap” sosial şəbəkəsi vasitəsilə “evimi satanda sənə olan borclarımı qaytaracam” ifadəsi borc müqaviləsinin şifahi qaydada bağlanmasını sübut edir. Bundan başqa tərəflərindən AR MM-nin 740.2-cimaddəsinin tələbi pozulmamışdır. Beləki cavabdehə bir dəfəyə verilən borcun miqdarı üç min manatdan çox olmamışdır. Həmin borc məbləği təqdim etdikləri bank qəbzlərindən də göründüyü kimi, müxtəlif tarixlərdə hissə-hissə olmaqla verilmişdir. Cavabdeh “evimi satıb borcumu qaytaracam” yalan vədi verməklə hər dəfə hissə-hissə borc pul alaraq yekun nəticədə tələb etdikləri məbləğ alınmışdır.

25. Bundan başqa qətnamədə yazışmaları aparan şəxslərin şəxsiyyətləri, telefon nömrələrin məlum olmadığı qeyd edilmişdir. Belə olan halda məhkəmə öz təşəbbüsü ilə sorğular və ya müvafiq ekspertiza təyin edə bilərdi. Lakin məhkəmə cavabdehlərin mənafelərini müdafiə etməklə iddiaçının hüquqlarını pozmaqla qanunun tələblərini əməl etməmişdir. Nəticədə ədalətsiz qətnanmə çıxarılmışdır.

26. Ümumiyyətlə məhkəmə iddialarına səthi yanaşmış iş üçün əhəmiyyət kəsb edən məhkəməyə təqdim etdikləri mötəbər sübutlara heç bir əhəmiyyət verməmiş, cavabdehlərin məhkəmədə iştirakı təmin edilməmiş, yalnız bir dəfə cavabdehlərin nümayəndəsinin iddia ilə əlaqəsi olmayan çıxışını dinləməklə kifayətlənmişdir. Beləliklə məhkəmə, AR MPM-nin 78-ci və 88-ci, 97.1-ci maddəsinin, AR MM-nin 739-cu və 740cı maddələrinin tələblərini pozmuşdur. Məhkəmənin gəldiyi nəticə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması nəticəsində əldə olunmuşdur. Hesab edir ki, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun deyildir.

27. Odur ki, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-297/2023 saylı, 26 may 2023cü il tаrixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etirazında apellyasiya şikayətinin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin e-2(033)- 297/2023 saylı, 26 may 2023-cü il tаrixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini əsassız hesab etdiyini göstərmiş və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

30. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddiasının tam təmin edilməsini xahiş etmişdir.

31. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir.

32. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq 33.Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

34.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

35. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Zaqatala Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, e-2(033)-297/2023 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin tam ləğv edilib, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. İddiaçının apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, e-2(033)-297/2023 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

42. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 dostluq münasibətləri olmuşdur. Sahibkar olan İddiaçı ilə Cavabdeh2 qızı olan digər Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixə əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən işəgötürən İddiaçı Cavabdeh1 Plastik sexinə operator vəzifəsinə aylıq 300 manat əmək haqqı ödənməsi şərti ilə işə götürmüşdür. Onların arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 ilə aralarında olan münasibətə güvənərək cavabdehlərə borc verdiyinə əsaslanaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8420 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia tələbini qəbul etmirlər. Müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehlərin kart hesablarına məbləğləri 3000 manatı aşmayan pul vəsaitləri köçürülmüşdür. Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 və digər Cavabdeh1 tərəfindən imzalanaraq, birinci instansiya məhkəməsinə təqdim edilmiş 13 aprel 2023-cü il tarixli iddia ərizəsinə etirazda onlar iddiaçı ilə Cavabdeh1 arasında əmək müqaviləsindən irəli gələn işəgötürən və işçi münasibətlərinin olduğunu, iddiaçının cavabdehlərə məxsus kartlara müxtəlif vaxtlarda 4420 manat pul vurduğunu, həmin məbləğin Cavabdeh1 əmək haqqısı olduğunu qeyd edərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər.

43. Birinci instansiya məhkəməsi iddanı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında qəbzlər və çıxarışlar üzrə 4880 manat ödəmələrin məhz iddiaçı tərəfindən həyata keçirildiyinə dair və ödəmələrin təyinatı ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Eləcə də iddiaçı tərəfindən cavabdehlərə verdiyini iddia etdiyi 3540 manat vəsaitin cavabdehlərə verilməsinə dair ümumiyyətlə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı borc müqaviləsinin bağlanması ilə bağlı cavabdehlərlə aralarında razılaşdırılmış iradə ifadəsinin olmasına dair də sübut təqdim edə bilməmişdir. Eyni zamanda “Whatsap” sosial şəbəkəsi vasitəsilə qeydə alınmış yazılara nəzər yetirildikdə görünür ki, hansı nömrələr arasında yazışmaların aparılmasını müəyyən etmək mümkün deyildir. Göründüyü kimi, yazışmalardan görünür ki, ümumiyyətlə həmin yazışmaları apardığı şəxslərin şəxsiyyətləri, telefon nömrələri məlum deyil, həmçinin həmin yazışmaların iddiaçı tərəfindən yazıldığını zənn etsək belə görünür ki, iddiaçı həmin pul məbləğini cavabdehə borc kimi verməsinə dair hər hansı qeyd yazmamış, hətta göstərmişdir ki, “Olar verərsən”. Buradan da görünür ki, iddiaçı həmin pul vəsaitini cavabdehə borc olaraq verməmişdir. Məhkəmə tərəfindən ümumilikdə iddia tələbinin hüquqi əsası müəyyən edilərkən aydın olur ki, iddiaçı və cavabdeh arasında öhdəliyin zərər vurulması, əsassız varlanma, Mülki Məcəllə ilə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsini göstərən eləcə də tərəflər arasında hər hansı müqavilənin mövcud olduğunu göstərən sübut məhkəməyə təqdim olunmamışdır.

44. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iddianı tam rədd etməkdə haqlı olmamış, eyni zamanda maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və tərəflər arasındakı münasibətlərin xarakterini maddi hüquq normalarının tələbləri baxımından düzgün müəyyənləşdirə bilməmişdir.

45. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

46. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

47. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir;

48. Mülki iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş 09 avqust 2021-ci ildən başlanmaqla ödənişlərin aparıldığı müxtəlif tarixli qəbzlərdən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus kart hesablarına İddiaçı məxsus kart hesablarından fərqli məbləğlərdə, yəni ayrı-ayrılıqda məbləğləri 3000 manatdan yüksək olmayan pul vəsaitləri köçürülmüşdür.

49. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər iddiaya etirazlarında iddiaçı tərəfindən onlara məxsus kart hesablarına müxtəlif vaxtlarda 4420 manat məbləğində pulun köçürüldüyünü etiraf etsələr də, köçürülən pul məbləğlərinin Cavabdeh1 əməkhaqqısı olduğunu göstərmişlər.

50. Lakin kollegiya cavabdehlərin onların kart hesablarına iddiaçı tərəfindən köçürülən 4420 manat məbləğində pulun Cavabdeh1 əmək haqqısı olaraq köçürülməsinə dair fikirləri ilə razılaşmır.

51. Belə ki, iş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, Cavabdeh1 04 aprel 2022-ci il tarixdə işəgötürən İddiaçı tərəfindən aylıq 300 manat əmək haqqı ödənilməklə plastik sexinə operator vəzifəsinə işə qəbul edilmiş, 01 oktyabr 2022-ci il tarixdə isə həmin işdən azad edilmişdir.

52. Bundan başqa İddiaçı məhkəmə kollegiyasına göndərdiyi “Aysuna verilən maaş” yazıları olan qeyd dəftərində Cavabdeh1 2022-ci ilin may ayından oktyabr ayınadək, may ayında hissə-hissə cəmi 200 manat, iyun, iyul, avqust aylarında hissəhissə olmaqla hər ay üçün 400 manat, sentyabr ayında isə hissə-hissə olmaqla cəmi 450 manat məbləğlərdə maaş verildiyi və həmin “Tarix” göstəriciləri olan rəqəmlərin və verilən maaşın məbləğinin qarşısında Cavabdeh1 adından imzaların icra olunduğu müəyyən edilir. Həmin kitabın məhkəmə kollegiyasına göndərilməsinə dair müşaiyətedici məktubda iddiaçı tərəf təqdim edilən sübutun lazım gələrsə ekspertiza tədqiqatına göndərilməsinə də hazır olduğunu göstərmiş, həmin imzaların cavabdehə məxsus olmaması cavabdeh tərəfdən mübahisələndirilməmişdir.

53. Həmçinin İddiaçı ilə Cavabdeh1 arasında əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlandığı halda cavabdehlərin kart hesablarına iddiaçı tərəfindən ödənişlərin aparılması 09 avqust 2021-ci il tarixdən başlanmaqla köçürülən məbləğlərin Cavabdeh1 əmək müqaviləsi üzrə verilməsi nəzərdə tutulan əmək haqqı ilə üst-üstə düşmədiyi müəyyən edilir.

54. Bundan əlavə “Whatsap” sosial şəbəkəsi vasitəsilə qeydə alınmış yazılara nəzər yetirildikdə görünür ki, sms göndərən şəxs qəbzin şəklini digər şəxsə göndərərək “70 manat göndərdim kartına” yazmışdır. Digər şəxs isə “necəsən, evimi satanda sənə olan borclarımı qaytaracam” yazmışdır.

55. Həmin “Whatsap” sosial şəbəkəsi vasitəsilə qeydə alınmış yazılardan da göründüyü kimi Cavabdeh2 İddiaçı borclarını qaytaracağını yazaraq, həqiqətəndə iddiaçı tərəfindən borcun verildyini qəbul etmişdir.

56. Belə ki, cavabdehin nümayəndəsi və vəkili məhkəmə kollegiyaslına ünvanladığı 09 oktyabr 2023-cü il tarixli ərizəsində də hüquqlarını müdafiə etdiyi şəxsin “mənim həmin yazışmam etirazda qeyd etdiyim kimi iddiaçının mənə olan əxlaqsız təklifinə mən etiraz bildirdikdə o, məndən heyif almaq məqsədi ilə evimə etdiyi bazarlıqların pulunu da mənim başıma çaxdığı zaman bildirmişəm ki, evi satanda onların da borcunu qaytaracam” bildirdiyini göstərmişdir. Məhkəmə kollegiyasının iclasında da cavabdehin nümayəndəsi və vəkili ilə dəqiqləşdirilmə aparıldıqda cavabdehin nümayəndəsi həmin “Whatsap” yazışmasının Cavabdeh2 ilə İddiaçı arasında aparıldığını təsdiq etdmiş, lakin həmin “Whatsap” yazışmasının iddiaçının cavabdehlərdən hazırda tələb etdiyi pul məbləği ilə bağlı olmadığını, iddiaçının cavabdehin evinə etdiyi bazarlıqlarla əlaqəli borcu qaytarmaq niyyəti ilə bağlı olduğunu göstərmişdir.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

58. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

59. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehlərə borc verməsinə dair öz iddia tələbinin əsası kimi istinad etdiyi cavabdehlərin kart hesablarına pul vəsaitlərinin köçürülməsinə dair ödəniş sənədlərini, cavabdehlərin onun qarşısında borc öhdəliyinin olmasına dair “Whatsap” yazışmasını təqdim etdiyi, cavabdehlər 13 aprel 2023-cü il tarixli iddia ərizəsinə etirazda iddiaçının onlara məxsus kartlara müxtəlif vaxtlarda 4420 manat pul vurduğunu göstərdikləri halda, cavabdeh tərəf “Whatsap” yazışmasında etiraf etdiyi borcun məhz bazarlıqla bağlı olmasını əsaslandıra bilməmişdir.

60. Beləliklə məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin cavabdehin "Whatsap” sosial şəbəkəsi vasitəsilə “evimi satanda sənə olan borclarımı qaytaracam” ifadəsinin borc müqaviləsinin şifahi qaydada bağlanmasını sübut etməsinə dair dəlili ilə razılaşaraq qeyd edir ki, cavabdehlərin iddiaçı qarşısında 4420 manat pul borcunun olması işdə olan sənədlərlə təsdiq edildiyi halda, birinci instansiya məhkəməsinin tərəflər arasında borc münasibətlərinin mövcud olmamasına dair yanaşması doğru olmamışdır.

61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəfindən AR MM-nin 740.2-ci maddəsinin tələbinin pozulmaması, cavabdehə bir dəfəyə verilən borcun miqdarının üç min manatdan çox olmamasına dair dəlili ilə də razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən cavabdehlərin kart hesablarına hər dəfə ayrı-ayrılıqda köçürülən pul məbləğlərinin 3000 manatdan yüksək olmaması işin mübahisəsiz halıdır və hər dəfə cavabdehlərin kart hesablarına köçürülən pul məbləğləri ayrı-ayrılıqdakı borc münasibətləri kimi qiymətləndirilməli, cavabdehlərin iddiaçı tərəfindən onların kart hesablarına ödənildiyini təsdiq etdikləri 4420 manat vəsaitə dair onlar tərəfindən ayrıca ödəniş sənədləri təqdim edilməməklə aldıqları 4420 manatda paylarının fərdiləşdirilməsi mümkün olmadığından həmin məbləğin iddiaçı qarşısındakı müştərək borcları olması qəbul edilməlidir.

62. Cavabdehlərin iddiaçı qarşısında 4420 manat borc öhdəliklərinin olması müəyyən edildiyindən məhkəmə kollegiyası apellyatorun iddianın tam təmin edilməli olmasına dair mövqeyi ilə razılaşmır.

63. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin öz təşəbbüsü ilə sorğular və ya müvafiq ekspertiza təyin edə bilməsinə dair dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən isə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İş materiallarından iddiaçı tərəfindən qeyd edilən məsələlər üzrə hər hansı bir vəsatətin verilməsi, yaxud da ekspertizanın təyin edilməsi üçün zərurətin olması halı müəyyən edilməmişdir.

64. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, e-2(033)-297/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4420 manat məbləğində pul vəsaiti və həmin məbləğə uyğun 64,20 manat dövlət rüsumu alınaraq, İddiaçı verilməli, əsaslı olmadığından iddia tələbi qalan hissədə təmin edilməməlidir.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, e-2(033)- 297/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4420 manat məbləğində pul vəsaiti və 64,20 manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar