Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-967/2022 21.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 4 may 2022-ci il tarixli 2(039)-41/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı mənzil almaq istəmiş və Cavabdeh ilə sonuncuya məxsus Yevlax şəhəri, Qamboy Quliyev küçəsi 4 saylı evin 1 saylı mənzilin alqı-satqısı barədə razılaşmışlar. Mənzilin sənədləri qaydasında olmadığından iddiaçı cavabdehə beh kimi 500 manat pul vermişdir. Həmçinin iddiaçı cavabdehə məxsus mənzilə köçərək orada təmir işləri gördürmüşdür. Tərəflər arasında olan razılığa əsasən mənzil 2020-ci ilin may ayının sonunadək iddiaçının adına rəsmiləşdirilməli idi. Lakin razılıqları pozulmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş maddi ziyana görə 6000 manat məbləğin, mənəvi ziyana görə 7000 manat məbləğin və iddia tələbi ilə əlaqədar banka ödədiyi 30.40 manat məbləğin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddianın qismən qəbul edir. 500 manat sənədləşdirmə üçün pul almışdır. Həmin pulu qaytarmağa etiraz etmir. Təmirə qeyd olunan qədər vəsait xərclənməyibdir. İş üzrə ekspertiza təyin edilməsini xahiş etmiş və rəydə göstərilən təmir xərcini iddiaçıya ödəyəcəkdir.
4. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, 2019-cu ilin iyun ayında cavabdehə məxsus mənzili almaq qərarına gəlmiş və danışıqdan sonra ona beh kimi 500 manat pul vermişdir. Sonradan cavabdehin təşəbbüsü ilə aralarında olan razılaşmaya əsasən həmin mənzilə köçmüşdür. Eyni zamanda alqı-satqını rəsmiləşdirmək üçün notariusa müraciət etmişdir. Lakin evin sənədləri natamam olması müəyyən edilmişdir. O xərc çəkərək evin sənədlərini qaydaya salmış və müvafiq çıxarış almışdır. Cavabdeh ondan 2020-ci ilin may ayınadək alqı-satqının gözləməsini xahiş etmiş, o da razılıq vermişdir. Bunun müqabilində cavabdeh ona alqı-satqını üzərinə götürməsi barədə yazılı qəbz də vermişdir. Sonra da sosial yardım almaq adı ilə alqı-satqının müddətini 2021-ci ilin yanvar ayınadək uzatmışdır. O isə evi aldığını fikirləşərək, evi təmir etdirmiş, 4500 manat xərc və mənzilin sənədlərini qaydasına salmaq üçün 1000 manat xərc çəkmişdir. Cavabdeh onun evinə gələrək onun üzərinə hücum etmiş, onu döymüş və ona mənəvi ziyan vurmuşdur. Hazırda cavabdehdən 500 manat verdiyi behi, 4500 manat təmir xərcini, 1000 manat sənədlərin hazırlanması üçün və 7000 manat mənəvi ziyana görə pul tələb edir.
5. İddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
6. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izah etdi ki, beh kimi, yəni sənədlərin qaydaya salınması üçün 500 manat pul almışdır. Həmin pulu qaytarmağa razıdır. İddianın təmin xərci hissəsi ilə razı deyil. Belə ki, təmirə təxminən 800 manat pul xərclənmişdir. İddianın 1000 manat sənədlərin hazırlanması üçün pul və 7000 manat mənəvi ziyan hissəsini ümumiyyətlə qəbul etmir.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı mənzil almaq istəmiş və cavabdehlə sonuncuya məxsus şəhəri, Qamboy Quliyev küçəsi 4 saylı evin 1 saylı mənzilin alqı-satqısı barədə razılaşmışlar. Mənzilin sənədləri qaydasında olmadığından iddiaçı cavabdehə beh (sənədlərin qaydasına salınması) kimi 500 manat pul vermişdir. Həmçinin iddiaçı cavabdehə məxsus mənzilə köçərək orada təmir işləri gördürmüşdür. Tərəflər arasında olan razılığa əsasən mənzil 2020-ci ilin may ayının sonunadək iddiaçının adına rəsmiləşdirilməsi idi. Lakin razılıqları pozulmuş və iddiaçı 500 manat beh, 4500 manat təmir xərci, 1000 manat sənədlərin hazırlanması üçün xərcin və 7000 manat mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, 500 manat behin (sənədlərin hazırlanması üçün pulun) qaytarmasına etiraz etmədiyini, həmçinin təmir xərci ilə bağlı ekspertiza təyin edilməsini və ekspert rəyində göstərilən təmir xərcini ödəməyə razı olduğunu bildirmişdir. Ekspertiza rəyi ilə mənzilin təmirinə 4260 manat xərc çəkildiyi müəyyən edilmişdir. Yevlax Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(039)- 2516/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh mülkiyyətində olan Yevlax şəhəri, Q.Quliyev küçəsi bina 4, mənzil 1-dən cavabdehlər X2 və İddiaçı çıxarılması qət edilmişdir.
8. Məhkəmə iddianın 1000 manat sənədlərin hazırlanması üçün xərc hissəsi ilə bağlı qeyd edir ki, sənədlərin hazırlanması üçün iddiaçı tərəfindən 1000 manat pul xərclənməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin həmin xərclər nədən ibarət olması əsaslandırılmamışdır.
9. Həmçinin iddianın mənəvi zərər hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, mənəvi zərərin nədən ibarət olmasını və həmin zərərin dəyməsinə dair məhkəməyə sübut təqdim edilmədiyindən təmin edilməməlidir. İddianın 500 manat avans hissəsini cavabdeh tam qəbul etdiyindən iddia həmin hissədə təmin edilməlidir. İddianın 4500 manat təmir xərci hissəsində məhkəmə qeyd edir ki, ekspert rəyi ilə mənzilin təmirinə 4260 manat xərc çəkildiyi müəyyən edildiyindən iddianın təmir xərci hissəsi 4260 manat hissəsində təmin edilməlidir. Həmçinin cavabdeh təmirə 800 manat pul xərcləndiyini bildirsə də, buna dair məhkəməyə sübut təqdim etməmişdir.
10. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 500 manat avans (sənədlərin hazırlanması üçün ödənilmiş pul), 4260 manat mənzilə çəkilmiş təmir xərci və 30.40 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Cavabdeh 100 manat ekspertiza xərci tutularaq X1; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir.
11. Yevlax Rayon Məhkəməsinin 4 may 2022-ci il tarixli 2(039)-41/2022 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia qismən təmin olunmuş, Cavabdeh 500 manat avans, 4260 manat mənzilə çəkilmiş təmir xərci və 30.40 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh 100 manat ekspertiza xərci tutularaq X1; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 491, 492, 493, 1091, 1092, 1096 və 1097-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
13. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ərizədən məlum olur ki, Cavabdeh Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 4, 1 saylı mənzili 2020-ci ilin may ayının sonunadək İddiaçı satmağı öz üzərinə götrmüşdür.
14. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 4 saylı Mənzil İstismar sahəsinin 07 sentyabr 2021-ci il tarixli 262 saylı arayışından məlum olur ki, İddiaçı Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 4, mənzil 1-də yaşayır.
15. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 07 sentyabr 2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən məlum olur ki, İddiaçı 30.40 manat dövlət rüsumu ödəmişdir.
16. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(039)-1968/2021 saylı qərardadından məlum olur ki, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə məhkəmətikinti texniki ekspertizası təyin edilmiş və Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi «Məhkəmə Ekspertizası Mərkəzinin» ekspertlərinə həvalə edilmişdir.
17. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi «Məhkəmə Ekspertizası Mərkəzinin» 18 mart 2022-ci il tarixli 10/6594 saylı rəyindən məlum olur ki, Yevlax şəhəri, Qamboy Quliyev küçəsi 4 saylı evin 1 saylı mənzilinin dəhliz, mətbəx və yaşayış otağının divarları və tavanları boya ilə rənglənmiş, döşəmələri isə linoliumla üzləndiyi müəyyən edilmişdir. Hamam-ayaqyolu tikililərinin sanitar qovşağının döşəməsi sement məhlulu ilə üzlənmiş, su və kanalizasiya xətlərinin bir hissəsinin təmir olunduğu müəyyən edilmişdir. Yevlax şəhəri, Qamboy Quliyev küçəsi 4 saylı evin 1 saylı mənzildə aparılmış müxtəlif növ tikinti-təmir işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1 kv.m sahəyə təqribən 150 manat dəyərində vəsaitin sərf olunduğunu nəzərə alaraq Yevlax şəhəri, Qamboy Quliyev küçəsi 4 saylı evin 1 saylı mənzilinin təmirinə 4260 manat (28.4x150) dəyərində vəsait sərf olunduğu müəyyən edilmişdir.
18. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(039)-2516/2021 saylı qətnaməsindən məlum olur ki, İddiaçı Cavabdeh mülkiyyətində olan Yevlax şəhəri, Q.Quliyev küçəsi bina 4, mənzil 1-dən cavabdehlər X2 və İddiaçı çıxarılması qət edilmişdir.
19. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi və vəkili Vəkil аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı Yevlax şəhəri Q. Quliyev küçəsi 4 saylı evin 1 saylı mənzilini almaq niyyətində olması ilə bağlı onu inandırmışdır. Özünün yaşlı və xəstə anası ilə birlikdə evsiz - eşiksiz qaldığını və mənzilin onun iş yerinə yaxın olmaqla onlar üçün əlverişli olduğunu bildirmişdir. Və bu səbəbdən də özü və ailəsi tərəfindən həmin mənzil yaşamaq üçün iddiaçıya təhfil verilmiş və iddiaçı da öz növbəsində mənzilin sənədləri qaydada salmaq üçün ona 500 (beş yüz) manat pul vermişdir. İddiaçı ilə razılaşma belə olmuşdur ki, o, mənzilin sənədlərini qaydaya salacaq , iddiaçı isə mənzilin dəyərini hazır edərək Yevlax şəhəri Q. Quliyev küçəsi 4 saylı evin 1 saylı mənzilinə dair alqı-satqı müqaviləsi bağlanacaqdır. O, iddiaçının ona verdiyi 500 manat məbləğindən istifadə edərək mənzilin sənədlərini qaydasına salsa da , o cümlədən bundan sonra dəfələrlə cavabdehə sifarişlər göndərərək alqı-satqı müqaviləsini rəsmiləşdirməyi ona təklif etsə də, cavabdeh mənzilin dəyərini düzəltmədiyini bildirmişdir. Belə olan halda, ona və anasına mənzili ona təhvil verməsini (500 manatın qaytarılması şərti ilə, baxmayaraq ki, onlar da onun mənzilində yaşamışdılar) təklif etsə də, iddiaçı öz şəxsi mövqeyini ortaya qoymuş və bildirmişdir ki, öz müdiri ilə məsləhətləşməmiş heç bir addım atmayacaqdır. Onu da qeyd edir ki, İddiaçı Yevlax Rayon icra və Probasiya Şöbəsində ştatdankənar işçidir və lap sonralar öyrənmişdir ki, əvvəldən, iddiaçının ümumiyyətlə mənzilin dəyərini ona ödəmək niyyəti yox imiş. Çünki, mənzilin boşaldılması və ona təhvil verilməsi ilə bağlı çoxsaylı təkidlərinə qarşı, iddiaçının anası həyat yoldaşına deyirdi ki, gəlin birlikdə yaşayaq, siz də yaşayın, biz də. Həm də iddiaçı hər vədə özünün Yevlax Rayon icra və Probasiya Şöbəsinin işçisini olmasını ona və ailə üzvülərinə bəyan edərək onları qorxutmaq istəyirdi ki, geriyə çəkilsinlər və mənzili, ümumiyyətlə tələb etməsinlər.
21. İddiaçı ondan 6000 manat məbləğində maddi ziyan (təmir xərci) tələb etmiş və onun iddia tələbi 4260 manat həcmində ( təmir xərci) təmin edilmişdir. Həmin məbləğ, yəni 4260 manat ekspert rəyi əsasında müəyyən edilmişdir. Hansı ki, həmin rəy obyektiv deyildir və sırf iddiaçının sifarişi ilə yazılmaqla iddiaçının maraqlarının təmin edilməsinə yönəlmişdir. Tədqiqat obyektinə baxış keçirilərkən onun iştirakı təmin edilməmişdir. İddiaçının Yevlax şəhəri Q. Quliyev küçəsi 4 saylı evin 1 saylı mənzilinə sərf etdiyi təmir xərci onun və anasının həmin ünvanda normal yaşamaları üçün o cümlədən sırf özlərinin rahat yaşamaları üçün qoyulmuş xərcdir. Və həmin təmir işləri mövsümü xarakter daşıyır. Hansı ki, həmin təmir işləri hər il görülür. Belə ki, istənilən ünvanda yaşayan hər bir şəxs mülkiyyətçi və ya kirayəçi və ya icarəçi mənzilin divarlarını hər il boyayır. İddiaçının Yevlax şəhəri Q. Quliyev küçəsi 4 saylı evin 1 saylı mənzilində görüdüyü təmir işləri uzun illər və ya davamlı qalan işlər deyildir ki, həmin təmir nəticəsində o əsassız varlansın. Ekspert rəyində konkret olaraq görülmüş işlər sadalansa da, həmin təmir işlərinin və ya ümumiyyətlə işlərin daimi, uzun müddətli, təmizlik üçün bir illik və ya mövsümü xarakter daşıması göstərilməmişdir. Həm də ekspert rəyi əsassızdır , ona görə ki, ekspert rəyində mənzildə müxtəlif işlərin görülməsi sadalansa da, hər bir iş və hər bir xidmət haqqı eyni qiymətlə dəyərlənmişdir. Hər bir iş üzrə ayrıca yanaşma yoxdur. Bu hal da ekspert rəyinin birmənalı olaraq iddiaçının sifarişi ilə yazıldığını və ekspert rəyinin həqiqəti əks etdirmədiyini göstərir.
22. Divarın kirini - pasını ört - basdır etmək üçün divara çəkilmiş boya ən uzağı bir il müddətinə eyni keyfiyyətdə qalır. İddiaçının Yevlax şəhəri Q. Quliyev küçəsi 4 saylı evin 1 saylı mənzilində yaşadığı müddətdə divarlar yenidən kirlənmiş və yenidən boyanmağa ehtiyac vardır, iddiaçı özünün təmiz yerdə yaşaması üçün divara boya çəkmiş və döşəmə linoliumla üzlənmişdir. Linilium materialı da uzağı bir-iki ildən sonra istifadə üçün yararsız olur. Döşəməyə vurulmuş linolium da iddiaçının özü üçün yaratdığı müvəqqəti rahatlıqdır. Bu və digər işlərin onun varlanmasına heç bir aidiyyəti yoxdur. Həm də həmin mənzil halhazıradək ona təhvil verilməmişdir. Mənzilin ona təhvil verilməsi zamanı iddiaçının iddia edərək ekspertin astronomik qiymətlə qiymətləndirdiyi təmirlər mövcud olacaqmı? Məgər qeyd edilən təmirlər uzun müddətli və ya ömürlük işlərdirmi? Məhkəmə iddia tələbini qismən təmin etməklə bütün bu halları nəzərə almamışdır.
23. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 4 may 2022-ci il tarixli 2(039)-41/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
26. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 4 may 2022-ci il tarixli 2(039)-41/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. 491.1-ci maddəsinə əsasən Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. 491.3-cü maddəsinə əsasən Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olubolmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
30. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 4 may 2022-ci il tarixli 2(039)-41/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşsa da, mənzilin təmirinə çəkilmiş xərcin məbləği ilə razılaşmır.
32. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 14 noyabr 2022-ci il tarixli 10/5558 nömrəli rəyindən görünür ki, Yevlax şəhəri, Qamboy Quliyev küçəsində yerləşən 4 saylı evin 1 saylı mənzili üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 4257,0 manat məbləğində müəyyən edilmişdir. Yevlax şəhəri, Qamboy Quliyev küçəsində yerləşən 4 saylı evin 1 saylı mənzildə aparılmış təmir işlərinin hansıların (ayrı-ayrılıqda) mövsümi, müəyyən müddətə və ya daimi xarakter daşımasını müəyyən etmək üçün metodika olmadığından qərardadda qoyulmuş həmin suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Həmin rəyin təsviri hissəsində göstərilmişdir ki, baxış zamanı tədqiq olunan mənzil üzrə təmir işləri aparıldığı və ayrı-ayrı otaqlar üzrə yerinə yetirilmiş təmir işlərinin aşağıda göstərilənlərdən ibarət olduğu müəyyən edilmişdir: Tədqiq olunan mənzilin giriş qapısı dəmir materialdan düzəldilmişdir; 1 saylı dəhliz tikilisinin divar və tavanına şpaklyovka çəkilərək boya ilə rənglənmiş, döşəməsinə beton məhlulu tökülərək üzərinə linolium çəkilmişdir. 2 saylı sanitar qovşağı tikilisinin döşəməsinə döşəməsinə beton məhlulu tökülmüş və su-kanalizasiya xətləri çəkilmişdir; 3 saylı mətbəx tikilisinin divar və tavanına şpaklyovka çəkilərək boya ilə rənglənmiş, döşəməsinə beton məhlulu tökülərək üzərinə linolium çəkilmişdir. 4 saylı yaşayış otaqlarının divar və tavanına şpaklyovka çəkilərək boya ilə rənglənmiş, döşəməsinə beton məhlulu tökülərək üzərinə dikt vurularaq linolium çəkilmişdir. Qərardadla qoyulmuş sual ilə əlaqədar qeyd olunur ki, tədqiq olunan mənzil üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin dəyərini müəyyən etmək üçün, mövcud bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla smeta tərtib olunmuşdur. Ekspert rəyinə əlavə olunmuş smeta cədvəlində görülmüş işlərin adları, vahidi, miqdarı, dəyəri və cəmi dəyəri ayrılıqda göstərilməklə fərdiləşdirilmişdir.
33. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 21-23cü bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş ekspertiza nəticəsində əldə edilmiş 18 mart 2022-ci il tarixli 10/6594 saylı rəy ilə müəyyən edilmiş mənzilin təmirinə çəkilmiş xərclərin məbləği cavabdeh tərəfindən mübahisələndirildiyindən işə apellyasiya qaydasında baxılarkən əlavə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş və yuxarıda göstərilən rəy alınmışdır. Həmin rəy işin faktiki hallarına uyğun gəldiyindən və cavabdeh tərəfin mübahisələndirdiyi məsələlərə aydınlıq gətirdiyindən sübut kimi qəbul edilmişdir.
34. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin 4 may 2022-ci il tarixli 2(039)-41/2022 saylı qətnaməsi dəyişdirilməli, Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli olan mənzilə çəkilmiş təmir xərci 4257 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İki ekspertiza tədqiqatının cəmi dəyəri olan 150 manat Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilməlidir. (AZ34CTRE00000000 00**********; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22).
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 4 may 2022-ci il tarixli 2(039)-41/2022 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli olan mənzilə çəkilmiş təmir xərci 4257 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İki ekspertiza tədqiqatının cəmi dəyəri olan 150 manat Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********000 2088501; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22). Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Ayaz Mahmudov