Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-978/2022 22.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanuni qüvvəsini almış qətnamənin icra olunmaması ilə bağlı 5 faizin tələb edilməsi -iş məhkəmə qaydasında baxılmalı deyilsə - Xitam) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(016)-371/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Ağsu Rayon Məhkəməsinin 06 iyul 2015-ci il tarixli, 2(016)-521/2015 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 2.000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
2. Ağsu Rayon Məhkəməsinin 10 fevral 2017-ci il tarixli, 2(016)-32/2017 saylı qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir.
3. 23 dekabr 2021-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh müraciət edilərək 5 gün müddətinə 650 manat pulun ona ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyi qeyd edilmişdir.
4. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 oktyabr 2022-ci il tarixli, 9/6395 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, 07 avqust 2015-ci il tarixdən 23 fevral 2022-ci il tarixədək (iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixədək) 2000 (iki min) manat əsas borc məbləğində illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu 654.44 manat müəyyən edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən Ağsu rayon Məhkəməsinin 06 iyul 2015-ci il tarixli, 2(016)-521/2015 saylı qətnaməsinin qəbul edildiyi 06 iyul 2015-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 18 fevral 2022-ci il tarixədək olan 6 il 7 ay müddətində hər il üçün 100 manat, cəmi 670 (2000 AZN/100%=20 x 5%=100 AZN, 100 AZN x 6 il 7 ay = 670 AZN) pulun alınaraq ona ödənilməsini xahiş etmişdir.
6. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, Ağsu Rayon Məhkəməsinin 06 iyul 2015ci il tarixli, 2(016)-521 /2015 saylı qətnaməsi ilə iddiaçı tərəf olaraq onun Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi təmin edilərək cavabdehdən cəmi 2.000 manat pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minib icra edilməsi üçün borclunun qeydiyyatda olduğu yer üzrə Ağsu rayon İcra Şöbəsinə göndərilib. Lakin Ağsu rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi Cavabdeh icra tədbirlərindən yayınması səbəbindən mümkün olmamışdır. Ağsu rayon Məhkəməsinin 10 fevral 2017-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş üzrə cavabdeh məhkəmə qərarını icra etmədiyindən, ona məxsus olan pulu uzun müddət qanunsuz olaraq özündə saxladığından, bununla da onu pulundan fayda əldə etməkdən məhrum etdiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Bununla əlaqədar olaraq 23 dekabr 2021-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh müraciət edərək 5 gün müddətinə 650 manat pulun ona ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyini Cavabdeh nəzərinə çatdırmışdır.
7. Ağsu Rayon Məhkəməsinin (hakim A.Əsgərov) 26 aprel 2022-ci il tarixli, 2(016)- 371/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
9. Göründüyü kimi, iddiaçı məhkəmə qətnaməsi ilə ona ödənilməsi nəzərədə tutulan 2.000 manat məbləğində pulun ona qaytarıldığı təqdirdə, nə üçün xərcləyəcəyini və xərcləyəcəyi təqdirdə nə qədər gəlir əldə edəcəyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Avşar Türkiyəyə qarşı” iş üzrə qərarına, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarlarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4.-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən Cavabdeh Ağsu Rayon Məhkəməsinin 06 iyul 2015-ci il tarixli 2(016)-521/2015 saylı qətnaməsini 6 il 7 ay müddətində icra etməyib. Odur ki, cavabdeh həmin müddət üçün illik 5 faiz olmaqla ona 670 manat pul ödəməlidir.
12. Birinci instansiya məhkəməsi mübahisəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən həll etmək əvəzinə mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.4-cü maddəsinin normalarını tətbiq edib.
13. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının cavabdehdən məhkəmə qətnaməsi ilə alacağı 2000 manatı nə üçün xərcləyəcəyi və nə qədər gəlir əldə edəcəyi barədə sübutları məhkəməyə təqdim edilməməsinə əsaslanmışdır.
14. Məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi əldə edildiyi halda vəsaitin hansı işlərə xərclənəcəyi və nə qədər gəlir əldə edəcəyi ehtimalları ilə şərtləndirilməmişdir. Əksinə, həmin maddi hüquq normasına əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, bu halda cavadeh gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
15. Göründüyü kimi, hazırkı işdə cavabdeh öhdəliyini icra etmir, iddiaçı isə daha böyük məbləğ tələb edə bilmir. Odur ki, hazırkı iddia tələbi əsaslıdır.
16. Bundan başqa, məhkəmə nəzərə almayıb ki, cavabdeh qanuni qüvvəyə minmiş qətnaməni 6 ildən artıq müddətdə qismən olsa belə icra etməməsi qəsdlə bağlı hərəkətdir. Əks halda, cavadehin ölkədən çıxmaq hüququ məhdudlaşdırıla və barəsində axtarış qərarı qəbul edilməzdi.
17. Cavabdehin qanuni qüvvəyə minmiş qətnaməni 6 ildən artıq müddətdə qismən olsa belə icra etməməsi qəsdlə bağlı hərəkət deyilsə belə bunu cavabdeh sübut etməlidir. Cavabdeh isə məhkəmə icraatından yayınıb.
18. Hazırkı işdə borclunun barəsində digər icra sənədləri də, mövcuddur ki, bu da, borclunun ayrı-ayrı fiziki şəxslərdən, eləcə də banklardan və məişət texnikası satan hüquqi şəxslərdən nəğd pul və ya əşya alaraq dəyərini ödəməməyi özünün həyat tərzinə çevirməsini təsdiq edir.
19. Bundan başqa, birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş əvvəlki qətnamələri sübut kimi qiyməthndirməyib və bunun səbəblərini mübahisələndirilən qətnamədə əsaslandırmayıb.
20. Ağsu Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(016)-371/2022 saylı qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
23. Tərəflər rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 50 370 99 99 və 77 309 43 42 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.
24. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)
25. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir 261.0.1. maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1. maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. 232.1-ci maddəsinə əsasən, iş üzrə tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2-ci maddəsində göstərilir ki, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3-cü maddəsinə görə, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. 387.2.1-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa ləğv edilməlidir
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayətləri qəbul olunmuş qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(016)-371/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(016)-371/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.
30. Belə ki, iddia tələbinin ifadə tərzindən və mahiyyətindən göründüyü kimi hazırki iş üzrə iddia tələbinin predmetini “Ağsu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(016)- 521/2015 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtdan hazırki vaxtadək icra olunmaması səbəbindən illik 5 faiz məbləğində pulun tutulması” təşkil edir.
31. Deməli, hazırkı işdə iddiaçının mübahisələndirdiyi məsələ digər mülki iş üzrə qəbul olunmuş qətnamənin icra olunmaması ilə bağlıdır. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 447.5-ci maddəsinə istinad etmiş, işə baxan birinci instansiya məhkəməsi isə sübut təqdim olunmaması əsası ilə iddianı təmin etməmişdir.
32. Apellyasiya instansiyası bildirir ki, iddia tələbinə mahiyyəti üzrə baxmazdan əvvəl birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalı idi.
33. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir.
34. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
35. Hazırki işdə işə baxmış birinci instansiya məhkəməsi iddia tələbini yolverilməzliyə görə qəbul etməkdən imtina etməyərək iddia tələbinə ümumi məhkəmədə iddia icraatı qaydasında baxılmalı olmadığı halda mahiyyəti üzrə baxaraq, prosessual pozuntuya yol vermişdir.
36. Belə ki, öyrənilən işin faktiki halından görünür ki, Ağsu Rayon Məhkəməsinin 06 iyul 2015-ci il tarixli, 2(016)-521/2015 saylı qətnaməsi ilə Cavabdeh 2.000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, həmin qətnamə icraya yönəldilmiş, lakin icra məmuru tərəfindən bir sıra icra tədbirlərinin həya keçirilməsinə baxmayaraq, qətnamə icra olunmamışdır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin (ödənilməli pul məbləğlərinin indeksasiyası) dispoziya şərtindən məlum olur ki, qanunvericilik qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirilməsi imkanını nəzərdə tutsa da, bunu iddia icraatı qaydasında deyil, işə baxmış məhkəməyə ərizə formasında müraciət edilməklə həyata keçirilməsini nəzərdə tutmuş, işə baxan birinci instansiya məhkəməsi də ödənilməli pul məbləğinin indeksasiyası barədə məhkəmə aktını qətnamə formasında deyil, qərardad formasında çıxarmalıdır.
38. Göründüyü kimi ödənilməli pul məbləğinin indeksləşdirilməsinə qətnamə icra edilənə kimi yol verilir. Pul məbləğinin indeksləşdirilməsi barədə ərizə xeyrinə pul tutulması olan şəxs tərəfindən işə baxmış məhkəməyə verilir. Ərizəyə məhkəmə iclasında, tərəflər dəvət edilməklə baxılır. Qəbul edilən qərardaddan da ümumi qaydada şikayət verilə bilər.
39. Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə (İndeksləşdirmənin mahiyyəti və məqsədi) İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir.
40. Göründüyü kimi hazırki tələblə ödənilməli pul məbləğinin indeksasiyası fərqli tələb olmaqla yanaşı, onların baxılmasının prosedur qaydası və qəbul olunacaq qərarın forması da tamamilə başqadır və prosessual qanunvericilik hazırki tələbə iddia icratı qaydasında məhkəmədə baxılmasını istisna edir.
41. Prosessual qanunverciliyə görə, iddianın predmeti iddianın elementlərindən biri olmaqla iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi hüquqi tələbdən ibarətdir. Bu mənada iddianın predmeti dedikdə-mübahisəli subyektiv hüquq və ya hüquq münasibətləri deyil, bu münasibətlərdən irəli gələn iddiaçının cavabdehə qarşı olan maddi-hüquqi tələbi başa düşülür.
42. İddianın əsası onun faktiki və hüquqi əsaslarından ibarətdir. İddianın faktiki əsası dedikdə-iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar başa düşülür. İddia ərizəsində iddiaçının öz tələblərini əsaslandırdığı hallar hüquqi faktlar olmaqla tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yaranmasının, dəyişməsinin və xitamının əsası kimi çıxış edir.
43. İddianın hüquqi əsası dedikdə- iddiaçının cavabdehə qarşı tələbinin hüquqi cəhətdən əsaslandırılması (hüquqi tövsüf) başa düşülür. Hər bir halda iddiaçının cavabdehə qarşı tələbi konkret hüquq münasibətlərindən irəli gəlir və bu münasibətlər də normativ-hüquqi aktlarla tənzimlənir.
44. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda.
45. Beləliklə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd edir ki, mülki prosessual qanunvericilik ödənilməli olan pul məbləğinin indeksasiyası məsələsinə iddia icraatı qaydasında deyil, mülki işin davamı kimi, yəni qətnaməni çıxarmış məhkəmə tərəfindən icra icraatı qaydasında baxılmalı olmasını nəzərdə tutur. Lakin, birinci instansiya məhkəməsi, iddia ərizəsini icraata qəbul edərək bu iddiaya iddia icraatı qaydasında baxıb və bununla da, mülki prosessual normaların tələblərini pozub.
46. Ona görə də bu tələbə, iddia icraatı qaydasında məhkəmədə baxıla bilməz və iş üzrə icraata xitam verilməli, eyni zamanda iddiaçıya Azərbaycan Respublikası MPM-nin 232-ci maddəsinə uyğun olaraq ödənilməli pul məbləğlərinin indeksasiyası ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır.
47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(016)-371/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.
49. İşdən görünür ki, iddiaçı məcburi köçkün statusuna malik olduğundan iddia və apellyasiya şikayəti üçün dövlət rüsumu ödəməkdən azad olunmuşdur.
50. Kollegiya həmçinin bildirir ki, işin obyektiv həlli məqəsədilə apellyasiya icraatı zamanı ekspertiza təyin edilmiş və illik beş faiz dərəcəsi ilə hesablanmış faiz borcu 654.44 manat müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, bu hal iddiaçının mənafeyinə xidmət etsə də, hazırki halda qiymətləndirilməsi mümkün deyil. Ona görə də kollegiyanın qənaətinə görə apellyasiya icraatı zamanı təyin edilmiş ekspertiza xərci iddiaçıya aid edilməlidir.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-266, 398, 399-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(016)-371/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “cavabdehdən Ağsu Rayon Məhkəməsinin 06 iyul 2015-ci il tarixli, 2(016)-521/2015 saylı qətnaməsinin qəbul edildiyi 06 iyul 2015-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 18 fevral 2022-ci il tarixədək olan 6 il 7 ay müddətində hər il üçün 100 manat, cəmi 670 (2000 AZN/100%=20 x 5%=100 AZN, 100 AZN x 6 il 7 ay = 670 AZN) pulun alınaraq ona ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə ekspertiza xərci 100 manat İddiaçı alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilsin Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına (elektron kabinet və vəkil vasitəsilə) kassasiya şikayəti verə bilərlər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov