Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-980/2022 08.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "istifadənin qanunsuz hesab edilərək qeyri-yaşayış sahəsindən çıxarılması" tələbinə dair mülki iş üzrə ( torpaq sahəsi və qeyri-yaşayış sahəsindən çıxarılma-məhkəmə aidiyyəti) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Rüfət oğlunun, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "istifadənin qanunsuz hesab edilərək qeyri-yaşayış sahəsindən çıxarılması" tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(016)-59/2022 nömrəli qətnaməsindən İddiaçı vəkili Vəkil2 Rüfət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı fərdi əməklə məşğul olmaqla yeməkxana binası tikintisi altına torpaq sahəsi ayrılması barədə Ağsu rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 245 saylı sərəncamın surətindən görünür ki, komissiya tərəfindən tərtib edilmiş xx.xx.1997-ci il tarixli akta əsasən İddiaçı fərdi əməklə məşğul olmaq üçün yeməkxana binası tikintisi altına Bakı-Qazax şosse yolunun 148.8-ci km-də yolun solunda, yolun oxundan 35 metr aralı 0.06 ha (20 x 30 metr) ölçülərdə torpaq sahəsi ayrılmışdır.
2. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması idarəsi tərəfindən verilmiş qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin xx.xx.1998-ci ildə tərtib edilmiş “Texniki Pasportu”ndan görünür ki, İddiaçı tabeçiliyində olduğu Ağsu rayonu, Bakı-Qazax şossesinin 148,8-ci kmdə yerləşən yeməkxana 1997-ci ildə mişar daşından inşa edilməklə ümumi sahəsi 58,50 kv.metrdir. Texniki Pasportun xüsusi qeydlər hissəsində qeyd edilmişdir ki, texniki pasport fiziki şəxs X1 xx.xx.1998-ci il tarixli notariusda təsdiq edilmiş şəxsi ərizəsi əsasında tərtib edilmişdir, torpaq sahəsi haqqında sənəd təqdim edilməmişdir.
3. “AZEMİS vasitəsilə və “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsindən əldə olunmuş məlumatlara əsasən İddiaçı (VÖEN **********-aktiv, keytrinq fəaliyyəti (iaşə fəaliyyəti) və Cavabdeh1 (VÖEN ********** –aktiv, şaurma satışı üzrə fəaliyyət) fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsinin iclasında 3-cü şəxs qismində dindirilmiş:
4. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş Şamaxı X8 Mərkəzinin nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, X14 X2 rayonu üzrə meşəbəyi işləyir. Sözügedən ərazi Şamaxı X8 Mərkəzinin ərazisidir. İddiaçı ilə Şamaxı X8 Mərkəzi arasında hazıradək heç bir müqavilə bağlanmamışdır. Hal-hazırda da oranın İddiaçı məxsus olmasını və ya onun istifadəsində olmasını təsdiq edən hər hansı bir sənəd yoxdur. Mütəxəssislər tərəfindən sözügedən əraziyə baxış keçirilmiş, ərazinin koordinatları götürülərək meşə fondu torpaqlara aid olmaqla Mərkəzin Ağsu meşəbəyliyinin 8 saylı dolayının 32-ci kvartalında yerləşdiyi və Mərkəzlə iddiaçı arasında hər hansı icarə müqaviləsinin bağlanıldığı müəyyən edilməmişdir. Meşə fonduna daxil olan torpaqlar yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı əsasında təyinatı üzrə Meşə Məcəlləsi ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. Hal-hazırda bu barədə işlər aparılır. Restoranlarda isə yoxlama aparırlar. İddiaçı onlar tərəfindən heç bir sənəd verilməmişdir.
Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş:
5. Azərbaycan Respublikası X3 şöbə müdiri X6 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçını tanımır, cavabdehləri isə tanıyır. Tərəfləri onunla X15 Tağıyev tanış etmişdir. Normal münasibətləri olub. 2021-ci ildə qərara gəlindi ki, obyektlər üzərində abadlaşma işlərinə başlansın. Binəqədi, Qobustan, Şamaxı və İsmayıllı rayonlarında ümumilikdə təxminən 280 obyektə baxış keçirildi, fotoşəkilləri çəkildi. X10 tərəfindən layihə hazırlanıb vətəndaşlara təqdim edildi. Rayon İcra Hakimiyyəti vasitəsilə əraziyə baxış keçirildi. Baxış keçirilən zaman orada Ekologiya nazirinin müavini də iştirak edirdi. Vətəndaşlara izah edildi ki, layihədən kənara çıxmaq olmaz. Cavabdeh2 də Azər Səfərov ofisə gətirərək layihənin onun hazırlayacağını, layihənin imkan daxilində böyük götürülməsini bildirdi. Ondan sonra iş görülməyə başlandı. Həmin layihə icra başçısı ilə birlikdə vətəndaşlara təqdim edildi. İlqara layihə təqdim edilməyib. Layihənin digər şəxslərə aid olduğunu eşitmişdir. İcra başçısı Vahid Tağıyev layihənin Azər Səfərova məxsus olduğunu, sonuncu isə tikintinin onun olduğunu bildirmişdir. Özü başqa layihə verdi, lakin o daha kiçik idi. İki dəfə layihə göndərildikdən sonra sonuncu layihə təsdiq olundu. Həmin layihəni Azər Səfərova təqdim etmişlər. Cavabdeh2lə görüşənə qədər Azər Səfərovla iki dəfə görüşmüşdür. Azər Səfərovun yanında iki nəfər şəxs olmuşdur. Onunla sonuncu, üçüncü dəfə görüşdükdə Cavabdeh2 də yanında idi. Onlar əraziyə gələndə iyunun sonu, iyulun əvvəli idi. Artıq tikintiyə başlanmışdı. Özləri oraya nəzarət edirdilər. O vaxta qədər oraya gələn olmamışdır. Əvvəlki obyekt dağılmışdı, ala-yarımçıq besetkası var idi, o da istifadəyə yararsız idi. Rayondakı obyektlərin əksəriyyətinin müqaviləsi yoxdur. Obyektlər meşə təsərrüfatının ərazisində yerləşir. Orada obyektlərin əksəriyyəti fəaliyyət göstərmirdi, 11 tikili var idi. Obyektlərin istifadə edilməsi üçün qanuna müvafiq olaraq meşə təsərrüfatı ilə müqavilə bağlanmalı idi. Meşə ərazisindəki obyektlərə də layihə verilmir. Azər Səfərovun ərazisindən də onlara sənəd təqdim edilməmişdir. Lakin sənədləşmə Azər Səfərovun adına aparılmışdı. Obyektlərin əksəriyyətinin müqaviləsi yox idi, lakin obyektlər mülki şəxslərə məxsus idi. Onlar sadəcə layihələndirmə işləri ilə məşğul olmuşlar. Meşə təsərrüfatı ilə bağlanan müqavilə onlara göstərilməmişdir.
6. X9 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Cavabdeh1 və Cavabdeh2 tanıyır, lakin İddiaçı tanımır. Azər Səfərov onun qohumudur. 2021-ci il tarixdə 3 nəfər mübahisə predmeti olan əraziyə gəlib obyektə baxış keçirmişlər. Azər Səfərov obyektlərin sökülərək yenilərinin tikiləcəyini bildirərək bu əraziyə 5000 manat pul verildiyini qeyd etmişdir. Bundan sonra Cavabdeh2 də Azər Səfərova həmin əraziyə 10000 manat verib özünün tikmək istədiyini bildirmişdir. Azər Səfərov da razılıq vermiş və bundan sonra iş başlanmışdır. Sonra memar Nizami Qasımov gəlmiş və planı təqdim etmişdir. Planın necə olması barədə tərəflər arasında razılıq olmuşdur. Həmin ərazini hamı Azər Səfərovun yeri olaraq bilmişdir. Onlar əraziyə baxanda həmin vaxt ərazi işlək deyildi, bir tikili yanında da besetkalar var idi. Əvvəllər işlək olsada sonradan yararsız hala düşmüşdür. Həmin əraziyə bir dəfə getmişdir. Obyekt Talehə təqdim olunduqdan sonra sökülmüşdür. Əvvəlcədən işdən məlumatlı olmuşdur. Tərəflər arasında 50000-100000 manat söhbəti olmamış, əgər elə bir söhbət olsaydı tərəflər arasında heç vaxt razılaşma olmazdı. Bu işdə Azər Səfərovun qardaşı Mehman Səfərovu görməmişdir.
7. X7 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Bakı-Qazax şosse yolunun 148,8 km-də yerləşən, “Meh” adı ilə fəaliyyət göstərən restoran İddiaçı məxsusdur. Həmin restoran onun istifadəsində idi. Sabiq icra başçısı Vahid Tağıyev bildirdi ki, obyektlər üzərində yeniləmə işləri aparmaq lazımdır. Tapşırıq verildi ki, köhnə tikililər sökülməlidir. 100-ə yaxın obyektdə iş gedirdi. Alxası çağırıb bu barədə məlumat versədə sonuncu pulunun olmadığını bildirmişdi. Sonra qardaşı Azər Səfərova zəng etmiş, o da 25000 manatlıq çertyoj verdi. Daha sonra Azər Talehlə birlikdə obyekti ləğv edib yerində böyük obyektlər tikəcəklərini bildirdilər. Söküntü işlərini özü aparmışdır. Layihə gəldikdə ora artıq sökülmüşdü, 1 otaq, besetka və su quyusu qalmışdı. Əvvəl orada zal, vaqon, böyük tikinti var idi. Bildiyi qədər Cavabdeh2lə Azər Səfərov arasında 130000 manatlıq razılaşma olub, lakin tikinti bitdikdən sonra pul verilməmişdir. Həmin ərazi xüsusi mülkiyyətdə deyil, xüsusi mülkiyyət olsa idi 100000 manata qədər pul verilə bilərdi. Ərazi Meşə Təsərrüfatının ərazisidir. Hər il obyekt sahibləri ilə aralarında müqavilə bağlanır, xüsusi mülkiyyət kimi deyil, istifadə etmələri məqsədilə verilmişdir. Həmin ərazi sökülməmişdən əvvəl işlək vəziyyətdə idi. Yeməkxana kimi fəaliyyət göstərirdi. Lakin kimin işlətməsi barədə məlumatı olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "istifadənin qanunsuz hesab edilərək qeyri-yaşayış sahəsindən çıxarılması" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Ağsu rayonu, Bakı-Qazax şosse yolunun 148,8 km-də, yolun solunda yerləşən 0,06 ha (20x30 m) torpaq sahəsindən və onun üzərində inşa edilmiş qeyri-yaşayış sahəsindən çıxarılmaları və həmin sahənin boşladılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağsu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 245 saylı sərəncamı ilə şəhid atası olaraq ona fərdi əməklə məşğul olmaqdan ötrü yeməkxana binası tikmək üçün Bakı-Qazax şosse yolunun 148,8 km-də, yolun solunda, yolun oxundan 35 metr aralı 0,06 ha (20x30 m) ölçüdə torpaq sahəsi ayrılmışdır. Bundan sonra tərəfindən həmin sahədə 84 kv.m-lik yeməkxana binası, hər biri 12 kv.m olan motel binası, 15 kv.m-lik xidməti otaq, yardımçı tikililər tikilmiş və ayrılmış sahədə yay fəslində oturmaq üçün "besedka" adlanan tikililər inşa edilmişdir. Bir müddət həmin yeməkxananı işlətsə də, sonradan həmin sahəni ayrı-ayrı şəxslərə icarəyə vermişdir. 2020-ci ilin əvvəllərində dövlət tərəfindən Bakı-Qazax şosse yolunun kənarında yerləşən ictimai iaşə obyektlərində əhaliyə xidmətin yüksək səviyyədə təmin edilməsi məqsədilə orada yerləşən obyektlərin yenidən qurulması tələbi qoyuldu. Bununla əlaqədar ona da qanuni sahibliyində olan yeməkxananın yenidən qurulması layihəsi təqdim edildi. Lakin həmin layihə çərçivəsində yenidən tikinti işləri aparmaq üçün maddi imkanı yox idi. Həmin vaxt bir neçə tanış şəxslərə obyektdə yenidənqurma işləri aparmaq üçün ona kömək etmək üçün müraciət etmişdir. Bir müddət sonra, təxminən 2020-ci ilin aprel ayında Cavabdeh2 ona həmin sahədə yenidənqurma işləri aparmaqda köməklik edə biləcəyini bildirdi və söhbət zamanı Cavabdeh2 ilə belə bir şərtlə razılaşdı ki, o, həmin sahədə layihə üzrə tikinti işləri aparır, tikinti başa çatdıqdan sonra ona 130000 (bir yüz otuz min) manat məbləğində pul verir və o da həmin sahəyə olan hüququndan imtina edir. Bundan sonra cavabdeh tərəfindən həmin sahədə layihə üzrə tikinti işlərinə başlanıldı və 2021-ci ilin iyul ayında tikinti işləri başa çatdırılaraq, yeməkxana istifadəyə verilmişdir. Hal-hazırda yeməkxana "Meh" restoranı adı altında fəaliyyət göstərir və həmin sahə Cavabdeh2 rəhbərliyi ilə qardaşı Cavabdeh1 tərəfindən istifadə edilir. Artıq yenidənqurmadan sonra yeməkxananın açılışından 3 ay vaxt keçməsinə baxmayaraq, Cavabdeh2 tərəfindən üzərinə götürdüyü öhdəlik icra edilməmişdir. Bu müddət ərzində dəfələrlə cavabdehdən ya pulun verilməsi, ya da həmin sahəni təhvil verməsi tələb edilmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə öhdəliyini yerinə yetirməkdən yayınmış və həmin sahəni təhvil verməkdən imtina etmişdir. Bir şəhid atası olaraq, dövlət tərəfindən ona qayğı göstərilərək həmin torpaq sahəsi ayrılmışdır ki, orada yeməkxana binası tikərək, həm fərdi əməklə məşğul olsun, həm də oradan əldə ediləcək qazanc hesabına ailəsini dolandırsın. Lakin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində həmin torpaq sahəsinə qanuni sahiblik hüququndan məhrum olmuş, oradan istifadə edə bilmir, heç bir qazanc əldə edə bilmir. Hesab edir ki, cavadehlərin bu qanunsuz hərəkətlərinin qarşısı alınmalı, cavabdehlərin həmin obyektdən çıxarılmaqla pozulmuş qanuni sahiblik və istifadə hüquqları bərpa edilməlidir.
10. Ağsu Rayon Məhkəməsinin (hakim B.Qasımov) 15 aprel 2022-ci il tarixli, 2(016)-59/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ağsu rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 245 saylı sərəncamına əsasən İddiaçı fərdi əməklə məşğul olmaq üçün yeməkxana binası tikintisi altına Bakı-Qazax şosse yolunun 148,8-ci km-də yolun solunda, yolun oxundan 35 metr aralı 0,06 ha (20 x 30 metr) ölçülərdə torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin texniki pasportundan görünür ki, həmin yeməkxananın ümumi faydalı sahəsi 58,50 kvadratmetr olmuşdur. Texniki pasport fiziki şəxs X1 xx.xx.1998-ci il tarixli notariusda təsdiq edilmiş şəxsi ərizəsi əsasında tərtib edilmiş və torpaq sahəsi haqqında sənəd təqdim edilməmişdir. İddiaçı müxtəlif vaxtlarda həmin yeməkxananı müxtəlif şəxslərin istifadəsinə vermişdir. 2020-ci ilin əvvəlində dövlət tərəfindən Bakı-Qazax şosse yolunun kənarında yerləşən ictimai iaşə obyektlərində əhaliyə xidmətin yüksək səviyyədə təmin edilməsi məqsədilə orada yerləşən obyektlərin yenidən qurulması tələbi qoyulmuş, bununla əlaqədar İddiaçı da qanuni sahibliyində olan yeməkananın yenidən qurulması layihəsi təqdim edilmişdir.
12. AR X3 şöbə müdiri məhkəmə iclasında həmin ərazinin Azər Səfərova məxsus olduğunu, layihələrin onun tərəfindən verildiyini, iki dəfə layihənin dəyişdirilərək ona təqdim olunduğunu və layihə barədə Azər Səfərovla görüşərkən Cavabdeh2 də yanında olduğunu, onların tikinti ilə maraqlanaraq tikintiyə nəzarət etdiklərini qeyd etmişdir.
13. Eyni zamanda Şamaxı X8 Mərkəzinin mütəxəssisləri tərəfindən sözügedən əraziyə baxış keçirilməklə ərazinin koordinatları götürülərək meşə fondu torpaqlarına aid olmaqla Mərkəzin Ağsu meşəbəyliyinin 8 saylı meşə dolayının 32-ci kvartalında yerləşdiyi və Mərkəzlə İddiaçı arasında hər hansı icarə müqaviləsi bağlanılmadığı müəyyən edilmişdir. Meşə fonduna daxil olan torpaqlar yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı əsasında təyinatı üzrə Meşə Məcəlləsi ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. Lakin qeyd edildiyi kimi İddiaçıla Şamaxı X8 Mərkəzi arasında belə bir müqavilə bağlanmamışdır.
14. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsi və onun üzərində inşa edilmiş qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, İddiaçı mübahisəli torpaq sahəsi və onun üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinə dair sərəncam vermək hüququna, o cümlədən mövcud iddianı tələb etmək hüququna malik deyildir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı vəkili Vəkil2 Rüfət oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla, onun 0,06 ha torpaq sahəsi ilə bağlı hüquqi və texniki sənədləri vardır. Məhkəmə işə baxan zaman həmin şəxsi bu sənədlərlə tanış edib çarpaz suallar verməli, onun malik olduğu sənədlərə həmin qurumun münasibəti aydınlaşdırılmalı idi. Lakin edilməmişdir.
17. İkincisi, işdə ziddiyyətli məqam vardır ki, bu da ekspertizanın köməyi ilə aradan qaldırıla bilərdi. Belə ki, aidiyyəti meşə qurumu iddia edir ki, bura meşə fondu torpağına aiddir. Onun isə əlində olan sənədlər təsdiq edir ki, bura meşə fondu ərazisi deyildir. Belə ki, meşə fondu ərazisi olsa idi, üzərindəki tikililərin özəlləşdirilməsi üçün inventarlaşdırılma aparıla bilməzdi. Belə ki, Meşə Məcəlləsinin 11-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir.
18. Göründüyü kimi, iş üçün əhəmiyyətli olan bu halın - 0,06 ha torpaq sahəsinin meşə fonduna aid torpaq olub-olmamasının araşdırılmasından ötrü xüsusi biliklərə ehtiyac vardır. Bu isə, yerquruluşu mütəxəssislərinin və kadastr işçilərinin cəlb olunacağı ekspertizanın keçirilməsini və rəy alınmasını zəruri edir.
19. Üçüncüsü, həmin şəxs bildirmişdir ki, “Meşə fonduna daxil olan torpaqlar yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı əsasında təyinatı üzrə Meşə Məcəlləsi ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. Məhkəmə araşdırmamışdır ki, hansı fiziki və hüquqi şəxslərlə müqavilələr bağlanır, hansılara üstünlük verilir. Çünki, ona məlumdur ki, meşə fondu torpaqlarından elmitədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilə bilər ki, bunda da imtiyaz qrupundan olan şəxslərə,o cümlədən də şəhid ailəsi üzvlərinə üstünlük verilir. Cavabdeh2 kim olaraq, hansı statusuna və hansı kimliyinə görə “meşə zonası” torpağından istifadəyə, özü də restoran fəaliyyəti göstərilməsi üçün buraxılmışdır? Məhkəmə işin bu halını araşdırmamışdır.
20. Dördüncüsü, həmin şəxs bildirmişdir ki, “İddiaçı onlar tərəfindən heç bir sənəd verilməmişdir”. Məhkəmə araşdırmamışdır ki, İddiaçı onlara nə sənəd təqdim etməli idi və etməlidir? Həmin şəxsin təmsil etdiyi təşkilatda hamı bilir ki, o, şəhid atasıdır, bura onun qanuni istifadəsində olan torpaq sahəsidir, üzərindəki tikililər dövlətin balansında olub, buranın meşə fonduna bir aidiyyəti yoxdur.
21. Beşincisi, bu ərazi, hətta, meşə fondu torpağı olsa belə, onun imtiyaz və üstünlük hüququ vardır ki, onun müqavilə bağlansın, o dura-dura, bura kənar şəxsə verilməsin. Meşə təsərrüfatı işçiləri, hər bir halda, özləri ona yaxınlaşmalı, onunla əlaqə qurmalı idilər ki, necə olub ki, o şəhid ailəsi üzvü ola-ola, bura kənar şəxs girib, indi də çıxmaq istəmir. Əslində onlar onun maraq və mənafelərini qorumalı idilər, lakin göründüyü kimi, hansısa maraqlarına görə, məhkəmədə qarşı tərəfin maraqlarından çıxış edirlər.
22. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, “Cavabdeh1 və Cavabdeh2 tanıyır, lakin İddiaçı tanımır. Azər Səfərov onun qohumudur. 2021-ci il tarixdə 3 nəfər mübahisə predmeti olan əraziyə gəlib obyektə baxış keçirmişlər. Azər Səfərov obyektlərin sökülərək yenilərinin tikiləcəyini bildirərək bu əraziyə 5000 manat pul verildiyini qeyd etmişdir. Bundan sonra Cavabdeh2 də Azər Səfərova həmin əraziyə 10000 manat verib özünün tikmək istədiyini bildirmişdir. Azər Səfərov da razılıq vermiş və bundan sonra iş başlanmışdır. Məhkəmə bu faktları araşdırmamışdır.
23. Qeyd edilənlərə əsasən Ağsu Rayon Məhkəməsinin xx.xx.2022 tarixli, 2(016)- 59/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Rüfət oğlu apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə tərəflər arasındakı qarşılıqlı münasibətə düzgün qiymət verməmiş, sonda maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, sözügedən ərazi iddiaçıya məxsus olmaqla, həmin ərazi ilə bağlı sonuncunun adına sənəd–texniki pasport işlənmişdir. Cavabdehin isə ümumiyyətlə heç bir sənədi yoxdur. İş üzrə müvafiq ekspertiza keçirilməli olduğu halda, DƏDRX-i 3-cü şəxs qismində işə cəlb olunmalı olduğu halda məhkəmə bunlara diqqət etməmişdir. Hesab edir ki, apellyasiya şikayəti tam əsaslıdır, ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
26. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli ərazi və onun üzərində inşa edilmiş tikinti cavabdehlərə məxsusdur. Cavabadehlər öz xərcləri hesabına həmin ərazidə yenidənqurma işləri aparmış, müasir standartlara cavab verən qeyri-yaşayış sahəsi inşa etdirmişlər. Cavabdehlər həmin ərazidə tikinti inşa etdirəndə ərazi boş sahə idi, orada heç bir tikinti olmamışdır. Qeyd olunan ərazi Şamaxı X8 Mərkəzinə aiddir. Həmin torpağın iddiaçıya heç bir aidiyyəti yoxdur. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
27. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir.
28. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
30. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının: 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
31. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10cu maddəsinə əsasən hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.
32. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 6.1.2-ci maddəsinin tələbinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq da vergi ödəyicisinin vəzifələri sırasındadır. Vergi ödəyicilərinin, o cümlədən fərdi sahibkarların vergi ödəyicisi qismində uçota (qeydiyyata) alınmasının məcburiliyi, bu prosedurun həyata keçirilməsi qaydası və müddətləri isə Vergi Məcəlləsinin 33.4 və 34-cü maddələrində müəyyənləşdirilmişdir
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 30-cu maddəyə görə bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-ci maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7-ci maddəsinə əsasn bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. 384.0.4-cü maddəsinin tələbinə görə işə apellyasiya instansiyası məhkəməsi məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 387.2.9.-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. 387.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(016)-59/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası şikayətin dəlillərini işdə iştirak edən tərəfin izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(016)-59/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir.
37. Belə ki, iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir. - Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Ağsu rayonu, Bakı-Qazax şosse yolunun 148,8 km-də, yolun solunda yerləşən 0,06 ha (20x30 m) torpaq sahəsindən və onun üzərində inşa edilmiş qeyri-yaşayış sahəsindən çıxarılmaları və - həmin sahənin boşladılaraq ona təhvil verilməsi.
38. Kollegiya ilk növbədə hazırki mübahisənin aidiyyət məsələsinə xüsusi diqqət yetirərək qeyd edir ki, apellyasiya məhkəməsinin icraatı zamanı məhkəmənin istifadəsində olan “AZEMİS vasitəsilə və Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş və bu zaman İddiaçı (VÖEN **********-aktiv, keytrinq fəaliyyət (iaşə fəaliyyəti) və Cavabdeh1 (VÖEN ********** –aktiv, şaurma satışı üzrə fəaliyyət) fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir.
39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə aidiyyəti müəyyən edilərkən fərdi sahibkarların vergi orqanında fəaliyyətinin aktiv olmaması və ya onun həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin vergi orqanında qeydə alınmış fəaliyyət növündən fərqli olmasının heç bir əhəmiyyəti yoxdur.
40. Çünki bu məsələlər Vergi Məcəlləsinə əsasən vergi tutma məqsədləri və sahibkarların vergi məsuliyyətinin yaranması üçün əhəmiyyət daşıyan hallardır və həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti olmasını istisna etmir.
41. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
42. İşin mübahisəsiz halından göründüyü kimi həm İddiaçı, həm də Cavabdeh1 hər ikisi “fərdi sahibkar” statusuna malik olmaqla yanaşı, məhz sahibkarlıq fəaliyyətindən irəli gələn məsələni mübahisələndirirlər.
43. Yuxarıda sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir
44. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.
45. Bu baxımdan məhkəmə kollegiyası tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakterinə əssasən hesab edir ki, mübahisə üzrə tərəflərdən İddiaçı və Cavabdeh1 fərdi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz sahibkarlıq fəaliyyətindən (kommersiya fəaliyyətindən) irəli gələn mübahisə olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır.
46. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(016)-59/2022 nömrəli qətnaməsi prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı vəkili (nümayəndəsi) Vəkil2 Rüfət oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(016)-59/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "istifadənin qanunsuz hesab edilərək qeyri-yaşayış sahəsindən çıxarılması" tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən Ayaz Mahmudov