Məhkəmə qərarları › İş №2(107)-984/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-984/2021

29.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-984/2021 29.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, iddiaçı X4 iştirakı ilə İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və çıxarışın ləğv edilmiş hissəsində onun mülkiyyət hüquqlarının iddiaçı X4 adına rəsmiləşdirilməsi tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 2(016)-1026/2018 saylı, 06 noyabr 2018-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin rəisi Nazim Məmmədov tərəfindən verilmiş şikаyətə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Ağsu şəhəri, N.Tağızadə küçəsində yerləşən 0.22 ha torpaq sahəsinin X6 mülkiyyətinə verilməsi barədə Ağsu rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2011-ci il tarixli, 01 saylı qərarı əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin (26.05.2006-cı il tarixli, JN-228F, kod-40901004 nömrəli) etibarsız hesab edilməsi barədə tələbi Ağsu Rayon Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Ağsu Rayon Məhkəməsinin 12 dekabr 2011-ci il tarixli, 2(016)-326/2011 saylı qətnaməsi ilə 01 dekabr 1986-cı ildə ölmüş X2 miras qalmış ünvan 1 ünvanda yerləşən 600 kv metr həyətyanı torpaq sahəsində 1943-cü ildə saman kərpicdən tikilmiş, üstü şiferlə örtülən, 46.9 kv.metr yaşayış, 22.3 kv.metr qeyri-yaşayış sahələri olan şəxsi yaşayış evinin oğlu X9 verilməsi barədə Ağsu rayon Dövlət Notariat Kontorunun 31 mart 1989-cu il tarixli (4/1916 nömrəli reyestr) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilmiş və X3 mirası qəbul etmə faktı müəyyən edilməklə atası X2 miras qalmış ünvan 2 ünvanda yerləşən 600 kv.metr həyətyanı torpaq sahəsində 1943-cü ildə saman kərpicdən tikilmiş, üstü şiferlə örtülən, 46.9 kv.metr yaşayış, 22.3 kv.metr qeyriyaşayış sahələri olan iki otaqlı, 3005 inventar dəyəri olan şəxsi yaşayış evinə 1/6 hissədə payı müəyyən edilmiş və miras əmlakın həmin hissədə qanun üzrə vərəsəlik hüququ tanınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 29 may 2012-ci il tarixli, 2(106)-469/2012 saylı qətnaməsi ilə Ağsu Rayon Məhkəməsinin 12 dekabr 2011-ci il tarixli, 2(016)-326/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ağsu rayon dövlət notariat kontorunun notariusu vəzifəsini icra edən X1 Ağsu Rayon Məhkəməsinin 12 dekabr 2011-ci il tarixli, 2(016)-326/2011 saylı qətnaməsinin izah edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, Ağsu Rayon Məhkəməsinin 20 dekabr 2012-ci il tarixli, 2(016)-326/2011 saylı qərardadı ilə “Ağsu Rayon Məhkəməsinin 12 dekabr 2011-ci il tarixli, 2(016)-326/2011 saylı qətnaməsi ilə mərhum X2 miras qalmış qeyri-yaşayış sahələri olan şəxsi yaşayış evinin X9 verilməsi barədə Ağsu rayon dövlət Notariat kontorunun 31 mart 1989-cu il tarixli (4/1916 nömrəli reyestr) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi qismən etibarsız hesab edilərək, həmin mirasın 1/6 hissəsi X5, 5/6 hissəsi X9 verilməlidir” kimi izah edilmişdir. İddiaçı Zeynəb Rəsulovanın cavabdehlər Ağsu rayon Notariat Kontoruna, X11 və X7 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mirası qəbul etmək faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququnun tanınması barədə Ağsu Rayon Məhkəməsinin 12 dekabr 2011-ci il tarixli, 2(016)-326/2011 saylı qətnaməsinə izah edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 20 dekabr 2012-ci il tarixli, 2(016)-326/2011 saylı qərardadından X3 şikayəti Ağsu Rayon Məhkəməsinin 06 sentyabr 2013-cü il tarixli, 2(016)-326/2011 saylı qərardadı ilə qismən təmin edilərək Ağsu Rayon Məhkəməsinin 20 dekabr 2012-ci il tarixli, 2(016)-326/2011 saylı qərardadının “...miras əmlakın 5/6 hissəsi X9 verilməlidir” kimi izah edilsin hissəsi ləğv edilmiş və bu hissədə rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli, 2(106)-2638/2016 saylı qərardadı ilə Ağsu Rayon Məhkəməsinin 06 sentyabr 2013-cü il tarixli, 2(016)-326/2011 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ağsu Rayon Məhkəməsinin 2(016)-1026/2018 saylı, 06.11.2018-ci il tarixli qərardadı ilə iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi üzrə qəbul olunmuş Ağsu Rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli, 2(016)-1026/2018 saylı qətnaməsinin giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsində “RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilmiş hissəsində onun mülkiyyət hüquqlarının baxmayaraq iddiaçı X3 adına rəsmiləşdirilməsi” kimi düzəliş edilmişdir. Ağsu Rayon Məhkəməsinin 2(016)-1026/2018 saylı, 06.11.2018-ci il tarixli qərardadından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Ağsu Rayon Məhkəməsinin 2(016)-1026/2018 nömrəli, 28 yanvar 2021-ci il tаrixli qərardadınа əsаsən, şikаyət təmin edilməmiş və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 269.3-cü mаddəsinə əsаsən, işlə birlikdə Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X10 apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 2(016)-1026/2018 saylı, 06.11.2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 2(016)-1026/2018 saylı, 06.11.2018-ci il tarixli qərardadı ləğv edilməli və iş baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Ağsu Rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli, 2(016)-1026/2018 nömrəli qətnaməsinin giriş, təsviri - əsaslandırıcı və nəticə hissəsində RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilmiş hissəsində onun mülkiyyət hüquqlarının iddiaçı X4 adına rəsmiləşdirilməsi kimi düzəliş olunmalıdır. Hazırkı mülki işə yenidən baxan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu hüquqi nəticə ilə razılaşmır. Çünki, iş materialından görünür ki, iddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini və çıxarışın ləğv edilmiş hissəsində onun mülkiyyət hüququnun tanınaraq X3 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Öz növbəsində Ağsu Rayon Məhkəməsinin 2(016)-1026/2018 nömrəli, 01 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən (5/6 hissə (0.06 ha torpaq sahəsi və fərdi yaşayış evi, 0.16 ha torpaq sahəsi hissəsində) ləğv edilməsi qət edilmişdir. Qətnamədən göründüyü kimi məhkəmə tələbin çıxarışın ləğv edilməsi hissəsinə hüquqi qiymət versə də, tələbin çıxarışın ləğv edilmiş hissəsində onun mülkiyyət hüququnun tanınaraq X3 adına rəsmiləşdirilməsinə dair hissəsinə hüquqi qiymət verməmişdir. Əvəzində qətnamədə olan həmin çatışmazlığı yanlışlığın aradan qaldırılmasına dair qərardadla aradan qaldırmağa çalışmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədə hüquqi qiymət verilməyən hissənin yanlışlıq qərardadı ilə aradan qaldırılması yolverilməzdir. Belə ki, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsindən bəhs edən MPM-in 228.2-ci maddəsinin tələbinə görə Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Həmçinin, MPM-in 228.1-ci maddəsinə görə çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. İqtibas edilmiş normanın məzmunundan bəlli olduğu kimi iş üzrə məhkəmə qətnaməsi elan edildikdən sonra onu çıxarmış məhkəmə dəyişdirə və ya ləğv edə bilməz. Çünki, bu məhkəmə qətnaməsinin stabilliyini, dəyişilməzliyini təmin edən təminatdır. Eyni zamanda qanunverici qətnaməni çıxarmış hakimə ona əlavə qətnamə çıxarmasını, onun izah edilməsini, məzmununu dəyişməyərək ciddi surətdə qanunla müəyyən olunan hallarda yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi hüququnu verir. Lakin, bütün hallarda Məhkəmə qətnaməsində tələblərə tam və qəti cavab verilməlidir. Həmin tələblər qətnamədə yerinə yetirilmədikdə məhkəmə əlavə qətnamə çıxarmaq məcburiyyətində olur. Oxşar məsələləri tənzimləyən MPM-in 229.1, 229.1.1, 229.1.2 və 229.1.3-cü maddələrinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər: -işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa; -hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; -məhkəmə xərcləri haqında məsələ hakim tərəfindən həll edilməmişsə. Sadalanan normaların tələblərindən göründüyü kimi, işdə iştirak edən şəxslər hər hansı bir tələb irəli sürmüşlərsə və bu haqqında qətnamə çıxarılmamışdırsa, əlavə qətnamə çıxarılır. Lakin, MPM-in 229.2-ci maddəsinə görə Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra əlavə qətnamənin çıxarılmasına yol verilmir. Belə halda əlavə qətnaməyə əsas olan irəli sürülmüş hər hansı bir tələb qanuni qüvvəyə minmiş qətnamədə həllini tapmayıbsa, ayrı iddia ilə məhkəmədə baxıla bilər. Belə bir mümkünlük ondan ibarətdir ki, əlavə qətnamənin çıxarılması haqqında ərizənin qəbulundan imtina məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi əsas olsun və həmin tələb üzrə qətnamə baş tutmasın. Qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi məsələsinə gəlıdikdə isə burada elə bir yanlışlıq nəzərdə tutulur ki, hansılar ki, qətnamənin icra edilməsi mümkünlüyünə təsir edir, məsələn yuxarıda qeyd edildiyi kimi, qətnamədə məhkəmə tərkibinin yanlış göstərilməsi, yaxud tərəflərin adının, soyadının yanlış göstərilməsi və.s Halbuki, öyrənilən işdən aydın olur ki, birinci instansiya məhkəməsi yekun məhkəmə qətnaməsində tələbin çıxarışın ləğv edilməsi hissəsinə hüquqi qiymət versə də, tələbin çıxarışın ləğv edilmiş hissəsində onun mülkiyyət hüququnun tanınaraq X3 adına rəsmiləşdirilməsinə dair hissəsinə ümumiyyətlə toxunmamış və buna hüquqi qiymət verməmişdir. Bundan başqa, tədqiq edilən işdən o da müəyən olunur ki, məhkəmə qətnamənin təsviri-əsaslandırıcı hissəsində tələbin qismən təmin edilməli olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsi qətnamədə olan həmin çatışmazlığı yanlışlığın aradan qaldırılmasına dair qərardadla aradan qaldırmağa çalışmaqda haqlı olmamışdır. MPM-in 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. MPM-in 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Belə olan halda, məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, iş üzrə Ağsu Rayon Məhkəməsinin 2(016)-1026/2018 saylı, 06 noyabr 2018-ci il tarixli qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, şikayət təmin edilməli və iş üzrə Ağsu Rayon Məhkəməsinin 2(016)-1026/2018 saylı, 06 noyabr 2018-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş MPM-in 228 və 229-cu maddələrinin kontekstində yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir (MPM-398.0.2). Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və MPM-in 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin rəisi Nazim Məmmədov tərəfindən verilmiş şikаyət təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 2(016)-1026/2018 nömrəli, 06 noyabr 2018-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və çıxarışın ləğv edilmiş hissəsində onun mülkiyyət hüquqlarının iddiaçı X4 adına rəsmiləşdirilməsi tələbinə dair mülki iş MPM-in 228 və 229-cu maddələrinin kontekstində yenidən araşdırılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar