Məhkəmə qərarları › İş №2(107)-994/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-994/2025

16.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-994/2025 16.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X13 qızının katibliyi, Ərizəçi nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü Nümayəndə, apellyasiya şikayəti vermiş işdə iştirak etməyən Maraqlı şəxs3 iştirakı ilə, Ərizəçi xüsusi icraat qaydasında verilmiş “qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (iş üzrə maraqlı şəxs qismində Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Şəki Rayon Qeydiyyat Şöbəsi cəlb edilmişlər) mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, e-2(075)-871/2025 nömrəli qətnaməsindən işdə iştirak etməyən Maraqlı şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi 17 fevral 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında “qohumluq faktının müəyyən edilməsi” barədə ərizə (iş üzrə maraqlı şəxs qismində Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Şəki Rayon Qeydiyyat Şöbəsi cəlb edilmişlər) ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, “X6 babası, X8 isə ulu babası olması” hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (həmin ərizə Ərizəçi nümayəndəsi (vəkil) – Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü Nümayəndə tərəfindən imzalanaraq, təqdim olunmuşdur). Həmin ərizəyə dair e-2(075)-871/2025 nömrəli mülki iş üzrə birinci instansiya məhkəməsində aparılan icraat zamanı qəbul edilmiş Şəki Rayon Məhkəməsinin (hakim Kamran Musayev) 26 may 2025-ci il tarixli, e-2(075)-871/2025 nömrəli qətnaməsi ilə Ərizəçi xüsusi icraat qaydasında verilmiş “qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilərək, həmin Qətnamədə qət olunmuşdur ki, “xx.xx.1943-cü il tarixdə vəfat etmiş X6 Ərizəçi babası, xx.xx.1932-ci il tarixdə vəfat etmiş X8 isə ulu babası olması hüquqi faktı müəyyən edilsin.” Həmin mülki iş üzrə birinci instansiya məhkəməsində məhkəmə prosesinə cəlb olunmamış işdə iştirak etməyən şəxs Maraqlı şəxs3 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, e-2(075)-871/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, e-2(075)-871/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və Ərizəçi xüsusi icraat qaydasında verilmiş “qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmiş və həmin apellyasiya şikayətini - xx.xx.1932-ci il tarixdə vəfat etmiş X8 Ərizəçi deyil, onun ulu babası olması və eləcə də, xx.xx.1943-cü il tarixdə vəfat etmiş X6 isə Ərizəçi babası olması barədə mötəbər sübutların olmaması ilə əsaslandırmış və apellyasiya şikayəti ilə birlikdə məhkəməyə apellyasiya şikayətinin dəlillərinin əsaslandırılıdğı sənədlər təqdim etmişdir. Şəki Rayon Məhkəməsinin 12 avqust 2025-ci il l tarixli, e-2(075)-871/2025 nömrəli qərardadına əsasən, Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(075)-871/2025 saylı qətnaməsindən işdə iştirak etməyən şəxs Maraqlı şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına Ərizəçi nümayəndəsi Nümayəndə və apellyasiya şikayəti vermiş işdə iştirak etməyən Maraqlı şəxs3 gəlmiş olsalar da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə maraqlı şəxslər qismində cəlb edilmiş Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin və Şəki Rayon Qeydiyyat Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayəti vermiş işdə iştirak etməyən şəxs Maraqlı şəxs3 Şəki Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, e-2(075)-871/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, e- 2(075)-871/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və Ərizəçi xüsusi icraat qaydasında verilmiş “qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini – mərhum X8 Ərizəçi deyil, yalnız onun ulu babası olması ilə əsaslandırdı. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etmədiyini bildirib, işdə iştirak etməyən Maraqlı şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, e- 2(075)-871/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən işdə iştirak etməyən şəxs Maraqlı şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, e-2(075)-871/2025 nömrəli qətnaməsi ləğv edilməli və Ərizəçi xüsusi icraat qaydasında verilmiş “qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Şəki Rayon Məhkəməsində qohumluq faktının müəyyən edilməsi ilə əlaqədar xüsusi icraat qaydasında baxılaraq, hazırkı apellyasiya şikayəti ilə mübahisələndirilən 26 may 2025-ci il tarixli qətnamənin qəbul olunduğu e-2(075)-871/2025 nömrəli mülki iş materialları və eləcə də, iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, Ərizəçi xüsusi icraat qaydasında “qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsində “X6 babası, X8 isə ulu babası olması hüquqi faktının müəyyən edilməsini” onunla əsaslandırmışdır ki, ulu babası X11 vəfat etdikdən sonra ondan miras qalmış əmlaka vərəsəliyi babası X10 və babasının qardaşı X9 qəbul etmişdir. X2 vəfatından sonra həmin miras əmlaka vərəsəliyi atası X7, babasının qardaşı X9 vəfat etdikdən sonra həmin miras əmlakı oğlu X12 qəbul etmişdir. X1 vəfatından sonra miras əmlakı o, Ərizəçi, X2 qardaşı X9 vəfat etdikdən sonra miras əmlakdan payı oğlu X12 qəbul etmiş, o da vəfat etdikdən sonra miras əmlakdan payı oğlu Maraqlı şəxs3 qəbul etmiş və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla ünvan 1 ünvanında, 0.0704 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 263.50 kv/m olan fərdi yaşayış evinin 2/3 hissəsinə və torpaq sahəsinin 2/3 hissəsinə ata X2 qardaşı X4 nəvəsi Maraqlı şəxs3 payı müəyyən olunmuş, həmin fərdi yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 1/3 hissəsi isə onun ulu babası X8 paylı mülkiyyətində qalmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı Ərizəçi tərəfindən verilmiş hazırkı ərizə üzrə qohumluq faktının müəyyən edilməsinin əlaqələndirildiyi mərhum X8 paylı mülkiyyətində saxlanılan 3/1 hissədən ibarət daşınmaz əmlakın digər 3/2 hissəsinin mülkiyyətçisi Maraqlı şəxs3 maraqlı şəxs qismində iş üzrə məhkəmə prosesinə cəlb olunmamış və bu işə onun iştirakı olmadan baxılmışdır. Halbuki, işdə iştirak etməyən Maraqlı şəxs3 hazırkı apellyasiya şikayəti ilə birlikdə müvafiq rəsmi sənədlər təqdim edərək, xx.xx.1932-ci il tarixdə vəfat etmiş X8 Ərizəçi deyil, yalnız onun ulu babası olmasını iddia edir və bununla da, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsində müəyyən olunmasını tələb etdiyi faktın mövcudluğunu, yəni mərhum X8 “ərizəçinin ulu babası” olması faktını mübahisələndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1 və 305.1.1-ci maddələrinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.1-ci maddələrinə əsasən, məhkəmə - şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 259.0.10-cu maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda, hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə - məhkəmə tərəfindən ərizə baxılmamış saxlanılır. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, Ərizəçi xüsusi icraat qaydasında verilmiş “qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Şəki Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, e-2(075)-871/2025 nömrəli qətnaməsindən işdə iştirak etməyən Maraqlı şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılarkən hüquq haqqında mübahisə yarandığı aşkar edilmişdir. Ona görə də, aşağıda istinad olunan qanunvericilik normalarına əsasən Şəki Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, e-2(075)-871/2025 nömrəli qətnaməsi ləğv edilməli və Ərizəçi xüsusi icraat qaydasında verilmiş “qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsi baxılmamış saxlanılmalı və maraqlı şəxslərə ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0 və 384.0.5-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddələrinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda, məhkəmə işə mahiyyəti üzrə baxmışsa - şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3), iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında (maddə 402.2.5) - qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 372, 382, 384-390, 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İşdə iştirak etməyən Maraqlı şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, e-2(075)-871/2025 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi xüsusi icraat qaydasında verilmiş “qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin tələblərinə görə maraqlı şəxslərin mövcud mübahisə üzrə ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüquqları vardır. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir və qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar